50 min azərbaycanlının
qətl edildiyi 31 mart...
Nəsiman Yaqublu: “Şaumyanın
başçılığı altında Bakıda yerləşən
silahlı erməni dəstələri qətliamın törədilməsində
birbaşa iştirak
edirdilər”
Tariximizin erməni cinayətkarları tərəfindən törədilən daha bir qanlı faciəsinin 1918-ci ildə baş verən 31 mart soyqırımının 100 illiyi tamam olur. Bu məqsədlə prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
“Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan ermənilər 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən bu plan həyata keçirilməyə başlandı.
Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edildi. Ermənilər evlərə od vurub, insanları diri-diri yandırdı. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb, Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində də xüsusi qəddarlıqlarla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.
Tarixçi alim Nəsiman
Yaqublu
“Yeni Müsavat”a açıqlamasında bildirib ki, 31 mart soyqırımının əsasında ermənilərin
“Böyük Ermənistan”
yaratmaq iddiaları dayanırdı: “Bu siyasi bir məsələ idi, ermənilər Qafqazda
özləri üçün bir ərazi axtarışında idilər. 1917-18-ci illərdə
ermənilərin bir paytaxtı da yox idi, Yerevan hələ İrəvan quberniyası olaraq azərbaycanlıların yaşadığı
bir məkan idi. Ona görə də
ermənilər hər
vasitə ilə bu soyqırımı törədib buradan yerli əhalini qovmaq və burada məskunlaşmaq xəttini tutmuşdular.
Çünki həmin vaxt
Azərbaycanda ümumilikdə
300 minə yaxın erməni yaşayırdı.
Bu, az say deyildi. 300 minə
yaxın erməni burada özlərinin ərazisini yaratmağa cəhd edirdi. Ona görə də Bakı onlar üçün əlverişli
bir yer idi.
Digər
tərəfdən, Rusiya
onlara dəstək verirdi. Onlar Bakı quberniyasına
tamamilə sahib olmaq istəyirdilər. Bu səbəbdən Şaumyanı
1917-ci ildə Bakı
sovetinin sədri təyin etmişdilər.
Rəhbər vəzifədə olanların da əksəriyyəti ermənilər
idi. Onlar üçün şərait yaranmışdı
ki, belə bir soyqırımı həyata keçirsinlər.
Bu, təsadüf nəticəsində baş
tutmamışdı, öncədən
planlaşdırılan bir
hadisə idi. Həmin gün baş verən soyqırımda bəzi mənbələrə
görə 12 min, bəzi
mənbələrə görə
14 min insanımız vəhşicəsinə
qətlə yetirildi.
Qətlə yetirənlər isə
silahlı ermənilər
idi. Çünki o dövrdə Rusiya
cəbhəsindən gələn
və Şaumyanın
başçılığı altında Bakıda yerləşən silahlı
erməni dəstələri
var idi ki,
onlar həmin qətliamın törədilməsində
birbaşa iştirak edirdilər”.
Tarixçinin sözlərinə görə,
soyqırımın törədilməsinə
orada olan rus əsgərləri də cəlb edilmişdi: “Ancaq bir qədər keçdikdən sonra rus əsgərlər geri çəkildilər,
ermənilər isə
soyqırımı davam
etdirdilər. Təkcə Bakı
ilə də bu məsələ bitmədi. Sonradan Qubada, Şamaxıda və digər bölgələrdə də
ermənilər qətliamı
davam etdirdirlər, hər bölgədə
10 min nəfərdən çox
soydaşımızı qətlə
yetirdilər. Bu, təkcə Bakıda baş verən bir hadisə deyildi. 1918-ci ilin sentyabr ayına qədər bəzi mənbələrə görə
40 min, bəzi mənbələrə
görə 50 min nəfər
azərbaycanlı ermənilərin
törətdikləri soyqırımın
qurbanı oldu”.
Yaqublu vurğuladı ki, 31 mart soyqırımının ölkədə tanıdılması ilə bağlı Azərbaycanda kifayət qədər işlər görülüb, lakin beynəlxalq səviyyədə bu iş yetərincə aparılmır: “Bu istiqamətdə kitabların çap edilməsində, arxiv sənədlərinin toplanmasında, onların nəşr edilib ortalığa qoyulmasında kifayət qədər təbliğat işləri aparılıb. Kifayət qədər elmi işlər hazırlanıb, doktorluq və namizədlik dissertasiyaları yazılıb, sənədli filmlər çəkilib. Ancaq bizim bu Xocalı soyqırımını dünya ictimaiyyətinə tanıtmağımızda problem olduğu kimi, 31 martı da tanıda bilməmişik. Ona görə də biz ermənilərin xalqımıza qarşı törətdikləri bu soyqırımları ümumiləşdirib bir ümumi soyqırım adı altında dünyaya tanıtmalıyıq. Ayrı-ayrılıqda tanıtmağa gücümüz çatmayacaq. 26 fevral Xocalı soyqırımı, 31 mart soyqırımı, rayonlarımızın işğal günləri - bunların hamısını ayrı-ayrılıqda dünya ictimaiyyətinə çatdıra bilməyəcəyik. İldə bir dəfə müvafiq tarixlərdə 3-5 mətbuat orqanında məlumat veririk, bir də gələn ilə qalır. Ona görə də bir yol düşünməliyik ki, ümumi bir şəkildə tanıda bilək”.
Nərgiz
LİFTİYEVA
Yeni Müsavat.- 2018.- 28 mart.- S.10.