“Azərbaycan Cümhuriyyətinin

yaradılması şərəf tariximizdir”

 

Professor İlham Rəhimov: “Atam Almaniyada əsirlikdə olanda Məhəmməd Əmin Rəsulzadə ilə görüşüb”

Hüquq professoru İlham Rəhimovla budəfəki görüşümüz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin bayram edildiyi günlərə təsadüf etdi. Dövlətimizin qurulmasını Azərbaycan xalqının böyük xoşbəxtliyi adlandıran professor söhbətə xalqa təbriklə başladı.

 

- 28 May Azərbaycan türkləri üçün çox böyük bayramdır. Hər millət öz taleyində belə bir gün olmasını arzulayır. 100 il öncə Azərbaycan aydınlarının fədakarlığı ilə Şərqdə ilk demokratik dövlət qurulub. Biz müsəlman Şərqinə inqilabi yenilik gətirmişik, dünyəvi dəyərlərə sahib dövlətin əsasını qoymuşuq. 70 illik sovet işğalına baxmayaraq bu ideyanı qoruya, cümhuriyyətimizi bərpa edə bilmişik. Bu, millətimizə Tanrının lütfüdür. Azərbaycan dövlətini sevən, bu millətə bağlı olan hər kəsi bu böyük bayram münasibətilə təbrik edirəm.

Ötən il Ankarada Türkiyə Vəkillər Kollegiyası ilə bərabər konfrans keçirdiyimiz günlərdə mən həm Anıt Qəbirdə Mustafa Kamal Atatürkün, həm də Əsri məzarlığında Azərbaycan dövlətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin məzarlarını ziyarət etdim. Biz Əsri Məzarlığına bələdçisiz getmişdik. Məzarlıq baxıcısına yaxınlaşıb bu böyük şəxsiyyətin məzarını soraqladıq, o məmnuniyyətlə bizə bələdçilik etdi. Məzarı baxımsız gördüm... Məzarlıq çalışanlarına elə yerindəcə vəsait ödədik, anlaşdıq ki, onlar məzarı və çevrəsini hər zaman səliqədə saxlayacaqlar və bunun üçün vəsait sıxıntısı olmayacaq. Ankaraya gedəndə yenə Əsri Məzarlığına baş çəkəcəyəm.

Vaxtilə mənim atam Məhəmməd Əmin Rəsulzadə ilə görüşüb. Almaniyada. II Dünya müharibəsində əsir düşən zaman. Atam döyüşlərdən birində kontuziya alıb, almanlar onu öncə müalicə edib, sonra əsir düşərgəsinə göndəriblər. Atamın xatirələrində çox maraqlı bir məqam var - yazır ki, almanların azərbaycanlılara münasibəti çox yumşaq idi. Təəssüf ki, biz Cümhuriyyətin yaranma dönəmini hələ gərəkli səviyyədə araşdırmamışıq. İndi bu missiyanı ayrı-ayrı yazarlar, alimlər üzərlərinə götürüb. Bir müddət öncə Nəsiman Yaqublunun cümhuriyyətin 100 illiyi ilə bağlı qiymətli bir əsərinə - “Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası”na sponsorluq etdik. Düşünürəm ki, Azərbaycan dövlətinin yarandığı dönəmi əhatə edən bütün faktlar, olaylar araşdırılmalı və Qızıl Fond yaradılmalıdır. Çünki bu, bizim şərəf tariximizdir. Dövlət elmi araşdırma mərkəzlərinə, ayrı-ayrı araşdırmaçılara bu məsələdə ciddi dəstək verməlidir.

- Professor, bu yaxınlarda Vladimir Putin yenidən Rusiya prezidenti seçildi. Siz prezidentin yaxın dostu kimi inaqurasiya mərasimində iştirak etmisiniz. Necə keçdi? Təəssüratlarınız maraqlıdır...

- Putinin bütün andiçmə mərasimlərində iştirak etmişəm. Bu dəfəki fərqli idi. Birincisi, dəvətlilər keçən dəfəkindən təxminən 2 dəfə çox idi. Ən önəmli qonaqlar, ölkənin bütün elitası hər zamankı kimi prezidentin and içdiyi Andreyevski zalındaydı. Mən də ordaydım. Bu dəfə xarici qonaqların da sayı çox idi. Rusiya prezidenti ilə şəxsi dostluqları olan siyasət və iş dünyasının tanınan isimləri Putini təbrikə gəlmişdilər. Üçüncü fərqli məqam o idi ki, bu dəfə prezident ziyafət vermədi. Adətən bu ziyafətlərə prezidentin ən yaxın çevrəsi dəvət olunur. Bu dəfə nədənsə Kreml xəsislik etdi.

- Maraqlıdır. Sizcə, səbəb nə ola bilər?

“Ukraynadan sonra Rusiya postsovet məkanında baş verən siyasi dəyişikliklərə müdaxilə etməməyə çalışır”

 - Düşünürəm, mərasimin dəbdəbəli olmamasını şəxsən Putin istəmişdi. Bundan öncəki dəfələrdə prezident andiçmə mərasiminə ya bağ evindən xüsusi kortejlə, ya da baş nazir kabinetindən təntənə ilə gəlirdi. Bu dəfə isə Kremldəki prezident kabinetindən gəldi, lakonik bir çıxış etdi, ölkəsinin, komandasının hədəflərini sadaladı və kabinetinə döndü.

 

- Professor, Rusiyada, xüsusən Moskvada yaşayan sözün əsl mənasında məşhur olan bir neçə azərbaycanlı var. Onlardan biri də Rüstəm İbrahimbəyovdur. Onun ssenarisi üzrə 2015-ci ildə çəkilən “Qafqaz üçlüyü” filmi ilə bağlı müzakirələr bu gün Azərbaycan gündəmini zəbt edib. Siz filmlə tanışsınızmı? Fikriniz necədir?

- Hər ikimizin uzun illəri Rusiyada keçsə də, Rüstəm İbrahimbəyovla şəxsi tanışlığımız yoxdur. Filmə də hələ baxmamışam. Ancaq ədalət naminə deməliyik ki, Rüstəm İbrahimbəyov dünyaca məşhur kinematoqrafdır. Bizim tələbəlik dönəmimizdə onun ssenarisi üzrə “Bir cənub şəhərində” filmi çəkilmişdi. Yadıma gəlir ki, film çox səs-küylə qarşılanmışdı və tələbə olduğumuz Leninqradın bütün kinoteatrlarında o film göstərilirdi. 1982-ci ildə onun “Ultimatum” pyesi səhnələşdirilmişdi. Bu əsər Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə bağlı idi. Qısa zamandan sonra o əsər ciddi səs-küy yaratdı və dönəmin ideologiyasına uyğun gəlmədiyi üçün repertuardan çıxarıldı... “Səhranın bəyaz günəşi” filmi İbrahimbəyova dünyanın ən ali kino mükafatı olan “Oskar”ı qazandırıb, Amerika Kino Akademiyasının üzvü olan yeganə azərbaycanlıdır. Onun yaradıcılığını Azərbaycan dövləti də həmişə yüksək qiymətləndirmişdir.

Bütün bunlar faktlardır. Bildiyim qədəri ilə onun əsərləri əsasən bəşəri mövzulara həsr olunur və ən əsası insanı düşündürür. Elə əsərlər, filmlər var, qısa zamandan sonra yaddan çıxır. Bir epizodunu zorla xatırlayırsan, İbrahimbəyovun filmləri isə fərqlidir. “Bir cənub şəhərində” filminə tələbə olarkən baxmışam, amma bu gün də bütün epizodları yadımdadır. Əminəm ki, bu filmə baxan saysız insan da onu unutmayıb. Demək istədiyim odur ki, Rüstəm İbrahimbəyov sənətkar kimi sıradan biri deyil.

“Qafqaz üçlüyü”nə gəlincə, filmə baxmamışam, amma haqqında müxtəlif rəyləri oxumuşam. Yaxşı olardı ki, film Azərbaycan telekanallarından birində, məsələn, İctimai Televiziyada göstəriləydi, sonra müzakirələr aparılaydı. Formatı da tapmaq asandır – kino tənqidçiləri müzakirələri başlatsın, sonra qoşulmaq istəyən qoşulsun. Açığı, çəkiləndən 3 il sonra filmin birdən-birə gündəmə gətirilmə səbəbi mənim üçün qaranlıq qalıb. Baxmadığım üçün hər hansı fikir bildirməyi doğru saymıram. Bu, obyektiv mövqe olmaz.

“Unuduruq ki, Rusiyanın da Ermənistandan asılılığı var. Kreml İrəvanla ultimativ tonda, kəskin ritorika ilə danışandan sonra, eyni reaksiya İrəvandan gəlir”

- İlham müəllim, qısa müddət öncə gözlənilmədən Ermənistanda böyük siyasi dəyişikliklər baş verdi. Uzun illər ölkəyə rəhbərlik edən siyasi elita hakimiyyətdən uzaqlaşdırıldı və indi yeni idarəetmə sistemi yaradılır. Siz bu prosesi təqdim olunduğu kimi “məxməri inqilab” sayırsınız?

- Bəli, Ermənistanda “məxməri inqilab” olub. Demokratiyanın tələblərinə uyğun olaraq, Ukraynadan fərqli olaraq qansız-qadasız, iqtidar dəyişdirilib.

- Yeni komandanın daxili və xarici siyasətdə hansı xətt tutacağını düşünürsünüz? Bu xətt Ermənistanın ənənəvi siyasətindən fərqli ola bilərmi?

- Heç bir ciddi dəyişiklik baş verə bilməz. Əksinə, həmin xətt daha da möhkəmləndiriləcək. Birincisi, onu vurğulayım ki, Rusiya nəzarətində olan postsovet respublikalarında bu cür spontan dəyişiklikləri qəbul etmir. Kreml hesab edir ki, dəyişikliklər konstitusion yolla, seçki ilə baş verməlidir. Qərb isə fərqli mövqedədir – onlar postsovet məkanındakı bəzi respublikalarda, o sıradan Ermənistanda seçki yolu ilə iqtidar dəyişikliklərini mümkün saymırlar və buna görə də xalq etirazlarını, uzun illər hakimiyyətdə olan komandaya qarşı müxalif mövqe tutan qüvvələri dəstəkləyirlər.

- Kreml seçkidənkənar dəyişiklikləri qəbul eləməsə də, prezident Putin Soçidə Paşinyanla görüşdü...

- Hansı formatda?... Soçi görüşü Avrasiya İttifaqına daxil olan dövlətlərin başçılarının görüşü idi. Paşinyan da üzv dövlətlərdən birinin faktiki rəhbəri olduğu üçün o zirvəyə qatılmışdı. Nə xüsusi dəvət göndərilmişdi, nə ikili görüşlə bağlı xüsusi hazırlıq olmuşdu. Tanışlıq xarakterli, sıradan görüş olub. Əgər Paşinyan Soçiyə gəlməsəydi, birmənalı demək olardı ki, Ermənistanın yeni iqtidarı Rusiyanı qəbul etmir. Ancaq indi o, Rusiya prezidentindən ikitərəfli görüş xahiş etdi. Bu fakt bir çox suallara cavabdır. Ukraynadan sonra Rusiya postsovet məkanında baş verən siyasi dəyişikliklərə müdaxilə etməməyə çalışır. Bu, birmənalıdır. Çünki indi Qərb-Rusiya münasibətləri son dərəcə gərgindir. Qərbin Rusiyaya əsas iddialarından biri Kremlin keçmiş post-sovet məkanında gedən demokratik proseslərə əngəl törətməsilə bağlıdır. Ona görə də Rusiya münaqişəli durumlardan, məkanlardan mümkün qədər məsafə saxlayır – bircə Ermənistana görə, özünə ciddi beynəlxalq problemlər yaratmaq Rusiyanın indiki maraqlarına uyğun deyil. Rusiya üçün əsas olan Qərbin iddialarını boşa çıxarmaqdır. Ermənistanı tam nəzarətdə saxlamaq bundan daha önəmli ola bilməz. Fikir verdinizsə, Rusiya ilk gündən Ermənistanda gedən prosesləri öz axarına buraxdı. Ermənistanda xalq etirazları başlananda Rusiyanın siyasi elitasından bir neçə nəfərlə danışıqlarımız olmuşdu və onlar açıq deyirdilər ki, Ermənistan daxilində gedən proseslərə qarışmayacağıq. Sözsüz, qarşıdurma genişlənsəydi, Ermənistan siyasi hakimiyyəti Rusiyadan hərbi yardım istəsəydi, o zaman fərqli ssenari baş verə bilərdi... Ancaq ermənilər çox usta davrandılar, qarşıdurmanı gücləndirmədən hakimiyyəti təhvil verdilər.

“Ümumiyyətlə, “Azərbaycanın işğal olunmuş əraziləri” deyəndə nə nəzərdə tutulur? Faktlar göstərir ki, beynəlxalq birlik bu fikri 5 rayona şamil edir – Dağlıq Qarabağ ərazisi, Laçın, Şuşa müzakirə predmeti kimi tanınmır”

- Baş verənlər Rusiyanın Qafqazdakı mövqeyinin zəiflədiyini söyləməyə əsas verirmi? Rusiya proseslərə qarışmırsa, Qarabağ düyünündə proseslərin Azərbaycanın xeyrinə dəyişmə ehtimalı nə qədərdir?

- Dediyim kimi, yeni iqtidar Ermənistanın genəl siyasətini dəyişməyəcək – hansı xətt var idisə, o da davam edəcək. Rusiya-Ermənistan münasibətlərində hansısa kardinal dəyişikliklərin olacağını düşünmək yersizdir. Biz bəzən məsələləri qədərindən artıq şişirdirik. Məsələn, bizə elə gəlir ki, Ermənistan Rusiyadan çox asılıdır, Kreml İrəvana istədiyi basqını göstərə bilər. Amma unuduruq ki, Rusiyanın da Ermənistandan asılılığı var. Kreml İrəvanla ultimativ tonda, kəskin ritorika ilə danışandan sonra eyni reaksiya İrəvandan gəlir. Aydındır ki, iqtisadi cəhətdən Ermənistan Rusiyadan asılıdır - Rusiya Ermənistana enerjini güzəştli şərtlərlə satır, silah-sursatla bağlı anlaşmaları çoxdur. Ancaq məsələnin başqa tərəfi də var: Rusiyanın Ermənistanda bir neçə hərbi bazası yerləşir. Bu mənada Ermənistanın da dəstəyi Rusiya üçün önəmlidir. Ermənistan Türkiyə ilə sərhəddədir. Yəni, o bölgə Rusiyanın faktiki olaraq NATO ilə sərhədləridir. Bu da Ermənistanın avantajıdır – Rusiya hər zaman onları qorumağa, dəstək verməyə çalışacaq. Təbii, nisbətdə götürsək, Ermənistan Rusiyadan daha çox asılıdır. Ancaq dediyim səbəbdən Ermənistan da Rusiya üçün az önəmli ölkə deyil.

- Belə başa düşmək olarmı ki, Soçidə iki ölkə rəhbərləri münasibətlərin indiki səviyyədə qalmasını razılaşdırıblar.

- Soçi görüşündə Putinin Paşinyanla hər hansı ciddi müzakirələr apardığını düşünmürəm. Dediyim kimi bu, tanışlıq məqsədi daşıyan görüş idi. Paşinyan Putin üçün yeni simadır. Rusiya prezidenti olduqca ehtiyatlı siyasətçidir. O, bələd olmadığı siyasi fiqurla heç zaman dərin müzakirə aparmaz.

“Paşinyan dərk edir ki, Qarabağ məsələsində bir addım geri qoysa, 1 il sonra onu iqtidardan endirərlər”

- Paşinyan vətəndaşlara xeyli sosial vədlər verib. Sizin də dediyiniz kimi, Ermənistan iqtisadi cəhətdən Rusiyadan asılıdır. Ölkənin inkişaf üçün heç bir ciddi resursu yoxdur. Qarabağ münaqişəsinə görə bütün regional projelərdən kənarda qalıb. Sizcə, yeni iqtidar sosial vədlərini hansı resurslarla həyata keçirə bilər? Azərbaycan torpaqlarını işğal etdiyinə görə düşdüyü blokadadan çıxmaq üçün Ermənistanın yeni rəhbərliyi Qarabağ məsələsi ilə bağlı nisbətən yumşaq mövqe tuta bilərmi? Azərbaycan rəsmilərinin çıxışlarında da işğalçı siyasət dəyişdirilsə, əlaqələrin bərpasına işarə edən mesajlar var...

 

Ardı növbəti sayda

 

Aygün Muradxanlı

 

Yeni Müsavat.- 2018.- 31 may.- S.3.