İrəvanın Qarabağ iddialarına
Bakıdan sərt
cavab: “Ermənistanın şansı
yoxdur...”
Azərbaycan XİN
Paşinyanın BMT sərsəmləməsinə reaksiya
verdi: “Dağlıq Qarabağ hər zaman Azərbaycanın
ayrılmaz tərkib hissəsi olub və olaraq qalacaq”; politoloq:
“Görüşləri davam etdirmək üçün
konkret suallar qoyulmalı və cavab alınmalıdır...”
Ermənistanın baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının 73-cü sessiyasında etdiyi çıxışdan sonra Qarabağ danışıqlarının perspektivinə inam qalmayıb. Düzdür, Azərbaycan vətəndaşları danışıqlara olan inamını hələ illər öncə dəfn etmişdilər. Amma ara-sıra Rusiya hakimiyyətinə yaxın dairələr Dağlıq Qarabağ ətrafındakı 5, yaxud 7 rayonun işğaldan azad ediləcəyini anons edirdi ki, bu da bir qisim insanlarda müəyyən ümidlər yaradırdı.
Ancaq Paşinyan BMT toplantısı ərəfəsində davakar obrazda çıxış etdi və hətta ətraf 7 rayonun Dağlıq Qarabağa “birləşdirildiyi” barədə sərsəm fikirlər söyləməklə həm BMT qətnamələrini, həm danışıqlarda vasitəçilik edən paytaxtların təşəbbüslərini heçə saydı, həm də danışıqların perspektivini sual altında qoydu. Ardınca o, BMT-də analoji sərsəmləmələrlə çıxış elədi. Ermənistanın hökumət başçısının bu avantürist çıxışından sonra keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən təbii ki, fövqəladə nəsə gözləməyə dəyməzdi. İşğalçı ölkənin baş nazirinin sərgilədiyi davranışın ardınca əldə olunan razılıq “danışıqların davam etdirilməsi”ndən uzağa gedə bilməzdi.
Bu arada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Nyu Yorkda baş tutan danışıqlar 3 saatdan çox davam edib. “Münaqişənin davam etməkdə olan həlli inkişafı üzrə, habelə bölgəyə dayanıqlı sülhün gətirilməsi üçün nə edilməli olduğu məsələlərinə dair maraqlı və mühüm fikir mübadiləsi aparıldı”.
Bu sözləri Azərbaycanın XİN başçısı E.Məmmədyarov deyib. “Biz
danışıqların həmsədrlərin bölgəyə
səfəri də daxil olmaqla gələn ay davam etdirilməsinə
razılaşdıq”, - deyə nazir əlavə edib.
Təbii ki, Ermənistan hərbi əməliyyatlardan
sığortalanmaqdan ötrü danışıqların
davam etdirilməsini çox istəyir. Paşinyan BMT
tribunasından həm də ölkədaxili auditoriyaya
ünvanlandığı bəyanatının ardınca gərginliyin
artmasında, Azərbaycanın işğalçı ölkəyə
növbəti “aprel dərsi” verməsində maraqlı deyil.
Əgər belə bir hadisə baş versə,
onun hakimiyyətinin ömrü qısa olacaq. Odur ki,
indiki durumda danışıqlarla vaxt uzatmaq İrəvan
üçün ən məqbul variant olardı, ən azı
gələn ilin yazında keçiriləcək parlament
seçkilərində səslərin mütləq əksəriyyətini
alana qədər.
Ancaq sülh danışıqlarının perspektivinə
hətta əcnəbi ekspertlər də inanmır. “Azərbaycan
və Ermənistan xarici işlər nazirlərinin Nyu-York
görüşündən Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması ilə bağlı ciddi
irəliləyiş gözləməyə dəyməz”.
Bunu Siyasi
və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki
Mixail Neyjmakov BMT Baş Assambleyası çərçivəsində
Məmmədyarovla Mnatsakanyanın görüşünü
şərh edərkən “Report”a bildirib. “Payızın
əvvəlində Dağlıq Qarabağ üzrə beynəlxalq
vasitəçilərin fəallığı, bir qayda olaraq,
artır. Onların fəaliyyətində
növbəti fəallıq, adətən, ilin sonunda
müşahidə olunur. Belə vəziyyətdə
münaqişə tərəflərinə beynəlxalq imicin
qorunması baxımından heç olmasa, ”danışıqlar
haqqında danışıqlara" hazır olduğunu
göstərmək sərfəlidir". Onun
sözlərinə görə, Paşinyan yenə də
seçki kampaniyası rejimində hərəkət etməyə
məcburdur.
****
Nyu-Yorkda Rusiya və Ermənistan xarici işlər nazirlərinin
də görüşü olub. “Yeni Müsavat” erməni
mediasına əsasən bildirir ki, nazirlər ikitərəfli
və regional gündəmin məsələlərini
müzakirə ediblər. Rusiya xarici siyasət
idarəsindən isə bildirilib ki, beynəlxalq forumlar çərçivəsində
Rusiya və Ermənistanın qarşılıqlı əlaqələri
xüsusi müzakirə obyekti olub. Rusiya-Ermənistan
münasibətlərində soyuqluğun yaşanması, həmçinin
S.Lavrovun Paşinyan hökumətinə aqressiv münasibətinin
fonunda bu görüşün keçirilməsi diqqət
çəkir. Görüşün təşəbbüskarının
kim olduğu bəlli deyil. Digər
mühüm məqam bundan ibarətdir ki, Rusiya prezidentinin Azərbaycana
səfərinin ardınca Ermənistana gedəcəyi xəbəri
yayılsa da, bu, təsdiqini tapmadı. Rusiya prezidentinin
köməkçisi səfərin bu il
baş tutmayacağını bildirdi. Bu vəziyyət
isə İrəvanda şok effekti yaradıb. Ola bilsin Lavrov erməni həmkarına bəzi xəbərdarlıqlarını
çatdırıb. Xatırladaq ki,
N.Paşinyan bir müddət öncə S.Lavrovu ələ
salan açıqlama vermişdi.
Bəzi ekspertlər hesab edirlər ki, belə vəziyyət
Bakının əlinə torpaqlarını azad etmək
fürsəti yaradır. Azərbaycanın Rusiya ilə münasibətlərini
ideal vəziyyətə gətirməsi ilə yanaşı,
ordumuz üçün əlavə silahların
alınması da üstünlüyümüzü
artırır. Son məlumata görə,
Belarus “Polonez” raket sistemlərinin daha bir batareyasını Azərbaycana
yola salıb (Virtualaz.org). “Polonez” raket
kompleksləri 8 yüksək dəqiqlikli raket
daşıyır. Bu raketlər 200 və
300 kilometr məsafədə hədəfləri vurur.
Kompleks MZKT-7930 şassisi üzərində yerləşdirilib,
bu maşın saatda 70 kilometr sürətlə 1000 kilometr
dayanmadan yol qət edə bilər. Bu, Ermənistan
üçün şok effekti yaradan digər bir xəbərdir.
Qeyd edək ki, ötən həftə Ermənistan rəsmiləri
Azərbaycana silah satan KTMT üzvünə-Belarusa
iradlarını çatdırmışdılar. Verilən
“cavab” ortadadır...
****
YAP icra
katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a açıqlamasında erməni baş
nazirin sərsəm bəyanatlarına münasibət bildirdi:
“Paşinyan dövlət idarəçiliyində heç vaxt
iştirak etməyən birisidir, heç
doğru-düzgün ali təhsili də yoxdur. Bu
adamın heç məsləhətçiləri də
yoxdur, çünki bu adamların heç biri onunla bir
komandada iştirak etmək istəmirlər. Bunlar hamısı gözləmə mövqeyi
tutublar, çünki gedişatın onları hara
apardıqlarını bilirlər. 90-cı
illərin əvvəllərində Azərbaycanda baş verən
proseslər bu gün Ermənistanda yaşanır”.
S.Novruzov əlavə
etdi ki, bəzi ekspertlər Paşinyanın radikal bəyanatlarla
Ermənistandakı parlament seçkilərini hədəflədiyini
qeyd edirlər: “Amma mən heç inanmıram ki, Paşinyan
parlament seçkilərinə gedib çatsın. Çünki onun nə iqtisadi, nə siyasi
platforması var, hansı ölkələrlə münasibətlərin
qurulması ilə bağlı aydın mövqeyə malik
deyil. Konkret mövqeyi, istiqaməti yoxdur,
Amerikaya, Rusiyaya yaxın olduğu bəlli deyil”.
S.Novruzov
BMT tribunasından işğalçı siyasətinə haqq
qazandıran Paşinyana ABŞ prezidenti və BMT baş
katibinin normal münasibət bəsləməsinə də
reaksiya verdi: “Dünyada təsdiqini tapmayan
bir forma var ki, müxalifət iqtidara gəlirsə, guya burada hər
şey demokratikdir. Onlar məhz bu prinsipi əldə
rəhbər tutaraq o cür mövqe sərgiləyiblər.
Söhbət ondan gedir ki, Ermənistanda insanlar
Paşinyanı seçmək istəmirdilər. Onlar, sadəcə, köhnə idarəçiliklə
yola davam etmək, korrupsioner, hərbi rejimin hakimiyyəti
altında qalmaq istəmirdilər. Buna
etiraz edirdilər, yoxsa Paşinyana dəstək vermək fikirləri
yox idi. Ortaya kim çıxsaydı,
ona səs verəcəkdilər, yaxud onu hakimiyyətə gətirəcəkdilər”.
Politoloq
Arzu Nağıyev isə “Yeni Müsavat”a bildirdi ki, mövcud gərginliklərə
baxmayaraq, danışıqların davam etdirilməsi
yaxşı haldır: “Ən azından o halda müharibə
olmayacaq və əlbəttə, buna heç regional və
qlobal aktyorlar da imkan verməyəcəklər. Təəssüf
ki, BMT və ATƏT səviyyəsində yenə də
deklorativ bəyanatlar səslənir, qəbul olunan qətnamələr
yerinə yetirilmir və ümumiyyətlə, icra mexanizmi
yoxdur. Paşinyan Nyu-Yorkdakı sessiyaya getməzdən
əvvəl Azərbaycana müharibə elan edib, BMT-dəki
çıxışında isə münaqişənin
sülh yolu ilə həllindən danışıb. Bir tərəfdən Azərbaycanı sülhə
çağırır, bildirir ki, Qarabağ Azərbaycanın
tərkibində olmamalıdır. Eyni
zamanda ermənilərin Dağlıq Qarabağda Azərbaycanın
tərkibində yaşamaq istəmədikləri və guya
Bakının münaqişə tərəfi kimi
Dağlıq Qarabağdakı separatçı rejimlə
danışıqlara başlamalı olduğu ilə
bağlı fikirlər səsləndirməklə
bütün dünyanın fikrini yayındırmaq istəyir.
Belə bir paradoks yaranır: Ermənistan müharibə istəmir
və eyni zamanda sülh danışıqlarına getmir. Deməli, Paşinyanın daxili və xarici siyasəti
absurddur, həm müharibədən, həm də sülhdən
qorxur”.
A.Nağıyevin fikrincə, Ermənistan rəhbərliyinin
əsas məqsədi vaxtı uzatmaq və seçkilərə
qədər Qarabağ “kartı”ndan öz məqsədləri
üçün istifadə etməkdir. Ancaq politoloq
danışıqlarda daha açıq və aydın
mövqenin ifadə olunmasını zəruri sayır:
“Görüşləri davam etdirmək üçün
konkret suallar qoyulmalı və cavab alınmalıdır. Əks halda, görüşlər naminə
görüşlərin keçirilməsi də məqsədəuyğun
deyil”.
Qeyd edək ki, Azərbaycan XİN Paşinyanın sərsəm
bəyanatını cavabsız qoymayıb. “İlkin təəssürat
ondan ibarətdir ki, Ermənistanın baş naziri
özünün adlandırdığı ”məxməri
inqilab"ın hələ də təsiri altındadır,
populist və olduqca ziddiyyətli ritorikadan
çıxış edərək BMT Baş
Assambleyasını Gümrü və İrəvan
küçələri ilə səhv salıb". Bu barədə BMT Baş Assambleyasının
73-cü sessiyasının ümumi müzakirələrində
Ermənistanın baş nazirinin bəyanatına cavab
haqqından istifadə edən Azərbaycan nümayəndə
heyətinin bəyanatında deyilir. Ermənistanın
baş naziri sessiyadakı çıxışında deyib ki,
Dağlıq Qarabağ heç bir halda Azərbaycanın tərkibində
ola bilməz. Onun fikrincə,
Dağlıq Qarabağın Azərbaycanın tərkibində
olması yeni “erməni soyqırımı” deməkdir. Azərbaycan XİN-in yaydığı sənəddə
deyilir ki, Ermənistan baş nazirinin bəyanatı Azərbaycana
qarşı müharibənin başlanılması, onun
ağır nəticələrinə görə məsuliyyəti
və faktları rədd etmək üçün növbəti
uğursuz cəhddir. Bakı Azərbaycanın konstitusional və hüquqi
çərçivəsi daxilində Dağlıq Qarabağ
bölgəsinin hər iki icmasının bərabər və
tam iştirakı ilə digər məsələlərin
cavablandırılması üçün lazımi şərtləri
yaradacaq. “Ermənistanın
işğalçı və müstəmləkəçilik
siyasətinin məqsədinə çatmaq şansı yoxdur.
Dağlıq Qarabağ hər zaman Azərbaycanın
ayrılmaz tərkib hissəsi olub və belə olaraq
qalacaqdır. Azərbaycan
torpaqlarının hərbi işğalı müvəqqətidir
və heç vaxt Ermənistan tərəfindən arzu edilən
nəticələri verməyəcək. İrəvan
öz xalqını və beynəlxalq ictimaiyyəti
yanıltmaq kimi faydasız cəhdlərindən əl çəkməli,
münaqişənin həlli prosesində konstruktiv şəkildə
iştirak etməli və öz beynəlxalq öhdəliklərinə
əməl etməlidir”, bəyanatda qeyd edilir.
Deməli, danışıqlar ancaq bu şərtlər
daxilində davam etdirilə bilər. Əks halda, söz Azərbaycan
əsgərinin olacaq.
Yeni Müsavat.- 2018.- 28 sentyabr.-
S.13.