“İndiki dövrdə teatrla

məşğul olmaq bir dəlilikdir”

 

“Yeni Müsavat”ın budəfəki qonağı Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, eyni zamanda, aktyoru, Əməkdar artist Elman Rəfiyev oldu. Direktorla çalışdığı teatrda görüşüb, söhbətləşdik. Onunla müsahibəni təqdim edirik:

 

- Pantomima Teatrının hazırkı vəziyyəti necədir?

- Çox gözəldir, əla vəziyyətdədir. Pantomima Teatrı daim axtarışdadır, yeniliklərlə tamaşaçıları heyrətləndirməyi sevir. Buna görə də teatrın iş rejimi həmişə necə idisə, o cür də qalır və qalacaq.

- İllər öncə yaranan “Dəli yığıncağı”ndakı truppa ilə indiki truppanın arasında hansı fərqlər var?

- 1994-cü ildə Pantomima Teatrı yarananda Bəxtiyar Xanızadə onun adını “Dəli yığıncağı” qoymuşdu. Çox adam sual verəndə ki, “Niyə ”Dəli yığıncağı"?", Bəxtiyar Xanızadə bildirirdi ki, “İndiki zəmanədə teatrla məşğul olmaq bir dəlilikdir”. Yəni həmin dövrdə biz cavan uşaqlar idik, hər hansı bir bizneslə də məşğul ola bilərdik. Amma özümüzü teatra həsr etdik.

O zamankı dövrlə bugünkü dövrü müqayisə edəndə, əlbəttə ki, fərq var - 1994-cü ildə dünyaya baxışımız və 2019-cu ildə teatrımızda çalışan gənclərin dünyaya baxışı fərqlənir. Teatrın özü ilə bağlı fərqə gələndə isə teatr daim inkişaf dövründədir, biz bir yerdə dayanmırıq, hər zaman öz üzərimizdə işləyir, yeni tamaşalar hazırlayırıq. 1994-cü ildə də belə idi, indi də bu cürdür.

- Amma gəlin etiraf edək, Pantomima Teatrı yeni yarandığı dövrlərdə tez-tez ekranlara çıxırdı, hər yeni tamaşa böyük maraqla izlənirdi, biz o tamaşalardan Qurban Məsimovu, Elman Rəfiyevi, Pərviz Məmmədrzayevi və digərlərini tanıyırdıq, sevirdik. Lakin müəyyən zamandan sonra teatr ekranlara çıxmadı, həmin o kollektiv də dağıldı...

 - “Kollektiv dağıldı” sözünü deməzdim, çünki kollektiv hər zaman var. Bəxtiyar Xanızadənin bu barədə dediyi yaxşı bir sözü var, “Teatrın qapısı hər zaman həm gələn, həm də gedən üçün açıqdır”. Gedən insanlar dağıtmaq naminə getməyib, sadəcə, özlərini başqa yerdə sınamaq istəyiblər. Teatrdan gedənlərə diqqət etsək, görərik ki, onların hər biri incəsənətlə məşğuldur. Məsələn, Rövşən İsax - Pantomima Teatrının ilk aktyorlarından biridir, hazırda kinorejissordur, Siyavuş Hüseynli - “Soy prodakşn”da rejissor və bədii rəhbəridir, Əsəd İsmayılov - hazırda seriallarda oynayır, Pərviz Məmmədrzayev - Akademik Musiqili Teatrda işləyir, həmçinin Mədəniyyət və İncəsənət Universitetində dərs deyir, Qurban Məsimov - hazırda Kukla Teatrının baş rejissorudur, eləcə də Nicat Kazımov, Azər Şabanov (Axşam), bu siyahını davam etsək, çox vaxt aparar. Bir daha qeyd edirəm, onlar dağıtmaq üçün deyil, sadəcə, burda öyrənib, özlərini başqa yerdə sınamaq istədilər və getdilər.

Televiziyaya gəldikdə isə Bəxtiyar Xanızadə hər zaman deyir, “teatr tamaşasının efirdəki effekti teatr səhnəsindəkindən qat-qat zəifdir”. Yəni biri var ki, tamaşanı teatr səhnəsindən izləyəsən, biri də var ki, efirdən baxasan. Canlı baxış tamamilə fərqlidir. Beləliklə, bir zamanlar tamaşalarımızı televiziya ekranlarında da sınadıq, bəli, xeyli uğurlu alındı, tamaşaçılar tərəfindən çox maraqla qarşılandı, lakin istədiyimiz bu deyildi. Bizi istəyənlər teatra gəlsin, çünki o ab-havanı ancaq teatrda hiss etmək olar.

- Teatrın direktoru olmasaydız, siz də özünüzü başqa yerdə sınamaq üçün buradan gedərdinizmi?

- Mən bu teatrın təkcə direktoru deyiləm, həm də aktyoru, sadə işçisi, meneceriyəm. Bura mənim evimdir, kim öz evindən getmək istəyər?..

 - Tamaşaçılarınız daha çox hansı təbəqəyə aid olur? Məsələn, Opera və Balet Teatrının tamaşaçıları əsasən musiqiçilər, elit təbəqə, əcnəbilər, klassik musiqinin vurğunu olanlardır. Bəs sizin teatrda?

 - Xatırlayırsınızsa, illər öncə məşhur türk müğənnisinin bir verilişi var idi, “7-dən 77-yə”. Mən deməzdim 7-dən 77-yə, deyərdim 0,7-dən 77-yə hər kəs, körpə uşaq belə teatrımıza gələ bilir. Bir dəfə 6 aylıq nəvəmi pantomim tamaşaya gətirdim. Özüm üçün də maraqlı idi ki, 6 aylıq 45 dəqiqə uşaq tamaşasına baxacaqmı? Və baxdı da. Rəngarəng işıqlar, aktyorlar, hansı ki, onun üçün canlı oyuncaqlar idi, çox maraqlı gəlmişdi.

Beləliklə, hər yaş təbəqəsindən olan tamaşaçılarımız var. Eləcə də əcnəbilər bizim teatra maraq göstərir. Tamaşalarımız elə qurulur ki, hər təbəqədən olan tamaşaçı özünə lazım olan mesajı alır və gedir.

- Verdiyiniz mesajlar tamaşaçı rəyinə hesablanır, yoxsa?

- Maraqlı sualdır... Əslində tamaşalarımız bizi bu gün narahat edən problemləri əks etdirir. Bildiyiniz kimi, Pantomima Teatrı üçün əsər yazan yoxdur. Doğrudur, S.Bekketin “Bir aktyor üçün mim” əsəri var və biz onları səhnələşdirmişik. Amma hazırda sırf bu teatr üçün əsər yazılmır.

- Bildiyim qədər, tamaşaları aktyorlarınızın özü yazır.

- Bəli. Bəxtiyar Xanızadə bu teatrı yaradanda belə bir istəyi var idi: "Mənim teatrımın aktyoru həm aktyor, rejissor, həm də özü yazmağı bacarmalıdır". Yəni aktyor üçün meydan verilir, cəmiyyətdə onu narahat edən problemləri göstərsin, mesajları çatdırsın. Təbii ki, bütün bunlar Bəxtiyar Xanızadənin nəzarəti altında olur. Çünki hər hansı bir problem olanda aktyoru deyil, teatrın rəhbərini çağırıb soruşurlar ki, “Bəs siz hara baxırdız?”

- Verdiyiniz mesajlar əsasən hansı mövzuda olur?

- Tamaşalarımızın mövzusu əsasən qadın və kişi olur, hansı ki, dünyada cavabı tapılmayan problemdir. Bir dəfə tamaşamıza bir qızla, oğlan gəlmişdi. Sanki aralarında küskünlük var idi. Tamaşadan sonra onlar gülə-gülə, əl-ələ tutaraq getdilər. Yəni tamaşada mimikaların, jestlərin sayəsində özlərini görə bilib, mesajlarını almışdılar.

Bir qədər sonra “Underground” tamaşasını izləyəcəksiz. Tamaşanı aktyorların özləri yazıb, onları narahat edən məsələləri səhnələşdiriblər. Hansı ki, müasir dövrdə bizi ən çox narahat edən məsələ budur, insanlar görüşə gedəndə bir-birinin üzünə baxmır, hamı telefonda qurcalanır, hətta qarşı-qarşıya duranda belə bir-biri ilə yazışır, canlı ünsiyyət itir.

- Bir az öncə qeyd etdiniz ki, teatrda uşaq tamaşaları da nümayiş olunur. Məlumdur ki, bu gün əksər teatrlarda uşaq tamaşaları səhnəyə qoyulur. Sizin tamaşalar onlardan nə ilə fərqlənir?

- Teatrımızdakı uşaq tamaşaları əsasən maarifləndirici olur. Məsələn, “İnsan və fəlakət” tamaşamız var. Orada mesaj ötürülür ki, “məktəbdə, evdə yanğın baş verərsə, uşaq nə etməlidir?”. Biz bunu həm gülməli, həm də düzgün formada uşaqlara aşılayırıq. Yəni uşaq tamaşaya baxanda bilmədiklərini öyrənib, gedir. Bizim tamaşalarda sözlərimiz bədən dili, mimikalar, jestlərdir. Teatr yarananda bizə dedilər ki, “Çıxın, lal və karlar üçün tamaşa oynayın”. Zala fiziki məhdudiyyətli, hansı ki, danışa və eşidə bilməyən insanları gətirdilər. Biz bir pantomim tamaşa oynadıq. O zaman siz həmin fiziki məhdudiyyətli insanların gülüşünü, əl çalmağını eşidərdiz. Onlar hər şeyi anlayır, başa düşürdülər. Yəni biz bu cür eksperimentləri çox keçmişik. Düşünürəm ki, tam fərqi özünüz müəyyən edə bildiniz.

- Hazırda teatrda köhnə pantomimçilərdən bir tək siz və Bəxtiyar Xanızadə qalıb. Özünüz qeyd etdiniz, aktyorlar bura öyrənmək üçün gəlir, özünü tapmaq üçün başqa teatra üz tutur. Nəhayət ki, “oturuşmuş”, daimi qalan kollektivi görə biləcəyik?

 - Bu teatra üz tutanların əksəriyyəti ad-san üçün gəlmişdi. Amma gördülər ki, burada qalmaq üçün gecə-gündüz çalışmaq lazımdır. O şöhrətə bir aya və yaxud bir ilə nail olmaq mümkün deyil. Mən hazırkı şöhrətimə nail olmaq üçün həyatımın 31 ilini vermişəm. Hələ 1988-ci ildə, Mədəniyyət və İncəsənət Universitetinə daxil olanda bu teatrın əsası qoyulurdu. Bəxtiyar Xanızadə həmin zaman dedi ki, Rövşən İsax, Siyavuş Hüseynli, Əsəd ismayılov və Elman Rəfiyev, mən sizinlə belə bir teatr yaratmaq istəyirəm. 31 ildir ki, bütün çətinliklərə, hətta bu, şablon səslənsə də, həqiqət olan ac-susuz qalmaqlarımıza dözərək bu ərsəyə çatdıq. Hətta yadımdadır ki, musiqi ilə məşq etmək üçün maqnitofon kaseti lazım idi və onu almağa gücümüz çatmırdı, qəpik-qəpik toplayıb, almışdıq. Tələbə olarkən mühafizəçi bizi universitetdən qovurdu ki, saat artıq 12-nin yarısıdır, metro 12-də bağlanır, çıxın gedin. Yəni biz bu cür özümüzü fəda edib, bu zirvəyə çatmışıq. Amma indiki gənc aktyorlar birdən-birə ona nail olmaq istəyir. Bəxtiyar Xanızadə teatra gələn yeni aktyorun oturuşundan-duruşundan həmən anlayır ki, o, nəyə qadirdir.

- Müşahidələrimdən belə məlum olur ki, aktyorların əksəriyyəti peşəkar deyil, yəni başqa sahənin, sənətin sahibi olanlar da özlərini burada sınayır. Belə çıxır ki, teatrın qapıları bu sənətə meyli olan istənilən şəxsə açıqdır.

- Onlar da özlərini gəlib sınaya bilər, bura bir məktəbdir. Hər bir insanın içərisində incəsənət, aktyorluq, müğənnilik qabiliyyəti var, sadəcə, onu üzə çıxartmaq lazımdır. Niyə də olmasın, biz onlara deyirik, buyur, bu meydan, bu da sən, özünü göstər.

- Göstərdikləri sizi qane edirmi?

- Əlbəttə ki, uzun-uzadı məşqlər etməlidirlər. Qane etməyəndə özləri bunu hiss edir və anlayırlar ki, bura yaddırlar, biz heç nə demədən teatrı tərk edirlər.

- Şəxsən məni bir məsələ çox maraqlandırır, niyə tamaşalarınızın əksəriyyətinin adı əcnəbi dildədir?

 - ... (Bir qədər fikrə gedir). Bu, mənim yaralı yerimdir. Əslində mən bunun tərəfdarı deyiləm, istəmirəm tamaşaların adı əcnəbi dildə olsun.

- Bu, tamaşaçını cəlb etmək üçündür, yoxsa?..

- Bəli. Amma bugünkü marketinq onu istəyir. Məsələn, mən ora yazıram “Yeraltı dünya”, heç kim ona maraq göstərmir. Amma “Underground” yazan kimi hamı teatra gəlir, tamaşaya baxır. Diqqət edin, paytaxtdakı restoranların adları qəribə, əcnəbi dildədir. Texnologiya, internet inkişaf etdikcə, insanlar əcnəbi adlara daha çox meyil edirlər. Yəni tamaşaların adları da əcnəbi dildə səslənəndə, tamaşaçıları daha çox cəlb edir. Amma bir daha qeyd edirəm, şəxsən mən bunun tərəfdarı deyiləm, sadəcə, marketinq bunu tələb edir.

- Mart ayının əvvəlində prezident və ölkənin birinci xanımı bir sıra tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşdü. Həmin görüşdə bir çox təklif və fikirlər irəli sürüldü və sevindirici haldır ki, görüşdən dərhal sonra həmin təkliflərin bir neçəsi həyata keçirilməyə başladı. Siz o tədbirdə olsaydınız, hansı məsələ ilə bağlı müraciət edər, təklif edərdiniz?

- Əgər o görüşdə olsaydım, Afaq Bəşirqızının irəli sürdüyü məsələləri deyərdim, təklif edərdim. Onun dedikləri tam mənim ürəyimdən xəbər verdi - aktyorların maaşı artırılsın, evlə təmin olunsun. Çox sağ olsun ki, cənab prezident Afaq xanımın müraciətinə dərhal reaksiya verdi. Bu gün gənclərə kömək, dəstək mütləq lazımdır. Çünki incəsənət tənəzzülə doğru deyil, zirvəyə doğru getməlidir...

P.S. Müsahibənin ardınca “Underground” tamaşasını izlədik. Bu tamaşanın da ümumilikdə quruluşu, musiqi tərtibatı, ssenarisi teatrın gənc aktyorlarına məxsusdur. Aktyorlar Bəhruz Vaqifoğlu, Nurlan Rüstəmov, Səbirə Həsənova, Elnur Rüstəmov danışmadan, söz söyləmədən, jest və mimikalarla qaranlıq yeraltı dünyada baş verən proseslər, cəmiyyətin hazırkı sosial, eləcə də qadın və kişi arasındakı problemlər, insanların mobil telefona olan asılılığı, bundan doğan biganəlik, digər nüanslar kifayət qədər vurğulaya bildilər, hansı ki, digər teatrlarda nümayiş edilən əksər tamaşalarda rast gəldiyimiz pafosdan kənar, real, tam həqiqəti ilə...

 

Xalidə Gəray

 

Yeni Müsavat.- 2019.- 1 aprel.- S.12.