İrəvanın humanizm görüntüsü -
Şahbaz və Dilqəmin məsələsi niyə
uzanır?
Kəlbəcər
girovlarını 5 ildir Şuşa həbsxanasında saxlayan
terrorçu rejim humanitar addımlarla bağlı
razılaşmaya əməl etməkdən də
yayınır; politoloq: “Əsas məram və məqsəd qondarma
separatçı rejimi tərəf kimi təqdim etməkdir”
İyulun 11-də Dilqəm
Əsgərov və Şahbaz Quliyevin Ermənistanın
işğalçı ordusu tərəfindən, Azərbaycan
ərazilərində girov götürülməsinin 5-ci
ildönümü tamam olacaq. Xatırladaq ki, hər iki
mülki şəxs, Rusiya vətəndaşı Dilqəm Əsgərov
və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər
rayonundakı ata-baba yurdlarını növbəti dəfə
ziyarət edərkən terrorçuların əlinə
keçmişdilər. Onlarla bilikdə olan
üçüncü şəxs, Azərbaycan vətəndaşı
Həsən Həsənov isə əməliyyat zamanı qətlə
yetirilmişdi, sonradan dövlətimiz onun nəşini geri
alıb Bakıda dəfn etdi.
Ermənistan ordusunun
işğalı altında olan Dağlıq Qarabağda
qurulmuş qondarma “məhkəmə” D.Əsgərova
ömürlük, Ş.Quliyevə isə 22 il həbs kəsib.
Qeyd edək ki, 2009-cu ildə D.Əsgərov Kəlbəcər
rayonunun Şaplar kəndində olub və çəkdiyi
videokadrları yayarkən bu məkanı özü
üçün “İkinci Mədinə” adlandırıb. O zaman bildirib ki, iki ildir
dalbadal 16 gün ac-susuz buranı ziyarət edir. Bu
faktın özü D.Əsgərovun dogma yurd-yuvanı, əzizlərinin
məzarlarını ziyarət üçün necə fədakarlıqlara
getdiyini, hansı risklərə imza atdığını təsdiqləyir.
Lakin azərbaycanlıların gizli yollarla təmas
xəttindən Qarabağa keçməsi, orada sərbəst
dolaşmaları erməniləri necə təşvişə
saldısa, onlar digərlərinə “dərs” vermək
üçün bu iki mülki şəxsə ən
ağır cəzanı verdilər. Ən
acınacaqlısı və təəssüf doğuranı
isə budur ki, az qala 30 ilə
yaxındır Qarabağla bağlı mənasız
danışıqlara moderatorluq edənlər 5 ildir iki azərbaycanlının
qaytarılmasına da nail ola bilmir.
Beynəlxalq
Qızıl Xaç Komitəsinin nümayəndəliyi
müntəzəm olaraq girovlara baş çəkdiyini,
onların məktublarını ailələrinə
çatdırdığını bəyan edir. Lakin ailə
üzvləri məktublarda bəzi hissələrin
qaralandığını vurğulayaraq onların durumunun
normal olduğuna şübhə ilə yanaşırlar.
Elə bu həftə Beynəlxalq Qızıl
Xaç Komitəsinin (BQXK) nümayəndələri
Dağlıq Qarabağ münaqişəsi nəticəsində
saxlanılan şəxslərlə görüşdüklərini
deyiblər. Bu barədə BQXK-nın Azərbaycan
nümayəndəliyinin İctimaiyyətlə əlaqələr
şöbəsinin rəhbəri İlahə Hüseynova
APA-ya bildirib. Onun sözlərinə görə, təmsil
etdiyi qurumun nümayəndələri iyun ayında
Dağlıq Qarabağ münaqişəsi nəticəsində
saxlanılan şəxslərə bir daha baş çəkib:
“Biz münaqişə nəticəsində saxlanılan şəxslərə
mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə
ona görə baş çəkir ki, saxlanma şəraiti və
onlarla rəftarı monitorinq etsin, həmçinin
saxlanılan şəxslərə ailələri ilə əlaqə
saxlamalarına şərait yaratsın”.
Dağlıq Qarabağda
girov saxlanılan Dilqəm Əsgərovun oğlu
Kürdoğlu Əsgərov isə “Yeni Müsavat”a bildirib ki,
ona görüş barədə BQXK-dan məlumat verilib: “Mənə
şifahi məlumat verildi ki, atan Dilqəm Əsgərovla BQXK
nümayəndələrinin iyun ayında
görüşü olub və səhhəti normaldır. Təəssüf ki, yenə də atamdan nə məktub,
nə də foto, videogörüntü gətirməyiblər.
Artıq iki ilə yaxındır ki, BQXK
nümayəndələri atam Dilqəm Əsgərovdan nə
məktub, nə foto, nə də videogörüntü əldə
edib mənə təqdim etmirlər. Mən
isə hər dəfə BQXK əməkdaşları ilə
görüşəndə deyirəm ki, heç olmasa atamdan
bir dəqiqəlik videogörüntü gətirin mənə
təqdim eləyin, mən həqiqətən atamın hərəkət
elədiyini, ayaq üstə dayana bildiyini görüm. Mən
atamın öz dilindən eşitmək istəyirəm, desin
ki, səhhətimdə ciddi problem yoxdur. Təəssüflər
olsun, artıq iki ilə yaxındır mən eyni sözləri
BQXK-dan eşidirəm”.
Ötən həftə
K.Əsgərov Strasburqda, Avropa Şurası Parlament
Assambleyası (AŞPA) tərkibindəki Beynəlxalq Dialoq və
İnkişaf Alyansının təşkil etdiyi tədbirə
qatılıb.
Orada da atasından 1 il 8 aydır məktub
almadığını, onun taleyindən narahat olduğunu
deyib.
AŞ PA-nın yay
sessiyası çərçivəsində qurumdakı
nümayəndə heyətimiz Ermənistan tərəfindən
girov götürülmüş azərbaycanlı mülki
şəxslərlə bağlı məsələyə həsr
edilən “İki azərbaycanlı mülki şəxsin
humanitar məsələsi: Dilqəm Əsgərov və
Şahbaz Quliyev” adlı tədbir keçirilib. AzərTAc-a istinadən verilən məlumata görə,
tədbirdə azərbaycanlı girovların acınacaqlı
vəziyyətdə saxlanılması, həyatlarının təhlükədə
olması, səhhətlərinin ağır olması ilə
bağlı məlumatlar verilib. Bütün bunları nəzərə
alaraq, tədbir iştirakçıları bu iki azərbaycanlı
girovun azad edilməsi məqsədilə Avropa
Şurasının Baş katibinə, Avropa Şurası
Parlament Assambleyasına və qurumun İnsan Hüquqları
üzrə Müvəkkilinə bəyanat ünvanlayıblar.
Bəyanat avropalı parlamentarilər tərəfindən
imzalanıb və ünvanlandığı şəxslərə
çatdırılıb. Bəyanat qurumun
internet səhifəsində yayılıb. Bəyanatda azərbaycanlıların hansı şəraitdə
girov götürüldükləri diqqətə
çatdırılaraq onların azad edilməsi
üçün çağırışlar edilib.
Ş.Quliyevin qardaşı
İlham Quliyev isə lent.az-a deyib ki, girovlarla görüş
barədə məlumatsızdır: “Bununla bağlı mənə
yeni xəbər verilməyib. Qardaşımdan
yeni foto, video və ya məktub da ailəmizə göndərilməyib”.
Xatırladaq
ki, erməni girovluğundakı iki şəxslə bağlı
şikayət Avropa Məhkəməsinə göndərilib və
Azərbaycan hökuməti də bu prosesdə iştirak edir. Bu barədə ötən
ay Prezident Administrasiyasının Hüquq-mühafizə
orqanları ilə iş və hərbi məsələlər
şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa
İnsan Hüquqları Məhkəməsindəki daimi
nümayəndəsi Çingiz Əsgərov deyib. O qeyd edib
ki, artıq bütün kommunikasiya mərhələsi
yekunlaşıb: “Bu il ərzində Avropa Məhkəməsinin
öz mövqeyini bildirməsini gözləyirik”.
Lakin D.Əsgərovun
oğlunun dediyi kimi, atası həyatda olmayandan sonra onun
azadlığı ilə bağlı hansısa qərarın
qəbulu və ya Ermənistana təzyiqlərin edilməsinin
heç bir mənası qalmayacaq. Bu mənada Avropa
strukturlarının azərbaycanlı girovlara astagəl
münasibəti anlaşılan deyil.
Bu arada Ermənistanın
görüntü xarakterli addımını müşahidə
etdik. Belə
ki, 16 mart 2019-cu il tarixdə Ermənistan hərbçiləri
tərəfindən girov götürülmüş Azərbaycan
Respublikasının vətəndaşı, Qazax rayonu,
Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü
İbrahimov Elvin Arif oğlu Azərbaycana qaytarıldı. Hansı ki, sağlamlığında problem olan
mülki şəxsin hətta ayağından güllələnməsindən
sonra geri qaytarılması da anormallıq idi. Azərbaycan
isə yenə də xoş məram nümayiş etdirdi və
20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində
saxlanılmış Ermənistan Respublikasının vətəndaşı,
06.11.1974-cü il təvəllüdlü Karapetyan Zaven
Avanesoviçi Ermənistana təhvil verdi. Girov
götürülərkən Ermənistan hərbçiləri
tərəfindən açılmış atəş nəticəsində
yaralandığı, həmçinin girovluqda saxlanılarkən
bir neçə dəfə cərrahi əməliyyata məruz
qaldığı üçün Elvin İbrahimov təcili
olaraq xəstəxanaya yerləşdirilib. Bu
faktın özü Ermənistanın necə vandal bir dövlət
olduğunu təsdiqləyir.
Rəsmi
Bakı neçə müddətdir ki, əsir və
girovların “Hamının hamıya” prinsipi ilə dəyişdirilməsini
təklif edir, lakin işğalçı ölkə
bütün gücü ilə buna müqavimət göstərir. Hansı ki, bu il ərzində Paris, Moskva və Vaşinqtonda
keçirilmiş görüşlərdə humanitar
addımların atılması ilə bağlı
razılaşma əldə olunub. Buna baxmayaraq,
Paşinyan D.Əsgərov və Ş.Quliyevin azad olunmasına
qarşı çıxır, hətta bu məsələni
Dağlıq Qarabağdakı saxta rejimin “daxili işi” hesab
edir. Qarabağdakı
separatçı-terrorçu qüvvələr isə öz
adlarını azərbaycanlı girovlara qoymağa cəhd
göstərərək, onların qaytarılmasını
mümkünsüz sayırlar.
Politoloq Arzu Nağıyev qəzetimizə
bildirdi ki, qondarma bir qurum tərəfdən heç bir
hüquqi əsas olmadan işğal olunan ərazilərdə
“məhkəmə” qurulub və Dilqəm Əsgərova
ömürlük, Şahbaz Quliyevə isə 22 il həbs cəzası
verilib: “Dəfələrlə Azərbaycan tərəfi,
aidiyyəti qurumlar hər iki şəxsin BQXK qeydiyyatdan
keçməsini belə əsas tutaraq humanist addım
atılmasını istəyib, hətta tələb etsə də,
Ermənistan qondarma qurumu subyekt kimi qələmə verməyə
çalışır və heç bir addım atmır. Ermənilərin digər bəhanələri də
Dilqəm Əsgərov və Şahbaz Quliyevin statusunun
aydınlaşdırılması bəhanəsidir. Yəni onlar girov deyil, guya hərbi əsirlərdir.
Təbii ki, bütün danışıqlarda, hətta
rəhbərlər səviyyəsində də bu məsələlər
dəfələrlə qaldırılıb, erməni tərəfi
bundan imtina edir və ya qeyri-müəyyən arqumentlər
uydurmağa çalışırlar. Burada
da əsas məqsəd prosesi humanist prinsiplərdən siyasi
müstəviyə keçirmək cəhdidir. Bir daha qeyd edərdim ki, əsas məram və məqsəd
qondarma separatçı rejimi tərəf kimi təqdim etməkdir.
Buna da ən mühüm reaksiya məhz ATƏT-in
Minsk Qrupundan gəlməlidir, əgər formatda qondarma rejim tərəf
kimi təmsil olunmursa, nə üçün bu məsələdə
tərəf olmalıdır?”
Politoloq Məhəmməd Əsədullazadə
“Yeni Müsavat”a bildirdi ki, Ermənistanın işğal
faktorundan əlavə, Azərbaycana etnik və humanitar
düşmənçiliyi də davam edir: “Azərbaycan tərəfi
daima humanitar aksiyaların davam etdirilməsini, əsir və
girovların ”Hamının hamıya" prinsipi üzrə dəyişilməsini
irəli sürür. Minsk Qrupunun həmsədrləri
də bu şərtlə razıdır. Hətta
Rusiyanın XİN rəhbəri Sergey Lavrov da bu şərti dəstəkləyib.
Xarici işlər nazirlərinin Moskva
görüşündə tərəflər əsirlərin
dəyişdirilməsini razılaşdırmışdı.
Amma erməni tərəfi Şahbaz və Dilqəmi
qaytarmaqdan imtina edir. Qeyd edim ki,
Vaşınqton görüşündən sonra əsirlərin
dəyişdirilməsi reallaşsa da, bu iki girov azad edilmədi.
Hesab edirəm ki, Qarabağ klanı bu istiqamətdə
dirəniş göstərir. Qarabağ
separatçıları bu məsələyə ciddi nəzarət
edir. Hazırda Qarabağ klanı ilə
İrəvan klanı arasında dərinləşən siyasi
proseslər girovların dəyişilməsini də çətinləşdirir.
Qarabağ separatçıları girovları
İrəvan klanına vermir. Əgər
Paşinyan onları azad etməyə çalışsa,
Qarabağ separatçıları dirəniş göstərəcəklər.
Bu, həm də Paşinyanın Qarabağ
klanı üzərində qələbəsi olar. Ona
görə də proses uzanır".
M.Əsədullazadə hesab
edir ki, indiki durumda Azərbaycan tərəfi mütləq
şəkildə təzyiqlər etməlidir: “Bundan əlavə,
Kremlin separatçılar üzərində təsir
imkanlarının olmasını nəzərə alsaq, Moskva
prosesdə həlledici olub, girovların
qaytarılmasını reallaşdıra bilər. Hesab edirəm ki, Azərbaycan Rusiya ilə də
danışıq aparmalıdır. Paşinyanın
bu istiqamətdə separatçılara gücü
çatmır”.
Bütün
bunların fonunda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin
sonuncu “birə bir” dəyişdirilməsindən razı qalması
anlaşılan deyil. Həmsədrlər birgə bəyanatlarında
bu faktı xüsusi vurğulayıblar. Bəyanatda
iyunun 28-də münaqişə tərəflərinin eyni
vaxtda girovları qarşılıqlı olaraq azad etmələri
alqışlanır və tərəfləri belə bir
müsbət addıma sövq edən Beynəlxalq Qırmızı
Xaç Cəmiyyətinin səyləri də yüksək
qiymətləndirilir. Bəyanatda bu da
vurğulanır ki, “həmsədrlər tərəfləri
sülhə rəvac verən, substantiv danışıqlar
üçün əlverişli olan ab-havanı daha da bərqərar
edəcək əlavə konkret humanitar addımlar atmağa
çağırırlar”. Ancaq məntiqlə
“turist diplomatlar” D.Əsgərov və Ş.Quliyevin
azadlığına çağırış etməliydi.
Onların bu cür unutqanlığının məntiqi
nəticəsidir ki, Ermənistan girovların
azadlığından yayınır.
Elşad
Paşasoy,
"Yeni Müsavat".-2019.-3
iyul.-S. 11.