Türk diplomatdan Azərbaycanın turizm şirkətlərinə önəmli təklif

 

Hulusi Kılıç: “Bulvara çıxanda, ”Torqovı"ya gedəndə hər kəs gəlib mənimlə şəkil çəkdirir”

 

Türkiyənin Azərbaycan və Moldovadakı keçmiş səfiri, Türk Dünyası Parlamentlər Birliyinin xarici əlaqələr baş koordinatoru Hulusi Kılıç ötən həftə Azərbaycana gəlmişdi. DaimCan Azərbaycan” dediyi ölkəmizdə çoxsaylı görüşlər keçirməsi səbəbindən qrafiki olduqca sıx olan dəyərli diplomatımız imkan tapıb “Yeni Müsavata da zaman ayırdı. Möhtəşəm bir mənzərəyə açılan ünvanda, “Hiltonhotelinin 17-ci qatında baş tutan söhbətimizdə ən müxtəlif mövzulardan danışdıq.

(Əvvəli ötən sayımızda)

- Əkrəm İmamoğlu ilə şəxsi münasibətləriniz, əlaqələriniz varmı?

- Yox. Mən AKP-liyəm. Ona görə də heç bir əlaqəm yoxdur.

- ABŞ Türkiyəyə qarşı hansısa sərt mexanizmləri, sanksiyaları işə sala bilərmi, yoxsa bütün bunlar ötüb keçəcək?

- Yox, elə bir şey gözləmirik. Çünki biz illərdir ABŞ-ın müttəfiqi, strateji ortağıyıq. Ağıllı olan yanlış addım atmaz. Ona görə də mən ABŞ prezidentinin ağıllı addım atacağını gözləyirəm. Sərt addım atarsa, bundan yalnız Türkiyə deyil, ABŞ, NATO, müttəfiqlik də zərər görər.

- Bəs İran ətrafındakı proseslərin perspektivini necə görürsünüz? Savaş təhlükəsi realdırmı?

- İnşallah, İran ətrafındakı proseslərin də sülhlə çözüləcəyini gözləyirik. Belə bir savaş bölgə üçün çox zərərlidir. İranda bizim soydaşlarımız var. Orada açıq şəkildə “türkəm” deyən 40 milyondan artıq soydaşımız yaşayır. Biz istəmərik ki, orada savaş olsun. Zatən, bölgədə savaş istəmirik. Savaşlar heç kəsə fayda gətirməz. Bu gün İraqa baxın, nə haldadır, Suriya eyni şəkildə... Ona görə də biz Türkiyə olaraq hər zaman bunu deyirik: ulu öndər, böyük Atatürkün sözləri ilə “Yurdda sülh, cahanda sülh”. Biz bu şüarla yaşayırıq. Bu gün BMT-nin təməli bunun üzərində qurulub. Yəni BMT Atatürkün sözü ilə desək, dünyada barışı saxlamaq üçün qurulub.

- Amma təəssüf ki, bu gün BMT həm öz etibarını itirib, həm də qətnamələri kağız parçasına çevrilib...

- Təəssüf ki. Qarabağla bağlı 4 qətnaməsi var. Lakin bunlar yerinə yetirilməyib. ATƏT, Avropa Şurası, Avropa Parlamentinin də qətnamələri var, lakin Ermənistan onlara əməl etmir. Sayın cümhurbaşqanımız deyir ki, dünya beşdən böyükdür. BMT Təhlükəsizlik Şurasının da yenidən nəzərdən keçirilməsi lazımdır. Dünya 1944-cü ilin dünyası deyil. Dünya bu gün fərqli bir miqyas alıb. Dolayısı ilə BMT ilə bağlı da günün şərtlərinə əməl etmək lazımdır.

“Xəzərdə çimmək fürsətim olmadı”

- Hulusi bəy, Bakının isti günlərində gəlmisiniz. Narahat olmursunuz ki?

- Yox, narahat olmuram. Türkiyədə də isti var. Axşamlar çox gözəldir. Külək əsir. Bulvara çıxıb, gəzirəm.

- Türkiyə dənizlərlə əhatə olunmuş gözəl bir ölkədir. Xəzər dənizinin sahilində necə, nə vaxtsa dincəldiyiniz, suyuna girdiyiniz oldumu?

- Xəzərdə çimmək fürsətim olmadı. Mən burada gecə-gündüz işlədim. O zaman bəzi dairələr burada protokollarla bağlı problemlər yaratdılar. Çox çətin şəraitdə çalışdıq. Ona görə də iki qardaş arasında problemlər yaratmağa çalışanlara bu imkanı vermədik, önlədik. Ona görə də cənab prezident mənə “Dostluq” ordeni verdi. Bu ordeni alan ilk və son səfirəm. Daim çalışdıq, həm Azərbaycan, həm də Türkiyə üçün. İki vəzifəni birdən icra etdik.

- Məhz bu fəaliyyətinizin nəticəsidir ki, sizi Azərbaycanda tanımayan çox az adam ola bilər. Sizi sevirlər, dəyər verirlər...

- Mənimlə bağlı çox gözəl sözlər söyləyirlər. Bulvara çıxanda, “Torqovı”ya gedəndə hər kəs gəlib mənimlə şəkil çəkdirir. Çox gözəl hisslərə qapılıram. Demək, sevgi budur. Mən burada çox böyük sevgi, sayğı, hörmət görürəm. Dövlət rəsmilərindən kiminlə istəsəm, görüşə bilirəm. Bunlar gerçəkdən bir səfir üçün dünyada olmayan bir şeydir. Mən daim bunu deyirəm: görəvlər bitər, amma qəlblərdə olursansa, ən yüksək məqam könül məqamıdır, oradan heç bir zaman çıxmazsınız. O baxımdan mən artıq burada səfir deyiləm - səfirimiz də sağ olsun, burada çox yaxşı çalışır - lakin səfir olub getdikdən sonra burada səfir olduğum dönəmdən artıq hörmət görürəm. Bu da məni çox xoşbəxt edir, Azərbaycana bağlılığım daha da artır. Səfir işləyib getdikdən sonra insanlar unudulur, amma mən buraya gəldikdə, nazirlər, yuxarı səviyyələrdə digərləri sağ olsunlar, mənimlə görüşə vaxt tapırlar. O baxımdan mən çox böyük bir qürur hissi keçirirəm ki, burada səfir olaraq çalışdım, millətim üçün işlədim, Azərbaycan üçün işlədim. Ömrümün sonuna qədər də Azərbaycan üçün əlimdən gələni edəcəyəm.

- Sizin yenidən Azərbaycana səfir göndərilməniz mümkündürmü?

- Bizdəki sistemdə olmur. İnşallah, başqa fəaliyyətlə məşğul olarıq. Mən görəvləri xidmət etmək üçün bir vasitə görürəm. Görəvdə olarsınızsa, daha çox xidmət edərsiniz. Səfir olaraq başqa bir ünvanda xidmət edirsiniz. Amma mən zatən türk dünyası ilə bağlı bir işdə işləyirəm, türk dünyasına daha çox xidmət edəcəyəm, inşallah!

- Həm təqaüddəsiniz, eləmi?

- Xarici İşlər Nazirliyindəki vəzifəmdən ayrıldım, təqaüdə çıxdım. Amma başqa işlər görürəm.

- Hulusi bəy, Türkiyə turizm ölkəsi olduğundan azərbaycanlıların qardaş ölkəyə marağı təbii olaraq böyükdür. Amma 80 milyonluq Türkiyədən Azərbaycana turist az gəlir. Bu qeydimizlə razılaşırsınızmı?

- Mənə görə Türkiyədən Azərbaycana turist az gəlir. İndi buradakı turizm şirkətlərinin belə bir iş görməsi lazımdır. Məsələn, neft buruqlarını - petrol tarlalarını ziyarət çox gözəl olar.

- Neft buruqlarını?

- Təbii ki. Siz heç onun fərqində deyilsiniz. Amma Türkiyədə çox maraqlı mövzudur, hər kəs maraqlanır. Elə şəhərin içərisində yerlər var, turistlərə göstərin ki, neft necə çıxır. Bunu yaxşı tanıtmaq lazımdır. Atəşgah, Qobustan çox önəmli, tarixi yerlərdir. Şamaxıdakı Türk Şəhidliyini, bir çox digər yerlərdəki türk şəhidliyini görə bilərlər. Təbii ki, bunları tanıtmaq lazımdır. O halda daha çox turist gələr. Mən bunu bəzi şirkətlərə söylədim. Bu, dövlətin işi deyil, bundan para qazanacaq insanların, turizm şirkətlərinin işidir...

Elşad PAŞASOY

Yeni Musavat.-2019.-3 iyul.- S.6.