Təqaüdünü
millətinə xərcləyən Ustad
Vaxt tapıb görüşmək
istəyirdim. Özü də “bunlar telefon söhbəti deyil e, bir
gün oturaq,
danışaq” söyləyirdi Cümhuriyyət qurucuları
barədə hər yeni kəşfindən
sonra. Son zamanlar yazılarının bir
qismini “Yeni Müsavat”da çap etdirmişdi. “Rəsulzadə
1917-ci ildə Rusiya ilə bağlı nə
yazmışdı...”, “İstiqlalımızın iqtisadi təməli”, “Azərbaycan Cümhuriyyəti
hankı sistem üzərinə qurulmuşdu?” məqalələrinin dərc olunduğu saylarımızı Ustada çatdıracaqdım. Qismət
olmadı...
O,
yazılarının unternetdə dərc olunması ilə kifayətlənməzdi.
Qəzet, çap mediası onun üçün tamam başqa aləm idi. Ona görə də
vaxtaşırı yazılarını dərc olunmaq üçün
redaksiyamıza yollayar, Rauf
bəy məmnuniyyətlə dərcinə göstəriş
verərdi.
Çox böyük aydınımız, Cümhuriyyətin
ən böyük
araşdırmaçısı Şirməmməd Hüseynovun özü boyda nəhəng arxivi
qalıb özündən sonra. Əski əlifbadan
çevirdiyi yazıların dərc olunduğu qəzetimizin nüsxələrini də
bir gün ailəsinə
təhvil
verəcəyəm.
Şirməmməd
Hüseynovu yaşadan,
onun ömrünü uzadan məhz bu yazılar,
bu tədqiqat materialları idi. Bayram günü
təbrik üçün zəng edirdin, deyirdi bir dəqiqə dayan e, bu dəqiqə bir material
hazırlayıram, gör tarixdə necə
kişilər olub. Doğum günündə, ya Mətbuat Günündə zəng edib şəxsinə ünvanlı xoş sözlər demək istəyirdin,
qayıdırdı ki, “bu
dəqiqə Mirzə Bala Məmmədzadənin
bir yazısını latın
qrafikasına çevirirəm, kişilər yaradıblar e, bildin?”
90
illik yubileyi ilə
bağlı söhbətimizi xatırlayıram. Yubileyini də Cümhuriyyət qurucuları ilə
birgə “qeyd edirdi”.
Yazı masasından 17 dekabrda da ayrılmamışdı. “Mən bunlarla oturub-dururam e...” deyib yoxdan
bir dövlət quran,
bayraq qaldıran kişilər haqda yazdıqlarına işarə etmişdi. Tam ciddi şəkildə deyirdi
ki, hər ad
günündə ən böyük hədiyyəni
özü-özünə edir. “Mən hər
ad günümdə Cümhuriyyət
tarixinə aid nəyisə tapıb verirəm
mətbəəyə, çap eləməyə”.
Bir dəfə dedim
Şirməmməd müəllim, kitab nəşrinin
maliyyə tərəfi də var. Sizə çap xərclərində kömək edən
kimdir? Cavabını olduğu
kimi diqqətinizə
çatdırıram: “Şirməmməd Hüseynov.
Bilirsən ora nə yazmışam? Yazmışam
ki, kitab onu sifarişsiz və təmənnasız
hazırlayan Şirməmməd Hüseynovun
vəsaiti ilə nəşr olunur. Mən
heç vaxt gedib nə heç kəsin
qapısını döyənəm, nə də heç kəsdən bir manat pul alanam.
Ayda 1000 manat prezident təqaüdü almıram? Həm də
universitetdə tam ştatda
işləyirəm. Ona görə də
nə xərci var, özüm
verirəm. Araq içmirəm,
çaxır içmirəm, restorana
getmirəm. Mənim gündəlik yeməyim 6-7 manat tutur. Yerdə
qalanı sərf edirəm cümhuriyyətçilərə”.
Bax, belə kişi
idi, bizim
Ustadımız! Cümhuriyyət sevdalı insan
idi. Peşəsini onun
qədər sevən, işinə onun kimi bağlı olan ikinci insan tanımadım bu illərdə...
Yarızarafat,
yarıgerçək deyərdi ki, söz vermişəm, Cümhuriyyətin 100 illiyini bayram etməmiş
ölən deyiləm. Arzusuna
çatdı, hətta Xalq Cümhuriyyətinin
101-ci ildönümünü də bayram etdi. Həmin gün telefon açıb
təbrik eləmişdim. Bayram
ovqatındaydı, həmişəki tək. Ən gözəl
bayramda necə olmalıydı ki? Heç təsəvvür
etməzdim ki, üstündən heç bir ay keçməyəcək və böyük dostumuzu itirəcəyik...
Bir dəfə də demişdi
ki, söz vermişəm,
100 illiyi bayram eləməmiş
bu işdən əl çəkən
deyiləm. 100 illiyi hamılıqla bayram etdik, amma
Cümhuriyyət qurucusu sevdiyi
işdən əl çəkmədi. Son
nəfəsinədək araşdırdı... Hər gün ən azı, 8 saat
Cümhuriyyət tarixi öyrənməklə,
yazmaqla məşğul idi.
Üzbəüz
oturub söhbətləşdiyimiz
vaxtları xatırlayıram. Məhəmməd
Əmindən, Fətəli xan Xoyskidən,
Nəsib bəy Yusifbəylidən, Üzeyir
bəydən, Ceyhun bəydən sevə-sevə
danışır, danışdıqca da əhvalı
durulurdu, gözləri sevincdən
alışıb-yanırdı. Bir valideyn öz övladlarından,
yaxud bir uşaq öz
böyüklərindən danışanda
belə olardı ancaq. 90 yaşlı
Şirməmməd müəllim 24-34 yaşlarında
cümhuriyyət quran gənclərdən
bəhs edəndə onlara o
qədər sayğılı yanaşırdı ki. Örnək götürəsi nə qədər
gözəl xüsusiyyətləri var idi...
Onunla son
müsahibəmiz abidələr mövzusuna
həsr olunmuşdu. Fərqli
yanaşması var idi.
Şirməmməd müəllimin nəzərincə,
bütpərəstlik ənənələrindən imtina etmək lazımdır. Hətta
müsahibələrinin birində Məhəmməd Əmin Rəsulzadəyə
istinad etmişdi: “Məhəmməd
Əmin heykəllər haqqında bilirsən nə deyirdi? Deyirdi, cümhuriyyətçilərə
abidə qoymaq lazımdır. Amma bu, büt
abidə olmayacaq, bütpərəstlik dövrü qurtarıb. Yəni bir dənə daş qoyasan, heykəl qoyasan, gəlib
onun qabağında durasan...
Deyirdi, ruh abidəsi, ideya abidəsi, onun daşıyıcısı
olan təşkilatlar, siyasi
partiyalar, qanunlar,
kitablardır abidə”. Və Rəsulzadənin nəsihətinə,
vəsiyyətinə uyğun həyat tərzi
seçmişdi bizim böyük ustadımız.
Bu insandan sevgiyə, həssas münasibətə
baxın... Araşdırmaları
zamanı məlum olmuşdu ki, Üzeyir Hacıbəylinin
çap olunmuş əsərləri senzuraya
məruz qalıb, orijinalla kəskin fərqlər var. Arayıb-axtarıb,
sözləri, kəlmələri
sədəf kimi ipə-sapa düzəndən
sonra tarixi ədaləti bərpa etmişdi, Üzeyir Hacıbəyli: “Nəşrlərdə
kənara qoyulmuş mətbu əsərləri”
adlı kitabı ərsəyə gətirmişdi.
O qədər rahat olmuşdu ki, bu işi başa
çatdırandan sonra...
Öz təqaüdü
hesabına nəşr
etdirdiyi “Müstəqilliyin
çətin yolu”, “İstiqlal”, “Məhəmməd
Əmin Rəsulzadənin
əsərləri”, 3 cildlik
“”Azərbaycan" qəzetində
parlament hesabatları və şərhlər"i
kitablarını şəxsən
bağışlayıb. Hər kitabı
nəşr olunanda da eyni şəkildə
sevinirdi, “Sənə
o kitabdan vermişəmmi”,
deyə, soruşurdu.
Sonuncu kitabına “Qalın və qalan kitab”
yazıb bağışlamışdı.
Şərəfli və məhsuldar bir ömür yaşayan Şirməmməd
müəllim az qala ömrü
boyu çalışdığı
BDU-nun 100 illiyində iştirak
edə bilmədi. Ancaq onun Cümhuriyyət yadigarı olan universitetdə hər zaman izi olacaq,
sözü danışılacaq.
Özü bir universitet
idi. Onun keçdiyi yol nəsillər üçün
“yol xəritəsi”dir.
Təqaüdünü də
millətə xərcləyirdi
ki, bizlər oxuyaq, öyrənək, keçmişimizdən agah
olaq...
Vəsiyyətinə, nəsihətinə əməl etsək, öyrənsək, tariximizin
qədrini onun kimi bilsək, ruhu daim şad
olacaq...
Elşad PAŞASOY
Yeni Müsavat.-2019.-5 iyul.- S.6