Şəki
dünyanın 1113 təbii və mədəni irs
nümunəsi arasında
Ekspertlər
bildirirlər ki, bu hal Azərbaycana turist
axını, ölkənin tarixinin dünyada tanıdılması
baxımından çox böyük
əhəmiyyətə malikdir...
İyulun 7-də
Bakı Konqres Mərkəzində
keçirilən UNESKO-nun Ümumdünya
İrs Komitəsinin 43-cü
sessiyasının növbəti iclasında Azərbaycanın
“Xan Sarayı ilə birgə Şəkinin
tarixi mərkəzi” adlı nominasiyası
UNESKO-nun Ümumdünya
İrs Siyahısına daxil
edilib.
“Yeni
Müsavat” xəbər verir
ki, əvvəlcə Tarixi
Yerlər və Abidələrin Mühafizəsi
Şurasının (ICOMOS) hesabatı dinlənilib. Bildirilib ki, Şəki şəhəri respublikanın
şimal-qərbində, Kiş
çayının sol sahilində, dəniz
səviyyəsindən 700 metr yüksəklikdə,
paytaxt Bakı şəhərindən 370 kilometr məsafədə, Böyük
Qafqaz sıra dağlarının cənub
ətəklərində, mərkəzi regionlardan
uzaqda - təcrid olunmuş
bir məkanda yerləşir.
Qeyd edilib ki, Şəkidə
yerləşən Xan Sarayı dünya əhəmiyyətli tarix
və memarlıq abidəsidir. XVIII əsrdə inşa edilən saray
binası şəhərin şimal-şərq hissəsində,
qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. Otuz metr uzunluğu
olan ikimərtəbəli bina
300 kvadratmetr sahəni əhatə edir. Saray altı otaq, dörd
dəhliz və iki güzgülü
eyvandan ibarətdir. Özündə həm
də xalq yaşayış
binalarının xüsusiyyətlərini daşıyan saray binası Qafqazda XVIII saray memarlığının ən gözəl
nümunələrindən biri olmaqla, həm də İslam
Şərqinin memarlıq incilərindəndir. Şəhərin
tarixi mərkəzi ilə birlikdə saray 120 hektar ərazini əhatə
edir.
Hesabatda Şəki
ilə
bağlı faylın 2017-ci ildə
Polşanın Krakov şəhərində UNESCO-nun Ümumdünya İrs
Komitəsinin 41-ci
sessiyasında ölkəmiz
tərəfindən təqdim edilən “Xan sarayı
ilə
birgə
Şəkinin
tarixi
mərkəzi” adlı
nominasiyanın müzakirə olunduğu diqqətə çatdırılıb.
Müzakirələr zamanı Küveyt, Anqola, Çin, Bəhreyn, Braziliya, İndoneziya, Tanzaniya, Tunis, Qırğızıstan, Bosniya və Herseqovina, Uqanda, Norveç, Zimbabve, Burkina-Faso, İspaniya, Qvatemala, Avstraliya bu
nominasiyanın Dünya İrs
Siyahısına salınmasının vacibliyini vurğulayıb. Bildirilib ki,
41-ci sessiyadan sonra Azərbaycan hökuməti
bu tarixi məkanla bağlı ciddi işlər görüb. Bu səbəbdən
də üzv dövlətin nümayəndələri
faylın qəbulunu məqsədəuyğun hesab
edirlər.
Azərbaycanın nümayəndəsi
çıxış edərək
bildirib ki, nominasiya altı ildir yerli və
beynəlxalq ekspertlər
tərəfindən dəyərləndirilib
və əraziyə dəvət olunub. ICOMOS-un tövsiyələrindən
irəli gələn məsələlərlə bağlı
ciddi işlər görülüb. Yeni idarəetmə
strukturu formalaşdırılıb
və bir sıra qərarlar qəbul olunub.
Müzakirələrdən sonra
“Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya UNESKO-nun Ümumdünya
İrs Siyahısına
daxil edilib.
Sonda mədəniyyət
naziri Əbülfəs
Qarayev çıxış
edərək qərara
görə komitə üzvlərinə təşəkkürünü
bildirib.
Qeyd edək ki, Dünya İrs Siyahısına bütün
dünya üzrə
167 dövlətə məxsus
cəmi 1113 təbii və mədəni irs nümunəsi daxildir. İndiyədək
Dünya İrs Siyahısına Azərbaycandan
cəmi 2 irs
nümunəsi daxil idi. Bunlar 2000-ci ildə siyahıya
daxil edilmiş İçərişəhər (Şirvanşahlar saray kompleksi və Qız qalası ilə birgə) və 2007-ci ildə siyahıya daxil edilmiş Qobustan qayaüstü təsvirləridir.
Milli Elmlər Akademiyasının
(AMEA) Memarlıq və
İncəsənət İnstitutunun
Memarlıq abidələrinin
qorunması və bərpası problemləri
şöbəsinin müdiri
Rahibə Əliyeva
Report-a açıqlamasında bildirib ki, Şəkinin
qədim hissəsinin,
Yuxarı Baş Qoruğun və Şəki Xan Sarayının UNESKO-nun Dünya
İrs Siyahısına
salınması Azərbaycanı
dünyada daha da tanıdacaq:
“Hazırda Şəki Xan Sarayı və Şəkinin tarixi mərkəzi ilə yanaşı, ”İçərişəhər,
Qız Qalası və Şirvanşahlar Saray Kompleksi" və “Qobustan Qaya Sənəti Mədəni Landşaftı”
da Dünya İrs Siyahısında yer alır. Əvvəllər Azıx mağarası
da bu siyahıya
salınmışdı, amma
sonradan mağara bu siyahıdan çıxarılıb. Çünki ermənilər də bu Azıx mağarasına
sahiblik iddiasını
irəli sürürlər.
Ona görə də bu abidənin taleyi sual altında
qalıb. Şəkinin qədim hissəsinin, Yuxarı Baş Qoruğunun və Şəki Xan Sarayının siyahıya
alınması UNESKO-nun nəzarəti
altında qorunacaq.
Bununla yanaşı, ölkəmiz,
abidələrimiz və
millətimiz dünyada
tanınacaq. Bununla da
bizim tariximiz bütün dünyada yayılacaq".
“Yeni Müsavat”a
danışan turizm üzrə ekspert Elxan Vəliyev bildirib ki, məsələnin
ölkəyə turist
cəlbi baxımından
da faydası var:
“İlk növbədə durmadan təbliğat aparmaq lazımdır. Ölkələrarası konfranslar, görüşlər
keçirilməli, bu
kimi məlumatlar çatdırılmalıdır. Görünən budur ki, belə görüşlərin
sayı artan xətt üzrə inkişaf edir. Turizm mərkəzləri tərəfindən
keçirilən görüşlər,
təşkil olunan toplantılar öz effektini verməyə başlayıb. Eyni zamanda
ölkədə keçirilən
beynəlxalq idman yarışlarının, tədbirlərin
də, ölkəyə
turist cəlbi baxımından faydası
böyükdür. Deyərdim ki,
hazırda Qax, Zaqatala, Qəbələdə
də turizm üçün şəraitlər
yaradılıb. Yəni təkcə
Şəki deyil, digər rayonlarda da oxşar şərait
mövcuddur. Bunların da
təbliğatını yüksək
səviyyədə aparıb,
turizmin imkanlarından
maksimum yararlanmaq lazımdır”.
Əli RAİS
Yeni Müsavat.-2019.-9-10 iyul.S.10.