Yenidən qurulan
“Yanardağ”da bir gün…
Qoruqda muzey, kafe, uşaqlar
üçün əyləncə məkanı
yaradılıb, əcnəbilər üçün giriş
haqqı dəyişdirilir - tarixi məkandan reportaj...
İyunun 12-də əsaslı şəkildə
təmir və bərpa olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və
Təbiət Qoruğunun açılışı oldu. Tədbirdə ölkə prezidenti İlham Əliyev
və birinci xanım Mehriban Əliyeva da iştirak etdi.
Xatırladaq
ki, 2017-ci il dekabrın 29-da Prezident
İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət
və Təbiət Qoruğunda olmuşdu. Dövlətimizin
başçısı o zaman buradakı
çatışmazlıqları və qeyri-məqbul şəraitin
olduğunu qeyd edərək, bunun ölkəmizin ümumi
inkişaf səviyyəsinə uyğun gəlmədiyini
bildirmişdi. Prezident İlham Əliyev
oradaca qoruqdakı şəraitin qısa müddət ərzində
müasir səviyyəyə çatdırılması barədə
aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq
vermişdi.
Yenidən
bərpa və təmir edilən “Yanardağ”ın indi vəziyyəti
ilə yaxından tanış olmaq
üçün Dövlət Turizm Agentliyi qoruğa mediatur təşkil
edib. “Yeni Müsavat”ın əməkdaşları
kimi biz də mediaturda iştirak edib, mövcud vəziyyəti
yaxından müşahidə etməyə
çalışdıq.
“Yanardağ” dövlət qoruğu Abşeron rayonunun
Digah qəsəbəsi ilə Məhəmmədi qəsəbəsi
arasında yerləşir. Adi halda qoruğa
paytaxtın “Koroğlu” metro stansiyasının
yaxınlığından 217 saylı avtobusla, təxminən
40 dəqiqəyə bura gəlmək mümkündür.
Həmçinin “Hökumət evi”nin yanından
həm “Yanardağ”, həm də “Atəşgah” qoruğuna
“Baku city tour” avtobusları gedir.
Dövlət Turizm Agentliyi əməkdaşları jurnalistlərə bildirdi ki, turist axınını nəzərə alaraq buraya gələn marşrut avtobuslarının sayının artırılması və daha müasir avtobusların ayrılması üçün Bakı Nəqliyyat Agentliyinə müraciət olunacaq. Avtobuslardan istifadə zamanı, eləcə də qoruq ərazisinə girərkən turistlər “Bakı kart”lardan istifadə edə biləcəklər. Bu zaman endirimlərdən də yaralanmaq mümkün olacaq.
Beləliklə “Yanardağ”a çatdığımızda qəfildən güclü yağış yağmağa başladı. Buna baxmayaraq, qoruğa turist axını davam etməkdə idi. Ərəb, hindli, pakistanlı, avropalı turistlər qoruğun bütün ərazisini gəzir, bələdçilərdən məlumatlar almağa çalışırdılar.
Bəs qoruqda hansı yeniliklər var? Qoruğa daxil
olan kimi burada aparılan yenidənqurma işlərini aydın
görmək mümkündür.
Qeyd edək ki, bu ilin əvvəlində “Yeni
Müsavat”ın əməkdaşı olaraq “Yanardağ”dan
geniş reportaj hazırlamışdıq. Həmin vaxt
qoruqda vəziyyət tamamilə fərqli idi. Turistlər çox olsa da xidmət sahəsinin
ürəkaçan olmadığının şahidi
olmuş, işçilərin kobud rəftarı ilə
qarşılaşmışdıq. Bu gün isə sahəsi
64,55 hektar olan qoruğun ərazisində 3 tematik zonadan ibarət
muzey, açıq hava konsertləri üçün nəzərdə
tutulan 500 nəfərlik amfiteatr, sənətkar
emalatxanaları və mağazalar, yerli sənətkarlar tərəfindən
keramika, şüşə, taxta və parça kimi təbii
materiallardan hazırlanan suvenirlərin satışı məntəqəsi,
parkinq turistlərin ixtiyarına verilib. Xidmət
səviyyəsini yüksəltmək üçün yeni
kadrlar əlavə olunub.
Dövlət
Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan
Quluzadə “Yeni Müsavat”a
açıqlamasında digər yeniliklərdən də
söz açıb:
“Bütün bunlarla yanaşı, ərazidə
tapılan, yerli əhali tərəfindən istifadə
edilmiş qədim daşlar və sənətkarlıq
nümunələrinin, qaval daşının nümayiş
etdirildiyi açıq hava muzeyi yaradılıb. Bundan əlavə,
qoruq ərazisində yerli gənc rəssamların əsərlərinin
nümayiş olunduğu kafe də açılıb.
Bildiyiniz kimi, ”Yanardağ" mərkəzdən
7 km uzaqda yerləşir. Bura gələn turistin
həm istirahət etməsi, həm də əylənməsi
üçün müasir kompleks yaradılıb. Gördüyünüz kimi əyləncə
zonası, uşaqlar üçün oyun meydançası fəaliyyət
göstərir. Vaxtaşırı amfiteatrda şoular,
xüsusən də od şousu göstəriləcək.
Həmçinin
fiziki məhdudiyyətli şəxslər və uşaqlar üçün “Yanardağ”
alovunun ətrafına enməsi üçün xüsusi yol
çəkilib. Bütövlükdə qoruq ərazisi
abadlaşdırılaraq müxtəlif ağaclar əkilib.
Ümumiyyətlə, burada əsaslı təmir və bərpa
işləri zamanı ölkə rəhbərliyi tərəfindən
qarşımıza iki tapşırıq qoyulmuşdu - ilk
növbədə tarixi-mədəni irsi qorumaq, turistlər
üçün daha cəlbedici işlər görmək. Buraya turist gəlsə
də, gəlməsə də bu qoruq qorunmalıdır.
Çünki bu qoruq bizim tariximizi əks etdirən,
kimliyimizi göstərən yerdir.
“Yanardağ”ı dünyanın bir çox ölkələrində
tanıyırlar. Buna görə də xeyli sayda turist gəlir.
Onların arasında hindistanlı,
pakistanlılar daha çoxdur. O cümlədən
avropalılar da bura böyük maraq göstərir".
Dövlət
Turizm Agentliyinin sədri Fuad Nağıyev isə qoruğa gələn
turist sayından söz açdı: “Gün ərzində
”Yanardağ"a 500-700 əcnəbi turist gəlir və
hazırda da artım müşahidə edilir. Yerli
əhali də bura gəlməyə maraqlıdır. Təbliğatı davam etdirməliyik, hotellərdə,
turizm informasiya mərkəzlərində “Yanardağ”la
bağlı məlumatlar olacaq".
Qurum sədri
qəzetimizə açıqlamasında bildirdi ki, avqustun 1-dən
etibarən artıq əcnəbi turistlər üçün
“Yanardağ”a giriş haqqı dəyişdiriləcək:
“Qeyd olunan tarixdən əcnəbi turistlər
üçün qoruğa giriş haqqı 9 manat olacaq. Yerli turistlər üçün qiymətlər yenə
də 2 manat olaraq qalacaq. Tələbələr üçün qiymət
1 manat, məktəblilər üçün isə pulsuz
olacaq”.
Qurum sədri onu da qeyd etdi ki, əcnəbi turistlər
üçün qiymət artımı olsa da, qoruğa turist
səfəri təşkil etməyi nəzərdə tutan və
bununla bağlı uzunmüddətli müqaviləsi olan turizm
şirkətləri üçün köhnə qiymətlər
tətbiq ediləcək.
Həmçinin
yaxın vaxtlarda qoruqda tibb məntəqəsi də
açılacaq: “Kim bilet alıb, qoruq ərazisinə daxil
olursa, onlar artıq sığortalanır və hər
hansı hadisə olsa, şəxslərə yardım edilir”.
Fürsətdən
istifadə edib, qoruqda yaradılan digər yeniliklərlə
yaxından tanış olduq. Qoruğun
girişindəki yeni, müasir üslubda yaradılan muzeyin əməkdaşı
Səbinə İmanova məkan haqqında əməkdaşımıza
geniş məlumat verdi: “Muzeyimizin əsas
profili qədimdən Azərbaycanda atəşpərəstliyin
olduğunu gələn turistlərə aşılamaqdır. Bu barədə monitorlarda animasiyalar vasitəsi ilə
vizual formada məlumatlar verilir.
Muzeydə əsasən erkən orta əsr dövrünə
aid eksponatlar nümayiş olunur. Turistlər muzeydə yaradılan “3
D” əyləncəli
divara da böyük maraq göstərirlər. Xüsusən
də uşaqlar bu divara yaxınlaşaraq yanan dağın
foksunda bədən siluetləri yaradır və bundan əylənirlər".
Qoruğun
tərkibində Yanardağ - əbədiyaşar alov təbii
abidəsi ilə yanaşı, digər maddi-mədəni irs
nümunələri və təbiət abidələri də
var. Bu abidələrə “Qurd yuvası” adlanan ibtidai icma
dövrünə aid mağaralar, çoxəsrlik tarixə
malik və qədim sanduqələrlə zəngin iki qəbiristanlıq,
müalicəvi kükürdlü su bulaqları, hələ də
aktiv fəaliyyətdə olan Qırməki palçıq
vulkanı, Əlidaşı piri, Kardaşı iri təbii
qaya daşları, Qırməki vadisi, qədim kurqan aiddir.
Yanan dağa gəldikdə isə qeyd edək ki, əvvəllər
“Yanardağ”ın əks istiqamətində yanan üç təpə
olub, indi isə həmin təpələr sönüb. Qaz getdikcə
azaldığından digər iki təpədəki alov
sönməyə başlayıb. Hazırda
yanan məkanda da alov bir qədər azalıb. Məlum olduğu kimi Bakının rəmzi hesab
olunan üç yanar alov dili və dəniz simvolu da
“Yanardağ”ın mövcudluğuna istinadən qəbul edilib.
Bəziləri bura dini inanc yeri kimi, bəziləri
isə təbiət hadisəsi kimi baxır. Əvvəllər bu abidə dünya atəşpərəstlərinin
müqəddəs məkanı olub. Tarixi
məlumatlara görə, dağın ətəyində
dünyanın bütün guşələrindən atəşpərəstlər
toplaşarmış. Bura həmçinin
buddistlərin də ziyarət yeri olub və onlar bu
dağın müqəddəsliyinə inanıb, onun ətəyində
meditasiya ediblər. Bu ənənə bu
gün davam edir. Qoruqda mütəmadi olaraq
iranlı və hindistanlı turistləri görmək
mümkündür. Dağın yanması
prosesinə gəldikdə isə qeyd edək ki, dağ zəngin
neft və qaz yataqları olan ərazidə yerləşir.
Dağda alovu yaradan maddə metan qazı ilə
kükürdün qarışığıdır. Sözügedən maddə istifadə
üçün yararsızdır və onu yandırmaq
qeyri-mümkündür. Belə qazın
yanması yalnız açıq havada baş verir. Bağlı məkanda isə partlayış
yaradır. Bəzi iddialara görə
dağ şimşək nəticəsində yanmağa
başlayıb. Eramızın əvvəllərindən
yanmağa başlayan bu odu nə qar, yağış, nə də
çovğun söndürə bilib.
Turistlərin qoruqla bağlı təəssüratları...
Qoruqda olarkən yanan dağın ətrafına
toplaşan, müxtəlif ölkələrdən gələn
turistlərlə söhbətləşməyə
çalışdıq. Polşadan olan Silviya adlı xanım turist ilk dəfədir ki, Azərbaycanda,
Bakıda və “Yanardağ”da olduğunu dedi: “Biz ötən
gün Bakıya gəlmişik, bundan əvvəl isə
Tiflisdə idi. Ümumiyyətlə,
Bakını və insanlarını çox sevdik, bura
möhtəşəmdir. Təxminən 7 gün Azərbaycanda
olacağıq... Bundan əvvəl ”Yanardağ"
haqqında məlumat almışdıq və məhz buna
görə buradayıq".
Hindistandan
olan turist də Azərbaycan və “Yanardağ” haqqın təəssüratlarını
bölüşdü: “Qəbələyə də
getmişdim. Oranı çox bəyənmişdim.
Bu gün isə ”Yanardağı" ziyarət
edirəm. Bu çox möhtəşəmdir".
Ərəb
turist də ailəsi ilə birgə Azərbaycana ilk dəfə
səfər etdiyini bildirdi: “İlk dəfədir ki, Azərbaycana
gəlirik. Bundan əvvəl Qəbələdə,
Şəkidə olmuşam. Bu dağ
haqqında eşitməmişdim. Bu gün
əyani gördük və bizim üçün çox
maraqlı oldu”.
Uraldan gələn
turistlər də “Yanardağ”ı görməklə möhtəşəm
hisslər keçirdiklərini bildirdilər: “Bura çox
gözəldir, hisslərimizi sözlə izah edə bilmirik. Ümumiyyətlə, Bakını və azərbaycanlıları
çox sevdik. Bakıdan sonra Qəbələ
və digər bölgələrə getməyi
düşünürük”.
Xatırladaq ki, “Yanardağ” abidəsinin ərazisi
Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı
sərəncamla Dövlət Tarix-Mədəniyyət və Təbiət
Qoruğu elan edilib. Qoruğun fəaliyyəti Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli müvafiq qərarına əsasən
Dövlət Turizm Agentliyi tərəfindən tənzimlənir.
Xalidə GƏRAY
Yeni Müsavat.-
2019.- 14 iyun.- S.12.