“Tənqidlərimi bildirəndə məni
”xalq düşməni" etdilər"
Şəhriyar Cəfərov: “Milli
rəqslərimizin quruluşuna baxanda görürük ki, bizə
xas olmayan, slavyan üslubunda rəqs hərəkətlərinə
yol verilir”
“Yeni Müsavat”ın qonağı
baletmeyster- xoreoqraf Şəhriyar Cəfərovdur. Onunla
müsahibəni təqdim edirik:
- Hazırda ölkəmizdə
tanınan peşəkar baletmeystr - xoreoqraflardan biri də
sizsiz. Bu gün klassik balet sənətində vəziyyət
necədir?
- Əslində xoreoqrafiya sənətinin daha da yüksək səviyyədə inkişaf etməsini istəyənlər var. Məsələn, Xoreoqrafiya Akademiyasında ustad dərslər üçün xarici ölkələrdən tanınmış peşəkar xoreoqraflar dəvət olunur. Bu əlbəttə ki, təqdirə layiqdir. Lakin akademiyada müəllim problemi yaşanır. Akademiyanı bitirən, heç bir pedaqoji təcrübəsi olmayan məzuna birbaşa sinif verilir ki, dərs keçsin. İstər klassik balet, istərsə də milli rəqslərdə təkcə texniki elementlər deyil, həm də pedaqoq kimi hər bir tələbənin, şagirdin daxilini, psixologiyasını bilmək çox önəmlidir.
- Ümumiyyətlə,
bu gün klassik baletə kifayət qədər maraq varmı?
- Var, elit təbəqə arasında. Əslində insanları təbəqəyə ayırmağı xoşlamıram, amma reallıq budur. Akademik, klassik musiqiyə, balet və opera sənətinə marağı olan insanlar arzulayır ki, övladları da bu camiyədə olsun, mədəni tərbiyə alsın.
Əksər hallarda bəzi valideynlər övladlarının, xüsusən də qızlarının gözəl bədən quruluşuna malik olması üçün bu sənətə gətirir, daha sonra ayırırlar. Lakin olur ki, uşaq bu sənətin “qazanında qaynadıqdan” sonra ayrıla bilmir və sənətini davam etdirir, illərlə öz üzərində çalışır. Bununla yanaşı deyə bilmərik ki, onların hamısı bu sənətə layiqdir, təbii ki, aralarında sayılı məzun olur ki, bu sənəti layiqincə təmsil etsin.
- O da məlumdur
ki, Azərbaycanda oğlan uşaqlarını klassik balet sənətinə
qoyan valideynlər həddən artıq az olub. Bəs indi necədir?
- Əvvəllər klassik baletdə sırf azərbaycanlı kimi Maqsud Məmmədov hesab edilirdi. Baletmeystrlər əsasən yarı azərbaycanlı, yarı başqa millətdən olanlar idi. Məsələn, 1986-cı ildə xoreoqrafiya məktəbinə daxil olanda yeganə azərbaycanlı, Azərbaycan dili bölümündən olan şagird mən idim. Əslində mənə görə Azərbaycan dili bölümü açılmalı idi, lakin belə olmadı və məcburən rus dili bölümündə təhsil aldım.
Təbii ki, hazırda klassik baletə gələn azərbaycanlı oğlan uşaqları var, lakin onların əksəriyyəti sonradan şöbələrini dəyişib, milli rəqsə yönəlirlər. Bu sənəti tam davam edən, fəxri adlar alan baletmeystrlərimiz də var.
- Yəqin ki, razılaşarsız, bu gün əksərən milli rəqslərimizin təbliğatı, təqdimatı düzgün formada deyil...
-
Bildiyiniz kimi Azərbaycan Dövlət Mahnı və Rəqs
Ansamblı, Dövlət Rəqs Ansamblı, “Cəngi” rəqs
ansambllarımız var. Yəni, sayı az olsa da peşəkar
rəqs ansambllarımız var. Öncə Mahnı Rəqs
Ansamblı uzun illər öncə yaranıb və əsasən
folklor rəqslərimizin qorunmasına xidmət edir. Əvvəllər ansamblda Əlibaba Abdullayevin
quruluş verdiyi gözəl rəqslər var idi və biz
onlardan yararlanırdıq. Çünki
Əlibaba müəllimdən əvvəl orada başqa millətdən
olan baletmeystrlər quruluşlar verirdi. Onlar Azərbaycan
ruhunu kifayət qədər hiss etmədiklərinə görə
milli rəqslərimizi dolğun verə bilmirdilər. Beləliklə, sırf folklorumuzu yalnız
Əlibaba müəllimin quruluşunda təqdim olunmağa
başlamışdı. Dövlət Rəqs
Ansamblına gəldikdə isə məlum olduğu kimi, bu
ansambl təxminən 1970-ci illərdə maestro Niyazinin təşəbbüsü
ilə yaradılıb. Maraqlıdır ki, bu ansambl
haqqında çox az məlumat verilir.
Ansamblın ilk baletmeystri Uran Əkbəroviç olub. O və Stepan Popov ansamblda cəmi
6 ay işləyib. Daha sonra ansamblın baletmeystri
xalq artisti Xumar Zülfüqarova olub. Lakin
indi qeyd edilir ki, ansamblın ilk baletmeystri və
yaradıcısı Xumar xanım olub. Uran
Əkbəroviç hazırda Polşada balet teatrının
baş baletmeystridir. Bu barədə tarixi
yeganə bilənlərdən biri də mənəm. Daha sonra ansambla Afaq Məlikova rəhbərlik etməyə
başladı. Onun xoreqorafiya
quruluşları barədə dəfələrlə tənqidlərim
olub. Afaq xanım zamanında bəlkə də
yaxşı rəqqasə olub, amma peşəkar baletmeystr kimi
səhvləri çox idi və bu sahədə təhsili də
olmayıb.
- Məsələn,
nöqsanları nədə görürdüz?
- Gəlin götürək “Vağzalı-Mirzəyi” rəqsini.
Yəqin ki, bu rəqsi izləmisiz: səhnəyə az qala 40 kişi və
ağ gəlinlik libasında xalq artisti Təranə Muradova
daxil olur. Dəfələrlə bu sualı Təranə
xanıma vermişəm, “həmin rəqsdə əslində
hansı obrazı vermək istəmisiz?” Əgər
gəlindirsə, gəlinin 40 kişinin arasında nə
işi var? Yox əgər kişi məclisində
qadın rəqqasə obrazı vermək istəyiblərsə,
qeyd edim ki, zamanında kişi məclislərində qadın
rəqqasələr olmayıb. Yəni həmin
rəqsin məzmunu, mövzusu yoxdur. Heyflər
olsun ki, illərlə bu rəqs həm ölkəmizdə, həm
də xarici səfərlərdə bu cür təbliğ
olunur.
Daha sonra “Cəngi” rəqsi, bu rəqs axı bayram rəqsi
deyil. Bu, döyüş, savaşa
çağırış rəqsidir. Orada
oğlanlar qılınc və qalxanla olmalıdır. Bildiyiniz kimi “Cəngi” Üzeyir Hacıbəyovun
“Koroğlu” operasında səslənib. Zamanında
operada bu rəqsə quruluşu Qəmər Almaszadə verib.
Həmin quruluşda oğlanlar qılınc və
qalxanla cəngavərlik, igidlik tərənnüm ediblər.
Hazırda isə bu rəqs sadəcə bayram təntənəsi,
qızlarla oğlanlarının kütləvi rəqsi kimi təqdim
edilir.
Ümumiyyətlə, hazırda milli rəqslərimizin
quruluşuna baxanda görürük ki, bizə xas olmayan,
slavyan üslubunda rəqs hərəkətlərinə yol
verilir. Hətta qaraçı rəqslərindəki hərəkətlərdən
də istifadə edilir.
Bu haqda tənqidlərimi bildirəndə məni “xalq
düşməni” kimi qələmə verməyə
başladılar. Lakin məlum olduğu kimi bir müddət
bundan əvvəl mədəniyyət nazirinin müavini vəzifəsində
çalışan Ədalət Vəliyev özü Afaq
xanıma öz iradlarını bildirdi və ansambla xarici
ölkədən, Çeçenistandan baletmeystr dəvət
edildi. Doğrudur, həmin baletmeystr
ansamblda ciddi nizam-intizam yarada bildi, amma rəqslərimiz milli
ruhdan çıxmağa başladı.
-Efirlərdə hazırda daha
çox rəqqasə Fatimənin, Oksana Rəsulovanın
ifalarını görürük. Onların
ifasını qənaətbəxş hesab edirsizmi?
- Əksər hallarda televiziya kanallarında keyfiyyətsiz
ifalar təbliğ edilir. Peşəkar ifaçılar isə kənarda
qalır və onlar daha çox festivallara, müsabiqələrə
gedir. Eləcə də adını
çəkdiyiniz xanım da keyfiyyətsiz ifalar təqdim edən
rəqqasələrdən biridir. Doğrudur,
sənətini, rəqsi sevir, üzərində
çalışır, gözəl
görünüşülüdür. Lakin
sənətə yalnız qazanc məqsədi ilə baxır.
Dəfələrlə özünə də
demişəm ki, “sən özünə peşəkar rəqqasə
demə, çünki ən azı sənin xoeqrofiya təhsilin
yoxdur”.
- Sizin özünüzü də
son zamanlar efirlərdə demək olar ki,
görümürük.
- Bir
müddətdir ki, mən ifaçılığımı
dondurmuşam. Doğrudur, dəvətlər
alıram, lakin qəbul etmirəm.
- Səbəb nədir?
-
Çünki daha çox səhər verilişlərinə
dəvət alıram. Mən də adətən
qrupla çıxış edirəm və əksər hallarda
qrupumun üzvləri müəyyən səbəblərə
görə səhər verilişlərə qatıla bilmir.
Üstəlik özüm də hərbi ansamblda
çalışırdım və səhər vaxt edib efirə
çıxa bilmirdim. Digər səbəblərdən
biri də budur ki, efirlərin pavilyonu rəqs qrupları
üçün yaramır.
- Hərbi ansambldan söz
düşmüşkən, bu yaxınlarda mətbuata
açıqlamalar verərək bildirdiniz ki, heç bir xəbərdarlıq
edilmədən, səbəb göstərilmədən
çalışdığınız hərbi ansambldan
uzaqlaşdırılmısız. Müraciətlərinizin
bir nəticəsi oldumu?
- Hələ
ki, heç bir nəticə yoxdur. Nazir
müavinin qəbuluna yazılmışam, ümid edirəm
ki, məni də dinləmək üçün qəbul edəcəklər.
Qeyd edim ki, həmin zabitlər evində 2011-ci
ildən işləmişəm və işdən azad olunana qədər
bütün dövlət əhəmiyyətli tədbirlərdə
iştirak etmişəm, mükafatlar almışam. Hər zaman xarici ölkələrdə rəqslərimizi
peşəkarcasına təqdim, təbliğ etmişəm.
Azərbaycanda yeganə olaraq SSRİ xalq artisti
Mahmud Esembayevin tələbəsi olmuşam. Sənətim
haqqında ən böyük mütəxəssislər, o
cümlədən Əminə Dilbazi, Kamil Dadaşov, Azad Hüseynov, Xumar
Zülfüqarova, canlı əfsanəmiz Roza Cəlilova öz sözlərini
deyiblər. Bu cür sənətkarlar mənim sənətimi
dəyərləndirdiyi halda,
çalışdığım ansamblda dəyərləndirmək
istəmədilər. Heç bir əsas
olmadan çalışdığım ştatı bağladılar,
məni işdən azad etdilər, bir ay sonra başqa adda
ştat açıb, qeyri-peşəkar şəxsi işə
götürdülər.
- İllər öncə
Opera və Balet Teatrından da
uzaqlaşdırılmışdız. Bir müddət öncə mətbuatda
adı çəkilən teatrda 15-ə yaxın peşəkar
baletmeystrlərin etiraz olaraq işdən
çıxdığı barədə məlumatlar
yayıldı. Bu sənət aləmində baş verir,
peşəkarlar sıxışdırılır, yoxsa?..
- Problem
baletmeystrlərdə deyil, problem teatrın direktorundadır. Direktor şəxsi ambisiyası ilə
çalışır, istədiyi şəxsi saxlayır, istəmədiklərini
min bir üsulla teatrdan uzaqlaşdırılır. Zamanında çox məşhur ifaçılar
direktorla yaranmış problemə görə teatrdan gediblər.
Hazırda da teatrda bu ab-hava davam edir. Təsəvvür edin ki, bütün dünyada əfsanəvi
bəstəkarımız Arif Məlikovun “Məhəbbət əfsanəsi”
baleti səhnələşdirildiyi halda, heç bir zaman Azərbaycanda
səhnələşdirilməyib. Hətta
Arif Məlikov bu barədə dəfələrlə mətbuatda,
mediada öz narazılığını bildirib. Arif Məlikov
kimi əfsanə bəstəkarımız incik, narazı
salınırsa, başqa sözə ehtiyac yoxdur. Bu vəziyyət
davam etdikcə, opera və balet sahəsində yüksəlişə
nail ola bilməyəcəyik.
- Kifayət qədər peşəkar
baletmeystrsiz, bu sənətdə illərlə təcrübəniz
var, amma hazırda işsizsiz və başqa yerdən də gəlir
mənbəyiniz yoxdur. Xarici ölkəyə
köçüb, karyeranızı və
yaşayışınızı orda davam etməyi
düşünmüsüz?
- Sənətimlə
bağlı daim başqa ölkələrdən dəvət
alıram. Hətta iki il İstanbul Opera və
Balet Teatrında çalışmışam. Orada
sənətimə böyük dəyər verilirdi, ən məşhur
əsərlərdə çıxış etmişəm.
İstəyirdim ki, bu sənəti ancaq öz ölkəmdə
təbliğ edim
Xalidə GƏRAY
Yeni Müsavat.- 2019.- 18 mart.- S.13.