İrəvandan Şuşa təxribatı
Bakının
cavabı gecikmədi
İşğalçı
ölkənin rəhbəri ərazilərimizdə
keçiriləcək mərasimə qatılmazdan öncə
Qarabağ separatçılarını hədələdi;
Şuşa uğrunda döyüşmüş Yavər
Hüseyn: “O yerləri qaytarmağımız üçün
fədailər ordusuna ehtiyacımız var...”
Mayın 9-da Azərbaycanın
27 ildir ki, işğal altında olan Şuşa şəhərində
Ermənistan rəhbərliyinin və Qarabağ
separatçılarının iştirakı ilə “qələbə”
tədbirləri keçiriləcək. Ermənistanın
eks-prezidenti Serj Sərkisyan hələ iki gün əvvəldən
tədbirlərə qatılmaq üçün Qarabağa gəlib.
Separatçı qurumun əvvəlki və indiki oyuncaq “prezidentləri” isə Ermənistanın baş prokuroruna müraciət ediblər. “Yeni Müsavat” bununla bağlı erməni mediasına istinadən xəbər verir ki, Arkadiy Qukasyan və Bako Saakyan Ermənistanın keçmiş prezidenti, Qarabağ klanının rəhbərlərindən biri Robert Köçəryanın həbsdən azad olunmasını xahiş ediblər. Bununla da Qarabağ separatçıları Qarabağ klanını müdafiə ilə bağlı növbəti addımını atıb. Lakin Ermənistan prokurorluğundan məsələnin bu qurumun səlahiyyətində olmadığı haqda cavab gəlib. 1 mart hadisələrində günahlandırılaraq həbs edilmiş keçmiş baş nazir müavini Armen Gevorkyanı isə məhkəmə mayın 7-də azadlığa buraxaraq, Qarabağa yollanmasına icazə verib.
Ermənistanın baş naziri Nikol Paşinyanın reaksiyası isə özünü gözlətməyib. O, Dağlıq Qarabağın indiki
və keçmiş qondarma liderlərinin Köçəryanın
həbsxanadan buraxılması, onun Şuşanın
işğalı münasibətilə keçirilən mərasimlərdə
iştirakına icazə verilməsi haqda
çağırışını rədd edib.
Virtualaz.org
erməni KİV-lərinə istinadən xəbər verir ki,
Paşinyan bu haqda jurnalistlərlə söhbətində
danışıb. “Mən hesab etmirəm ki,
Dağlıq Qarabağ hakimiyyəti hansısa formada Ermənistanın
daxili işlərinə qarışa bilər. Və
ümumiyyətlə, heç kim bunu edə
bilməz - Ermənistan müstəqil, suveren ölkədir” -
o, Bako Saakyanın və Arkadi Qukasyanın
çağırışına cavab olaraq bildirib.
Paşinyanın sözlərinə görə,
Saakyanın və Qukasyanın Ermənistanın baş
prokuroruna ünvanladıqları məktubda bəhs edilən
“milli birlik” məsələsi də baş tutan deyil. Çünki
dövlət vəzifələrində olanların
qohumları və ailə üzvləri milyonçuya
çevrilirsə, belələri ilə milli birlikdən
söhbət gedə bilməz".
N.Paşinyan özünü Qarabağ klanının
lideri kimi gözə soxan və separatçılara
arxalanıb onun hakimiyyətinə meydan oxuyan Sərkisyan haqda
da sərt danışıb. “Serj Sərkisyan hələ
də bu suala cavab verməyib ki, nəyə görə onun ailəsi
milyonçu olub, amma əsgər yeməyə çörək
tapmayıb. Mən belələri ilə bir ola bilmərəm. Elə şeylər
var ki, mən onları bağışlamaram. Bu haqda danışmayacam, amma bağışlamaq
fikrim də yoxdur. Mən ailələri milyonçu olan
məmurlarla bir ola bilmərəm” -
Paşinyan qeyd edib.
Ermənistanın həbsdə olan eks-prezidenti Robert
Köçəryan isə həbsxanadan donquldanıb. Aydın şəkildə
görünür ki, R.Köçəryan və onu müdafiə
edənlər növbəti revanşa hazırlaşırlar.
İstisna deyil ki, bu qüvvələrin
arxasında hansısa güc mərkəzləri dayanır və
Paşinyan da bunu bildiyindən Köçəryanın həbsdən
buraxılmasına risk etmir.
Şuşadakı tədbirlərdə N.Paşinyan da
iştirak edəcək. Lakin maraqlıdır ki, işğalçı ölkənin ilk
prezidenti Levon Ter-Petrosyan Azərbaycanın işğal
altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu
rejimin Şuşanın işğal edilməsinin 27-ci
ildönümü ilə bağlı mayın 9-da təşkil
etdiyi tədbirlərə dəvət almayıb (Moderator.az). Ermənistan
mətbuatı bu haqda L.Petrosyanın lideri olduğu Ermənistan
Milli Konqresinin mətbuat katibi Arman Musinyana istinadla məlumat
yayıb. Ter-Petrosyanın düşməni olan Serjik Sərkisyan
Qarabağda olsa da, onun Şuşanın işğalı ilə
bağlı “rəsmi” tədbirlərə qatılıb-qatılmayacağı
dəqiq deyil. Hər halda,
Paşinyanın son xəbərdarlığının
ardınca Qarabağ separatçılarının Sərkisyanı
yuxarı başa keçirməsi İrəvana meydan oxuma kimi
qəbul olunacaq.
*****
Dünən
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Şuşa şəhərinin
işğalının 27-ci ildönümü ilə əlaqədar
bəyanat yayıb. Bəyanatda deyilir ki, Ermənistan siyasi rəhbərliyinin
bu ölkənin hərbi işğalı altında
saxlanılan Şuşa şəhərinə səfər edərək
burada qondarma “qələbə günü”nü qeyd etməsi
Ermənistan tərəfinin növbəti təxribatı
olmaqla yanaşı, bu ölkənin Azərbaycan ərazilərinin
işğalında birbaşa iştirakını bir daha
nümayiş etdirir: “Ermənistan rəhbərliyinin bu
addımı Avropa İnsan Hüquqları Məhkəməsinin
16 iyun 2015-ci il tarixli ”Çıraqov və digərləri Ermənistana
qarşı" işi ilə bağlı qərarında
qeyd edildiyi kimi, Ermənistanın ölkəmizin işğal
edilmiş ərazilərində effektiv nəzarəti həyata
keçirdiyini növbəti dəfə sübut edir. Beynəlxalq
ictimaiyyətin bu məsələdə mövqeyi birmənalıdır:
BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi
qətnamələr başda olmaqla, bütün beynəlxalq təşkilatlar
və dünya ölkələrinin ifadə etdiyi mövqeyə
əsasən Dağlıq Qarabağın Azərbaycanın tərkib
hissəsi olması təsdiq edilir və
işğalçı qüvvələrin bütün
işğal edilmiş Azərbaycan ərazilərindən dərhal,
tam və qeyd-şərtsiz çıxarılmasını tələb
edilir".
Rəsmi
Bakı bəyan edib: “Azərbaycan münaqişənin
danışıqlar yolu ilə tezliklə nizamlanmasında
və regionda davamlı sülhün təmin edilməsində
ən maraqlı tərəfdir. Danışıqlar
Ermənistanın Azərbaycan ərazilərinin
işğalına son qoyulması ilə nətəcələnməsə,
Azərbaycan BMT Nizamnaməsində təsbit olunduğu kimi,
beynəlxalq səviyyədə tanınmış sərhədləri
çərçivəsində suverenliyi və ərazi
bütövlüyünün bərpasını təmin etmək
hüququnu özündə saxlayır”.
*****
“Mən sülh danışıqlarına inanmıram”. Bu sözləri Şuşa Rayon İcra Hakimiyyətinin
başçısı Bayram Səfərov deyib (ONA). O bildirib
ki, hər il verilən vədlər, yalanlar 27 ildir davam edir: “Mən
beynəlxalq təşkilatların, istər ATƏT-in Minsk
Qrupunun, istər ABŞ-ın boş vədləri, bir
neçə sifətli siyasətləri barədə artıq
danışmaq istəmirəm. Hamı bilir ki,
bunlar yalan vədlərdir. Hamı bilir ki, BMT-nin 4 qətnaməsinin
olmasına baxmayaraq, o dövlətlər haqq sözünü
demir”.
İcra
başçısı qeyd edib ki, Ali Baş Komandanın bir kəlmə
əmri lazımdır: “Əgər o, əmr edərsə, Azərbaycan
Ordusu torpaqlarımızı işğaldan azad edəcək”.
Keçmiş
döyüşçü, Şuşa
özünümüdafiə ərazi taborunun qərargah rəisi
Yavər Hüseyn “Yeni Müsavat”a açıqlamasında dedi
ki, Şuşa mövzusunda 27 il danışmaq çox
ağırdır: “Müharibədə ölüm də, itim
də var, torpaq da işğal olunur. Ancaq 27 il
müddətində işğala dözmək əlbəttə
ki, asan məsələ deyil. Mən illər
uzunu bu nəticəyə gəlmişəm ki,
danışıqla torpağın qaytarılması
mümkün deyil. Bu danışıqlar
ancaq torpaqların işğalının uzadılmasına
xidmət edir. Mən həm də ali
təhsilli tarixçiyəm. Tarixən görməmişəm
ki, danışıqla torpaq qayıtsın”.
Y.Hüseyn
Ermənistan rəhbərliyinin Şuşada keçirilən
“qələbə” tədbirlərinə qatılmasına da sərt
cavab verilməsini zəruri saydı: “Cavab əlbəttə
ki, müharibə, savaş olmalıdır, başqa yolumuz
yoxdur. Bəzən deyirlər ki, Rusiya,
bütün xristian dünyası erməninin tərəfindədir,
buna imkan verməzlər. Amma Cövhər
Dudayevin yaxşı bir sözü var idi, deyirdi ki, ən
güclü silah əlahəzrət xalqdır. ”10 milyonuq" deyib sinəmizə döyürük,
30-40 milyon da o tayda var, həmçinin Avropada xeyli azərbaycanlılarımız
yaşayır. Bunlar səfərbər
olunsa, vallah, Avropa da, Rusiya da, elə erməni də bizimlə
hesablaşar. Erməninin burnu əzilməyincə,
harınlayacaq və üstümüzə gələcək.
Necə ki, Ermənistanın müdafiə naziri dedi hələ
biz yeni torpaqları ələ keçirəcəyik. Düşmənin qabağından qaçanda təbii
ki, daha da azğınlaşacaq, düşmənin
üstünə gedərlər".
Keçmiş
qərargah rəisi dedi ki, vaxtilə Şuşa
uğrunda döyüşmüş silahdaşları bu
gün ikinci Qarabağ savaşına qatılmağa
hazırdır: “Mən bu sözü ilk dəfə deyirəm.
Baxmayaraq ki, qabaqkı kimi gözlərim görmür, fiziki cəhətdən
həmin adam deyiləm, amma səhhətimdə
bu qədər problemlər olsa da, Qarabağ uğrunda
döyüşlərə hazıram. Hesab edirəm
ki, bizim o yerləri qaytarmağımız üçün fədailər
ordusuna ehtiyacımız var. Ordumuz var, öz yerində. Amma mənim kimi, müharibə keçmiş,
müəyyən yaşa çatmış insanlardan söhbət
gedir. Mən fədailər sırasında
getmək istəyirəm. Ya o torpaqda
başımı qoyub ölmək, ya da qazi olmaq istəyirəm.
Mən yataqda dünyamı dəyişmək
istəmirəm. Bu gün ən böyük arzu-istəyim
budur: əldə silah, fədai kimi düşmənin
üstünə gedim, ya şəhid olum, ya da
torpağımı alım. Mən gedib
Şuşaya çata biməyəcəyəmsə də, mənim
döyüşçü yoldaşlarım gedəcək.
Amma biləcəyəm ki, biz irəliləyirik,
torpağımız uğrunda döyüşürük.
Vallah, bizim başqa yolumuz yoxdur”.
Y.Hüseyn bir ağrılı məqamı da bölüşdü: “Mənim övladlarım Şuşadan kənarda dünyaya gəliblər. Onlar nə qədər vətənpərvər olsalar belə - özüm haqqımda deyirəm ki, heç kim inciməsin - mən onların davranışından, danışığından da bilirəm ki, mənim qədər vətənpərvər olmaları mümkün deyil. Onlar mənim qədər o torpağa bağlı ola bilməyəcəklər, çünki mən Şuşada doğulmuşam, ömrümün yarıdan çoxunu orada yaşamışam. Mənim kimi Şuşaya bağlı insanlar dünyasını dəyişəndən sonra o torpağın qaytarılması daha da çətinləşir. Ona görə biz getməliyik, biz almalıyıq, balalarımız da yazıqdır, o problemləri onların çiyninə qoymaq olmaz! Neçə ildir kənara çəkilib ağlayırıq. Ağlamaq mənə yaraşmır. Ağlamaqla da iş düzəlmir. Nə qədər canımızda can var, gec deyil. İnşallah, bizim millət qələbə qazanmağa qadirdir, biz bunu bacaracağıq”.
Əminik ki, Şuşa daxil olmaqla, bütün işğaldakı ərazilərimiz bir gün geri qaytarılacaq və bu ərazilərə dönüşümüz baş tutacaq. Ermənistan tərəf dinc tənzimləmə yolunu qəbul etsə, özünü də xilas etmiş olar, Qarabağ ermənilərini də. Paşinyan özü də Ermənistan ordusunun durumunu etiraf edirsə, əlavə şərhə ehtiyac yoxdur...
Elşad
Paşasoy
Yeni Müsavat.- 2019.- 9 may.- S.11.