Qədim insan məskəni –

Qobustanda bir gün

 

Bura gələnlərin əksəriyyəti əcnəbidir; alman ziyarətçi: “Qobustanda ən qədim eksponatları görüb təəccübləndim...”

 

Mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. O cümlədən Azərbaycanda da bu gün keçirilir və adətən muzeylərdə “Açıq qapı” təşkil edilir. Mədəniyyət Nazirliyi bu münasibət ilə ötən gün “Qobustan Milli Tarix-Bədii Qoruğu”, “Azərbaycan Milli İncəsənət Muzeyi” və “Qara Qarayevin ev muzeyi” nə media-tur təşkil edib. Beləliklə, “Qobustan Milli Tarix-Bədii Qoruğu”nda olarkən “Yeni Müsavat”ın əməkdaşı kimi qoruqdakı vəziyyətlə daha yaxından tanış olmağa çalışdıq.

 

Öncə qeyd edək ki, qoruq Qaradağ rayonunun Qobustan qəsəbəsində, Bakıdan 56 km uzaqda yerləşir. Gələn turistlər əvvəlcə qoruğun ərazisində yerləşən muzeylə tanış olur. Muzey 2012-ci ildə tikilib istifadəyə verilib. İki mərtəbədən ibarət muzeydə çoxlu sayda eksponatlar təqdim olunur. Burada qoruq ərazisindəki qayaüstü rəsmlər, ən qədim insanın yaşayış tərzi, mağar və kurqanlar barəsində geniş məlumatlar verilir. Bizə məlumat verilərək bildirildi ki, muzeyin fonunda 100 mindən çox arxeoloji materiallar var. Burada 360 dərəcə fırlanan xüsusi aparatla istənilən abidənin üzərində dayanıb, məlumat almaq olur. Muzey müxtəlif bölmələrdən ibarətdir. Bir bölümündə isə qədim dövrü əks etdirən suvenirlər satılır. Suvenirlərin qiyməti təxminən 10-15 manatdan başlayır. Muzeyin aşağı mərtəbəsi həm yerli, həm də əcnəbi turistlər üçün çox böyük maraq kəsb edir. Çünki burada qədim tapıntıları görmək mümkündür.

Muzeyi gəzişərkən bir alman turistinin eksponatları diqqətlə izlədiyinin şahidi olduq. Turistin dediyinə görə, hazırda Almaniyada Azərbaycan haqqında bir kitab nəşr olunur: “İlk dəfədir ki, bu qoruqda oluram. Düşünürəm ki, alman turistləri üçün bura çox maraqlı ola bilər. Çünki burada ən qədim eksponatları görüb təəccübləndim. Bunların hamısı çox maraqlıdır. Mən Almaniyada bir müddət bundan əvvəl incəsənət muzeyində işləmişəm. Hazırda isə nəşriyyatda çalışıram. Bildirim ki, Almaniyada Azərbaycan haqqında bir kitab hazırlanır, dağa doğrusu, kitabdakı məlumatlar yenilənir. Bura gəlməyimdə məqsədim qoruqda gördüyüm eksponatlar haqqında daha dolğun məlumatlar toplayıb, nəşriyyata təqdim edim və həmin kitab və daha maraqlı informasiyalar ilə yenilənsin”.

Qoruğun direktoru Vüqar İsayevin dediyinə görə, bura ziyarətə gələnlərin əksəriyyəti əcnəbi turistlərdir: “Azərbaycana təşrif buyuran turistlərin böyük əksəriyyəti Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət edir. Təkcə yanvar ayından muzeyə gələn yerli vətəndaş və xarici turistlərin ümumi sayı 40 min nəfər təşkil edib. Son günlər isə muzeyi ziyarət edənlərin sayı 1200 nəfəri ötüb. Keçən illə müqayisədə bu il böyük artım müşahidə olunur. Qoruq olaraq işlərini gərgin vəziyyətdə aparan muzey işçiləri ziyarətçilər üçün yaxşı şəraitin yaradılmasına çalışırlar”.

Beynəlxalq Muzeylər Günü olduğundan muzey həm yerli, həm də əcnəbi turistləri ilə dolu idi. Ekskursiyaya gələn məktəblilərin sayı isə daha çox idi. Muzeyin bütün bölümləri ilə tanış olduqdan sonra məktəblilər, eləcə də böyüklər muzeyin həyətində quraşdırılmış, qamışlardan hazırlanmış sığınacaqlar ilə tanış olur, ibtidai insanın necə həyat tərzi keçirdiyini öz aləmlərində təsvir etməyə çalışırdılar. Qamış sığınacaqlarda gildən qab hazırlaya, kiçik qaval daşı üzərinə daşlarla ifa edə bilərsiniz. Təkcə məktəblilər deyil, turistlər də bu sığınacaqlara böyük maraq göstərirdi.

Muzeyi qısaca ziyarət etdikdən sonra açıq havada yerləşən qoruğa üz tuturuq. Qeyd edək ki, adi günlərdə qoruğa daxil olmaq ödənişlidir. Biletin qiymətləri aşağıdakı kimi olur: böyüklər üçün - 4 manat, tələbələr - 1, məktəblilər üçün isə 40 qəpikdir. Amma təxminən 2 il əvvəl qiymətlər nə az, nə çox, düz 2 dəfə ucuz idi. Turistlər üçün 4 manat, yerli vətəndaşlar - 2 manat, məktəblilər üçün 20 qəpik. Beləliklə, əgər indi yerli vətəndaşlardan kimsə bələdçi ilə qoruğu gəzmək istədikdə 5 manat, turistlər 10 manat ödəməlidir.

Qoruğa daxil olar-olmaz, kiçik qaval daşı ilə qarşılaşırıq. Qeyd edək ki, bu cür kiçik qaval daşları ilə ayrı-ayrı yerlərdə rast gəlmək mümkündür. Əsl böyük qaval daşları isə Böyükdaş və Cingirdağdadır. Bu daşlar qədim qobustanlıların böyük ixtirası kimi dəyərləndirilir. Qədim insanlarımız adətən uğurlu ovdan sonra bu daşların üzərində daş zərbələri ilə ifa edər, əylənərmişlər.

Qeyd etdiyimiz kimi, bura gələn turistlər ilk olaraq bu kiçik qaval daşı ilə tanış olur. Kim istəsə daşın üzərinə qoyulmuş rəngli kiçik daşlar ilə imitasiya edə bilər. Xatırladaq ki, bir neçə il bundan əvvəl qoruqda olan bu cür kiçik qaval daşlarının oğurlanaraq oliqarxların villalarına daşındığı barədə məlumatlar yayılmışdı. Lakin muzeyin rəhbəri açıqlama verərək bildirmişdi ki, qoruqdakı hər bir eksponat ciddi şəkildə qorunur və nəzarət edilir. Bu baxımdan onların hansısa şəkildə qoruqdan çıxarılması qətiyyən mümkün deyil.

Qoruğu başdan-ayağa gəzmək üçün xeyli vaxt lazımdır. Çünki burada 20 mağar və yaşayış yeri, 40 kurqan, saysız -hesabsız qayalıqlar var. Qoruqda əsasən Mezolit, yəni orta daş dövrü abidələri sərgilənir.

Qoruğu gəzdikcə tez-tez qarşımıza “ilan var”, “keçmək olmaz”kimi xəbərdarlıqlara rast gəlirik. Məlum olduğu kimi xüsusən də yay mövsümündə bu qoruqda çoxlu sayda ilan görmək mümkündür. Havalar isindikcə düzənlik ərazilərdə ilanlar üzə çıxır, bəzən də gələn turistləri qorxudur. Lakin qoruqda olduğumuz müddətdə nə yaxşı ki, heç bir ilanla rastlaşmadıq. Yalnız ara-sıra qarşımıza ilanların yuvaları çıxdı.

Yerlərdə çox da dərin olmayan, bir-birinə yaxın kiçik quyulara da rast gəldik. Bizə bildirildi ki, bu quyulardan vaxtilə qədim insanlar su quyuları kimi istifadə edib. Yağış yağdıqdan sonra quyulara su toplanar və qədim insan üçün ehtiyat su mənbəyinə çevrilərmiş.

Qoruğu gəzdikcə qarşımıza çoxlu sayda turistlər çıxırdı. Bu turistlər əsasən Almaniya, Yaponiya, Hindistan, İrandan gələnlər idi. Ərəb turistləri isə nədənsə gözə dəymirdi. Ümumiyyətlə, müşahidələr onu göstərir ki, ölkəmizə gələn ərəb turistləri  bu cür muzey və abidələrə o qədər də maraq göstərmir, daha çox əyləncə və istirahət zonalarını seçirlər.

Beləliklə, gələn turistlər xüsusən də mağarlara maraq göstərir, bəzən də dəfələrlə xəbərdarlıqlara baxmayaraq, öz həyatlarını təhlükə altına qoyub, çətin çıxıla bilən qayalıqların üzərinə qalxır, foto və ya selfi çəkdirirdilər. Bu məqamda bir hadisəni xatırladaq ki, ötən il 40 yaşlı bir rus turist bu cür qayalıq üzərində foto çəkdirərkən ehtiyatsızlıq edərək yıxılmışdı. Nəticədə turist xəsarət almış və xəstəxanaya yerləşdirilmişdi.

Qızı ilə birgə qoruğa gəlmiş hindistanlı bir xanımla söhbətləşməyə çalışdıq. İngiliscə danışan hindli xanım qoruğu çox sevdiyini bildirdi: “Təsəvvür etməzdim ki, Azərbaycanda belə bir qədim abidə olsun. İlk dəfədir ki, qızımla bura gəlirik. Deyim ki, sizin insanlarınız çox mehribandır. Belə anladım ki, hindistanlıları xüsusən çox sevirsiniz. Çünki burada olduğum müddətdə çoxlu sayda insan bizimlə şəkil çəkdirir, hal-əhvalımızı soruşmağa çalışır. Bu, gözəldir”.

Qoruqda olarkən yerli turistlərin də təəssüratlarını öyrənməyə çalışdıq. Aytən adlı bir xanım şəhərdən birbaşa qoruğa nəqliyyat vasitəsi olmamasından gileyləndi: “Qızlarımı ilk dəfədir ki, bura gətirmişəm, daha doğrusu bu gün Muzeylər Günü olduğu üçün məktəbliləri bura ekspursiyaya gətiriblər və biz valideynlər də övladlarımızı tək qoymamaq üçün gəlmişik. Şəxsən mən ilk dəfə 9-cu sinifdə oxuyarkən gəlmişdim. Deyim ki, o illərdən bu yana elə də yenilik yoxdur. Qobustan qoruğu şəhərdən uzaq olduğu üçün əksəriyyət bura gələ bilmir. Xüsusi avtobuslar da yoxdur ki, şəhərdən birbaşa bura gələ bilək. Kimin maşını varsa rahat gələ bilir. Maşını olmayan isə qəsəbədən taksi tutur. Lakin taksi sürücüləri bəzən çox baha qiymətə razılaşır. Hətta yadımdadır ki, bir dəfə Latviyadan gəlmiş turistlər bir taksi sürücüsündən onları muzeydən açıq qoruğa aparmağını xahiş etdilər. Sürücü isə bunun üçün onlardan 10 manat tələb etdi. Yaxınlaşıb iradımı bildirdim ki, ”bu qədər də insafsızlıq olmaz". Yaxşı olardı ki, ya şəhərdən, ya da qəsəbədən avtobus işləsin. Onda həm yerli, həm də əcnəbi ziyarətçilərin sayı artmış olur. Fikrimcə turizmlə məşğul olan qurumlar bu haqda düşünməlidir".

Qoruqda əgər ac olduğunu hiss etsəniz, narahat olmağa dəyməz. Çünki burada gələn müştərilərə can-başla xidmət göstərən kiçik kafe var. Onun önündə isə açıq havada sac üzərində bişirilən göy kətəsinin dadına baxa bilərsiniz. Kətələr dadlı olsa da, qiyməti nisbətən bahadır. Belə ki, könlünüzdən kətə almaq keçsə, 1 kətə üçün 1 manatınızdan keçməli olacaqsınız. Halbuki, şəhərdə bu cür kətələr 30-40 qəpikdən satılır. Qoruqda olduğumuz zaman bir neçə ailə və 15 nəfərdən ibarət qrupların ayrı-ayrı yerlərdə piknik etdiyinin etdiyinin şahidi olduq.

Qoruğun yaşlı bir əməkdaşı tez-tez ətrafı gəzib, ziyarətçilərdən ərazini təmiz saxlamaları üçün xahiş edirdi. Bəzən də yerdən bir-bir zibilləri toplayıb zibil qutusuna atırdı. Hava isti olduğundan kölgələnmək üçün bir ağacın kölgəsinə sığınırdıq ki, birdən həmin əməkdaşın həyəcanla üstümüzə gəldiyiniz gördük: “Ay, xahiş edirəm tapdalamayın”.

Əvvəlcə nə baş verdiyini anlamadıq. Amma ayağımızın altına diqqət edəndə hər şey aydın oldu. Sən demə, qoruğun əməkdaşı kiçik ərazidə özünü üçün göyərti əkib. “Bu nanə və yarpızı yəqin ilanlardan qorunmaq üçün əkmisiz, çünki deyirlər ”ilanın yarpızdan zəhləsi gedir" soruşuruq.

“Yox, kim deyirsə ki, ilan yarpızdan qaçır, doğru deyil. Bu yarpız və nanəni özüm üçün, maraq xətrinə əkmişəm. Bəzən bilməyib tapdalayırlar” - qoruğun əməkdaşı deyir və bir qədər də məktəbli ziyarətçilərdən gileylənir: “Uşaqlar əksər hallarda əllərindəki zibili, su qablarını yerə atırlar. Böyüklər onlara bildirməlidir ki, bu cür olmaz. Bu qoruq bizim hamımızındır, hər birimiz ərazinin təmizliyinə riayət etməliyik”.

Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü münasibət ilə Abdulla Şaiq adına Azərbaycan Kukla Teatrı qoruqda maraqlı konsert proqramı təşkil etmişdi. Bura gələn turistlər teatrın repertuarında maraqlı tamaşalardan səhnəciklər, həmçinin teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının istedadlı ifaçılarının təqdimatında rəngarəng konsert proqramını izlədilər. Maraqlıdır ki, konsertə nəinki balacalar, eyni zamanda turistlər əcnəbi turistlər də qatılıb, əylənməyə çalışır, musiqi sədaları altında rəqs edirdilər.

Xatırladaq ki, Azərbaycanın ən qədim yaşayış məskənlərindən olduğunu əyani sübut edən Qobustan Dövlət Tarixi-Bədii Qoruğu 2007-ci ildə YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib.

 

Xalidə GƏRAY

 

Yeni Müsavat.- 2019.- 20 may.- S.13.