Xalq şairinin imtiyazları - fəxri

adların faydaları, dünya təcrübəsi...

 

Fazil Mustafa: “İnsanlara təkcə ad-şöhrət deyil, maddi təminatı əhatə edən mükafat verilməlidir”; Sabir Rüstəmxanlı: “Bu adı almayanlar qısqanclıqla yanaşır”

 

Prezident İlham Əliyevin sərəncamı ilə bir neçə şair və yazıçıya, eləcə də mədəniyyət xadiminə fəxri adlar verilib. Onların arasında Vahid Əziz, Ramiz Rövşən, Musa Yaqub xalq şairi, Kamal Abdulla, Natiq Rəsulzadə, Afaq Məsud xalq yazıçısı, İlqar Muradov, Cavan Zeynallı xalq artisti, Vaqif Bayatlı, Elçin Hüseynbəyli, Firuz Mustafa əməkdar incəsənət xadimi adına layiq görülüb.

 

Qeyd edək ki, fəxri adlar verilən zaman bir məsələ də gündəmə gəlir. Fəxri adın üstünlükləri nədir və dünyanın inkişaf etmiş ölkələrində belə təcrübələr varmı?

Qeyd edək ki, bir çoxları sovet dövründə daha çox populyar olan fəxri adların verilməsini birmənalı qarşılamır, bu ənənənin davam etdirilməsini gərəksiz sayır.

Sovetlər birliyi dağıldıqdan sonra bir çox ölkələr bu cür ənənəyə son qoyub. Bu baxımdan, fəxri adların ləğv olunmasını, əvəzində yaradıcı insanlara kifayət qədər maddi yardım ayrılmasını tövsiyə edənlər var və onların sayı kifayət qədərdir.

Lakin digər qisim hesab edir ki, əslində fəxri adlar aylıq təqaüddən başqa şəxslərə böyük imtiyazlar, ev, maşın, ən əsası mənəvi ruh verir. Qeyd olunur ki, bəzi ölkələrdə tarixən gələn fəxri adlar mövcuddur. Məsələn, lord, qraf, monarx nəsli və sairə.

Bəs fəxri adların hansı imtiyazları var?

Öncə bildirək ki, fəxri adlar Azərbaycan Respublikasının vətəndaşlarına verilir, lakin digər ölkələrin vətəndaşlarına da verilə bilər.

Məlumata görə, ilk xalq şairi adına Səməd Vurğun layiq görülüb. Məhz 1956-cı ildə onun ölümündən sonra yazıçılara, şairlərə fəxri adlar verilməyə başlanıb. Daha sonra isə sovet hakimiyyəti altında olan ölkələrdə bu ənənə davam etdirilib.

Ötən ilə qədər incəsənət və mədəniyyət xadimləri aylıq olaraq “xalq” fəxri adı üçün 100, “əməkdar” fəxri adı üçün isə 60 manat alırdı. Lakin prezident İlham Əliyevin 2018-ci il 1 mart  sərəncamına əsasən fəxri adlar üçün verilən aylıq məvaciblər artırılaraq, “xalq” fəxri adı üçün aylıq 150 manat, “əməkdar” fəxri ad üçün isə 100 manat müəyyən edildi.

Beləliklə, hazırda fəxri adlara görə aylıq təqaüdün məbləği xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 150 manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 100 manatdır.

Fəxri ad verilməsi ənənəsinin davam etdirilib-etdirilməməsi məsələsinə gəldikdə, qeyd etdiyimiz kimi, bu məsələ tez-tez gündəmə gəlir və mübahisəli fikirlər bildirilir. Hətta mədəniyyət naziri Əbülfəz Qarayev də bu məsələ ilə bağlı öz mövqeyini bildirmişdi. Nazir qeyd etmişdi ki, hələlik fəxri adların ləğvi uyğun görülmür:

“Bizdə istər xalq artistləri, istərsə də əməkdar artistlər mədəniyyət ocaqlarında çalışdığı üçün bu məvaciblər onların əmək haqlarına əlavədir. Bu adlar bir stimul xarakteri daşıyır. Fəxri ad məsələsi çox az sayda ölkələrdə həyata keçirilir. Bir çox ölkələrdə ləğv olunub, amma bizdə bu, bir tendensiya halı alıb. Gələcəkdə fəxri adlar hər adama verilməyəcək, haqqı olan alacaq. Bu zamana kimi fəxri ad alanların hamısı buna layiq olduqları üçün o adı alıblar. Fəxri adların ləğvi barədə hələlik düşünülmür. Biz bu addımı atmaq istədik, amma sonradan gördük ki, bu, alınan bir şey deyil.

İstər SSRİ dövründə alınan, istərsə də Azərbaycanın müstəqilliyi dövründə verilən fəxri adların hər biri tarixə düşür. Biz isə tariximizə hörmətlə yanaşmalıyıq".

SSRİ xalq artisti və Azərbaycanın xalq artisti Fərhad Bədəlbəyli isə qeyd etmişdi ki, fəxr addan “Sovet iyi” gəlir: “Xarici ölkələrə səfər edən zamanı heç vaxt SSRİ xalq artisti olduğunu qeyd etmirəm. Sadəcə, özüm qazandığım - beynəlxalq müsabiqələr laureatı, professor titulumu deyirəm. Türkiyədə çox yaxşı dövlət sənətçisi adı var. Xalq artisti adından sovet iyi gəlir... ”

Fəxri adların ləğvi məsələsinə gəlincə F.Bədəlbəyli də fəxri adların ləğvini istəmədiyini deyib:

“Mənim bu gün təəssüfləndiyim məqam bu adların çox cılızlaşmasıdır. Bizim vaxtımızda xalq artistlərinin sayı çox az idi. Məsələn, Əfrasiyab Bədəlbəyliyə 57 yaşında xalq artisti verdilər. İndi isə xalq artistinin nüfuzu aşağıdır”.

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafanın rəyini öyrənməyə çalışdıq. “Yeni Müsavat”a danışan millət vəkili qeyd etdi ki, bir neçə dəfə bu məsələni gündəmə gətirib: “Hər zaman qeyd etmişəm ki, bir çox  ölkələrdə bu, pul mükafatları və nominasiyalarla əvəz edilir. Məsələn, qonşu Türkiyədə sənət adamlarına ”dövlət sənətçisi" adı verilir. Bu, həm onların maddi baxımdan problemlərinin həlli deməkdir, həm də müəyyən dərəcədə ona status verir. Düşünürəm ki, bizim ölkədə də fəxri adlarla bağlı məsələyə bu variant tətbiq edilsin. Lakin hazırda vəziyyət elədir ki, bir sıra mədəniyyət və incəsənət xadimləri istəyir ki, çəkdiyi əziyyətə görə fəxri ad, imtiyazlar alsın. Bunu əsirgədikdə isə dövlətdən incik qalırlar. Lakin fikrimcə, ad yarışması dayandırılmalıdır. Yaxşı olar ki, ortada pul mükafatı və nominasiyalar olsun. Məsələn, illik nominasiyanın qalibləri olur, onlara böyük məbləğdə vəsait verilir. Bu daha layiqli olur. Avropada, Amerikada, İngiltərədə bu məsələ mükafatların səviyyəsinə görə bu məsələ tənzimlənir, həllini tapır. Məsələn, “Buker” mükafatı ədəbiyyatçılara, “Nobel” alim və ədəbiyyatçılara verilir və sairə.

Ölkəmizdə də bu cür mükafatlar təsis edib, əziyyətlərinə görə yazıçı və şairlərə vermək olar. Ona görə də bu məsələdə, fikrimcə, daha çox köhnə dövrün prinsiplərindən imtina etmək lazımdır. İnsanlara təkcə ad-şöhrət deyil, maddi təminatı əhatə edən mükafat verilməlidir. Doğrudur, görkəmli şəxslərə prezident təqaüdü verir, bu  maddi təminatın çox yaxşı formasıdır. Lakin bəlkə bu təqaüdün özünün də baxılmasına ehtiyac var. Belə ki, bu cür mükafatların ölkə üçün daha çox çalışan şəxslərə verilməsi daha uyğundur".

Xalq şairi Sabir Rüstəmxanlı isə bildirdi ki, fəxri ada layiq görülməsi onun həyatına və taleyinə o qədər də böyük təsir göstərməyib: “Mən 2005-ci ildə ”xalq şairi" adını almışam. Lakin 1980-ci illərdən artıq məni xalq şairi kimi qeyd edirdilər. Əksəriyyət rəsmən ad veriləndə bilmişdi ki, əslində xalq şairi deyilmişəm. Düşünürəm ki, bu cür fəxri adlara layiq görülməyən insanlar bu məsələyə qısqanclıqla yanaşır. Dünyanın hər bir yerində bu cür fərqləndirmə var. Xalqa yaxın olan, onun xeyir-şərində iştirak edən, dərdini dilə gətirən, sənətdə daha çox hörmət qazanan insanları millət özü də fərqləndirir. Məsələn, adi dəmirçidən tutmuş, digər sahələrdə çalışanlara “usta”, “baş usta” adını verirlər. Bir halda ki, deyirlər ki, “siz bu ada çoxdan layiq görülməli idiniz”, deməli, adın verilməsi də məntiqlidir. Niyə buna pis baxmalıyıq? İkinci bir tərəfdən, dövlət bu adı verəndə qarşılığında həmin şəxslərdən nəsə istəyirmi? Məsələn, 14 ildir ki, bu fəxri adı daşıyıram, dövlət məndən heç nə tələb etməyib və yaxud hansısa məclisdə, tədbirdə onun barəsində tərifləməyimi istəməyib. Bu, sənətə, peşəyə verilən qiymətdir.

Məsələn, Musa Yaqub bu günlərdə “xalq şairi” adını aldı. O, hazırda ahıl yaşındadır, bundan sonra ona bu adın verilməsi nəyi dəyişir?  Ona görə də bu ada qısqanclıqla yanaşmaq, pis baxmaq lazım deyil".

Sabir Rüstəmxanlı onu da vurğuladı ki, xalq şairi, xalq yazıçısı titulu əvvəldən, bünövrədən xalq artisti  titulundan çox fərqlənib:

“Xalq şairi, yazıçısı ədəbiyyatın akademiki deməkdir. Lakin teatr xadimləri, sənətçilər başqalarından seçilmək, uzun müddət səmərəli fəaliyyəti üçün fəxri adlara layiq görülür. Xalq artisti adını xalq şairi adı ilə müqayisə etmək olmaz. Düşünürəm ki, orada da ”ölçü-biçi" olmalıdır. Yəni xalq artisti, əməkdar artist adı sənətinin ən yüksək zirvəsində olanlara verilməlidir. Kim gəldi bu adların verilməsi yolverilməzdir".

 

Xalidə GƏRAY

 

Yeni Müsavat.- 2019.- 28-29 may.- S.12.