“Yeddi oğul
istərəm, bircə dənə qız...”
Sabah 1 iyun
Uşaqların Beynəlxalq Müdafiə Günüdür
Sabah dünyanın əksər ölkələrində,
eləcə də Azərbaycanda Uşaqların Beynəlxalq
Müdafiə Günü qeyd
olunacaq. Xatırladaq ki,
1 iyun 1950-ci ildə BMT Baş
Assambleyası tərəfindən qeyd
olunması qərara alınıb. Həmin gün təşkil olunan
“Qadınların Beynəlxalq Konfransı”nda uşaq
hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər
səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların
beynəlxalq müdafiəsinə həsr etmək qərarı
verilib.
Bəs ölkəmizdə uşaqların hüquqları yetərincə qorunurmu? Bu bir faktdır ki, Azərbaycanda bu gün də əhali arasında qız uşaqlarına qarşı stereotiplər səngimək bilmir. Bunun nəticəsidir ki, ötən il, yəni 2018-ci ildə qız uşaqlarının oğlan uşaqları ilə cins nisbəti 100/115-ə çatıb. Bu rəqəm isə cins balansının təhlükəli dərəcədə pozulması deməkdir. Halbuki bioloji normaya əsasən, hər doğulan 100 qıza 105 oğlan nisbəti olmalıdır.
Ümumiyyətlə, son illərdə ölkədə doğulan uşaqlar arasında oğlanların sayı çoxluq təşkil edir. Ekspertlər qeyd edir ki, əgər tendensiya belə davam edərsə, ciddi demoqrafik problemlər yarana bilər.
Xatırladaq ki, bir neçə gün öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Aynur Veysəlova mətbuata açıqlamasında bildirmişdi ki, son statistika yenidən həyəcanlı vəziyyət yaradıb və komitə SOS təbili çalır. A.Veysəlovanın sözlərinə görə, bu hal qadın hüquqlarının müdafiəsinin çətinləşməsi ilə yanaşı genefonda da mənfi təsiri var:
“Bəzən qadın qız uşağına hamilə olduğu üçün məcburən aborta aparılır. Bu təkcə genefond məsələsi yox, həm də qadınların sağlamlığının ciddi şəkildə pozulmasına səbəb olur. Biz həyəcan təbili çalırıq. Bu haldan ciddi narahatıq”.
Araşdırmalar da onu göstərir ki, əvvəllər Şərqi Asiyada müşahidə olunan bu hal artıq Azərbaycanda mövcud olmağa başlayıb. Bu isə gələcəkdə əhalinin struktur dəyişikliyinə çox pis nəticələrə gətirib çıxara bilər. Məsələn, Çin və yaxud Hindistan təcrübəsi onu göstərir ki, ölkədə kişilərin sayı çox olduqda evlənməyə qadın tapa bilmir, nəticədə cəmiyyətdə aqressiya, zorakılıq halları, kriminal hadisələr artır. Bütün bunlar özü ilə bərabər qız qaçırma, erkən evlənmə, insan alveri kimi problemləri də gətirir.
Görünəni budur ki, artıq bu problemlər ölkəmizin qapısını döyməkdədir. Belə ki, Ümumdünya Əhali Perspektivləri sənədinə əsasən,
Azərbaycan dünyaya
gələn uşaqların
cinsinə görə
nisbətin pozulması
göstəricilərinə görə dünyada ikinci yerdədir. Bu, həqiqətən ciddi statistikadır. Beləliklə, siyahıda birinci yerdə Çin, ikinci yerdə Azərbaycan, üçüncü
yerdə Ermənistan,
dördüncü yerdə
isə Gürcüstandır.
Bəs ölkədə
qız uşaqlarının
sayının azalmasına
səbəb nədir? Mütəxəssislər də ən birinci səbəb kimi geniş yayılan selektiv abortları göstərir.
Araşdırmalar göstərir ki, 90-cı
illərin sonuna yaxın USM-in tətbiqindən
sonra selektiv abortların sayı kəskin dərəcədə
artmağa başlayıb. Xüsusən də bir qız
övladı olan valideynlər ikinci və yaxud üçüncü
qız övladını
istəmir və aborta müraciət edir.
Halbuki Azərbaycanda selektiv abort hüquqi baxımdan qadağandır. Qanuna əsasən, hamiləliyin
süni surətdə
pozulması qadının
arzusu ilə hamiləliyin 12 həftəlik
müddətinədək aparılır
(6 həftəlik müddətə
qədər ambulatoriya
şəraitində, 6 həftədən
12 həftəyədək müddətdə
isə yalnız stasionarda aparılmasına
icazə verilir). Bu müddətdən sonra həyata keçirilən bütün
abortlar (tibbi zərurət halları istisna olmaqla) qanun pozuntusudur. Məlum olduğu kimi, 12 həftənin sonunadək
embrionun cinsini müəyyən etmək
mümkün deyil.
Lakin bu bir faktdır
ki, hamilə qadınlar bətnində qız övladı olduğunu bildikdən sonra əksər hallarda aborta üstünlük verir.
Bu o deməkdir ki, ölkəmizdə selektiv abortlar qeyri-qanuni yolla daha gec hamiləlik
dövründə həyata
keçirilir.
Selektiv abortların təhlükələri
Selektiv abortlar hamiləliyin daha gec dövründə baş verdiyi üçün onun qadınların fiziki və psixoloji sağlamlığına təhlükəsi
daha çoxdur. Hətta
selektiv abortlar nəticəsində ölüm
və intihar halları da az deyil.
Bu barədə vaxtaşırı informasiyalara
rast gəlirik.
Dinimiz də selektiv abortlara tam qarşıdır və şiddətlə qınayır. Hazırda da
müsəlman ölkələrinin
əksəriyyəti abortların
tam və qismən qadağan olunmasını
dəstəkləyir. Şəriət qanunlarına
görə, müsəlman
qadınlar ərlərinin
və həkimlərin
ümumi razılığı
əsasında bətnindəki
embrionun 40 gününədək
(Maliki məzhəbinə
görə) və ya 120 gününədək
(Hənəfi məzhəbinə
görə) ondan xilas ola
bilər.
“Yeddi oğul istərəm, bircə dənə qız, gəlin!”...
Bəzi ekspertlər qeyd edir ki, ölkədə
selektiv abortların artması, qız uşaqlarına olan münasibət əslində
keçmişdən bu
günümüzə qədər
gələn mental dəyərlər,
ənənələr, stereotiplərlə
bağlıdır. Məsələn,
toy mərasimlərində gəlinə
oğlan anası olmaq arzulanır və onun qucağına
oğlan uşağı
qoyularaq deyilir: “Yeddi oğul istərəm, bircə dənə qız gəlin”. Yaxud “qızını döyməyən
dizini döyər”, “qızı özbaşına
buraxsan ya halvaçı tapar, ya da zurnaçı”,
“qeyrətsiz oğuldansa
kor qızım olsa yaxşıdır”, “qız yükü duz yükü”, “oğul düşmən çəpəridir” kimi deyimlər əslində
gender bərabərsizliyindən və cəmiyyətdə
valideynlərin qızlarının
sosial və maddi uğur əldə edəcəyinə
inanmadığından xəbər
verir və qızlar sanki sosial-iqtisadi yük kimi dəyərləndirilir.
Bəs problemdən çıxış yolu nədədir?
“Təmiz Dünya” Qadınlara Yardım ictimai Birliyinin sədri Mehriban Zeynalova mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:
“Əslində çox
təzadlı cəmiyyətdə
yaşayırıq. Bir müddət
bundan əvvəl qurumumuzun təşəbbüsü
ilə sosial şəbəkədə aksiya
şəklində hər
kəs öz qızı ilə fotosunu paylaşdı.
Bildiyiniz
kimi, sosial şəbəkələrdə ölkənin bir çox bölgələrindən
izləyicilər olur və bu cür
aksiyaların kifayət
qədər təsiri
olur.
Səhiyyə Nazirliyi də bu məsələ ilə bağlı tədbirlər görür. Lakin bu yetərli olmur. Məktəblərdə araşdırma
aparanda görürük
ki, ucqar rayonlarda
qız uşaqları
4-cü sinifdən sonra
məktəbə qoyulmur.
Və yaxud selektiv abortlar getdikcə artmağa başlayıb.
Maraqlıdır ki, bu cür abortlar Səhiyyə Nazirliyi tərəfindən qadağan
olunubsa, bəs onda abortlar harada,
necə aparılır?
Demək
ki, bu məsələ
ciddi şəkildə
konkretləşdirilməlidir ki, problemin həllini
tapa bilək.
Statistikanı ucqar rayon və kəndlərdə aparmaq lazımdır, hansı ki, orada qız
uşaqlarını məktəbə
qoymaq istəmirlər,
onların sayı həddən artıq azdır. Əslində rəsmi qurumlar
məhz o bölgələrdə
tədqiqatlar aparmalıdır.
Burada
QHT-lərin də köməyindən, dəstəyindən
istifadə etmək lazımdır. Lakin çox
təəssüf ki, bəzi qurumlar bir çox hallarda QHT-lərin işinə “yuxarıdan-aşağı”
baxır.
Bir məsələni də qeyd edim ki,
təkcə cəmiyyətdə
deyil, ailələrdə
də iş aparmaq lazımdır. Müəyyən cərimələr tətbiq etmək olar. Həmçinin qadınlarımıza öz hüquqları izah olunmalıdır ki, o, özünə qarşı olan psixoloji zorakılığa
yox deyə bilsin".
Sosioloq Əhməd Qəşəmoğlu
isə məsələyə
bu cür münasibət bildirdi:
“Bu məsələ artıq
bir neçə ildir ki, aktualdır
və tez-tez həyəcan təbilinin çaldığını eşidirik. Fikrimcə, bir
neçə il öncəyə qədər
həyəcan təbili
çalmağa ehtiyac
yox idi, amma hazırkı vəziyyətdə böhranlı
xətti keçmişik.
İllər öncə qız
uşaqlarının sayı
oğlanlardan çox
idi. Bu yaxşı
hal idi, lakin baxır bu hansı intervaldadır.
Məsələn, hər 100 qıza
110 oğlan doğularsa
bu çox yaxşıdır. Ona
görə bu yaxşı hal hesab olunurdu ki, oğlan uşaqları yaşa dolanda iş və yaxud macəra
dalınca xarici ölkələrə gedir,
məlum məsələdir
ki, avtomobil qəzalarında daha çox oğlanlar dünyasını dəyişir
və sairə. Buna görə də
110 statistikası normal hesab
olunurdu. Lakin indi
vəziyyət dəyişib.
Və bu vəziyyət barəsində rəsmilər
ciddi tədbir görməlidir.
Əvvəla, ölkədə ciddi maarifləndirmə işi
aparılmalıdır. Yəni
cəmiyyət anlamalıdır
ki, qızlara qarşı qəddar münasibət olanda, qız
uşaqları hələ
ana bətnində ikən öldürüləndə
bunun fəsadları böyük ola bilər. Ana və
yaxud ata öz uşağının
qətlinə özü
fərman verir. Valideyn 3-4 dəfə bu cür qərar verəndə
onda artıq psixoloji problemlər yaranır və istər-istəməz cəmiyyətdəki
hadisələrə qarşı
ondan bir aqressiya, başqalarına soyuqqanlılıq nümayiş
etdirir. Humanistlik baxımından da
bu düzgün deyil.
Beləliklə, cəmiyyətə aşılanmalıdır
ki, qız uşaqlarına qarşı
bu cür mövqe doğru deyil. Qız övladı gələcəkdə
hətta oğlan övladından daha xeyirli, uğurlu insan ola
bilər".
Xalidə GƏRAY
Yeni Müsavat.- 2019.- 31 may.- S.14.