“Yeni Müsavat”ın 30 illik yubileyi qeyd olundu

 

Ölkə ictimaiyyəti 1989-cu ildə yaranan bir müstəqil qəzet üçün toplandı

Noyabrın 8-də Park İnn otelində “Yeni Müsavat” Media Qrupunun 30 illik yubiley tədbiri keçirilib. Tədbirdə ölkənin tanınmış ictimaiyyət nümayəndələri, dövlət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, millət vəkilləri, vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, ekspertlər, eləcə də media mənsubları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Yeni Müsavat” Media Qrupunun rəhbəri, baş redaktor Rauf Arifoğlu qonaqları salamlayaraq, bu özəl tarixi günə qatıldıqları üçün hər bir iştirakçıya təşəkkürünü bildirib. O, qəzetin yarandığı dövrü, keçdiyi tarixi yolu tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Bu qəzet milli azadlıq hərəkatından doğan təsislərdən biridir. 30 il öncə xalqımız azadlığı və torpaqlarının bütövlüyü uğrunda mübarizəyə qalxmışdı. Biz də bu mübarizənin, meydan və səngər hərəkatının iştirakçılarından, könüllülərindən idik. Azərbaycan xalqı möhtəşəm bir özünütəşkil prosesi yaşayırdı: hər şey meydanlarda, ayaqda və dərhal həll olur, qurulurdu. Azadlıq Meydanında, xalq hərəkatının gedişində Azərbaycan Xalq Cəbhəsi quruldu, elə buradaca özünü müdafiə könüllü dəstələri yarandı və milli mətbuatın ilk qaranquşları da Meydan hərəkatında ortaya çıxdı. ”Yeni Müsavat" qəzeti də Meydan hərəkatından, xalqın tələblərindən doğdu. Biz kommunizmə qarşı mübarizədə Müsavat adında təşkilat qurduq və bu təşkilatın qəzetini yaratmaq da mənim üzərimə düşdü. 30 il sonra məmnunluqla bildirirəm ki, bu işin öhdəsindən gələ bilmişəm və bu gün “Yeni Müsavat” milli azadlıq hərəkatının yaşayan azsaylı və ən uğurlu layihələrindən biri kimi zamanın, dövrün təlatümlərinə dözərək fəaliyyətini davam etdirir. Azərbaycanın son 30 ilini düşünün. Sovet hakimiyyətinin yıxılması, müstəqil Azərbaycan dövlətinin qurulması, erməni iddiaları nəticəsində Qarabağ və vətən müharibəsinin başlaması, illərlə davam etməsi, könüllü batalyonların, daha sonra milli ordunun qurulması, torpaqlarımızın işğalı, Xocalı soyqırımı, iqtidarların ard-arda dəyişməsi, siyasi təlatümlər, həbsxanalar, düşmənçiliklər, dostluqlar... Biz bunların hamısını Azərbaycanla bərabər həm yaşadıq, həm də yazdıq, tarixləşdirdik... Biz bu 30 ili özətləyəcək 30 dəqiqlik sənədli bir film çəkdik. İnşallah ki, bu cür layihələrimiz davamlı olacaq və biz öz hekayəmizi tarixə və oxucuya anlatmaqda davam edəcəyik".

R.ArifoğluYeni Müsavat”ın yeni media sahəsində imza atdığı uğurlardan bəhs edərək, rəhbərlik etdiyi media qrupuna daxil olan saytlar barədə məlumat verib: “Bu gün gəldiyimiz nöqtə bir zamanlar xəyal edə bilməyəcəyimiz nəticələrlə zəngindir. ”Yeni Müsavat" qəzeti artıq bir Media Qrup şəklində fəaliyyət göstərir’’.

Daha sonra qəzetin 30 illik tarixini əks etdirənYeni Müsavat 30: Bir qəzetin tarixiadlı sənədli film qonaqlara təqdim olunub. Təqdimatın ardından filmin yaradıcı  rejissoru İlkin Zəfərliyə, bədii rəhbəri Sevinc Telmanqızına, montaj rejissoru Məğrur Salmanova plaket təqdim olunub.

Daha sonra tədbir iştirakçıları təbrik üçün söz alıb.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev çıxışına “Yeni Müsavat” ailəsini 30 illik yubiley münasibətilə təbrik etməklə başlayıb. Qeyd edib ki, Azərbaycan müstəqil dövlətçiliyini qazandığı zaman ölkənin azsaylı mətbuat orqanları arasında “Yeni Müsavat” da var idi:  “1990-cı illərin ziddiyyətləri və kəskin proseslərindən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlanma dövrü və həmin dövrün hərbi əməliyyatları, Azərbaycanda dövlət strukturlarının formalaşması, dövlətçilik ənənəsinin bərpa olunması, ölkənin sabit inkişaf mərhələsinə qədəm qoyması, sonrakı dövrdə güclənməsi, beynəlxalq birliyin vacib üzvünə çevrilməsi, öz gücünün, mövqeyini dünyada nümayiş etdirmə imkanları əldə etməsini öz səhifələrində əks etdirən, bu tarixi salnaməni dərc edən mətbuat orqanları olub ki, onlardan biri də  ”Yeni Müsavat" qəzetidir. Ötən 30 ildə “Yeni Müsavat” bu prosesləri öz səhifələrində əks etdirib, öz oxucularını məlumatlandırmaq kimi mühüm bir missiyanı uğurla yerinə yetirməyə müvafiq olub. Bu gün “Yeni Müsavat” milli jurnalistikamızın təməl prinsiplərini rəhbər tutaraq cəmiyyəti obyektiv şəkildsə məlumatlandırmaq, Azərbaycan dövlətinin, xalqının milli maraqlarını müdafiə etmək, cəmiyyətdə gedən inkişaf proseslərini olduğu kimi təqdim etmək, cəmiyyəti qayğılandıran problemləri müzakirə platformasına çevirmək, problemlərdən çıxış yollarını göstərmək, eyni zamanda Azərbaycan xalqının adət-ənənələrinin, mədəni irsinin qorunmasına töhfə verən mətbuat orqanı kimi uğurla fəaliyyət göstərir. Həm qəzetin, həm də onun internet  versiyası çoxsaylı oxucu auditoriyasına malikdir, cəmiyyətdə nüfuz sahibidir. Ölkə informasiya məkanında aparıcı media orqanlarından biridir. Bu uğurların əsasında dayanan səbəblərdən biri jurnalist kollektivinin fədakarlığıdır, vəzifə borcuna sadiqliyidir. Həmçinin qəzetin idarəçiliyinin düzgün aparılması, kollektivlə birlikdə rəhbərliyin fədakarcasına öz həyatını bu qəzetin inkişafına, onun cəmiyyətdə oturuşmasına qurban verməsidir".

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini  onu da diqqətə çatdırıb ki, bu nailiyyətlərin əldə olunmasının  səbəblərindən biri də, ölkədə mövcud olan mühit, söz və mətbuat azadlığının təmin edilməsi, mediaya göstərilən dövlət dəstəyidir: “Bu gün Azərbaycan jurnalistləri, o cümlədən ”Yeni Müsavat"çılar dövlətin yaratdığı şəraitdən bəhrələnirlər. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan  Azərbaycan qəzetlərinə verilən vəsaitdən “Yeni Müsavat” qəzeti də bəhrələnir. Aparıcı jurnalistlər, ölkə jurnalistikasının inkişafında xidmətləri olan qələm əhli, dövlət mükafatlara layiq görülür. Sosial problemləri olan, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan jurnalistlərə dövlət tərəfindən bu istiqamətdə dəstək göstərilir. Bu da qəzetin inkişafında, gələcək uğurlarının bazasının yaranmasında dövlətin də öz rolu var".

Vüqar Əliyevin fikrincə, həqiqət odur ki, əgər bir qəzet 30 il müddətində yaşayırsa, yaradırsa, çətinlik dövrünü də, rahatlıq dövrünü də və inkişaf dövrünü də yaşayırsa, özünü cəmiyyətə təsdiq edirsə, əlbəttə ki, onun bundan sonra da yaşamağa, inkişaf  etməyə, Azərbaycan cəmiyyətinə və dövlətinə xidmət etməyə haqqı var: “Mən qarşıdan gələn dövrdə də ”Yeni Müsavat"a öz orienterlərini qoruyub saxlayaraq, obyektivliyi, milli təəssübkeşliyi, dövlət maraqlarını rəhbər tutaraq uğurlu inkişaf yolu və gələcəyə doğru inamla addımlamağı arzu edirəm. Hər bir mətbuat orqanı üçün bu çətin bir vəzifədir, ancaq bir o qədər də şərəflidir. Hər birinizə bu nəcib işinizdə uğurlar arzulayıram".

“Bu 30 illik dövr göstərdi ki, ”Yeni Müsavat" əbədi yaşardır". Bu sözləri isə Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov səsləndirib.

Çıxışına  yubiley  münasibətilə təbriklərini çatdırmaqla başlayan MŞ sədri qeyd edib ki, Azərbaycan tarixində, eləcə də ölkənin media tarixində “Yeni Müsavat” öz yerini qoruyub saxlayacaq: “Yeni Müsavat” Azərbaycan Mətbuat Şurasının təsisçilərindən biridir. Onun rəhbəri, dostum Rauf Arifoğlu  Azərbaycan Mətbuat Şurasının İdarə Heyətində təmsil olunur. Ona görə də, Mətbuat Şurası sonuncu iclasını “Yeni Müsavat”ın 30 illik yubileyinə həsr etdi, təbrik etdik, tort kəsdik, plaket təqdim etdik. Bütün İdarə Heyəti üzvləri “Yeni Müsavat”la bağlı, onun peşəkar kollektivi ilə bağlı çoxsaylı fikirlər söylədilər. Onlardan biri Akif Aşırlı söylədi ki, “Yeni Müsavat” tarixdir, Azər Həsrət isə dedi ki, “Yeni Müsavat” salnamədir və “Yeni Müsavat”çılar salnaməçilərdir. Doğrudan da “Yeni Müsavat” mediamızın tarixidir, mediamızın salnaməsidir, xalqımızın tarixidir, xalqımızın salnaməsidir. Əgər o tarix həqiqi tarixdirsə, millidir, ümummillidir. Deməli, “Yeni Müsavat” da milli və ümummilli qəzetdir".

Ə.Amaşov vurğuladı ki, siyasi yönümündən və yaşından asılı olmayaraq kimin üçün xalqı maraqlıdırsa, kim fikrini xalqa çatdırmaq istəyirsə, “Yeni Müsavat” həmin insanların tribunasıdır: “Söylədilər ki, ”Yeni Müsavat"  məktəbdir. Həqiqətən Azərbaycanda elə bir televiziya və ya radio, qəzet, agentlik, xəbər portalı yoxdur ki, nə vaxtsa “Yeni Müsavat”da işləyən jurnalistlər indi orada işləməsin. Həmin tədbirdə Vüsalə Mahirqızı söylədi ki, “Yeni Müsavat  brenddir. Bəli, “Yeni Müsavat” bu gün Azərbaycan mediasında əvəzolunmaz bir brenddir. Hər kəs “Yeni Müsavat”ın rəhbəri Rauf Arifoğlu haqqında dəyərli fikirlər söylədilər. Rauf Arifoğlu və “Yeni Müsavat  bir almanın iki ayrı hissəsidir.  Rauf Arifoğlu yeniliyi görən insandır, nə zaman onlayn media meydana gəldi, R.Arifoğlu “Yeni Müsavat”ın saytını yaratdı, nə zaman ki, oxucu hadisələri daha yaxşı görmək üçün foto tələb etdi, “Yeni Müsavat”ın saytı fotolarla bəzəndi. Nə zaman ki, tələbkar oxucu hərəkət  görmək istədi, “Yeni Müsavat”da videolar təqdim edildi. Oxucu, tamaşaçı öz problemini canlı görmək istədi, “Yeni Müsavat” televiziyası yarandı. Hazırda “Yeni Müsavat” qəzeti, xəbər portalı və televiziyası Azərbaycanda ən baxımlı media orqanlarıdır. Bütün bunlara görə, “Yeni Müsavat” regionun aparıcı mediasına və brendinə çevrildi. Mən “Yeni Müsavat”ın qəhrəman kollektivini və rəhbərliyini təbrik edirəm".

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da çıxış edərək bildirdi ki, bu qəzet ötən müddət ərzində dəyişən texnologiya və yeniliklərlə ayaqlaşıb və inkişaf edib: “Qiymətli qardaşım, Rauf Arifoğlu, mən sizin şəxsinizdə bütün ”Yeni Müsavat" kollektivini təbrik edirəm. Siz “Yeni Müsavat” adlı qəzetin yolçuluğuna Türkiyə səfirliyindən başlamısınız. Ona görə də, mən bu tədbirə qatılmasaydım, doğru olmazdı, əksik qalardı. “Yeni Müsavat” Azərbaycanın müstəqilliyini müdafiə etməyin ən çətin olduğu  günlərdə yaradılan bir  qəzetdir.  O səbəbdən Azərbaycan  həqiqətlərini bütün  dünyaya, ancaq ondan da öncə Azərbaycan xalqına anlada bilmək üçün o dövrdə böyük fədakarlıqlar altında, böyük qəhrəmanlıq gerçəkləşdi. “Yeni Müsavat” sırf bu səbəbdən təbrik edilməyi haqq edən bir qəzetdir. Bu günə qədər aradn 30 il keçib. 30 il ərzində Azərbaycan müstəqil dövlət oldu,  bu günə qədər böyük dəyişikliklər yaşandı, böyük inkişafa imza atıldı. Burada Azərbaycan mətbuatı da öz payına düşəni aldı. Dünya mətbuat orqanları üçün gün keçdikcə daha çətin bir hala gəlir. İnkişaf  edən texnologiya  mətbuatın işini daha da çətinləşdirir. Ancaq “Yeni Müsavat” qəzeti 30 il ərzində inkişaf edən texnologiya ilə ayaqlaşdı. Heç bir yenilikdən geri qalmadı və bu gün sadəcə qəzet olaraq deyil, eyni zamanda internet saytı və televiziya olaraq, böyük bir media qurupudur. Bu 30 ildə əldə etdiyi uğurlar üçün də “Yeni Müsavat”ı ayrıca təbrik edirəm. Əminəm ki, müstəqil Azərbaycan kimi, “Yeni Müsavat” da sonsuza qədər davam edəcək. Çünki “Yeni Müsavat”ın mayasında millilik var".

Milli Məclisin deputatı Fəzail Ağamalı isə “Yeni Müsavat”ın daimi oxucusu olduğunu vurğuladı: “Mən qürur duyuram ki, vaxtilə mənim tələbəm olan Rauf Arifoğlu, indi nəinki Azərbaycanda, bütün türk dünyasında adı keçən böyük insandır. Mən millət vəkilləri adından bildirmək istəyirəm ki, 30 ildir bu qəzeti oxuyuram. Mən hər gün bu qəzeti vərəqləyən və işə onunla başlayan bir adamam. Elə zaman olub ki, məni ən kəskin notlarla tənqid etmisiniz. O tənqidi notlardan sonra da oxucu istəyimi saxlamışam. Ümid edirəm ki, bundan sonra da sizin oxucunuz olaraq qalacam. Mən tək deyiləm  əminəm ki, sizin 1989-cu ildə çıxan nömrənizdən bu günə qədər yaşayan mütləq insanlar sizin oxucularınızdır. O oxucuların sayı azalmayıb, zaman-zaman artıb. Siz ilk dövrlərdə Azərbaycanın azadlığı və müstəqillik uğrunda fədakarcasına vuruşan insanlar olmusunuz. "Yeni Müsavat" ümummilli qəzetdir, xalq qəzetidir. Bu 30 illik salnamə filmdə geniş ifadə olundu. Əminəm ki, bundan sonra da fədakar əməyinizi, dövlətçiliyə xidmətinizi davam etdirəcəksiniz. Arzu edərdim ki, bütün qəzetlər sizin dövlətçilik mövqeyində yolunuzu davam etdirsinlər".

Daha sonra söz alan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn nümayiş etdirilən filmin davamlı olacağına ümid etdiyini bildirib: “Sizi və kollektivi təbrik edirəm. Çox məsələlər o filmdə deyildi, mən əminəm ki, o film davam edəcək. Mənim ən yaxşı müsahibələrimin və yazılarımın əksər hissəsi ”Yeni Müsavat"da dərc olunub. Son illər mənim dostum Rauf Arifoğlu və “Yeni Müsavat” qəzeti ilə siyasi baxışlarımız fərqlidir. Ancaq “Yeni Müsavat” qəzeti yaşadığımız bu böyük dəyişiklikdə, ən böyük səngərlərdən biri olub. Yubiley münasibətilə qəzetin yazarlarını və rəhbərini təbrik edirəm".

Daha sonra Pənah Hüseyn Azərbaycan Xalq Partiyası adından Rauf Arifoğluna  plaket təqdim edib.

Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidmətinin rəhbəri Anar Həsənov da çıxış edərək, təşkilatın prezidenti Füzuli Məmmədovun təbriklərini çatdırıb: "Azərbaycan üçün ən ağır və keşməkeşli illərdə “Yeni Müsavat” peşəkar və vicdanlı mövqeyini qoruyub saxlaya bildi ki, bu təqdirəlayiqdir. 30 il ərzində “Yeni Müsavat”ın səhifələrində əks olunan mövzu və süjetlərin əhatəliliyi o qədər geniş olub ki, məncə, Azərbaycanla yanaşı, “Yeni Müsavat” ensiklopediyasını da nəşr etməyin zamanıdır".

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bu qəzetin tirajına və yayımına görə öndə olduğunu qeyd etdi: “Mən həm sizi,  həm də ”Yeni Müsavat" sevənləri qəzeti 30 illik münasibətilə təbrik edirəm “Yeni Müsavat” qəzeti bizim gözümüzün qarşısında  yaranıb. 90-cı illərdən bizim əlaqəmiz. “Yeni Müsavat” həmişə tirajı ilə öndə gedən qəzetlərdən biri olub. 10 ildir ki, bu qəzet KİVDF ilə əməkdaşlıq edir, fondun layihələrində yüksək səviyyədə iştirak edir. Biz qəzetləri tirajına və yayımına  görə kateqoriyalara  bölmüşük  və “Yeni Müsavat” birinci kateqoriyadadır". Daha V.Səfərli Rauf Arifoğluna  plaket təqdim edib.

Türkiyənin sabiq millət vəkili Atilla Kaya isə Rauf Arifoğlu ilə dostluğunun tarixindən bəhs edib, qəzetin Azərbaycan üçün, o cümlədən Türk dünyası üçün fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, bu qəzet tarixi missiyasını uğurla yerinə yetirib, Türk dünyası ilə bağlı, Dağlıq Qarabağ məsələsi ilə bağlı ideallarına sadiq qalıb.

Daha sonra Milli Məclisin deputatları Çingiz Qənizadə, Aydın Mirzəzadə, Elşən Musayev və Sona Əliyeva da çıxış edərək “Yeni Müsavat” qəzetinin rəhbərliyini və kollektivini yubiley münasibətilə təbrik edib. Onlar qəzetin daimi oxucuları olduqlarını, bu media orqanının onlar üçün nüfuzlu bir tribuna olduğunu qeyd ediblər. Həmçinin “Yeni Müsavat”ın tarixi rolunu yüksək qiymətləndiriblər.

Tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Ufuk Turganer,  Ümid partiyasının təmsilçisi Ənvər Ağazadə, Ağ partiya rəhbəri Tural Abbaslı təbriklərini çatdırıb.

 

Nərgiz LİFTİYEVA,

Yeni Müsavat.- 2019.- 9-12 noyabr. S. 8-9.