Azərbaycanda qış turizmi imkanları

 

Müzəffər Ağakərimov: “Kütləviliyi artırmaq üçün orta və aşağı səviyyəli qış turizminiinkişaf etdirə bilərik”

2019-cu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanı ziyarət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10.9% və ya 264 min nəfər artaraq təqribən 2.7 milyona çatıb.

Dövlət Turizm Agentliyindən verilən  məlumata görə, bu da 2019-cu ildə Azərbaycana gələn xarici vətəndaşların sayının 3 milyondan artıq olacağına əsas verir.

Qonaqların böyük hissəsi Rusiyadan (təqribən 800 min nəfər) və Gürcüstandan (təqribən 600 min nəfər) gəlib. Bu iki ölkədən gələnlər Azərbaycanı ziyarət edən qonaqların 51.9%-ni təşkil edir.

Mərkəzi və Cənubi Asiyadan gələn xarici vətəndaşların sayında da müvafiq olaraq 47.9% və 37.8%  artım müşahidə edilib.

2019-cu ilin oktyabr ayı ərzində Azərbaycanı 264 min nəfər xarici vətəndaş ziyarət edib ki, bu da 52 min nəfər və ya 24.7% artım deməkdir.

Ən yüksək artım 74.3%-lə İran və 65.1%-lə Orta Asiya ölkələri arasında qeydə alınıb. Mütləq sayda ən yüksək artım isə Gürcüstan (9.6 min nəfər və ya 18% artım) və Rusiyadan (9.2 min nəfər və ya 14.4% artım) gələnlər arasında müşahidə edilib.

Təxminən bir müddət sonra qış fəslini qarşılayacağıq. Bu isə o deməkdir ki, digər ölkələrdə olduğu kimi Azərbaycanda da qış turizminə start veriləcək. Məlum olduğu kimi hazırda ölkəmizdə iki bölgə, Qəbələ və Şahdağ Turizm Mərkəzi qış turizmi üzrə ixtisaslaşıb. Lakin mütəxəssislər də qeyd edir ki, Azərbaycanın bir sıra bölgələri qış turizmi üçün əlverişli olsa da hələlik istifadə edilmir. Qeyd olunan bölgələrdə isə bu sahədə kifayət qədər bahalıq hökm sürür. Doğrudur, dünyanın hər yerində qış turizmi qiymət baxımından bahalı turizm sayılır. Bu səbəbdən qış turizmi sahəsi az sayda ölkələrdə fəaliyyətdədir. Lakin Azərbaycanda mövcud olan qiymətlər Türkiyə və Gürcüstana nisbətdə xeyli bahalı olduğundan əksəriyyət üçün əlçatan deyil və nəticədə yerli vətəndaşlar qonşu ölkələri seçir.

Beləliklə, hazırda Azərbaycanın qış turizmi ilə bağlı hansı perspektivləri var?

Müzəffər Ağakərimov ile ilgili görsel sonucu

Mövzu ilə bağlı Azərbaycan Turizm Assosiasiyası  sədrinin müşaviri Müzəffər Ağakərimov “Yeni Müsavata danışıb:

Bildiyiniz kimi, Azərbaycanda qış turizmi yaxın illərdə inkişaf etməyə başlayıb. İlk öncə Şahdağda - Qusarda, daha sonra isə Tufandağda - Qəbələ rayonunda fəaliyyətə başlayıb. Ümumiyyətlə, qış turizmi bahalı turizm növüdür. Çünki bu sahəni yaratmaq üçün bahalı investisiyalar qoymaq lazımdır. Qeyd edim ki, Azərbaycanda qış turizmi beynəlxalq standartlara cavab verir və ildən-ilə daha çox turist cəlb edə bilir. Bu sahədə çalışan kadrların da peşəkarlığı getdikcə artır.

Təbii ki, hər yerdə olduğu kimi bu sahədə də zəif tərəflər var. Bu sahəni az-çox inkişaf etdirmək eyni zamanda aztəminatlı həm xarici, həm də yerli turistləri cəlb etmək üçün orta səviyyəli qış turizmini də yaratmalıyıq. Məsələn, Qax, Zaqatala rayonunda bu cür qış turizmini yaratmaq olar ki, hər kəs istifadə edə bilsin. Bununla bağlı xarici təcrübədən də istifadə etmək olar. Məsələn, Alp dağları ilə əlaqədar İspaniya, İsveçrə və Avstriyada qış turizmi bahalıdır. Orta səviyyədə olanlara  Fillandiyada, Norveçdə, aşağı qiymətlərlə olanlara isə Polşa, Slaveniyada rast gəlmək olur. Beləliklə, bu da onu göstərir ki, qış turizmi müxtəlif təbəqələri əhatə edən sektordur. Daha çox turist cəlb etmək, kütləviliyi artırmaq üçün orta və aşağı səviyyəli seqmentli qış turizminiinkişaf etdirə bilərik.

Artıq bu sahədə müəyyən təcrübəmiz də var və ölkəmizin təbii coğrafiyası, təbiəti də buna imkan verir".

 

Xalidə GƏRAY

Yeni Müsavat.- 2019.- 22 noyabr. S. 12.