Dağlara dəmirdən yol salmaq: bizuğur qazana biləcəyikmi - araşdırma

 

Ekspert: “Bu, uzunmüddətli dövrdə böyük faydalar gətirəcək bir işdir...”

Azərbaycanda dəmiryol sisteminin yenidən qurulması ilə yanaşı, turizm bölgələrinə dəmiryol xətlərinin çəkilməsi istiqamətində də işlərə başlanıb. Hazırda həm mövcud yolların yenidən qurulması, həm də yeni yolların çəkilməsi ilə bağlı Bakı-Qəbələ, Bakı-Şahdağ və Abşeron yarımadasının Xəzərsahili ərazilərində işlər aparılır.

Bakıdan Şahdağ və Qəbələyə dəmiryol xətlərinin çəkilməsi ilə bağlı ilk dəfə dövlət başçısı Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında fikir səsləndirib. Bildirib ki, növbəti illərdə Şahdağ xizək kurortuna da dəmir yolunun çəkilişini təmin etmək hökumətin planlarındadır: Bu layihəni biz əlbəttə ki, Bakı-Yalama dəmir yolu ilə uzlaşdırmalıyıq. Çünki Şahdağa dəmir yolu ilə getmək üçün gərək o sürətli yol olsun. İndi Bakı-Yalama yolu o vəziyyətdə deyil ki, orada sürətli qatar işləyə bilsin. Bakı-Yalama yolu ilə Qusar rayonuna gedən dəmir yolu bir layihədə öz həllini tapacaq”.

Daha sonra Azərbaycan Dəmiryolları QSC-nin sədri Cavid Qurbanov mətbuata Xaçmaz istiqamətinə olan dəmir yolu xəttinin yenidən inşa olunduğunu deyib. C.Qurbanovun sözlərinə görə, Bakı-Yalama stansiyası yenidən təmir olunacaq, buradan elektrik qatarları buraxılacaq: “Xudat stansiyasından sola dönməklə Qusarın üzərindən keçməklə Şahdağa qədər olan yolun çəkilişi üçün layihələndirmə işlərini hazırlayırıq. Gələcək üçün isə Qəbələdə qış-istirahət mərkəzi ilə ”Şahdağ" qış-istirahət mərkəzini tunel vasitəsilə bir-birinə birləşdirməyi düşünürük. Bir növ dairə alınacaq".

C.Qurbanovun prezidentə verdiyi məlumata görə, Biləcəri-Yalama yolunun uzunluğu 348 kilometrdir. Artıq büdcə müəyyənləşib, Dünya Bankı, Fransa İnkişaf Agentliyi tərəfindən: “Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi ilə birgə işləmişik. Artıq kredit yekunlaşıb. Biz o yolun tikintisinə yəqin ki, dekabr ayında, yaxud da yanvar ayında başlayacağıq. Bu, yolun bir hissəsi üçündür. Qalan hissəsi Sizin tapşırığınızla büdcədən ayrılıb. Artıq orada 5 yeni yarımstansiya tikilib, çox böyükdür. Elektrik, rabitə xətləri ilə bağlı işləri görmüşük, fiberoptik kabelləri də çəkirik. Tikinti işlərinə gələn il başlasaq, təqribən iki il davam edəcək”.

Qeyd etdiyimiz kimi, Abşeron yarımadasının sahilboyu qəsəbələrinə də dəmiryol xətti bərpa olunur. C.Qurbanovun verdiyi məlumata görə, yan yollarla birlikdə Bakı dairəvi dəmir yolunun ümumi uzunluğu 200 kilometrə yaxındır. Bu dəmir yolu Xırdalan şəhəri də daxil olmaqla, bütün Abşeronu birləşdirir: “Burada dəmir yolu üzrə işlərin 80 faizi, elektrik, rabitə və işarəvermə işlərinin isə 70 faizi yerinə yetirilib, 11 yeni, modern stansiya tikilib. Yol üzərində 18 piyada və 6 avtomobil keçidi inşa olunub. Bütün yolboyu çirkab və tullantı sularını yığışdırmışıq. Birinci hissə, Abşeron dairəsini - yəni, Bakıdan çıxaraq Biləcəri, Xırdalan, Sumqayıt, oradan isə Novxanı, Fatmayi, Məhəmmədi, Zabrat-1, Zabrat-2, Zabrat-3, Sabunçu, Bakıxanov, ”Koroğlu" və nəhayət, Bakını birləşdirən yol ilin axırınadək tamamlanır".

Nəhayət, turizm bölgələrinin dəmiryol xətti ilə əhatə olunması istiqamətində işlərin bir hissəsi də Bakıdan Qəbələyə sürətli yolun çəkilişidir. Bu yolun Ləkidən Qəbələyə qədər olan hissəsini inşa etmək üçün prezidentin sərəncamları ilə dövlət büdcəsindən 70 milyon manat ayrılıb. Uzunluğu 46 km olan yolun gələn ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, statistik göstəricilərdən aydın olur ki, Qəbələ Azərbaycan rayonları arasında turizmin inkişafı baxımından birinci yerdədir. Belə ki, rəsmi statistikaya görə, 2018-ci ilin sonuna ölkə üzrə mehmanxanamehmanxana tipli müəssisələrdə nömrələrin sayı 22 192 olub ki, bunun da 10233-ü Bakı şəhərindədir. Ondan sonra Quba-Xaçmaz iqtisadi rayonu gəlir - 4107. Üçüncü yerdə 1948 nömrə ilə Şəki-Zaqatala iqtisadi rayonu, dördüncü yerdə isə 1589 nömrə ilə Gəncə-Qazax iqtisadi rayonudur. İnzibati ərazi bölgüsü üzrə götürsək, Bakı istisna edilməklə, birinci yerdə 2 405 nömrə ilə Xaçmaz rayonu, ikinci yerdə 1097 nömrə ilə Qəbələ rayonu, üçüncü yerdə 981 nömrə ilə Qusar rayonu, dördüncü yerdə 659 nömrə ilə Gəncə şəhəri gəlir.

Azərbaycanda mehmanxanamehmanxana tipli müəssisələr ötən il 359 milyon 453 min manat gəlir əldə ediblər. Bunun 255 milyon 766,1 min manatı Bakı şəhərinin payına düşüb. İkinci yerdə 35 milyon 450,9 manatla Şəki-Zaqatala iqtisadi rayonu, üçüncü yerdə 32 milyon 345,7 min manatla Quba-Xaçmaz iqtisadi rayonu, dördüncü  yerdə isə 17 milyon 378,6 min manatla Gəncə-Qazax iqtisadi rayonu gəlir. Bakı istisna olmaqla, rayonlar arasında ən yüksək gəlir Qəbələdə qeydə alınıb - 32 milyon 228,3 min manat. Ondan sonra gələn Qusar rayonunda 14 milyon 92,7 min manat, Quba rayonunda 12 milyon 367,4 min manat, Naftalan şəhərində 12 milyon 295,4 min manat gəlir əldə olunub.

Ölkə üzrə mehmanxanamehmanxana tipli müəssisələrdə gecələmə sayına görə Qəbələ rayonu bütün rayonları qabaqlayır - 311 min 591. Bakıdan sonra heç bir rayonda bu qədər gecələmə sayı qeydə alınmayıb. Rayonlar arasında gecələmə sayına görə ikinci yeri tutan Xaçmazda bu göstərici 2 dəfəyə yaxın azdır - 162 min 409.

Mehmanxanamehmanxana tipli müəssisələrdə gecələyənlərin arasında xarici ölkə vətəndaşlarının sayına görə də Qəbələ Bakıdan sonra ikinci yerdədir - 137,2 min nəfər. Qusarda gecələyənlər arasında xarici ölkə vətəndaşlarının sayı 34,5 min nəfər, Qubada 30,7 min nəfərdir. Xəzər rayonunda bu göstərici 43,4 min nəfər, Sabunçu rayonunda isə 33,5 min nəfərdir.

Göründüyü kimi, həm Qəbələ, həm Qusar, həm də Xəzərsahili qəsəbələr yalnız yerli deyil, xarici turistlərin də ən çox üz tutduqları məkanlardır.

Turizm bögələrinin sürətli dəmiryol xətti ilə təmin olunması Avropa, Yaponiya və digər ölkələrdə yüksək səviyyədədir. Məsələn, Avropada dəmiryol sistemini ən gec inkişaf etdirməyə başlayan İsveçrə indi bu sahədə dünya liderləri sırasındadır. Ərazisi 41 min kvadratkilometrdən azca çox, əhalisi 9 milyon nəfərə çatmayan İsveçrədə sürətli dəmiryol xətlərinin uzunluğu 6 min kilometrə yaxındır. Bu ölkədə elə bir turistik qəsəbə yoxdur ki, dəmiryol çəkilməsin. İsveçrədə 1 gündə dəmiryolla daşınan sərnişinlərin sayı 1,3 milyon nəfərə yaxındır. Yüksək dağlıq ərazilərə malik bu ölkəyə hər il sırf komfortlu qatarlarda səyahət etmək məqsədilə gedənlərin sayı milyonlarla ölçülür. Bu baxımdan Azərbaycan hökumətinin yüksək dağlıq və dənizsahili ərazilərə sürətli dəmiryol xətti çəkmək planları yaxın gələcəkdə ölkəyə turist axınını artıracaq amillərdən birinə çevrilə bilər. Sadəcə, bu prosesdə şəffaflığı təmin etmək, keyfiyyət amilini diqqətdə saxlamaq lazımdır. Yalnız bu halda milyardlarla manat vəsaitə başa gələcək dəmiryol xətlərinin çəkilişində keyfiyyətə nail olmaq mümkündür.

İqtisadçı-ekspert Pərviz Heydərovun “Yeni Müsavata dediyinə görə, ölkəmizdə, ümumiyyətlə, nəqliyyat sektoruna, bu sahədə müvafiq infrastrukturun yaranmasına çox vəsait qoyulubqoyulmaqda davam edir: Bu da təsadüfi deyil. Çünki bu addımda, başqa sözlə desəm, neftdən əldə olunan gəlirlərin çox hissəsinin məhz nəqliyyat infrastrukturunun təşkilinə və genişləndirilməsi işinə sərf olunmasında bir sıra hədəflərə nail olmaq istəyi var. Bunlardan ən mühümü, sözsüz ki, ölkəmizi Şərq ilə Qərb arasında, o cümlədən Şimal ilə Cənub arasında nəqliyyat mərkəzinə, dəhlizə və bu sahədə paytaxta çevirməkdirsə, digər başlıca məqsəd turizmin inkişafına, çoxlu sayda xarici turistlərin gəlişinə nail olmaqdan ibarətdir. Birmənalı şəkildə qeyd edə bilərəm ki, sözügedən məqsədlərə xeyli dərəcədə müvəffəq olunmuşdur. Belə ki, bu gün Azərbaycan üzərindən böyük həcmdə yükdaşınmaları həyata keçirilməkdədir, ildən-ilə xarici turistlərin gəlişi artmaqdadır və sair. Odur ki, nəqliyyat sahəsində mövcud infrasrukturu getdikcə daha da təkmilləşdirmək və inkişaf etdirmək zərurəti yaranmaqdadır. O cümlədən, dəmir yolları sahəsində də...”

Ekspertə görə, Azərbaycanda dəmiryol şəbəkəsinin yaradılması tarixi bir əsr əvvələ gedib çıxır: “Bu sferada bizdə zəngin ənənələr mövcuddur. Belə ki, dəmir yolundan istifadə ölkəmizdə bu günya dünən ortaya çıxmayıb, çoxdan vardır və son illər ərzində buna ehtiyac olduqca yüksəlmiş və genişlənmişdir. Ümumiyyətlə, son illər ərzində dəmir yollarının yenidən qurulması istiqamətində çox böyük işlər görülüb. Təkcə bir misalı, Bakı-Tiflis-Qars dəmir yolunun tikilib istifadə verilməsini qeyd etmək kifayətdir ki, başlanğıcda böyük mübahisələr və ətrafında geniş inamsızlıq, ikrahlı münasibət olmuş sözügedən layihə indi nə dərəcədə yüksək əhəmiyyətə malik olduğunu sürətlə sübuta yetirməkdədir. Yeri gəlmişkən, Davos Dünya İqtisadi Forumu dəmir yollarının keyfiyyəti ilə bağlı hesabatında Azərbaycanın dəmir yollarının səmərəliliyi baxımından dünyada 12-ci yerdə, dəmir yollarının keyfiyyətinə görə isə 34-cü yerdə olduğunu göstərib. Bütün bunları son illər ərzində dövlətimiz və bilavasitə hökumət edib. Dəmir yollarının abadlaşdırılması, qurulması, dəmir yolu xidmətlərinin təkmilləşdirilməsi istiqamətində son illər ərzində çox böyük irəliləyiş var. Azərbaycan bu sahədə artıq çoxdan beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevrilib, qeyd etdiyim kimi, Bakı-Tiflis-Qars dəmir yolu istifadəyə verilib, Şimal-Cənub nəqliyyat dəhlizi işləyir, yükdaşımalar getdikcə artır, vaqonlar alınır, vağzallar modernləşdirilir, yeniləri tikilirsair”.

P.Heydərovun sözlərinə görə, bütün bu işlərdə çoxsaylı məqsədlər var - həm strateji, həm yaxın, həm orta perspektivli: “Söhbət ölkə iqtisadiyyatının inkişafına töhfə verməkdən gedir. Məsələn, Qəbələyə, Şahdağa qədər dəmir yollarının tikintisi nəzərdə tutulur. Qəbələ istiqamətində bu hazırda sürətlə həyata keçirilməkdədir. Bəziləri bunun iqtisadi səmərəliliyini şübhə altına alır. Ancaq nəzərə almaq lazımdır ki, bu cür layihələrin icrasında yaxın perspektivdə böyük nəticələr gözləmək düzgün deyil. Bu, uzaqvuran artilleriya xarakterli bir işdir, layihədir. Qəbələ turizm məskənidir, eyni zamanda qeyri-neft sektorunun inkişafı üçün böyük töhfələr verə biləcək bir bölgədir, rayondur. Burada çoxlu sayda emal müəssisələri vardır, eyni zamanda kənd təsərrüfatının bir sıra mühüm istiqamətləri üzrə mühüm potensiala sahibdir. Ümumiyyətlə, iqtisadiyyatının yüksək səviyyədə inkişafına nail olmaq istəyən bir ölkədə nəqliyyat infrastrukturunun bütün mümkün növləri üzrə ərazinin bütün nöqtələri ilə müvafiq əlaqə vasitəsinin yaradılması və mövcud olması vacib şərtlərdəndir. Bu amilin vaxtında təmin edilərək, təşəkkül tapması olduqca vacibdir və məqsədəuyğundur”.

 

 

Dünya Sakit.

Yeni Müsavat.- 2019.- 26 noyabr. S. 12.