“Açığı,
gözləmirdim ki, bu qədər işləyəcəyəm”
Əbülfəs Qarayev “Bəzən
istirahət ocaqlarında mən özüm də yer
axtarıram, görürəm yoxdur”
- Alo, salam. Əbülfəs müəllimdir?
- Salam. Buyurun, eşidirəm. Kimdir?
- Cənab nazir, sizi “Yeni Müsavat” qəzetinin
əməkdaşı Elşad Paşasoy narahat edir. Qəzetimizdə
“Nazir qapısı” adlı yeni rubrikaya start vermişik və
istəyirik sizinlə həmsöhbət olaq.
- Məndən
qabaq bu rubrikada kimlər olub?
- Elə sizinlə başlamaq istəyirik,
ümid edirik ki, təşəbbüsümüzə müsbət
cavab verəcəksiniz...
- Bəs
elə isə niyə birbaşa zəng etmişiniz? Bununla bağlı mətbuat xidməti var, onunla əlaqə
saxlaya bilərdiniz.
- Əbülfəs müəllim,
sizi ictimaiyyətə, həmçinin mətbuata
açıq nazir kimi tanıdığımızdan belə, ərkyana
zəng etdik, gərək üzrlü sayasınız...
Bu fikirlərimizin ardınca nazir daxili telefonla
İnformasiya və ictimaiyyətlə əlaqələr
şöbəsinin müdiri İntiqam Hümbətova zəng
edərək bizim istəyimizi çatdırır. Ardınca da
“mövzunu, vaxtı dəqiqləşdirin” deyib istəyimizə
müsbət reaksiya verir.
Budur, cəmi bir neçə günlük fasilədən
sonra “Nazir qapısında”yıq - mədəniyyət naziri cənab
Əbülfəs Qarayevin kabinetinin qarşısında. Yeri gəlmişkən,
nazirin tapşırığını heç bir qüsur və
problem olmadan icra edən həmkarımız İntiqam bəy əvvəlcə
bizə giley-güzarını, bir az da iradını
bildirir, təxminən “Bəs biz burda niyə oturmuşuq”
şəklində... Qəbul edərək
deyirik inşallah, gələn dəfə sizin vasitənizlə
nazirlə görüşərik. Və
nazirin işıqlı, milli ornamentlərlə bəzədilmiş,
əsl mədəniyyət nazirinə xas olan kabinetindəyik.
Beləcə, səmimi ortamda, çay masası
qarşısında, elə İntiqam bəyin iştirakı
ilə söhbətə başlayırıq:
- Hörmətli cənab nazir, əvvəlcə
icazə verin Sizə müsahibəyə razılıq
verdiyiniz və səmimiyyətiniz üçün “Yeni
Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun
adından və şəxsən öz adımdan təşəkkür
edim. Qrafikinizin olduqca sıx olduğunu bilirik.
Ona görə də birbaşa suallara keçirəm.
Əbülfəs müəllim, Sizi ən
uzunömürlü nazir olaraq təqdim etmək olar, artıq əsrin
dörddə biri tamam olub. Gənclər və idman
naziri, gənclər, idman və turizm naziri, mədəniyyət
və turizm naziri, yoxsa sadəcə,mədəniyyət
naziri? Bu, 25 il ərzində hansı ad
sizinçün daha doğma və daha xoş olub?
-
Çox sağ olun. Birincisi,
ən önəmlisi odur ki, mən apardığım işlərlə
öz cəmiyyətimizə müəyyən bir xeyir verə
bilirəmsə, uğurlu nəticələrim olursa, deməli,
hisslərim orda oyanır. Açığı,
1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən
mənim bu vəzifəyə irəli çəkilməyim mənim
özümçün də müəyyən qədər
gözlənilməz oldu. Lakin o dövrdə Azərbaycanın
çətin məqamında ölkəmizin çətinliklərdən
çıxması üçün qətiyyətli
addımların atılması sırasında gənclərlə
iş çox əhəmiyyətli hesab olunurdu. Mən bu etimadı, bu tapşırığı
çox böyük şərəflə qəbul etdim.
Bu, böyük bir məsuliyyət idi. Açığı, mən gözləmirdim ki, bu
qədər işləyəcəyəm. Deyirdim ki,
bir-iki il işləyərəm, baxım,
görüm nə yarada bilərəm, bu prosesə nə
töhfə verə, necə xidmət edə bilərəm.
Tale elə
gətirdi ki, ondan sonra proses getdi, yeni layihələr
ortalığa çıxdı, Azərbaycanın durumu
getdikcə yaxşılaşdı, bəzi problemlər həll
olundu, yeni çağırışlar ortalığa
çıxdı. Ona görə də hər
bir dövrün yeni üfüqləri var idi. Onlara doğru irəliləmək hər bir insan
üçün maraqlı bir tale idi. Mən düz 17 il turizm naziri oldum, günbəgün. Yəni
18 aprel, 2001-ci ildə turizm Gənclər və İdman
Nazirliyinə əlavə olundu, 2018-ci ilin 18 aprelində Mədəniyyət
və Turizm Nazirliyi əsasında iki müstəqil qurum
yarandı. Amma hesab edirəm ki, hər
dövrün öz ehtiyacları, proqramları, məqsədləri
və onlara gedən yolları olmalıdır. Ona görə bütün bu islahatların, yeniliklərin
içində müvəqqəti də olsa, müəyyən
bir dövrdə bu formatda nazirliklərin fəaliyyəti
dövlətə lazım idi. Hesab edirəm
mən çalışdım ki, bu məqsədlərə
düzgün xidmət edim. Əgər mən
bu günədəkişləyirəmsə, deməli, hər
hansı böyük səhv buraxmamışam.
- Yorulmamısınız ki?
- Çətindir...
Çətindir... Kiməsə elə gəlməsin
ki, bu, rahat bir işdir.
- Heç olubmu cənab prezidentə
müraciət edəsiniz ki, bəlkə mən bir az istirahət edim?
-
Bilirsiniz, mən hərdən-bir istirahət edirəm
(Gülür). Heç olmasa, ildə 10
günlük mənə tətil verirlər. İstirahətə vaxt tapıram, o da hələlik
yetərlidir. İş öz-özlüyündə
müəyyən edir: insanları da, kadrları da,
nişanları da. Və əgər bu günə
kimi mənim burda qalmağımı cənab prezident məqsədəmüvafiq
görürsə, o halda mən “getmək istəyirəm” və
s. desəm, bu, düzgün olmaz. Mən bu dövlətin
əsgəriyəm!
- Turizm Agentliyi yaradılandan
sonra belə fikirlər səsləndi ki, Əbülfəs
Qarayevin səlahiyyətləri azaldıldı. Ümumi şəkildə bu qənaətə
gəlmək olarmı?
- Mən
bu fikirlərlə tamamilə razı deyiləm. Söhbət Əbülfəs Qarayevdən getmir,
söhbət dövlət idarəetmə sistemindən gedir.
İş orasındadır ki, bu illər boyu Azərbaycanda
turizm sənayesi tamamilə yeni bir səviyyəyə
qalxdı, Azərbaycan turizmi artıq bir sənayeyə
çevrilməyə başladı. Mədəniyyət
Nazirliyinin və turizmin biznes funksiyalarını bir arada
saxlamaq kifayət qədər çətindir. Bu gün turizmin qarşısında duran məqsədlər
ondan ibarətdir ki, o, Azərbaycan ümumi daxili məhsulunda,
dövriyyə baxımından artım təşkil etsin və
bu, artıq iqtisadi bir formata çevrilib. Mədəniyyət
Nazirliyinin funksiyaları tamamilə fərqlidir. Hesab edirəm ki, bu gün mədəniyyətin də
qarşısında belə vəzifələr durur. Mədəniyyət öz-özlüyündə
artıq həmişə dövlətdən qidalanan bir sahə
kimi qalmamalıdır. Biz indi hal-hazırda
yeni layihələri işləməyə
çalışırıq. Bunların
arasında sənayenin formalaşdırılması önəmli
məsələdir. Bu gün Azərbaycanda
yaradıcılıq sahəsində çalışan minlərlə
adamlar var, yeni işlərin aparılması, layihələrin
gerçəkləşdirilməsi baxımından, kreativ,
yaradıcı mühitin formalaşdırılması...
- Yəni özünümaliyyələşdirməyə
doğru gedirsiniz?
- Yox, biz
özünümaliyyələşdirməyə keçmirik.
Mədəniyyət heç vaxt
özünümaliyyələşdirmə sistemində
yaşamayacaq. Onun müəyyən bir
qismi özünü doğruldaraq yeni formalara yiyələnib
onları tətbiq etməlidir. Biz onlar
üçün şərait yaratmalıyıq, mühit
formalaşdırmalıyıq ki, həmin insanlar daha
böyük maraqla bu işə gəlsinlər. Ona görə də hələlik mədəniyyət
ki, dövlət tərəfindən demək olar yüz faiz təmin
olunur, bu məqamda turizmə cəlb olunan vəsaitin “bir
qazanda” saxlanılmasından söhbət gedə bilməzdi.
Ona görə də cənab prezident bu qərarı,
düzgün verib. Burada kiminsə səlahiyyətlərinin
azalmasından, kiminsə çoxalmasından qətiyyən
söhbət gedə bilməz. Bu gün
dövlətin qarşısında, mədəniyyət sahəsində
gedən proseslər bu istiqamətdə getməlidir. Turizmin qarşısında duran vəzifələr
tamamilə fərqlidir.
- Azərbaycanda turizm sektoru
inkişaf səviyyəsində görə bir sıra hallarda
tənqid olunur. Bəlkə elə bu
inkişafı tormozlayan həm də mədəniyyət və
turizmin uzun illər bir yerdə olması olub?
- Deməzdim.
O məqamda qarşımızda Azərbaycan turizminin dünya
turizm bazarına çıxarılması məqsədi
dururdu. Bunu da yalnız və yalnız mədəniyyət
vasitəsilə etmək olardı. Ona görə də
o vaxt Azərbaycanın dünya turizm bazarına daxil
olması, onun fəallığı, beynəlxalq
proqramları çərçivəsində Azərbaycanda
bir neçə böyük tədbirlərin keçirilməsi,
Azərbaycanın Ümumdünya Turizm Təşkilatı
çərçivəsində çox nüfuzlu yerləri
tutması, hətta İcraiyyə Komitəsində sədrliyi
icra etməsi kimi məsələlər Azərbaycanı beynəlxalq
səviyyədə bir istiqamət kimi qəbul elədi. Amma bir daha təkrar edirəm, burada iqtisadi qanunlar
getməlidir. Bu gün Azərbaycanda
turizmin inkişafı haqqında danışarkən ilk
növbədə ölkədə yataq yerlərinin kifayət
qədər olmamasından söhbət getməlidir. Azərbaycanda vur-tut 80-100 min yataq yeri var,
otelçilikdən söhbət gedir. Amma
təkcə Antalyada 100 min yataq yeri var. Bizim məqsədimiz o
deyildi ki, turizmi ucuz, keyfiyyəti aşağı olan xidmətlərlə
dolduraq. Söhbət Azərbaycanın
imicini formalaşdırmaqdan gedirdi. İndi
də görürsünüz, yeni otellər tikilir, sərmayələr
qoyulur, bunlar hamısı iqtisadi qanunlardır. Ona görə hesab edirəm indi o vaxtdır ki, Azərbaycan
turizmi artıq müxtəlif səviyyəli turistlərin cəlb
olunması üçün müxtəlif dərəcədə
sərmayə qoyulmasını, iqtisadi mexanizmi işə
salmalıdır ki, bunların imkanları genişlənsin və
sayı artsın.
- Yeri gəlmişkən, harada istirahət
edirsiniz, ölkə daxilində, yoxsa xaricdə?
-
Açığı, mən bəzən qızım və
onun ailəsi ilə istirahətə gedirəm. Hərdən
Türkiyəyə gedirik. Deyəsən, cəmi
bir dəfə Yunanıstanda olmuşam. Amma
bunlar hamısı müvəqqətidir. 5-6
günlük olur. Azərbaycanda isə
Qubaya, Şamaxıya gedirəm. Mən səyahətləri
xoşlayıram.
- Turizm sahəsində qiymətlər
sizi razı salırmı?
-
Bilirsiniz, mən vaxtilə turizm naziri olarkən duyurdum ki, qiymətlərin
çeşidi kifayət qədər böyükdür. Amma mən qiymət məsələsinə tamam fərqli
yanaşardım. Hər halda, xidmət qiymətin
səviyyəsinə uyğun olmalıdır. Hər
hansı bir xidmət aşağı olsa da, aşağı
xidmətdə də o pulu verən adam həmin
qiymətdə olan xidmətləri əldə etməlidir. Bu gün Azərbaycanda yüksək qiymətlər
də var, aşağı qiymətlər də. Əgər bu, belə olmasaydı, tətil zamanı
bizim bütün istirahət ocaqlarının dolu
olmasını görməzdik. Bəzən
istirahət ocaqlarında mən özüm də yer
axtarıram, görürəm yoxdur. Deməli,
bu, o deməkdir ki, Azərbaycan bazarında qiymətlər məqbuldur.
Bazar qiymətləri tənzimləyir.
- Turizm Agentliyi ilə əlaqələriniz
varmı?
- Əlbəttə ki. Biz dövlət
qurumları olaraq birgə layihələr həyata
keçiririk, tədbirlər də olur, bu, normal haldır.
Biz bütün nazirliklərlə işləyirik.
Bu gün bizim proqramlarımız daha çox Azərbaycanı
tanıtmaq, maraqlı tədbirlərin təşkil
olunması üçün Gənclər və İdman
Nazirliyi, həmçinin Təhsil, Ekologiya nazirlikləri ilə
işləyirik.
- Cənab nazir, tərcümeyi-halınızdan
oxuyuruq ki, tələbəlik dövründə müxtəlif
seçkili orqanlara seçilmisiniz, hətta Nərimanov rayon
Xalq Deputatları Sovetinin deputatı olmuşunuz. Sonradan sizi
deputat kürsüsü özünə tərəf çəkmədi,
yoxsa ürəyinizdə parlamentar olmaqla bağlı arzu
yatır?
-
Özünüz də qeyd etdiniz ki, mən artıq neçə
vaxtdır dövlət qulluğunda çalışıram və
bu gün çalışmaqda davam edirəm. Mən
başqa hansısa işə keçmək haqqında
düşünmürəm.
- Nazir olmasaydınız, yəqin
sizi Milli Məclisdə görərdik, eləmi?
- Demək
çətindir. Bəlkə də mən
bizneslə məşğul olardım. Bəlkə
də yaradıcılıqla məşğul olardım.
Mənim elmi əsərlərim də var, oturub
özümçün yazıram. Hesab edirəm ki, mən
özümə iş tapardım (Gülürük).
- Yeri gəlmişkən, gələn
il parlament seçkisidir. İştirak etmək...
-
Açığı, düşünməmişəm.
- İcazənizlə, tərcümeyi-halınızla
bağlı söhbəti davam etdirək. 1980-1991-ci
illərdə Sov. İKP üzvü
olmuşunuz. Kommunist partiyası biletindən
nə zaman imtina etdiniz? Bu günlərdə sabiq deputat
Rafael Cəbrayılov dedi ki, partiya biletini hələ də
saxlayır. Sizin necə, partbiletiniz qalır, yoxsa 20 Yanvar
qırğınından sonra yandırdınız?
(Davamı növbəti
sayımızda)
Elşad
Paşasoy
Yeni Müsavat.- 2019.- 7 oktyabr.- S.7.