"Radara
da düşmüşəm,
cərimə də ödəmişəm"
Mədəniyyət naziri Əbülfəs Qarayevlə müsahibənin ikinci hissəsini təqdim edirik.
Əvvəli ötən
sayımızda
- Cənab nazir, icazənizlə, tərcümeyi-halınızla
bağlı söhbəti davam etdirək. 1980-1991-ci
illərdə Sov. İKP üzvü olmusunuz.
Kommunist Partiyası biletindən nə zaman imtina
etdiniz? Bugünlərdə sabiq deputat Rafael Cəbrayılov
dedi ki, partiya biletini hələ də saxlayır. Sizin necə,
partbiletiniz qalır, yoxsa 20 Yanvar qırğınından sonra
yandırdınız?
- Əgər sizə maraqlıdırsa, deyə bilərəm
ki, Bakıda yanvar hadisələri baş verərkən mən
Moskvada, İctimai Elmlər Akademiyasında təhsil
alırdım və aspirant qismində öz elmi işimi davam
etdirirdim.
Hadisələrdən sonra sözsüz ki, Moskvadakı
bütün etiraz aksiyalarında - yəqin bu gün müxtəlif
siyasət adamlarının da yadına düşər - mən
də o vaxt gənc olaraq həmkarlarımla birlikdə
çox fəal iştirak etmişik. Hətta
Heydər Əliyev səfirlikdə olduğu zaman mən o zalda
idim. Həmin gündən etibarən orada
oxuyan tələbələrin fikri belə oldu ki, biz Azərbaycana
qayıdaq, lakin bizi qaytarmadılar. Çünki
təhsil üçün vəsait ödənilmişdi.
Bizi qayıtmağa qoymadılar, dedilər ki, əks təqdirdə,
nə iş verəcəyik, nə də yer, heç olmasa bu
kursu qurtarın! Vəziyyət elə alındı ki,
Sov.İKP nəzdində olan həmin ali məktəb
sonradan Rusiya İdarəetmə Akademiyasına çevrildi və
mən oranı bitirmişəm. O vaxtdan etibarən kommunist
biletinin nə olması mənim yadımda deyil.
- Əbülfəs müəllim, səhv
etmirəmsə, 38 yaşınızda nazir postunda təmsil
olunmusunuz...
- 37
yaşımda.
- Hətta 37! Kifayət
qədər gənc yaşda. İnşallah, 63 yaşınız
noyabrda tamam olacaq. Əvvəlcədən Sizi təbrik
edirəm!
-
Çox sağ olun! İnşallah!
- Heç qəlbinizdən
keçirmi kaş sadə, heç kəsin
tanımadığı vətəndaş olaydım, istədiyim
zaman, istədiyim ünvanda, adamlar arasında sərbəst
dolaşaydım, daha indiki kimi, baxışlar altında deyil? Belə hisslər keçirirsinizmi?
- Kim
tanıyır, salam verir, kimsə xahişlə
yaxınlaşır. Amma mən özümü cəmiyyətdə
çox sərbəst hiss edirəm. Mən
maşın da sürürəm, uşaqlarla, dostlarımla,
yoldaşımla küçəyə də
çıxıram.
- Demək, avtomobili özünüz
idarə edirsiniz?
- Bəli, şənbə-bazar
günləri maşını özüm sürürəm.
- Heç radara
düşdüyünüz olubmu?
- Olub. Radara da düşmüşəm, cərimə də
ödəmişəm.
- Sirr deyilsə, nə qədər?
- Bir il çox verdim, növbəti illər az...
- Maraqlıdır, nazir səlahiyyətinizdən
istifadə edib borcu sildirmək istəmədiniz?
- Yox. Mən hesab edirəm ki, hər kəs qanun
qarşısında bərabər səviyyədə məsuliyyət
daşımalıdır. İlin
axırında mənim büdcəmə kifayət qədər
zərbə vuran bir cərimə oldu. Bu, bir neçə
il əvvəl olub. Ondan sonra
mən özümü yığışdırmışam.
Şükür Allaha ki, qəzalar olmayıb.
- Avtomobil qəzaları ölkəmizin
əsas problemlərindəndir. 1988-ci ildən
sonra baş verən avtoqəzalarda Qarabağ müharibəsindən
çox itki vermişik. Sizcə, qəzaları
necə minimuma endirmək olar?
- O da məni
narahat edir. Mən, ümumiyyətlə, hamını
qarşılıqlı şəkildə mədəniyyət
nümayiş etdirməyə çağırıram! Söhbət hansısa qayda pozuntusundan getmir. Söhbət ondan gedir ki, sən hərəkətə
mane olmayasan, digər maşınların hərəkəti
üçün narahatlıq yaratmayasan. Hesab
edirəm ki, hamımız buna riayət etməliyik.
- Burada da mədəniyyət, eləmi?
- Bəli. Mədəni
davranış, mədəniyyət bu gün təkcə
hansısa yaradıcılıqla əlaqələndirilməməlidir.
Mənim anlamımda mədəniyyət daha
geniş məfhumdur və mədəni davranış, mədəni
münasibət, mədəni həyat tərzi, bunlar
hamısı ayrılmaz hissələrdir.
- Əbülfəs müəllim,
böyük bir nəslin nümayəndəsi olmaq
sizinçün nə deməkdir? Bu amil nə zamansa köməyinizə
çatıbmı? Tutaq ki, irəli çəkilməyinizdə,
digər məsələlərdə...
- Mən
fəxr edirəm ki, bu nəslin nümayəndəsiyəm. Düşünürəm ki, Azərbaycan
xalqının qarşısında bu nəslin
gördüyü işlər kifayət qədər təqdirəlayiqdir.
Mənim irəli çəkilməyimdə bu faktorların
rolu olsa da - yəqin ki, haradasa məlumatlar var idi - amma
sonrakı fəaliyyətimdə nə mənim əmim -
tanınmış bəstəkar, nə mənim babam -
tanınmış həkim, nə mənim atam - hamısı
rəhmətlikdir. Kimsə gəlib mənim
xahişimi etməyib, yaxud kimsə gəlib mənim hansısa
günahımın silinməsini kimdənsə istəməzdi.
Bu, mənim həyatımdır. Mən 19 yaşımda atamı itirmişəm.
Ona görə də bu, yalnız məsuliyyətdir.
Hesab edirəm ki, mənim bu kökə aid
olmağım həm mənim, həm də mənim ailə
üzvlərimin üzərinə yalnız və yalnız məsuliyyət
qoyur.
- Çoxsaylı mədəni tədbirlərdə
iştirak edən Əbülfəs müəllimin
özünün hobbisi nədir? Asudə
vaxtlarınızda nə ilə məşğul olursunuz?
- (Gülür) Asudə vaxtım olanda
çalışıram ki, heç olmasa dostlarımla,
yaxınlarımla keçirim. Mən səyahətləri
xoşlayıram. Siz soruşdunuz ki, harada istirahət
edirsiniz? Mənim səyahətimin əsas məqsədi
hansısa ölkələrin tanımadığım yerlərinə
getmək, onların tarixi, mədəniyyəti,
yaşayış üslubu ilə tanış
olmaq, qidalarını dadmaq olur, bu, normaldır. Amma əslində
mənim hobbim... Bir az idmanla məşğulam,
hərdən ova gedirəm. Kitabları mütaliə
edirəm. Məsələn, mən kitaba
daha çox üstünlük verirəm, nəinki televiziyada
kinolara baxmağa. Televiziyaya daha az
baxıram, nəinki kitab oxuyuram. Çünki mənim
istirahətim, asudə vaxtım daha çox mütaliə ilə
bağlı olur.
- Daha çox nə
ovlayırsınız?
- Quş
ovuna. Bu nəsillikcə keçib, atam da
ovçu idi, mən də onun tüfəngini evimdə
saxlamışam, ona görə də hərdən ova gedirəm.
- Kitabdan söz
düşmüşkən, bugünlərdə Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan
şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr
olunan VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası
keçirildi. Hansı qənaətə gəldiniz, bizim toplum
kitab oxuyurmu?
- Olduqca
sevindim və bunu etiraf etməliyəm. 3 gün
müddətində mən sözün əsl mənasında
Azərbaycan əhalisinin arasında kitaba
qayıdışı gördüm. Nə qədər adam gəldi, gənclər, tələbələr.
Hətta tədbirlər keçirilən zaman o ərazidən
keçmək çətin idi. Mən
düşündüm ki, bu, birinci gün belə olar.
Sonrakı günlər özüm getməmişdim, amma mənə
dedilər ki, ikinci, üçüncü günlərdə də
adam əlindən tərpənmək
mümkün deyildi. Bu, olduqca müsbət
faktordur. Hesab edirəm ki, dünya prosesləri
istər-istəməz Azərbaycanda da öz əksini tapmaqdadır.
Ümumiyyətlə, indiki müşahidələr onu deyir
ki, dünyada insanlar elektron daşıyıclarda kitab oxumaqdan
daha az istifadə edirlər. Məsələn,
böyük şirkətlər o cihazları istehsal edirdilər.
Artıq bu istehsalı azaldıblar. Çünki insanın kitabla təması olmalıdır.
Kağız vərəqin qoxusu, səsi, ona toxunma hissi... Bunlar hamısı başqa bir hissdir. Təbiidir, çünki kitab yeni bir aləmə
qapıdır, sən ora daxil olursan, kitabla yaşayırsan.
Sən onu hər yerə özünlə apara
bilərsən. Bundan əlavə,
informasiya məkanında kitabın daha davamlı, daha stabil bir
axın hissləri verən anlayışı olmalıdır.
Ona görə kitabı oxuyanda daha maraqlı
anları yaşayırsan. Bu, bir dünya
prosesidir. Ona görə də cənab
prezidentin bizə verdiyi tapşırıqların
sırasında mədəniyyət sahəsində
islahatların aparılması var və bu, olduqca vacib məsələdir.
Çünki kitabxananın özünün də
yeni formatını düşünməliyik. Yəni orada həm müasir, texnoloji avadanlıq da
olmalıdır, ora müasir informasiya mərkəzi kimi qəbul
olunmalıdır, eyni zamanda kitabın nəbzi, ruhu, mühiti
orada mütləq yeni bir formatda təqdim olunmalıdır, bu,
kifayət qədər ağır məsələdir. Bəlkə də biz onun haqqında ciddi
düşünmürük. Bizim islahatlar
da çox rahat getmir. Nə qədər təkliflər,
formatlar, düşüncələr var. Bu, prosesdir. Siz nazirliyin funksiyaları, yorulmaq məsələlərini
soruşdunuz. Belə
çağırışları görəndə istər-istəməz
sən onlara doğru getməlisən, yeni fikirləri öyrənməlisən,
özün öyrənməlisən. Yəqin
ki, bu hisslər bizi gələcəyə aparır.
- Misir Mərdanov nazir vəzifəsində
olarkən bizə müsahibəsində demişdi ki, evə
bazarlıq edir, hətta “Yaşıl bazar”a gedir. Siz necə, dükan-bazara gedirsinizmi?
- Hərdən
nəsə lazım olanda dükana gedirəm. Amma
mənim balaca bir təsərrüfatım var. Kürəkənim
kənd təsərrüfatı ilə məşğuldur.
Ona görə də hərdən o gətirir.
- Ekoloji təmiz məhsullar.
- Hesab
edirəm ki, bu məsələ də olduqca vacibdir.
- Yəqin həyət evində
yaşayırsınız?
- Bəli.
Mən şəhərdən kənarda
yaşayıram.
- Bir sıra hallarda bəzi nazirlərin
mülkiyyəti, sərvətləri, villalarından
yazılır. Sizin adınıza rast gəlmirik nədənsə...
- Mənim
evim var, şəraitimdən razıyam. Bütün
ailə orada yaşayır. Vaxtilə rəhmətlik
qardaşım da orada yaşayırdı. Bu,
ailə həyətidir, şəraitim də
yaxşıdır, narazı deyiləm.
- Qarabağ torpaqlarının
işğalda qalması vətəndaş olaraq hər birimizi
ciddi şəkildə narahat edir. Mədəniyyət
naziri Əbülfəs Qarayev əraziləri işğaldan
azad etməyin yolunu nədə görür? Fərqli düsturunuz varmı?
- Mən
bunu bir neçə dəfə demişəm. Sizin
qəzet vasitəsilə buna daha çox diqqət ayırmaq
istəyirəm. Bizim torpaqlarımız
işğal altındadır. Əfsuslar
olsun ki, orada atəşkəs pozulur, bizim zabit və əsgərlərimiz
həlak olur. Allah onların hamısına rəhmət
eləsin! Allah ordumuzda olan bütün hərbçilərimizi
qorusun, onlara güc versin! Ordumuz həmişə
güclü olmalıdır. Amma Ermənistan
tərəfindən Azərbaycana qarşı gündəlik,
hər saatlıq təcavüz dayanmadan mədəniyyətə
qarşı təcavüzdür. Bəzən
bizim ictimaiyyət bunu duymur, hər hansı sensasion xəbər
çıxan kimi, onun ətrafında söz-söhbət və
müzakirələr başlanır və daim burada günahkar
axtarmaqla məşğuldurlar. Niyə
filan qurum cavab vermədi, niyə filankəs bunu demədi?
Məgər müharibədə biz deməliyik ki, bizim əvəzimizə
kimsə nəsə
deməlidir? Hər bir vətəndaş
öz fəaliyyəti çərçivəsində müəyyən
addımları ata bilər. İnternetdə
belə məlumat olanda niyə sadə vətəndaş
götürüb sosial şəbəkədə Azərbaycan
mədəniyyətinə qarşı uydurulmuş böhtan və
təhqiramiz məsələlərə öz cavabını
vermir? Gözləyir ki, nazirlik, mətbuat cavab versin? Hər gün bizim işimizin 60 faizi belə təcavüzlərin
qarşısını almaqdan ibarətdir və bunu heç kəsə
bildirmirik. Mən bu gün də onun tam həcmini
ortalığa qoya bilmərəm. Çünki
bu, müəyyən bir daxili prosesləri əks etdirən məsələdir.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
Azərbaycanın işğal altındakı
torpaqlarının azad olunması ilə yanaşı, Azərbaycan
mədəniyyətinə qarşı olan təcavüzlə
mübarizədə bütün ictimaiyyəti birləşməyə
çağırır! Burada kimisə
günahlandırmaq yox ki, filankəs pisdir, ona görə cavab
vermədim, ümumi, vahid bir yumruqla bunlara cavab vermək
lazımdır.
Davamı
var
Elşad Paşasoy
Yeni Müsavat.- 2019.- 8 oktyabr.- S.7.