“Rəsulzadə-Elçibəy
yolu” ifadəsinin anlamı nədir?
Tarixçi:
“Bu, bizim əsrlərdən, minilliklərdən gələn
azadlıq yolu idi”
Müxalifət cameəsində tez-tez “Rəsulzadə-Elçibəy yolu” ifadəsini eşidirik. Bəzi müxalifət partiyalarının funksionerləri bu ifadəni işlədərək, özlərinin bu yola sadiq qaldıqlarını ifadə edirlər. Sonuncu dəfə Müsavat Partiyasında keçirilən daxili seçkilər zamanı da bu ifadələr tez-tez işlədilib. Sosial şəbəkələrdə bildirilib ki, Rəsulzadə-Elçibəy yolunu getməyən şəxslər Müsavat Məclisinə seçilə bilməzlər.
Bəzi hallarda bu da bildirilir ki, Əbülfəz Elçibəyin özü də Məhəmməd Əmin Rəsulzadənin yolunu getdiyi üçün bu ifadəni, sadəcə, “Rəsulzadə yolu” formasında demək də kifayət edir. Bəs haqqında tez-tez danışılan bu yolun tarixi anlamı nədir? Bəzən mənasını bilmədən belə bu ifadəni işlədənlər, həqiqətən də dedikləri yolun davamçılarıdırmı?
“Yeni Müsavat”a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu hesab edir ki, Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəyin tarixdə
qoyduqları
yol və
iz danılmazdır: “Bu yolu gedən insanlar ilk növbədə millətini və dövlətini sevməlidir. Dürüst və ləyaqətli olmalıdır. Dediyim ifadələrin arxasında
böyük mənalar
dayanıb. Dövlətini sevən insan, bu dövlətə kənardan, daxildən müdaxilə edənlərə
cavabını verməlidir.
Millətini də sevməsən,
dövlətini qoruya bilməzsən. Məhəmməd Əmin Rəsulzadəni insanlara bu qədər
sevdirən əsasən
Əbülfəz Elçibəy
olub. Elçibəydən sonra Məhəmməd
Əmin Rəsulzadəyə
bu qədər sevgi yarandı. Şəxsən mənim atam,
əmilərim Məhəmməd
Əmin Rəsulzadəni
tanıyırdılar. Ancaq onun barəsində sovet hökuməti dönəmində qorxa-qorxa
danışırdılar. Lakin Əbülfəz Elçibəy
Məhəmməd Əmin
Rəsulzadənin yolunu
Azərbaycana gətirdi.
Ona görə də hesab edirəm ki, Əbülfəz Elçibəy Məhəmməd
Əmin Rəsulzadənin
davamçısıdır. Bu mənada insanlar ”Rəsulzadə-Elçibəy
yolu" ifadəsini işlədirlər".
“Yeni Müsavat”a danışan tarixçi Dilavər Əzimli əslində Məhəmməd Əmin Rəsulzadənin tarixdə hansı yolu açması məsələsinə toxunub. O bildirib ki, Rəsulzadə tariximizdə yeni bir səhifə açdı və komandasının ideoloqu, kapitanı kimi böyük işlər gördü: “Əslində Rəsulzadə-Elçibəy yolu Azərbaycan cümhuriyyətçilik yoludur. Azərbaycan dövlətçiliyinin 5 min illik tarixi var. Bu tarixin 3 min ili müstəqil dövlətçilik tarixidir. ”Rəsulzadə- Elçibəy yolu" dedikdə, 20-ci əsrin əvvəllərində Azərbaycanda demokratik dəyərlərə, azad fikrə söykənən yoldan söhbət gedir. Bu yol hazırda bizə məlum olan demokratik dəyərlərin hamısını özündə ehtiva edir. Elçibəyin də söykəndiyi dəyərlər, əslində elə Rəsulzadənin qoyduğu yoldur. Buna ona görə “Rəsulzadə yolu” deyirlər ki, Məhəmməd Əmin Rəsulzadə bütün əsərlərində bu sistemi fundamental şəkildə işləyib ortaya qoyub. Dünyada onun hesabına analoqu olmayan demokratik cümhuriyyət quruldu. Ətrafına özü kimi düşünən insanları yığıb, onlara kapitanlıq edərək, irəli apardı. Hər kəsə Rəsulzadə öz yerini göstərmişdi. Cümhuriyyətin xarici işlər naziri, parlament sədri kim ola bilərdisə, öncədən Rəsulzadə bunu görürdü.
Ona görə də komandasını elə seçmişdi ki, hər kəs lazım olduğu yerində, dövlətçilik, cümhuriyyətçilik yolunda addımlayırdı. Bütün bunların ideoloqu isə Rəsulzadə idi. Bu gün də söhbət həmin yoldan gedir. Hər bir yolun aparıcısı onun ideoloqudur. Rəsulzadə böyük bir ideoloq kimi bu yolun qabağına düşüb, inkişaf etdirdi. Əslində bu, bizim əsrlərdən, minilliklərdən gələn azadlıq yolu idi. Rəsulzadə də həmin yolu davam etdirirdi. 20-ci əsrdə dünya demokratiyasına uyğun şəkildə Azərbaycan Xalq Cümhuriyyəti yarandı. 20-ci əsrin sonunda isə Elçibəyin söykəndiyi bu yolla hərəkat başladı. Bu hərəkatlara Güney hərəkatı, bütöv Azərbaycan hərəkatı da daxildir. Bütün bunların da ideoloqu əslində tarixə baxarsaq, Rəsulzadə olub. 20-ci əsr bizim cümhuriyyətçilik dövrümüz idi. Həmin dövr, ümumiyyətlə, demokratik cümhuriyyətlər dövrüdür. Rəsulzadə də Azərbaycan adını yaşatmaqla, bütöv azərbaycanlıları bu ad altında birləşdirdi. Rəsulzadənin önəmi bu idi. Eynilə Elçibəy də onun yolu ilə hərəkət edərək, insanları bir amal uğrunda birləşdirdi. Ona görə də onların adı bu gün qoşa çəkilir. Bu yolu gedə bilirlər, yoxsa yox, bu başqa məsələdir..."
Əli RAİS.
Yeni Müsavat.- 2019.-
17 oktyabr. S. 7.