Sirli və
vahiməli “Razin dağı” - gizli yollar, xəzinə...
Xan qızının
saxlandığı, meyit tapılan, sirli Stepan Razinin
bu mağarada xəzinə
basdırdığı, xan
qızını dənizə atdığı rəvayət olunur
Hər dəfə onun yanından keçəndə bu səssiz-səmirsiz, lal sükutu ilə dimdik dayanmış, adamı mübhəmliyi, mistikası ilə özünə çəkən bu dağın sirrini öyrənmək həvəsi məni boğurdu. Turgenev yazırdı ki, mən bir xarakterlə maraqlananda o ağlıma hakim kəsilir, gecə-gündüz məni təqib edir, ondan üzülüşənə qədər rahatlıq vermir, nəhayət, təslim olmağım gəlir - oturub onun bioqrafiyasını yazıram.
Bakıxanov qəsəbəsinin tən ortasında, Sabunçu Rayon Məhkəməsinin düz yanında ucalan məşhur “Razin dağı” da Turgenevsayağı adamı özünə cəlb edirdi. Qəsəbənin mərkəzində olan bu dağ son dərəcə sirlərlə, rəvayətlərlə doludur. İndi yan-yörəsini villalar əhatə edən, daş-divarında şüarlar, sevgi elanları yazılan “Razin dağı”na həftəsonu səyahətimiz zamanı olduqca maraqlı hekayələr, əhvalatlar eşitdik və onları sizinlə bölüşmək qərarına gəldik.
Mağaradan dənizə çıxış...
...Bu dağ çox hündür olmasa da, özünəməxsus bir əzəməti, vüqarı var. Bura nə Həsən Səbbahın gizləndiyi Elbrus dağlarındakı Ələmut qalasıdır, nə nağıllarda bəhs edilən Əlibabaya qarşı olan 40 quldurun gizləndiyi qala.
Amma bura onlardan az məşhur olmayan, Xəzər sahillərinin qulduru olmuş Stepan Razinin mağarasıdır. Deyilənə görə, Razin və dəstəsi çapıb-taladıqları sərvətləri dağın mağarasında gizlədirmişlər. Mağaranın içindən dənizə çıxış olduğu söylənir. Stepan da elə bu yolla gizlin qaçırmış.
Bu dağa qalxdıqca arxaya boylanıb baxanda sanki şəhər adamdan qopur, mistik bir sakitlik adamı çulğalayır. Etiraf eləmək lazımdır ki, bu sükut adamı həm də qorxudur. Elə bilirsən ki, qabağına qəfil vahiməli nə isə çıxacaq. Çıxır, intəhası, vahiməli yox...
Mağaradaki meyitin sirri...
Mağaraya girməmiş qarşımıza iki nəfər çıxır. Onlar “Razin dağı”nı ziyarətə gəlmişdilər. Nəvəsinin bu yerə olan marağını öldürmək üçün onu buraya gətirən baba deyir ki, sovet vaxtı hər mayın 2-də bu dağda insan izdihamı olarmış. Onun sözlərinə görə, 1 may Əməkçi Gününün ertəsi insanlar burada piknik təşkil edirdilər: “O vaxt dağın ətrafı bomboş idi, indiki kimi villalar, imarətlər tikilməmişdi. İrəlidə bir-iki yaşayış binası varıydı. İnsanlar mayın 2-də burada palaz sərərdilər, yemək-içmək təşkil edərdilər. İndi isə hər fevralda məktəblilər bura gətirilir.
Özünüz də görürsünüz də, dağın düz yanında şəhidlər məzarlığı var. Xocalı soyqırımı günü məktəbliləri gətirib həm şəhid məzarlarını ziyarət edirlər, həm “Razin dağı” haqda məlumat verirlər".
Həmsöhbətimizlə danışa-danışa mağaraya girməyə çalışırıq. Adamı diksindirən, həyəcanlandıran bu zil qaranlıq mağaranı axıra qədər getmək mümkün deyil. Çünki qarşısında daş qoyub yolu bağlayıblar. Bunu təhlükəsizliyə görə elədikləri deyilir.
Deyilənə görə, 15-20 il qabaq mağarada bir meyit tapılıb. Həmin cəsədin kimliyi haqda məlumat verilməsə də, adamın mağarada azdığı iddia olunur. Ondan sonra qərara alınır ki, mağaranın içərisini bağlasınlar, növbəti faciələrə səbəb olmasın.
Sevgi elanları, araq butulkaları, şprislər...
Üstəlik, indi oranın sahibsiz küçə itlərinin, narkomanların, “bomj”ların sığınacağı olması haqda təəssürat yaranır. Çünki dağın ətrafı spirtli içki şüşələri, şprislərlə doludur. Halbuki bu dağı bir mədəni abidə kimi qorumaq, səliqə-sahman yaratmaq, şəhərdən çox uzaq olmadığını nəzərə alsaq turistlərin məskəninə çevirmək mümkündür. Necə ki, hər gün yüzlərlə turist “Atəşgah”a, “Yanardağ”a aparılır, eləcə də “Razin dağı”nı da tarixi bir yer kimi təbliğat etmək olar.
Bütün bu mənzərənin qarşılığında mağaranın içərilərinə qədər irəliləmək mümkün olmur. Diqqət çəkən isə dağın sevgililər üçün bir dağüstü parka çevrilməsidir. Daş-divarlarda sevgi mesajları, oğlan-qız adları, bir-birinə mesaj xarakterli namələri görürük. Həmsöhbətimiz deyir ki, mağaradan Xəzər dənizinə yol olub. “Amma eşitdiyimə görə, həmin yeri partladıblar ki, dənizə çıxış mümkün olmasın. Bura çox maraqlı yerdir. Amma neyləməli, indiyə qədər tarixçilər tərəfindən dərindən araşdırılmayıb. Yaxşı olardı ki, Tarix İnstitutu, Mədəniyyət Nazirliyi, tədqiqatçılar, coğrafiyaçılar birgə araşdırma aparsınlar, ”Razin dağı"nı öyrənsinlər. İnanın ki, bura əla turizm məkanı ola bilər. Amma baxırsan ki, villalar ətrafını mühasirəyə alıb. Bu ərazidə imkanlı ailələr yaşayırlar. Torpağın sotu 20-30 mindən başlayır...", - deyə qəsəbə sakinlərindən biri danışır.
Razin mağarada yaşadığı qızı dənizə niyə atıb?
Tarixi məlumatlara görə, S.Razinin Xəzərin qərb sahillərinə ilk hücumu 1667-ci ilə təsadüf edir. Deyilənlərə inansaq, “Razinin xəzinəsi” bu dağdakı mağaradadır. Əslində, bu yerin məşhur “dağ adamı” olan Ramiz dayı ilə görüşməliydik. O, tez-tez bu qayanı gəzərmiş, bir zahidlik, tərki-dünyalıq yaşayarmış, həm də “Razin dağı” haqda çox rəvayətlər bilirmiş. Təəssüf ki, yaxınlıqda yaşayanlardan onun Volqoqrada getdiyini öyrəndik.
Buradakı adamların eşitdiyi rəvayətə görə, mağaraya gələn kazak quldur Stepan Razinin taladığı sərvəti və əsirləri, həm də Salyan xanının qızını əsir götürüblər. Deyilənə görə, Razin xanın qızı ilə bu mağarada bir müddət yaşayıblar. Rəvayət olunur ki, sonra onu “su tanrısı” İvan Qorınoviçə qurban vermək üçün Xəzərə atıb.
Bəlkə də bir məhəbbət əfsanəsi olub, bəlkə də yox, di gəl gənclərin Razinlə xan qızının yaşadığı deyilən bu mağaranın dağlarına nakam eşq mesajları yazmaları bu mənada təsadüf olmaya bilər. Təsdiqlənməyən mənbələr isə onun taladığı var-dövlətin bu dağda basdırdığını bildirir.
Toponimika üzrə mütəxəssisi Mahirə Abbasovanın yaşlı sakinlərdən topladığı məlumata görə, bura 100 il bundan əvvəl Kühül dağı adlandırılmışdır. Kühül dağı mağara deməkdir...
Emil SALAMOĞLU.
Yeni Müsavat.- 2019.-
14 oktyabr. S. 10.