Teatr Xadimləri
İttifaqında
seçki qalmaqalı
böyüyür
Azərpaşa Nemətovun qurultay əvəzinə
konfrans keçirmək istəməsi
aranı qatıb
Bir neçə gündür
ki, Azərbaycan Teatr
Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov
ətrafında qalmaqallar səngimək bilmir. Oktyabrın 22-də, saat
11:00-da, “Park İnn”
otelində ittifaqın mediaya qapalı
qurultayı keçirilməlidir. Qeyd edək
ki, rəsmi qaydaya əsasən
hər 5 ildən bir qurultay
keçirilməli və qurultayda seçki yolu ilə quruma sədr seçilməlidir. Lakin quruma Xalq
artisti Azərpaşa Nemətov təyin olunandan bu günə qədər
bu tədbir yalnız konfrans
şəklində təşkil olunur və
heç bir seçki keçirilmədən, yenidən postuna təyin olunur.
2014-cü ildə də hər kəs bu qurultayın nə zaman və harada keçiriləcəyini gözləyirdi. Lakin sonradan məlum oldu ki, mediaya qapalı olan qurultayın iştirakçıları hər zaman olduğu kimi tədbirə konfrans adı ilə dəvət edilib. Həmin zaman bir sıra mətbuat orqanlarında yayılan məlumata görə, qurultayın media üçün qapalı keçirilməsinə səbəb hazırkı sədr Azərpaşa Nemətovun yenidən bu postda rəsmiləşdirilməsi ilə bağlıdır. Mədəniyyət Nazirliyindən isə bildirilmişdi ki, qurultayın harada və necə keçirilməsi yalnız ittifaqa aid olan məsələdir, nazirliyin buna heç bir aidiyyəti yoxdur.
Əldə etdiyimiz məlumata
görə A.Nemətov yenidən oktyabrın 22-də sədr
seçilmək üçün müəyyən
önləyici tədbirlər həyata keçirir.
Belə ki, 17 oktyabrda Akademik Milli Dram Teatrda böyük iclas keçirilib. İclasa teatrın demək
olar ki, bütün əməkdaşları
qatılıb. Nəzərdə tutulan konfransda çıxış etmək
üçün 9 nəfər
aktyor və aktrisa da cəlb
edilib. Halbuki digər teatrlardan
yalnız 2 və ən çoxu 3 nəfər tədbirə
dəvət olunub.
Siyahıda Xalq artistləri Nurəddin Mehdixanlı, Sənubər
İskəndərli, Məleykə
Əsədova, Hacı
İsmayılov, Ramiz Məlik, Rafiq Əzimov, Əməkdar
artist Anar Heybətov və digərlərinin adları çəkilir. Digər informasiyaya görə isə teatr direktoru buna görə Nürəddin
Mehdixanlıya və Məleykə Əsədovaya
“Şöhrət” ordeni
vəd edib.
Mövzu ilə bağlı hər iki Xalq
artistinin mövqeyini öyrənməyə çalışdıq. N.Mehdixanlı
zənglərimizi cavabsız
qoydu, həmkarı M.Əsədova isə məşq prosesində olduğundan suallarımızı
cavablandıra bilmədiyini
dedi.
Qurum sədri,
Xalq artisti Azərpaşa Nemətov da ənənəsinə sadiq qalaraq çoxsaylı
zənglərimizə cavab
vermədi.
Bəs əslində
TXİ-na sədr necə
seçilməlidir? Gənc teatrşünas Xəyalə Rəis mövzu ilə
bağlı bunları dedi:
“Əslində 5 ildən
bir quruma sədr seçilərkən
qurultay çağırılmalı və seçki yolu ilə
sədr təyin olunmalıdır. Lakin ola bilər
ki, qurumun üzvləri öz liderlərini əvvəlcədən
seçdiklərinə görə seçki keçirilməsinə
ehtiyac görmürlər.
Qeyd edim ki, 9 ildir ki, teatr sahəsində
çalışıram, hansı ki, həmin vaxtdan qurumun sədri
Azərpaşa Nemətov idi. Bu günə qədər
A.Nemətovun hansısa qurultay çağırıb,
seçki keçirdiyinin şahidi olmamışam".
Qeyd edək
ki, bu mövzu ilə
bağlı bir neçə tanınmış teatr xadimlərinə
müraciət etsək də, onlar bu haqda danışmaq istəmədiyini
bildirdi.
Adının çəkilməsini istəməyən teatr rəhbərlərindən
birinin dediyi isə məsələni bir daha
aydınlatmış oldu: “Bu neçə ildə ilk dəfədir
ki, qurultay sözünü eşidirəm. Yəni hamı bu ”qurultay"ın necə keçirilməsindən,
nələr baş verməsindən xəbərdardır".
2010-cu ildən qurumun üzvü olan Xalq artisti Ramiz Məlik
mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi:
“Əvvəllər qurultay keçirilərdi. İndi
deyəsən nizamnamə dəyişdirilib və qurultay
sözü konfrans ilə əvəz edilib. Başım çıxmır”.
“Konfransda seçki məsələsi də
olacaqmı?” sualımıza Xalq artisti bu cür cavab verdi: “Bilirəm bu sualınızın
arxasında nə dayanır. Amma bu haqda heç
nə deməyəcəm. Qoy bu konfrans
keçirilsin, hesabat verilsin, yenidən sədr təyin olunsun,
ondan sonra sözümüzü deyəcəyik”.
Tədbirə dəvət alan Azərbaycan
Dövlət Pantomima Teatrının direktoru, əməkdar
artist Elman Rəfiyev də mövzu ilə bağlı
danışıb: “Teatrımız uzun illərdir ki, Teatrlar
Xadimləri İttifaqının üzvüdür. Oktyabrın 22-də keçiriləcək tədbirə
teatrımızdan 3 nəfər, o cümlədən mən də
dəvət almışam və iştirak edəcəyik”.
Elman Rəfiyev də digər suallarımızı cavabsız
qoyaraq, qurum və onun ətrafında baş verənlərlə
bağlı danışmaq istəmədiyini dedi.
Qeyd edək ki, Xalq
artisti Afaq Bəşirqızı bu il Azərbaycan
Teatrları Xadimləri İttifaqının qurum sədrliyinə
öz namizədliyini irəli sürüb. Lakin
Azərpaşa Nemətovun yenidən qurultayı seçkisiz,
konfrans şəkildə keçirmək planı Xalq artistini
özündən çıxarıb. O, bu günlərdə
prezidentə müraciət ünvanlayaraq, A.Nemətovu bir
neçə məsələdə ittiham edib və quruma rəhbər
seçkilərinin şəffaf keçirilməsinin təmin
edilməsini xahiş edib.
Bəs Xalq artisti Afaq Bəşirqızının
oktyabrın 22-də keçiriləcək tədbirdən
hansı gözləntiləri var?
Məsələ ilə bağlı Xalq artisti ilə
əlaqə saxladıq. Afaq Bəşirqızı tədbir
öncəsi heç
nə danışmaq istəmədiyini dedi: “Bundan əvvəl də qeyd etdiyim
kimi, müraciətimlə
bağlı mənə
veriləcək cavabı
gözləyirəm. Ona qədər
susacam. Yalnız tədbirin nəticəsi
açıqlandıqdan sonra
öz sözümü
deyəcəm”.
Xalidə
GƏRAY
Yeni Müsavat.- 2019.- 21 oktyabr.- S.13.