Türkdilli dövlətlərin Bakı zirvəsində mühüm mesajlar

 

Prezident İlham Əliyev Zəngəzurun Ermənistana birləşdirilməsi ilə böyük türk dünyasının coğrafi baxımdan parçalandığını dedi; Türkiyə prezidenti: “Milli davalarımızda bir-birimizin yanında dayanmaq qardaşlığımızın təməlidir”

Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib.

Əvvəl dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

Azərbaycan prezidenti İlham Əliyev görüşü açaraq dövlət və hökumət başçılarını salamlayıb. Sonra Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov çıxış edib. Prezident çıxışında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyin Azərbaycana keçdiyini deyib. (Yazının hazırlanmasında APA və “Reportun materiallarından istifadə olunub).

Prezident İlham Əliyev çıxışında Özbəkistanı Türk Şurasına üzv olması münasibətilə təbrik edib.

Dövlət başçısı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə müdrik qərarına görə təşəkkürünü çatdırıb: “Özbəkistanın bu qərarı türk dünyasında birlik və həmrəyliyin daha da güclənməsinə, əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edəcək”.

Prezident İlham Əliyev qeyd edib ki, Macarıstanın da Türk Şurası ilə əməkdaşlığının genişlənməsi məmnunluq  doğurur: “Burada Macarıstanın baş naziri Viktor Orbanın şəxsən rolunu qeyd etmək istərdim. Macarıstanda Türk Şurasının nümayəndəliyi fəaliyyətə başlayıb. Ümidvaram ki, bu ofis Türk Şurasının Avropa ölkələri və regional təşkilatlarla əlaqələrin inkişafına təkan verəcək”.

Dövlət başçısı bildirib ki, Türk Şurasının VII zirvə görüşü Naxçıvan sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf edir: “2009-cu ilin oktyabrında Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş zirvə görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdirdik. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın Naxçıvanda keçirilmiş zirvə görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə malikdir”.

Prezident İlham Əliyev qeyd edib ki, ötən 10 il ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçib: “Türk Şurası ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiyakommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayıb. Türk Şurasının beynəlxalq təşkilatlarla əlaqələri genişlənir. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq mövcuddur. Türksoy, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimzin tədqiqi, maddi və mənəvi dəyərləriimizin dünya səviyyəsində tədbliğində əhəmiyyətli rol oynayır. Mənim sərəncamımla 2019-cu il Azərbaycanda ”Nəsimi ili" elan edilib. Təqdirəlayiq haldır ki, Türksoy da dahi Azərbaycan şairi imadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə 2019-cu ili “Nəsimi ilielan edib".

Dövlət başçısı nəzərə çatdırıb ki, Türkdilli Ölkələrin Parlament Assambleyası da uğurla fəaliyyət göstərir: “Biz bir neçə parlamentlərarası təşkilatla sıx əməkdaşlıq edirik. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman kimi sahələrdə birgə fəaliyyətimiz xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə kömək edir”.

Prezident vurğulayıb ki, Azərbaycan təşkilata sədrliyi dövründə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylərini davam etdirəcək.

İ.Əliyev əlavə edib ki, 2019-cu ilin 9 ayı ərzində Azərbaycana 2,4 mln. turist səfər edib. “Onların 330 min nəfəri türkdilli dövlətlərin payına düşüb. Bir il öncə həmin ölkələrdən turistlərin sayı 285 min nəfər olub”, - o bildirib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası kimi təşkilatların dünya siyasətində rolunun artdığını görürük”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O çıxışında qeyd edib ki, Türk Şurasının Bakı zirvə toplantısı tarixi əhəmiyyət daşıyır: “Türk Şurasının qurumlarını dəstəkləməliyik. Biz Türk Şurasına İslam Konfransı Təşkilatı və BMT-də müşahidəçi statusu verilməsini istəyirik. Kipr türklərinə tətbiq edilən sanksiyaların aradan qaldırılmasına yardım edəcəyik. Növbəti toplantıda Türkmənistanın da aramızda olmasını gözləyirik. Türkmənistan da daxil olmaqla, 6 dövlət tək millətik”.

Ərdoğan Suriyanın şimal-şərqində aparılan “Sülh Çeşməsi Hərəkatı” ilə bağlı açıqlama verib. Ərdoğan hərəkatın iki əsas məqsəd daşıdığını bildirib. Onun sözlərinə görə, bunun birincisi, Suriyanın şimalının PKK/YPG terror qruplaşmalarından azad edilməsi, ikincisi isə, 8 ildir Türkiyədə yaşayan 3 milyon 650 min suriyalının öz torpaqlarına qayıdışını təmin etməkdir.

Türkiyə prezidenti Qarabağ məsələsinə də toxunub: “Milli davalarımızda bir-birimizin yanında dayanmaq qardaşlığımızın təməlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Ermənistanın işğalı altındadır. 1 milyon qardaşımız qaçqın olaraq yaşamaq məcburiyyətində qalıb. Qarabağ münaqişəsinin ən qısa zaman ərzində sülh yolu ilə həll edilməsi üçün əlimizdən gələni edəcəyik”.

Bu il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasından 10 il ötürsammitin Azərbaycanda keçirilməsi çox sevindiricidir”.

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov  zirvə görüşündəki çıxışında belə deyib.  “Ölkələrimiz arasında iqtisadi, ticarət, investisiya sahəsində böyük potensial var. Məsələn, bu gün ölkələrimiz arasında nəqliyyat dəhlizlərinin yaradılmasını təklif etdim. Qırğızıstan və Qazaxıstanın Avrasiya İqtisadi İttifaqına daxil olması Türk Şurasından olan tərəfdaşlarımız üçün 190 milyonluq bazara çıxış imkanı yaradır. Azərbaycanın sədrliyi ilə Türk Şurası iqtisadiyyat, ticarət investisiya sahəsində islahatları davam etdirəcəyinə əminəm. Bütövlükdə Azərbaycanın təşkilata sədrliyinin olduqca səmərəli keçəcəyinə şübhəm yoxdur”, - deyə, o qeyd edib.

Biz Türk Şurası gənc adamlarının forumunu təşkil etmək və forumun ilk iclasının gələn il Özbəkistanda keçirilməsini təklif edirik”. Özbəkistan prezidenti Şavkat Mirziyoyev çıxışı zamanı belə deyib. Türkdilli dövlətlərin ortaq investisiya fondunun da yaradılmasını təklif etdiklərini bildirən Özbəkistan Prezidenti Bakı - Tiflis - Qars dəmir yolu xəttindən səmərəli istifadənin əhəmiyyətini vurğulayıb.

“Nəqliyyat, loqistika əlaqələrinin inkişafı ölkələr arasında münasibətlərin irəliləməsinə töhfə verəcək, eyni zamanda Özbəkistanın şəhərlərini Avropaya daha da yaxınlaşdıracaq” deyə,  Ş. Mirziyoyev qeyd edib.

Macarıstanın baş naziri Viktor Orban çıxışı zamanı deyib ki, Türk Şurasına üzv dövlətlərlə Macarıstan arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb. O bildirib ki, Macarıstan Türk Şurasının üzvü olan dövlətlərlə iqtisadi əməkdaşlığa xüsusi əhəmiyyət verir.

Orban Macarıstan hökumətinin türkdilli ölkələrdən olan tələbələr üçün təqaüd proqramları ayırdığını da vurğulayıb.

Baş nazirin sözlərinə görə, Macarıstanın müvafiq bankı tərəfindən türk dünyasından olan adamları yaşayır, onlar üçün kredit xətti açılıb.

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Qazaxıstan Respublikasının birinci prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevə “Türk dünyasının Ali Ordenini” təqdim edib.

Azərbaycan prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə yekun vurub.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə təşkilatın üzvləridir. Macarıstan isə müşahidəçidir.

 

Yeni müsavat.- 2019.- 16 oktyabr. S. 9.