Neft Emalı Zavodunda bir gün:
SOCAR yeniliklərə
hazırlaşır
2021-2022-ci illərdə
Azərbaycanda AVRO-5 standartına
cavab verən dizel və benzin
yanacağının istehsalı
nəzərdə tutulur...
SOCAR Heydər Əliyev adına
Neft Emalı Zavoduna mediatur təşkil edib. “Yeni Müsavat”ın
əməkdaşının da qatıldığı tədbirin məqsədi, zavodda aparılan modernləşmə işləri
və gələcək
layihələrlə bağlı
ictimaiyyəti məlumatlandırmaq
olub. Jurnalistlərə
məlumat verilib ki, oktyabrın 4-də başlamış dövri
təmir işləri
artıq mərhələli
şəkildə tamamlanmaqdadır
və təmirdən çıxan qurğular tədricən istismara qaytarılır. Bildirilib ki, SOCAR noyabrın 4-dək
zavodun təmir-sazlama işlərinin tam başa
çatdırılmasını hədəfləyir.
Jurnalistlərə açıqlama verən
SOCAR-ın ictimaiyyətlə
əlaqələr və
tədbirlərin təşkili
idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, Neft Emalı
Zavodu ilə yanaşı, SOCAR-ın Sumqayıtdakı “Azərikimya”
kompleksində də dövri təmir və yenidənqurma işləri aparılır:
“Neft emalı zavodlarında nisbətən
qısa müddətli
planlaşdırılmış profilaktik təmir və uzunmüddətli əsaslı təmirin aparılması zavodun davamlı fəaliyyətini
təmin etmək üçün hər bir qurğunun texniki pasportunda qeyd olunmuş icbari göstərişdir
və bütün dünyada istismar olunan neft emalı
zavodlarında həyata
keçirilir. SOCAR-ın
Heydər Əliyev adına Neft
Emalı Zavodunda hər il aparılan
dövri təmir işləri orta hesabla bir ay davam edir.
Təmir olunan qurğular arasında neftin ilkin emalı qurğusu ELOU-AVT-6 xüsusi
əhəmiyyətə malikdir. Zavoda daxil olan xam
neftin bütün həcmləri məhz bu qurğuya yönləndirilir və burada il
ərzində 5 milyon tona yaxın neft ilkin emal
prosesindən keçir.
Həmin
qurğuda neft emalının aralıq məhsulları və həmçinin təyyarə
mühərrikləri yanacağı
və dizel kimi son istehlak məhsulları birbaşa
istehsal olunur. Aralıq məhsulları daha sonra istehsalat zəncirinin növbəti
həlqələrinə, o cümlədən 2 milyon
ton məhsuldarlığa malik Katalitik krekinq və 1 milyon ton məhsuldarlığa
malik Katalitik riforminq qurğularında emala yönləndirilir və nəticədə
Aİ-92 markalı benzin
istehsal olunur".
İ.Əhmədovun sözlərinə
görə, zavodun əsas ərazisində yerləşən ilkin emal qurğusu təmirə dayandığı
müddətdə keçmiş
“Azərneftyağ” Zavodunun
ərazisində yerləşən
analoji ilkin emal qurğuları işə salınır və həmin qurğular vasitəsilə
dizel, reaktiv mühərrik yanacağı
distilatı və digər məhsulların istehsalı həyata keçirilir: “Benzin və digər istehlak məhsullarının
istehsalı isə yalnız təmirdən sonra katalitik krekinq və katalitik riforminq qurğuları işə
salınandan sonra bərpa olunur. Beləliklə, dövri əsaslı
təmir müddətində
təyyarə yanacağı
və dizelin idxalına ehtiyac yaranmasa da, Aİ-92 markalı benzinin idxal edilməsinə ehtiyac yaranır. Azərbaycana
yanacağın idxalını
SOCAR və digər özəl şirkətlər
həyata keçirə
bilər. Cari təmir
müddəti üçün
120 min tona qədər
Aİ-92 markalı benzinin
idxalı planlaşdırılıb.
İdxal
həcminin əvvəlki
illərə nisbətən
artması ölkədə
yanacağın istehlak
səviyyəsinin artımı
ilə bağlıdır.
Azərbaycanda yanacağın satış
tarifləri beynəlxalq
bazar qiymətləri ilə müqayisədə
olduqca aşağıdır
və buna görə benzinin idxalı SOCAR üçün
əlavə vəsait
sərf etməklə
- zərərlə nəticələnir.
Buna rəğmən şirkət Azərbaycanın
enerji təhlükəsizliyini
təmin etmək istiqamətində öz üzərinə düşən
vəzifəni icra edir”.
İbrahim Əhmədov məlumat
verib ki, dövri təmir müddətində ərazidə
modernləşmə layihəsi
ilə bağlı işlər də həyata keçirilir: “Zavodun modernləşməsi ölkə
daxilində AVRO-5 keyfiyyət
standartına uyğun
olan yanacağın istehsalını təmin etməyə və istehsalın illik həcmini artırmağa imkan yaradacaqdır. Modernləşmə işləri davamlı
istehsalat prosesləri ilə eyni zamanda,
başqa sözlə,
istehsalat prosesləri dayandırılmadan aparılır.
Belə ki, zavod il
ərzində tam gücü
ilə işləyir və eyni zamanda
qurğuların yenilənməsi
və yeni qurğularda tikinti işləri həyata keçirilir. Buna görə də modernləşmə layihəsi
öz mürəkkəbliyi
ilə seçilir.
Qeyd etmək lazımdır ki, layihə çərçivəsində bəzi işlərin yalnız zavodda qurğuların dayandığı
müddətdə görülməsi
mümkündür”.
Məlumat üçün onu
da bildirək ki, SOCAR-ın Heydər Əliyev adına Neft
Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas
hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu,
o cümlədən avtomobil
benzini, təyyarə və dizel yanacaqları,
mazut, neft koksu və s. istehsal olunur. Hazırda zavodda yenidənqurma və modernləşmə
layihəsinin 2-ci və
3-cü mərhələləri həyata keçirilir.
Jurnalistlərə məlumat verilib ki, layihə çərçivəsində artıq 2021-2022-ci illərdə
Azərbaycanda AVRO-5 standartına
cavab verən dizel və benzin
yanacağının istehsal
olunması nəzərdə
tutulur. 2024-2025-ci illərdə
isə istehsalat həcminin 7,5 milyon tona qədər
artırılması istiqamətində
aparılan işlərin
də başa çatdırılması planlaşdırılıb.
O da bildirilib ki,
zavodda hazırda təxminən 24 qurğunun
əvəzlənməsi nəzərdə
tutulur.
“Əksər qurğular,
ümumi zavod təsərrüfatı tamamilə
yeniləcək. Bu, bizə
yeni zavod tikintisindən qat-qat ucuz başa gələcək. Yeni zavodun
tikintisi daha böyük vəsaitə
başa gəldiyi üçün qərara
gəlindi ki, zavodun modernləşməsi
həyata keçirilsin.
Hazırda modernləşmə layihəsi çərçivəsində
sahədə 2400 nəfərə
yaxın şəxs çalışmaqdadır. Onlar yenidənqurma işləri
aparırlar. Hansı vəsaitin
tələb olunacağı
ilə bağlı dəqiqləşmə işləri
aparılır. Qarşıdakı aylarda bu barədə
məlumat veriləcək”,
- deyə jurnalistlərə
açıqlamasında İ. Əhmədov söylədi.
İbrahim Əhmədov onu
da qeyd etdi
ki, yeni zavod qurulardısa, bu zaman xərclənən
vəsait hazırda modernləşmə işlərinin
aparılmasına tələb
olunan vəsaitdən
2 dəfə artıq
ola bilərdi.
Jurnalistlərə açıqlama verən
zavodun baş mexaniki Arif Bəndəliyev
bildirib ki, hazırda təmir işləri yekunlaşmaq
üzrədir: “Demək
olar ki, bütün qurğularda təmir işləri görülüb. Təmir cədvəllərinə
uyğun olaraq bu, planlı təmirdir. İldə bir dəfə
təmirə hazırlıq
gedir. Materiallar alınır, qüvvələr
səfərbər olunur.
Respublikanın neft məhsullarına
olan tələbatını
zamanında yerinə yetirmək üçün
qurğular əsaslı
təmir olunmalıdır.
Bütün avadanlıqlar, aparatlar
açılır, təmizlənir,
daxili quruluşlarına
baxılır və təmir olunur. Hazırda sınaq-sazlama işləri
görülür. Yaxın günlərdə
yəqin ki, qurğular işə qoşulacaq. Təmir işlərində
xarici şirkətlərin,
mütəxəssislərin gücündən istifadə
edilmir”.
Öz növbəsində zavodun
13 nömrəli Təmir-tikinti
sahəsinin rəisi Rüstəm Əliyev deyib ki, zavodun
təmir işləri
ilə əsasən onlar məşğul olurlar: “Sahəmizin 270 əməkdaşı var. Onlar
arasında iş bölgüləri aparılıb.
Hazırda təmir işləri
yekunlaşmaq üzrədir.
Sahəmiz təmir-quraşdırma işlərindən əlavə
nasosların təmiri
və detalların hazırlanması, aparatların
daxilində parket-beton
məmulatlarının vurulması,
çənlərdə təmizləmə
işləri və yüksək təzyiqli aparatlarla yuyulma işləri ilə məşğuldur. Bu təmir müddətində
təhlükəsiz və
keyfiyyətlə işlərimizi
davam etdirmişik”.
Sonda zavodun modernləşmə
aparılan hissəsində
aparılan jurnalistlər
burada görülən
işlərlə birbaşa
tanış olublar. İbrahim Əhmədov söyləyib
ki, modernləşmə
və yenidənqurma layihəsi əsasən 2 paket üzrə bölünüb:
“1-ci zərf yeni
qurğuların tikintisini
nəzərdə tutur. 2-ci zərfdə isə mövcud olan bəzi qurğuların bərpası və təmiri nəzərdə
tutulmuşdu. Lakin
ötən il
zavodun dayandırılması
müddətində həmin
zərflərlə bağlı
əlavə tədqiqat
işləri aparıldı.
Dayandırılan qurğularda əlavə
təhlillər aparıldı
və məlum oldu ki, daha
çox qurğuların
yeniləri ilə əvəz edilməsi zəruridir. 1-ci zərfdə işlərin
58 faizi artıq tamamlanıb. Burada hansısa
ləngimə işləri
yoxdur. Yeni qurğular inşa
olunmaqdadır”.
Əli Rais
Yeni Müsavat.-
2019.- 26 oktyabr.- S.12.