Balaxanı – təkcə neftlə deyil,
qədim tarixi ilə
tanınan kənd...
Qəsəbənin ötən əsrin
əvvəllərindəki şöhrətinin
qaytarılması
istiqamətində işlər
gedir, tarixi abidələri restavrasiya olunur…
Azərbaycanı dünyaya
tanıdan ünvanlarından birindəyik. Bakının Balaxanı
qəsəbəsi tariximizin bir parçası, parlaq səhifələrinin
yazıldığı məkanlardandır.
Balaxanı
adı dünyada ən keyfiyyətli neftin ünvanı kimi
göstərilir. Ötən əsrin
əvvəllərinə təsadüf edən neft bumuna qədər
qəsəbə strateji mövqeyinə, Böyük İpək
Yolu üzərində yerləşməsinə görə
diqqət mərkəzində olub. Qəsəbə Çindən
Şimali Afrika, İspaniyaya qədər uzanan karvanların
Bakı yaxınlığındakı əsas dayanacaq, istinad
nöqtəsi statusunu əsrlərlə saxlayıb.
Şirvanşahlar, Səfəvilər dövrlərinə aid
tarixi abidələrin məskənlərindəndir.
Həmin
dövrə aid, tariximizə şahidlik edən abidələr
– karvansaray, türbə, məscid, Qum hamamı, taxıl
anbarlarının bir qismi günümüzə qədər gəlib
çatıb. Dağılıb yerlə bir olmuşları
haqda da maraqlı məlumatlar var.
Bu
gün Balaxanı qəsəbəsinin əsas tarixi hissəsi
tikinti meydançasını xatırladır. Dirçəliş
və Səfəvilər küçələrində
başdan-başa restavrasiya işləri aparılır,
küçələrin qədim görünüşləri
bərpa olunur. Qəsəbə sakinləri illərdir
arzuladıqları günləri nəhayət ki,
yaşayırlar. Qəsəbənin ötən əsrin əvvəllərindəki
şöhrətinin qaytarılması istiqamətində
işlər gedir. Tarixi abidələr restavrasiya olunur, qədimliyi
saxlanılmaqla yenilənir. Qəsəbənin etnoturizm
marşrutu qollarından birinə çevrilməsi istiqamətində
tədbirlər görülməkdədir.
“Balaxanı
sözü yuxarıda tikilmiş, hər yerdən
görünən ev, yaşayış məskəni mənasındadır.
Yerli əhali irandilli olduğundan qəsəbənin adı da
əhalinin danışıq dilindədir – “Bala” hər tərəfdən
görünən, “xonə” də ev deməkdir. Qəsəbəyə
kənardan baxdıqda hündürlükdə yerləşdiyini
sezmək olur. Balaxanı Bakıya yaxın, Abşeron
yarımadasının tən ortasında yerləşir.
Abşerondakı siqnal qalaları zəncirində Bakı
şəhərinə yaxın ən son nöqtədir. Vaxtilə
kəndin cənub hissəsində Ramana qalasına oxşar,
Balaxanı qalası olub. Həmin qala üzərində od
qalayıb Bakıya düşmən hücumu haqda xəbərdarlıq
edib, tədbir görürmüşlər. Təəssüf
ki, Balaxanı qalası günümüzə qədər gəlib
çatmayıb” – qəsəbə sakini, bu yerlərin tarixi
ilə bağlı arxivlərdə araşdırmalar
aparmış Bəxtiyar İsrafilov belə deyir.
Onun
sözlərinə görə, Balaxanı əhalinin
yuxarı məhəllə adlandırdıqları ərazidən
salınmağa başlayıb: “Müxtəlif mənbələrdə
Balaxanıda məskunlaşma III əsrlə əlaqələndirilir.
Amma bununla da tam razılaşmaq olmaz. Eramızın əvvəllərində,
eramızdan əvvəl də Balaxanıda yaşayış
olub. Həmin vaxtlar məskunlaşma üçün
Balaxanıda uyğun şərait, şərtlər olub.
Yanacaq kimi neft, su ehtiyacları üçün şirin su
çayları olub. Şirin su, balaxanılıların ”mərəzəo”
adlandırdıqları suvarmaya yararlı su mənbələri,
yerdən özbaşına çıxan neft çayları əhalinin
bu yerlərdə məskunlaşması üçün ideal
şərait yaradıb. Şirin su ilə qida
ehtiyaclarını, yanacaq olaraq nefti evlərdəki xüsusi
çalalarda yandırmaqla evləri qızdırıblar.
Balaxanı qəsəbəsinin əkin sahələri
Böyükşor gölünün bu üzündə,
Bakı Olimpiya Stadionu ilə üz-üzə olan hissəsindən
başlayaraq üzü Binəqədi istiqamətinə
uzanıb. Böyükşor gölü bir hissəsi
Balaxanı ilə Bakı şəhərinin sərhədinə
təsadüf edir.
Bərəkətli
torpaqlarda əkib-biçinlə yanaşı ərazidə
heyvandarlıq üçün də çox yaxşı
şərait və otlaq sahələri olub. Şirin su
çayları quruyub aradan getsə də, şirin su
quyuları bu gün qalmaqdadır. Ovdan adlandırılan qədim
tikili də şirin su quyusu üzərində olmaqda yerli
sakinlərin şirin suya olan tələbatını ödəmək
üçün inşa edilib. Ovdan sözü də yerli əhalinin
danışıq dilindədir. “O” su, “dan” su üzərində
olan tikili mənasındadır. Böyükşor gölü
yerli sakinlər üçün həm də duz mənbəyi
olub. Yaşayış üçün şirin su, əkin-biçin,
maldarlıq üçün geniş və yararlı torpaqlar,
yanacaq kimi neft, qida üçün duzun olması
Balaxanının bina olmasına yol açıb”.
Bəxtiyar
İsrafilov deyir ki, kənd yerli sakinlərin “yuxarı məhəllə”
adlandırdıqları ərazidən salınmaqla inkişaf
edib: “Tədricən məhəllələrinin sayı
artıb, genişlənib. Aşağı məhəllə
yaranıb, ”Rzaqulu kəndi”, “Canhüseyn məhəlləsi”
adlanan məhəllələr salınıb. Kənd bu günə
qədər həmin dövrün ənənəvi plan-forma
quruluşunu saxlayıb. Evlər bir-birinə yaxın, ensiz
küçələr, ənənəvi həyətyanı
sahələri, mövcud məhəllə sistemi qalır. Bu
gün Balaxanıda qırmızı suvaqlı evlər diqqət
çəkir. Bu evlər ötən əsrin əvvəllərində
yaşanan neft bumunun yadigarlarıdır”.
Balaxanılılar
bu tip tikililəri “Nikolayski” evlər adlandırırlar. Bu da təsadüfi
deyil. Əsasən, ikimərtəbəli, divarlarının
eni 1 metrə çatan, tavanlarının
hündürlüyü 4 metr 80 sm olan həmin evlər
arxitektura nümunələri olmaqla sonuncu rus çarı II
Nikolayın hakimiyyəti illərində inşa olunub. O
dövrün Rusiyasında eyni üslublu evlər inşa
etdirilib, oxşarlıqlara görə Balaxanıdakı evləri
də belə adlandırıblar.
Bəxtiyar
İsrafilovun sözlərinə görə,
Balaxanıdakı qırmızı suvaqlı evlər
1890-cı ildən başlamaqla 1916-ci ilə qədər
inşa olunub. Rusiyadakı 1917-ci il inqilabı Azərbaycana,
Balaxanıya da təsirsiz ötüşməyib. Həmin ilə
qədər isə qəsəbə sürətlə
inkişaf edib, yerli əhali varlanıb, böyük varidat
sahibi olublar. Buna qədər isə Balaxanı əhli əkin-biçin,
maldarlıqla dolanıb, qismən də neft satışı
ilə qazanc əldə edib. Müxtəlif mənbələrdə
Balaxanıdan Böyük İpək Yolu vasitəsi ilə Ərəbistana
qədər neft ticarəti haqda qeydlər var. Həmsöhbətimiz
deyir ki, ümumiyyətlə isə Balaxanı dünyada neftin
ilk dəfə təbii yolla üzə
çıxdığı məkandır: “Ərəb mənbələrində
Balaxanıda olan, yerli sakinlərin Qırməki
adlandırdıqları, mənbələrdə isə Gərməguh
dağında neft çayları, neft çeşmələrindən
bəhs olunur. ”Gərm” isti, “guh” dağ deməkdir.
Dağın adı yenə də yerli əhalinin
danışdığı dildədir,
İrandilli toponim, yer adıdır. Bu gün də Gərməguhda
yeri qazanda neft çıxır.
Qonşu Məhəmmədi kəndindəki Yanardağla
Gərməguh arasında məsafə bir neçə
kilometrdir. Balaxanıda neft bumuna qədər əhalinin evlərinin
döşəməsi də, tavanı da neftdən əmələ
gələn qırla örtülüb. Tavanları çox da
hündür olmayan evlərin ortasında vedrə dərinliyində
neft yandırmaq üçün xüsusi çalalar
qazılıb. Çalalara qış aylarında neft
töküb yandırıb, üzərinə dəmir lövhələr
qoyulub, tavanlarda ventilyasiya üçün xüsusi yerlər
düzəldilib. Uzun qış gecələrində evlərin
içindəki yanan çalaların ətrafına
toplaşıb qızınıblar. Həmin otaqlar həm də
yataq otağı kimi istifadə edilib. Ayaqları üzü
yanan çalalar istiqamətinə uzanıb, istirahət ediblər”.
Bəxtiyar
İsrafilovla birgə qəsəbənin yuxarı məhəlləsinin
kənarında yerləşən, XIV əsrə aid olan,
baxımsızlıqdan yararsız hala düşmüş Qum
hamamına da baş çəkdik. Torpaq altında itib batan bu
tarixi abidənin restavrasiyası üçün hazırda
kompleks işlər görülməkdədir.
Balaxanıda
vaxtilə 18 hamam olub, hər məhəllədə inşa
edilən hamamlar sakinlərin ixtiyarında olub. Hamamlardan “Xan qızı” və ya “El
hamamı” əsasən şirin su bulağı ilə əhatələnib. “Hacı Nəcəfqulu”, “Hacı Həsən”,
“Bala Rza”, “Şirəli”, “Nurbala”, “Muğdar” və s hamamlar isə
duzlu su ilə təchiz olunub. Bu hamamların əksəriyyəti
zamanın amansız küləklərinin qurbanı olsa da, bəziləri
günümüzədək salamat qalıb. Torpağın
altında tikilən, Balaxanıda nadir hamamlardan sayılan “Qum
hamamı” 2 əsas və 16 kiçik otaqdan ibarətdir.
Qum
hamamı XIV əsrdə, Şirvanşah əmiri Xacə Zeynəddinin
göstərişi ilə inşa olunan 40 pilləkənli
Ovdanın qonşuluğundandır.
Bəxtiyar
İsrafilov deyir ki, bir çoxları Ovdanla Qum
hamamının yaxın məsafədə yerləşməsinə
görə tikililəri birləşdirən yeraltı
yolların olması ehtimalını da irəli sürürlər:
“Əslində isə Qum hamamı ilə Ovdan arasında
yeraltı yol, əlaqə yoxdur. Qum hamamı yerləşməsinə
görə daha hündürdədir, Ovdan isə nisbətən
çökəkdə yerləşir. Ovdan sırf sakinlərin
şirin suya olan ehtiyacını qarşılamaq
üçün inşa olunub. Gözəl tarixi memarlıq
abidəsidir. Çox təəssüf ki, uzun illər Ovdan
baxımsız qalıb, içinə toz-torpaq dolub. Bu gün
Vüqar Şeydabəyov kimi kənd sakinləri bu tarixi abidəni
qumdan təmizləyib içindəki su mənbəyini
aşkarlamaq üzrədirlər. Ovdanın 2 metrə yaxın
hündürlüyü olan giriş tağı var,
üzü aşağı, yerin dərinliyinə doğru 15
metrə qədər uzanır və su mənbəyinə
çatır. Səhv olaraq Ovdandan yaxınlıqdakı ”Qum
hamamı”na, bəziləri isə bir qədər də irəli
gedərək İçərişəhərə, Qız
qalasına yeraltı yolların olmasını iddia edirlər.
Balaxanıdakı və İçərişəhərdəki
tikililərin oxşar arxitektura həllərinin olması belə
qənaətlərə yol açır. Əslində isə
Balaxanıda yeraltı yolların olması haqda məlumatlar
mifdən başqa bir şey deyil”.
Elşən MƏMMƏDƏLİYEV
Yeni Müsavat.- 2019.- 14 sentyabr.-
S.13.