Nobeli Rokfelleri

varlandıran Balaxanı...

 

Balaxanıdakı Nobel məhəlləsinin adının qaytarılması təşəbbüsü var; turist marşrutunun qəsəbədən salınması tarixi abidələriölümdənxilas edib

 

Azərbaycanı dünyaya tanıdan ünvanlarından birindəyik. Bakının Balaxanı qəsəbəsi tariximizin bir parçası, parlaq səhifələrinin yazıldığı məkanlardandır. Hazırda Balaxanıda 2 əsas küçədə - Səfəvilər Dirçəliş küçələrində təmir işləri aparılır, tarixi abidələri ziyarət etmək istəyən turistlərin gəlişinə uyğun şəklə salınır. Qədimi məhəllə plan-forması qorunmaqla Balaxanı küçələrində divarların bərpası, yolların yenilənməsi həyata keçirilir.

 

(əvvəli ötən saylarımızda)

 

Qəsəbə sakini, bu yerlərin tarixi ilə bağlı arxivlərdə araşdırmalar aparmış Bəxtiyar İsrafilov Balaxanıda əhalinin sayı ilə bağlı maraqlı məlumatlar əldə edib: “1823-cü ildə çar Rusiyası əhalinin siyahıya alınmasını həyata keçirib. Arxiv sənədlərindən belə aydın olur ki, o dövrdə Balaxanıda cəmi 280 nəfər yaşayıb. 1900-cü ildə bu rəqəm artıq 2 min nəfərə yaxın, yerlilər 1200 nəfərə yaxın, yerdə qalanları isə gəlmələr olub. Arxiv sənədlərində gəlmələr adı altında əsasən yəhudilər, mordvalar, ruslar, tatarlar və digər xalqların nümayəndələri qeyd edilib. 1890-cı illərdən başlayan neft bumu Balaxanını sürətlə sənaye mərkəzinə çevirib. Zavodlar, fabriklər, mədrəsələr, məscidlər, 2-3 mərtəbəli yaşayış binaları, Bakı kəndləri arasında ilk kilsə, Nobel qardaşlarının, Rokfeller, Rotşildələrin idarə binaları, kəndin əsas hissələrində qırmızı suvaqlı evlər, Balaxanı camaatının ”mostovoy" adlandırdıqları qəmbər döşəməli yollar salınıb. Sonrakı illərdə, 1910-cu ildə tanınmış Azərbaycan şairi  Mirzə Ələkbər Sabir Balaxanıdakı məktəbdə dərs deyib. Balaxanıda Nobel adlanan ayrıca məhəllə olub. Sovet dövründə Nobel adını Artyoma dəyişiblər. Bu gün də ərazi sovetdənqalma adı ilə tanınır. Yaxşı olardı ki, həmin məhəlləyə yenidən köhnə adı verilsin. Orada Nobellərə məxsus olmuş və işçilərin yaşaması üçün inşa olunan 2 mərtəbəli binalar da əvvəlki görkəminə qaytarılsın. Balaxanıdakı kilsə də həmin Nobel məhəlləsinin yaxınlığında, Nobellərin idarə binası arxasında yerləşib. Kilsə bu gün Cahangir Cahangirovun adını daşıyan 4 saylı məktəbin arxasındakı ərazidə olub. Sovet hakimiyyətinin ilk illərində kilsə də, Balaxanıdakı bir neçə məscid də dağıdılıb. Buna etiraz edən yerli sakinlər isə həbsə alınıblar. Bu gün dünyaca məşhur olan Nobellərin, Rotşildlərin,  Rokfellerlərin dirçəlməsində Balaxanının özəl rolu var. Onlar Bakıda, özəlliklə Balaxanıda çox böyük pullar, varidat qazanıblar".

Bəxtiyar İsrafilovun sözlərinə görə, arxiv sənədlərində Nobel qardaşlarının Balaxanı ərazisində 200-ə yaxın neft buruğu olması haqda qeydlər var: “Bu, o dövr üçün çox böyük rəqəmdir. Müqayisə üçün deyim ki, Nobel qardaşları ilə eyni dövrdə yaşamış balaxanılı messenant Əlibaxış Qədimovun o dövrdə cəmi 2 buruğu olub. Söhbət buruqdan gedir, neft quyuları olan çoxlu şəxslər olub. Qardaşları ilə neft kampaniyası yaradan Əlibaxış Qədimov Balaxanı camaatı tərəfindən daha çox Kampan adı ilə tanınıb. Bu adla o, kampaniya yaratmasından sonra məşhurlaşıb. Kampanın o dövrdə cəmi 2 neft buruğu və çoxsaylı neft quyuları olub. Buruq, buruqda tətbiq olunan avadanlıqlar o dövlər üçün çox böyük xərclərə başa gəlib. Neft quyuları isə Balaxanıda saysız-hesabsız olub. Kampan Qədimovun əliaçıqlığı haqda bu gün də əfsanələr dolaşır. Bir məqamı da qeyd edim ki, 1823-cü ildəki siyahıya almada təkcə Balaxanıda deyil, ətraf kəndlərin əksəriyyətində də əhalinin sayı təxminən 200-300 nəfər arası olub”.

Balaxanının ən hündür nöqtəsində yerləşən “Hacı Şəhla” məscidi ilə Şakir ağa türbəsi qonşuluqdadır. “Yeni Müsavat” oxucularına 2017-ci ilin aprelində “Hacı Şəhla” məscidinin ürəkparçalayan durumu əks olunan reportaj (https://musavat.com/news/sos-balaxanida-632-yasli-mescid-memarliq-abidesi-dagilmaq-uzredir-fotolar_427736.html)  təqdim etmişdik. Bu gün isə məscid tam bərpa olunubyerli sakinlərin ixtiyarına verilib. Tarixi abidələrin yerləşdiyi qəbiristanlıq tam abadlaşdırılıb. Tarixi məscidlə türbənin yerləşdiyi bu ərazilərdən qəsəbəni əhatələyən qonşu kəndlər - Ramana, Sabunçu, Zabrat, Məhəmmədi, Digah aydın sezilir. Ramana qalası, Maştağa məscidi, gözü bir qədər iti olanlar isə Bilgəh, Kürdəxanı, Pirşağı, Binəqədini görə bilirlər. Hər iki tarixi abidə Şirvanşahlar dövrünə aiddir, 1380-90-cı illərdə inşa olunub. Abidələrin Şirvanşah I İbrahimin əmri ilə tikilməsi haqda məlumatlar var. Balaxanı qəbiristanlığında yerləşən Şakir Ağa türbəsi 1427-1428-ci ildə tikilib və 1385-1386-cı ildə tikilən “Hacı Şəhla” məscidindən 6 metr məsafədədir. Şakir Ağa türbəsi memarlıq baxımından Balaxanı abidələrinin ən qiymətlisi hesab olunur. Balaxanı camaatı buranı daha çox imarət adlandırıblar. Türbənin tağlı giriş qapısının üstündə ərəbcə 2 sətirlik kitabə var ki, mətni belə oxunur: “Bu imarətin tikilməsinə millət və din böyüklərinin hamısı Miriraxur Şakir ağa ibn mərhum Mürtəza əmr etmişdir. Hicri təqvimi ilə səkkiz yüz otuz birinci il”.

Şirvanşahlar dövrü Balaxanının tarixində mühüm zaman kəsiyi olub. I İbrahim 1382-1417-ci illərdə hakimiyətdə olub. O dövrdə şahlığın ərazisi İrandan Dərbəndə qədər uzanıb. Həmin zamanlarda şahlıq ərazisində, o cümlədən Balaxanıda böyük abadlıq işləri gedib. Şakir Ağa balaxanılı olub. O, Şirvanşahlar sarayında böyük mənsəb sahibi, təcrübəli vəzirlərdən biri kimi ad-san qazanıb. Onun şah sarayındakı statusu indiki dövrün vəzifə bölgüsünə uyğun söyləsək, təxminən iqtisadiyyat naziri postuna uyğun gəlir. Şakir Ağa vəfat etdikdən sonra özü də, onun ailə üzvləri də bu türbədə dəfn ediliblər". 

Bu gün Balaxanı qəsəbəsinin mərkəzinin bir addımlığında Şah Səfi karvansarayı da restavrasiya olunmaqdadır.  Karvansaray 1635-36-cı ildə usta Bürhan və sərkar Behbud tərəfindən inşa edilib. Onun inşasına Əlihüseyn Bahadirxan şah Səfiəddin - xalq arasında Səfi kimi tanınan şah əmr edib. Karvansaray sovet dənəmində anbar, müstəqilliyin ilk illərində isə restoran kimi istifadə olunub. 20 metr uzunu, 7 metr eni olan karvansaray tağ tavanlı, düzbucaqlı şəklindədir. Balaxanılılar karvansarayı daha çox “Xacə Ruhulla” imarəti adlandırır. Abidənin çatma tağlı taxta qapısı üzərində vaxtilə kitabə olub.

Bəxtiyar İsrafilov deyir ki, həmin kitabə ötən əsrin 60-70-ci illərində karvansarayda aparılan restavrasiya işləri zamanı sıradan çıxarılıb: “O dövrlərdə restavrasiya işlərini daha çox ermənilər aparırdı. Kitabə də onların fəaliyyətindən sonra yoxa çıxıb. Ümumiyyətlə, abidənin restavrasiyası adı ilə dağılmasına səbəb olan hərəkətlərə yol verilib”.

Bəxtiyar İsrafilov deyir ki, karvansaray qapısı üzərindən daş kitabə qəsd nəticəsində çıxarılsa da, kitabənin fotoları Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi arxivində “Şah Səfi karvansarayı” adı altında 68-14 saylı invertar kimi saxlanılır: “Karvasarayın məhz Balaxanı ərazisində yerləşməsi Böyük İpək Yolunun bu yerdən gəlib keçdiyinə bir sübutdur. Tacirlər məhz bu karvansarayda qalırdı, karvanlardakı dəvələr, atlar üçün tikilinin yaxınlığında böyük ərazidə bağ olub. Ermənilərin restavrasiya zamanı yoxa çıxardıqları kitabənin məğzi haqda məlumat belədir: - Bu binanı inşa etməyi əmr etdi. Əzəmətli sultanım, şöhrətli şahanşahımızın hakimiyyəti günlərində:

Şah Səfi əd-Din-əl-Hüseyn, əl-Bahadır - Xan tanınmış Haca Ruhullanın dayağı: Mövlanə Hikmət Allah Badu-Kubeyi, Rəcəb ayı - min qırx beşinçi Hicri ilində, ustad - Burhan, Sərkar Behdud düzəldib.

Bir məqamı da qeyd edim ki, mənbələrdə kəndin cənubundakı “Boq-boqiadlanan yerin yaxınlığında vaxtilə Suraxanı atəşgahına bənzər abidə olub. Kəndin cənub hissəsindəki köhnə qəbiristanlıqda “Pirə Moulopiri, kəndin ortasındakı böyük tut ağacının yanında olan “Sənqıran” piri olub".

Bəxtiyar İsrafilov deyir ki, əsrlərdən süzülüb bu günümüzə gəlib çatan tarixi abidələrin restavrasiya olunması, qəsəbə küçələrinə yeni görkəm verilməsi, turist marşrutlarının Balaxanı ərazisindən salınması ümumilikdə tariximizə verilən töhfədir:Bu işdə əməyi keçən hər kəsə təşəkkür edirik”.

 

Elşən MƏMMƏDƏLİYEV

 

Yeni Müsavat.- 2019.- 18 sentyabr.- S.13.