“Bir qalanın sirri”
Yardımlının Qız
qalası və ya açıq səmada muzey arzusu
Azərbaycan tarixinin unikal nümunələri;
dağlar qoynunda yaşayan əhali tarixi hadisənin – yol
çəkilişinin sevincini yaşayır; amma başqa
problemlər də var; Alar kəndi niyə “Allar” oldu?..
Azərbaycanın
tarixi abidələrlə zəngin yaşayış məskənlərindən
biri barədədir budəfəki yazımız. Alar kəndi
Yardımlı rayonundan 26 km-lik məsafədə yerləşir.
Dağların qoynuna sığınmış bu kəndə
gediş-gəliş tarixən çox çətin olub.
Qışın sərt keçməsi, digər aylarda
yağıntının çox olması bu kəndlə əlaqəni
çətinləşdirib. Keçilməz yolları qət
edərək bu əraziyə gedib-gəlmək qəhrəmanlıq
sayılıb hər zaman. Ancaq belə demək olar ki,
artıq bu kəndin bəxti açılıb.
Belə ki, Yardımlı-Masallı magistral yolundan Alar kəndinə doğru rahat yol çəkilir. Digər tərəfdən, Lerik rayonunun sonuncu kəndi olan Xanəgah kəndinədək uzanan asfalt yol işləri xeyli asanlaşdırıb. Yol Alar yaylaqlarınadək uzanacaq. Yerli sakinlər danışır ki, yolun Alar kəndindən keçməsi və sərhəd zastavasınadək uzanması bu ərazidə yaşayanların əsas probleminin həlli demək olacaq. Əslində hərbi əhəmiyyətli bu yolun çəkilişi ötən ildən başlanıb. Elə biz bu ərazidə olarkən sürətli iş gedirdi. Yerli sakinlər deyir ki, neçə aylardır fədakar yol işçiləri burdakı sal qayaları partladıb, geniş, rahat yol çəkirlər. Hətta gələcəkdə buralara qaz, simsiz internet çəkiləcəyi barədə xəbərlər də yayılıb. Yolun “Şune Kələk” (“Daş yığını”) adlı yerə qədər çəkiləcəyi deyilir. Müasir texnika ilə “silahlanmış” yol işçiləri gecə-gündüz işlərini davam etdirirlər ki, qarlı-yağışlı günlərədək işlərin əsas hissəsini yekunlaşdırsınlar. Lakin bir problem də var: Alar və yaxınlıqdakı Şıxhüseynli kəndlərinin camaatı daha rayon mərkəzinə çox kəsə yoldan istifadə etməklə getməyə üstünlük verirlər. Bu yol da Lerik və Yardımlı arasındakı ərazidən keçir. Lakin həmin ərazidəki təqribən 4 km-lik yol asfaltlanmadığı üçün əziyyətli günlərinin davam edəcəyindən pərişandırlar. Ona da inanırlar ki, dağları-qayaları yerlə bir edib onlara yol çəkən dövlətimiz bu, kiçik problemi də aradan qaldıracaq. Lerikin mineral sularla zəngin Bülüdül kəndi ilə Yardımlının Bilnə kəndləri arasındakı qısa yolun abadlaşdırılacağını Lerikin Yardımlıya yaxın olan on minlərlə sakini də intizarla gözləyir. Həmin kəndlər arasındakı torpaq yola asfalt döşənsə, iki rayon əhalisinin gediş-gəlişi də asanlaşar.
Bu yerdə təəssüflə qeyd edək ki, bu bölgədəki Lerik və Yardımlı kəndlərinin mavi yanacaqla təchiz olunmaması səbəbindən 80-ci illərdə, elə bizim uşaqlığımız dönəmində şahid olduğumuz sıx meşələrin yerində indi kol-kos qalıb. Uzaqdan görünən bir nəhəng ağacı göstərib onunla maraqlananda deyirlər ki, “Qırmızı Kitab”a düşdüyü üçün “sağ” qalıb.
Alar kəndinin yuxarıları isə Şah
babamız Xətainin məskəni olub. Buralara “Şahnişin”
(“Şah oturan yer” - E.P.) deyilir. Rəvayətə
görə, Şah İsmayıl ildə bir dəfə
Şahbulağa gələrmiş, çadırlar
qurularmış və Şah öz başının dəstəsi
ilə Şahnişin yaylağındakı buz bulaqlardan birinin
yanında bir aya yaxın dincələrmiş. Deyirlər ki, bu ərazidə ikinci belə, buz bulaq
yoxdur.
Aların yüksəkliklərində qərar tutmuş
möhtəşəm Qız qalası uzaqdan
görünür. Dağ yollarının qənimi olan
“NİVA”mızı Alar çayının kənarında
saxlayıb zirvəyə doğru piyada yol alırıq. Bələdçilərimizlə təqribən bir
saat yol qət etdikdən sonra qalanın ətəyinə
yetişirik. Uca dağ silsilələrinin
birində yerləşən konusşəkilli qala el
arasında Qız qalası kimi tanınsa da, onun yonulması
insan əməyinin məhsulu sayıla bilməz. Kəsəsi, möcüzəli bir ünvandır.
Məlumatlara görə, bu qala lap qədimlərdən
insanların sığınacaq yeri olub. Burada
yerli atəşpərəstlər əvvəlcə ibadətgah,
sonra isə qala bürcləri inşa etməklə
güclü və möhkəm bir istehkam qurublar. Qala dəniz səviyyəsindən təxminən
2200 metr yüksəklikdə yerləşir. Qalanın
üstündə od yerlərinin izlərini
tapan tədqiqatçılar buranın həm də atəşpərəstlik
dövründə fəaliyyət göstərən məbəd
olduğu fikrini irəli sürürlər. Ehtimal
edilir ki, İslamdan əvvəl oda sitayiş edən atəşpərəstlər
burada yaşayıb və məbəd ucaldıblar. Sonralar ərəb işğalçılarına
qarşı məbəddən qala kimi istifadə ediblər.
Qalanın içərisinə aşağı tərəfdən
giriş var. Amma ani ehtiyatsızlıq adamı uçurum dibinə
yuvarlaya bilər. Qalanın daşları arasından boy
vermiş ağacın məğrur görkəmi adamı heyrətləndirir.
Qalanın üstünə çıxmaq elə
çətin olmasa da, enməyin çətinliklərini
anlayıb bu fikrimizdən vaz keçirik. Amma
bizə həmsöhbət olan yerli sakinlər deyir ki, dəfələrlə
qalanın üzərinə çıxıblar. Vaxtilə qalaya saxsı borular vasitəsilə
Xanbulaqdan su çəkilibmiş. Həmin
saxsıların izləri bu günədək qalır. Bildirilir ki, bu qalalardan düşmən gələrkən
bir-birinə siqnal vermək üçün istifadə edilib.
Belə ki, Qız qalasında tonqal qalanan kimi
Oğlan qalasında, ya Dəvəboynu tərəfdə
olanlar bilirmiş ki, təhlükə var. Qalanın yuxarı
hissəsində başqa bir mağaranın olduğu da
bildirilir. İddialara görə o
mağarada əsirlər saxlanılıb. O da iddia olunur
ki, açıq havada qalanın başından Lənkəran
istiqaməti, Xəzər dənizi görünür...
Qız qalasından bir neçə km-lik məsafədə
Oğlan qalasıdır. Bu qala Lerik ərazisinə
düşür. İddialar var ki, hər
iki qalaya gediş-gəlişi təmin edən yeraltı tunel
olub. Təhlükə olanda bir qaladan digərinə
xəbər vermək üçün ən üstdəki
bürclərdə tonqal qalanıb. Bu əraziyə
“Voynbərə” deyir.
Qalanın yaxınlığında nəhəng
mağara var. Sakinlər deyir ki, qar-yağışda
mal-heyvanı buraya salırlar. Eyni vaxtda 500 qoyun
üçün sığınacaq olur bu, unikal məkan.
Qışı çox sərt keçən
Alar və Şıxhüseynlinin camaatı əsasən,
kartofçuluqla, mal-qara saxlamaqla dolanırlar. Xınalı kəkliklərin məskəni olan bu
dağların köksündəki kəklikotunun qoxusu
adamı bihuş edir. 1947-1953-cü illərdə
Yardımlının sərhədyanı 32 kəndinin sakinləri
deportasiyaya məruz qalıb, Cəlilabad, Masallı, Lənkəran,
Şirvan, Salyan və sair rayonlara
köçürülüblər. Alar kəndinin
əhalisinin bir hissəsi də Cəlilabada köçür
və eyni adlı kənd yaranıb. Məlumata
görə, Alar türk tayfasının adıdır. İrandan gəlib burada ilk binə salan Alı xan və
övladlarının şərəfinə əvvəlcə
“Alılar” adlandırılıb. Sonra Allar
və nəhayət, Alar formasına düşüb. Toponimi eyni zamanda Şahsevən tayfalarından olan
alarlılar ilə də bağlayırlar.
Alar kənd
tam orta məktəbinin dil-ədəbiyyat müəllimi, kəndin
bələdiyyə sədri Almirzə Şahverənov deyir ki,
hazırda Alarda 3275 nəfər yaşayır: “Camaat
maldarlıq, arıçılıq, kartof, buğda əkini,
bağçılıqla məşğul olur. Yolun
olmaması ucbatından məhsulu bazara çıxara bilmirik,
bu il tonlarla məhsulumuz məhv oldu. Kəndin qışı həddən artıq sərt
keçir. Yemi yaylaqlardan gətiririk.
Amma bəs eləmir. Ona
görə çətin yolları qət etməklə hətta
Muğandan yem alırıq”.
Alar çayı kəndin içərisindən
axır. Üstəlik, hər həyətdə bulaq var. Bu mənada
su çətinliyi yoxdur. Amma odun problemi
ciddidir. “Meşələrə də
buraxmırlar, əhali əziyyət çəkir. Düzdür, meşələr tükənib, amma
çıxış yolu yoxdur. Ya qaz
problemi həll olunmalıdır, ya da odun verilməlidir əhaliyə.
Odunun maşını 150-160 manatdır, ailə
var, 5-6 maşın odun lazımdır qışı
keçirsin. Bunu da hər ailə ala
bilmir”, Almirzə müəllim deyir. Ümumilikdə kənddə
38 min xırdabuynuzlu, 5-6 min arası iribuynuzlu heyvan var. Heyvanlar
aran-yaylağa aparılır, amma apreldən oktyabra qədər
meşə ilə qıdalanır. Almirzə müəllim
deyir ki, heyvanlar da bitki örtüyünü məhv edir: “Mənim
60 yaşım var, vaxtilə elə ot növləri var idi,
indi həmin bitkilər yoxdur. Kəklikotu, dərman bitkiləri,
yarpız, gicitkən, çaşır - əlövi deyirik -
xətmi, baldırğan kimi can dərmanları var
çöllərimizdə. Bir çox ailələr
bu otları yığıb satır, dolanır”.
Alar əhalisinin
köçündən narahat olan A.Şahverənov da deyir ki,
Cəlilabadın Alar, Qarayar kəndlərinin əhalisi buradan gedib
vaxtilə: “Bizim əmiuşaqlarıdır onlar. Təkcə son 3-4 ildə 50-60 ailə gedib. Şagirdlərmizin sayı 580 nəfərdən 300
nəfərə düşüb. Həyat
şəraiti ilə bağlı axın çoxdur. Vaxtilə hər sinifdən 3-ü var idisə, indi hərəsindən
biri qalıb”.
Qeyd edək
ki, bu dağlar, qayaların, daşların eləsi var, az qalır dil açıb adamla
danışsın. Uzaqdan tısbağa
formasında olan, üst-üstə bərkidilmiş, sanki bənnanın
əli ilə yonulmuş nəhəng daşlar, hər kəsi
heyrətləndirə biləcək sənət əsərləridir.
Hələ qarşı tərəfdə dən
üyüdən nənə, qadın, dəvə
karvanları heykəlləri...Turizm üçün unikal məkandır.
Almirzə müəllim deyir yol çətinliyi
də olsa, hərdən turistlər gəlirlər. Amma araşdırmaçı alimlərimiz,
arxeoloqlarımız gəlsə, daha yaxşı olar. “Sarıbulaq yaylağında, Dəvəboynu deyilən
yerdə arxeoloji qazıntılar aparıldı. Gələn qrup 10-15 gün orda qaldı,
araşdırmalar aparıldı. Çox
gözlədik, nə televiziyada, nə mətbuatda bu haqda
material olmadı. Dedilər ki, burada Cənubi
Azərbaycan və Şimali Azərbaycanın müştərək
bazarı olan bir şəhər olub. Amma
sonra şəhər məhv edilib. Nədənsə
heç kimə, heç nə demədilər. Amma nümunələr tapılıb. Mən
dedim bələdiyyə sədriyəm, görüm nə
çıxır, imkan vermədilər, dedilər sənlik
deyil”-həmsöhbətimiz əlavə edir.
Qız qalası ilə üzbəüz Lerikin Oğlan
qalası əzəmətlə dayanıb. Bu qalalar barədə
Oğlan qalası və Qız qalası haqqında ciddi
araşdırmalar aparmaq olar. Oğlan
qalasından o üzdə isə Lerikin Kekoni kəndidir.
O kəndin üstündə qəbiristanlıq var,
“Alarlılar qəbiristanlığı” deyilir. Böyüklər
deyir Sorusçaydan bəri Alar ərazisi olub. Başdaşının üstündə də
“Alarlı Hacı Cahangirin məzarı” yazılıb. Çox təəssüf ki, məzar
daşlarının bəziləri məhv edilib. Alarlılar böyük tayfa olub. Nuh Peyğəmbərin dövrünə qədər
gedib çıxır Alarlıların tarixi. Qəbiristanlıq var, orda qəbirlər üst-üstə
tikilib. Su bir qəbiri oyur, altdakı digər
qəbir üzə çıxır. Dünyanın
bir çox yerlərində Alar kəndi, Alar şəhəri
mövcuddur, Altay vilayətindən bəri. Təəssüf ki, Alar tarixi
araşdırılmayıb. Teymur
Bünyadovun “Günçıxandan günbatana” kitabı var,
amma səthi araşdırılıb. Sineyer
tərəfdə dəvə karvanı, sanduqə qəbirlər,
“Gavur qəbiristanlığı” var. Oradan müxtəlif alətlər
çıxmışdı bir vaxtlar. Oğlan
Qalasından bəri böyük düzənlik var, orda xalq qəhrəmanı
Babəkin döyüşü olub. Həlak
olanlar da bu yerdə dəfn edilib, “Qureyşilər qəbiristanlığı”
deyilir. Zaman-zaman Alar ərazisində
tapılan əşyalar müxtəlif ünvanlara
daşınıb. Amma çox
yaxşı ki, Alar kəndinin dəyərli ziyalısı
Yusif müəllim tapılan eksponatların bir qismini
yığıb və muzey yaradıb”.
Sərhəd zonasındakı Xan bulağının
göz yaşı kimi duru suyu vaxtilə Qız
qalasının üstünə (!) çəkilib. Həmin suyun
mənbəyi 4-5 km-likdədir, sərhəd zastavası
yaxınlığında...Suyun çəkildiyi həmin
borulardan indi də torpağın üzünə
çıxır. 40-50 sm-lik saxsı
borulardır. Elə indi də traktorlar yer
şumlayanda borular görünür. Amma
qalanın başına bu suyun necə çıxması əsl
möcüzədir.
Sakinlər
deyir Oğlan qalasının qabağında ana heykəli var
idi, 3-4 il əvvəl hansısa
ağılsız adamlar onu
sındırıb-dağıtdılar. “Uşaqlar yeri qazanda həmin
heykəl
çıxmışdı. Biz
yığışıb onu kəndə gətirmək istəyirdik.
Qırıb-tökmüşdülər, guya
ki, qızıl var heykəlin başında”, Almirzə müəllim
deyir. Həmsöhbətimiz əlavə edir ki, İran tərəfdən
bu ərazilərə gələnlər çox olub:
“Kurqanları cihazla yoxlayıb qazırdılar. Bu il bir qrup tutuldu. “Dəvə
karvanı” adlanın ərazinin ətrafını uçurub
dağıtmışdılar. Qazıntılar
vaxtı ordan qılınc, qalxan, dəvə, şir
fiqurları tapılıb”. Bələdiyyə sədrinin
sözlərinə görə, bu ərazilərdəki tarixin
talanması 2000-ci illərədək daha çox olub: “Bu
gün də yaylaqlarda hara gedirsən, görürsən
kurqanları qazıblar. Qədimlərdə
döyüşlər vaxtı sərkərdələr harda həlak
olubsa, elə orda da basdırıblar. Özü
də silah-sursatı, qiymətli əşyaları ilə birgə.
Ağılsız adamlar var-dövlət axtarmaq
adı ilə tariximizi məhv edirlər”.
Bu
bölgə üçün hər cür fədakarlıqlar
edən Almirzə müəllim Alar kəndinin adından da bəhs
etdi: “Alar türk mənşəli sözdür. Bu ərazilər vaxtilə Azərbaycanın hər
iki tayı arasında körpü olub, cənubla
şimalın qapısı rolunu oynayıb. Dəvə karvanları cənubdan şimala,
şimaldan cənuba buradan gedib”. Bəzi
yerlərdə Alar kəndi “Allar” kimi yazılır. Elə kəndin girişindəki lövhədə də
belə yazılmışdı. Baxmayaraq
ki, nəhəng daşın üstündə məhz Alar qeyd
olunmuşdu. Almirzə müəllim kəndin
adının dəyişdirilməsini qəbulolunmaz saydı:
“Hansısa bir savadsız l sammitini artırıb. Bəzi qurumların möhürlərində Alar
gedir, bəzilərində Allar. Bununla
bağlı hətta Musa müəllimə (deputat Musa
Qasımlıya-E.P.) də fikrimizi demişik. Prezidentə,
Milli Məclisə, İcra Hakimiyyətinə yazdım, mətbuatda
çıxış etdim. Elə deyirlər
etirazınızı Milli Məclisin müvafiq komissiyasına
təqdim etmişik, düzələcək. Amma bütün uşaqların şəxs vəsiqəsində
doğulduğu yer olaraq Allar yazılır. Təsəvvür edin, Alar kənd orta məktəbinin
möhüründə Alardır, bələdiyyədə
“Allar”. Ərazi icra nümayəndəsində
də Allar gedir. Alar toponimi var, “Allar”
yoxdur. Çox istəyirik ki,
ata-babalarımızın bizə miras qoyduğu kəndimiz
adını özünə qaytaraq. 200-300
nəfərin imzası ilə müxtəlif ünvanlara
müraciətlər də yazdıq. Hələ
ki, nəticə yoxdur. Biz də çarəsiz
qaldıq, kəndin 4 km-liyində böyük daşın
üzərinə “Alar” sözünü yazdıq. Beləliklə, dərdimizi hara yazdıqda, səs
çıxmadı, ona görə də daşa yazdıq, bəlkə
çarə tapıldı, deyə”.
Kitabxana
müdiri, gözəl rəssam Məlik Bəxtiyaroğlu kəndin
əsas problemi barədə danışarkən deyir ki, sakinlər
Lerikin Gendov kəndindən keçməklə
Yardımlıya yolun çəkilməsini istəyirlər,
bu barədə dəfələrlə məsələ
qaldırıblar. Bölgədəki tarixi abidələr barədə
danışarkən Məlik bəy maraqlı fikirlər
söylədi: “Vaxtilə bu ərazilər Şimali Azərbaycan
Rusiyaya birləşdiriləndə xəritələr o tayda,
Ərdəbil tərəfdə qalıb. Bu mənada
o taydakılar bilirlər ki, bizim zonanın hansı yerində
nə var, nə yoxdur. Hətta bizim kənddən
bir nəfər Ərdəbildə olarkən ordakı
ağsaqqallardan biri ona deyib ki, Alar ərazisində Qız
qalası deyilən yer var. Ondan o tərəfdə Oğlan
qalası yerləşir. Ağsaqqal deyib bu qalalar bir
qızın və bir oğlanın adına
verilib. Qızın adı Səburtəkin,
oğlanın adı isə Azərbərz olub. Deyilənə görə, şahzadələrin
övladları olan qızla oğlan bir-birini sevirmişlər.
Qalalardan aşağı meşədə
onların sarayları var olub və vaxtaşırı orada
görüşüblər. Sarayın
bütün sütunları qızıldan imiş. Bir gün yuxarıdan qaya parçaları qoparaq həmin
yeraltı sarayın qapısını bağlayıb,
qızla oğlan ordan çıxa bilməyiblər və
dünyadan nakam köçüblər”. M.Bəxtiyaroğlu
başqa bir rəvayətin də olduğunu söylədi:
“Başqa bir rəvayətə görə, oğlan
qızı istəsə də, qız onunla evlənməkdən
imtina edib. Oğlanın israrını görən
qız gecə ilə atları tərs nallatdırıb və
qalanı tərk edib. Özü də gedərkən
kağız yazıb qoyub: “Oğlan, məni ərdə bil, ər
olmasa, gorda bil!” Guya Ərdəbilin də adı
o vaxtdan qalıb. Həmsöhbətim deyir ki, qalanın
yaranma tarixi eradan əvvəl 15-20 min illiyə gedib
çıxır: “Əslinə qalanda qala yonulma olub, Günəş
elmində rəsədxana kimi istifadə olunub, bu elmsə 3 min
il bundan əvvəl qara magiyanın güdazına gedib. Bizdə qala yerləri çoxdur, onları bir-birindən
yüz illər ayırır. Bunlar ilkin
oğuz qalalarıdır. Arxeoloji qrup gəlməlidir
ki, burdakı abidələri aşkara çıxartsın.
Elə mənim tapdığım abidələr,
eksponatlar var ki, nə inventarlaşdırılmayıb, nə
də Mədəniyyət və Turizm Nazirliyinin xəbəri
yoxdur. Hansı ki, burada açıq səma
altında muzey yaratmaq olar. Arxeoloq Anar Ağalarzadə bir
müddət əvvəl bura gəlmişdi, dedi mən ilk dəfədir
açıq səma altında belə muzey görürəm.
Biz çox istərdik ki, Xınalıq kimi,
Lahıc kimi bu ərazi də qoruq elan olunsun!”
Bugünkü Azərbaycanımızın ucqarlarında, əslində isə tarixi Azərbaycan torpaqlarının mərkəzində yaşayan bu, fədakar insanların dövlətdən təmənnası çox deyil. Onlar Azərbaycan tarixinin qorunması, gələcək nəsillərə təqdim edilməsini, bunun üçün də gərəkən addımların atılmasını arzu edirlər. Xınalığa, Alara yol çəkən dövlətimiz üçün bu işləri reallaşdırmaq elə də çətin deyil...
Elşad
PAŞASOY
Yeni Müsavat.- 2019.- 28 sentyabr.- S.15.