“Mən güllələnmiş heykəlləri Bakıda qoya bilmərəm...”

 

Əbülfəs Qarayev: “Saatlıda, cəmi 4 ay müəllim işlədim”

 

“Siz nəsə məni ya deputatlığa, ya da səfirliyə göndərmək istəyirsiniz”

 

Mədəniyyət naziri Əbülfəs Qarayevlə müsahibənin üçüncü  hissəsini təqdim edirik.

 

Əvvəli burada

- Cənab nazir, düşmən ölkə vaxtaşırı işğal zonasında Azərbaycana məxsus qeyr-maddi irsimizi mənimsəməyə cəhd göstərir. Bununla bağlı beynəlxalq səviyyədə mübarizə necə aparılır?

- Biz bu işi YUNESKO, Ümumdünya Turizm Təşkilatı, BMT-də mədəniyyətlə bağlı olan proseslərdə, Bakıda keçirilən “Bakı prosesi” və Mədəniyyətlərarası Dialoq Forumunda, müxtəlif formalarla dünyaya çatdırırıq. Lazım gələndə bəyanatları veririk, yaxud XİN-lə birgə fəaliyyəti həyata keçiririk. Lazım olduqda ekspertləri göndəririk və orada araşdırmalar aparırıq. Bu gün Azərbaycanda aparılan siyasət ondan xəbər verir ki, biz dayanıqlıyıq, möhkəmik. Müqayisə üçün baxın: Ermənistanın neçə faylı YUNESKO-nun qeyri-maddi mədəni irsindədir? Onlarla nə qədər mübarizə aparmışıq. “Köçəri”ni də bunlar köçürəndə YUNESKO səviyyəsində məcbur etdik ki, yalnız Ermənistan daxilində ənənə kimi qəbul olundu. Çünki bu rəqs bütün bu bölgədə yaşayanların rəqsidir. Növbəti il başqa ölkələrlə birləşdilər, amma biz ümumi faylla həm “Yallı”, həm “Köçəri”ni, həm də digər rəqsləri qəbul elədik. Cəmi 10 milyon əhalisi olan Azərbaycanın 13 faylla YUNESKO-nun qeyri-maddi mənəvi irsinə daxil olması bu mübarizənin nəticəsidir. Sanki biz müəyyən təpələri, strateji əhəmiyyətli yüksəklikləri tutmuşuq. Lavaşı da Ermənistanla məhdudlaşdırdıq. Amma bunu bəşəri ənənə olaraq Ermənistana yazdırmaq düzgün deyil. Ona görə də sonradan İran, Qazaxıstan, Türkiyə və biz hamımız birlikdə yeni fayl verdik, bu cür çörəklərin bişirilmə ənənəsini qoruduq və qəbul olundu ki, bu, beynəlmiləl türk xalqlarının məhsuludur.

- Bülbülün, Xan qızı Natəvanın və Üzeyir bəyin güllələnmiş büstlərini Şəhidlər Xiyabanına, yaxud şəhərin mərkəzi parklarından birinə qoymaq olmazmı ki, ölkəmizə gələn əcnəbilər Ermənistanın gerçək mahiyyətinə bir baxışla bələd olsunlar? Onları İncəsənət Muzeyinin həyətində, darısqal yerdə saxlamaq nə dərəcədə doğru qərardır?

- Mən inanıram ki, bu güllələnmiş heykəllər gec-tez öz yerlərinə qayıdacaq. Bu məsələyə iki tərəfdən yanaşardım. Birinci yanaşmam budur ki, heykəlləri bu şəkildə şəhərin bir yerində qoymaq düzgün olmaz. İntəhası, muzeyə gələn adamlar mütləq onları görürlər. Artıq bu heykəllər Natəvanın, Üzeyir bəyin və Bülbülün heykəlləri deyil. Bunlar erməni faşist quldurluğunu və vəhşiliyini təcəssüm etdirən heykəllərdir. Mən o heykəlləri Bakıda qoya bilmərəm! Çünki bu, erməni ideologiyasına bir heykəldir. Düzdür, biz onlara etiraz kimi baxırıq. Amma bu heykəllər artıq güllələnib, ermənilər tərəfindən.

- Şəhidlərin məzarları arasında olsa, məncə, daha məntiqli olar. Onlar da şəhid heykəllərdir...

- Müxtəlif fikirlər var. Bir vaxtlar bunlar bilinməyən yerlərdə idi. Sonradan biz onları yenidən qurulmuş muzeyin həyətinə qoyduq. Hər 18 sentyabrda, musiqi günündə orada ictimaiyyətin iştirakı ilə tədbirlər keçiririk, diqqəti cəlb edirik. Yenə deyirəm, bu heykəllər erməni faşist ideologiyasının və vəhşiliyinin heykəlidir. Mən onu başqa yerdə görmürəm. 

- Əbülfəs müəllim, dediniz ki, filmlərə baxmaqdansa, kitab oxumağa üstünlük verirsiniz. Bəs yerli telekanalları izləyirsinizmi? Səviyyə sizi qane edirmi?

. - Bəzən izləyirəm. Bəzən xoşuma gəlir, bəzən gəlmir. Bu da təbiidir. Cənab prezident və hörmətli Mehriban xanımın ictimaiyyət nümayəndələri ilə keçirdiyi görüşdə qeyd olundu ki, televiziyalarda gedən verilişlər mədəni baxımdan yüksək səviyyədə olmalıdır. Müəyyən nəticələr çıxarıldı və mən görürəm ki, müəyyən tərəqqi var. Biz tövsiyə elədik və o da icra olundu ki, bütün televiziyaların nəzdində bədii şura yaradıldı. Bədi şuraların tərkibində tanınmış ziyalılarımız da var. Yəqin ki, televiziyalar öz proqram, məqsəd və niyyətlərinə uyğun olaraq davamiyyəti formalaşdırır.

- Bəzən hesab olunur ki, müharibə vəziyyətində olan ölkənin efiri belə olmamalıdır. Xüsusilə də çal-çağır, şou proqramları tənqidlə qarşılaşır. Siz mədəniyyət sahəsinə rəhbərlik edən şəxs kimi nə təklif edirsiniz?

- Gəlin belə danışaq: özümüzü gərginliyə salmaq üçün belə düşünmək lazım deyil. Amma mən bazar günü, yaxud başqa günlərdə görürəm ki, bizim ordumuzla bağlı, vətənpərvərlik mövzusunda nə qədər verilişlər gedir. Onlar mütləq lazımdır. Vətənpərvərliyi və xalqın ruhunu tək bədbinliyə qapılmaqla qaldırmaq mümkün deyil. Əksinə, ruhu qaldırmaq, gücləndirmək lazımdır. Mahnıdır, rəqsdir, bunlar da öz sözünü deyir. Biz insanların ümumi şüurunuruhunu artıraraq onlara ruh veririk, güc veririk. O halda insanlar yeni qələbələrə doğru getməyə hazır olurlar.

- Mədəniyyət nazirinin kinomuz barədə fikirləri çox maraqlıdır.  Sizcə, Azərbaycan niyə ortaya dünya miqyasına çıxa biləcək kino nümunəsi qoya bilmir? Buna səbəb ssenaristin, aktyorun, rejissorun, yoxsa maliyyənin çatışmazlığıdır? Deyək ki, futbol ənənəmiz yoxdur, bu, aydındır, axı bizim kino ənənələrimiz olubindi də bəzi nümunələr efirimizi bəzəyir...

- Son 10 ildə istehsal edilən 60-dan çox ekran əsəri 59 ölkədə keçirilmiş 231 beynəlxalq film festivalında iştirak edərək 138 müxtəlif mükafat qazanıb.  Təkcə 2019-cu ilin birinci yarısında  10 filmimiz 30 dəfə beynəlxalq kinofestivallarda iştirak edib. Bizim problemimiz tamamilə fərqlidir və mən problemi görürəm. Azərbaycanda kino çəkilir. Düzdür, böyük maliyyə cəlb edən filmlər çəkilmir, belə nümunələr çox azdır. Mənim dövrümdə çəkilən filmin maksimum büdcəsi 1 milyon 200 min olub. Bu pulla böyük epopeyaları çəkmək kifayət qədər çətindir. Lakin  azərbaycançılıq ideologiyasına, uşaq tərbiyəsinə, vətənpərvərlik, vətənə bağlılıq, adət-ənənələrimizin qorunması ilə bağlı, insanlar arasındakı sevgi-məhəbbət, əyləncə, macəra xarakterli filmlərimiz var. Azərbaycanda, sadəcə, bu filmlərin nümayiş şəbəkəsi az olduğundan biz onu geniş şəkildə göstərə bilmirik. Bizim kinoteatrların nümayiş etdirdiyi filmlər daha çox xarici filmlərdir. Çünki bu, biznesdir. Bu yaxınlarda bir neçə Azərbaycan filmi kifayət qədər böyük məbləği əldə etdi. Amma bəzən özəl studiyalar tərəfindən çəkilən filmlər daha çox əyləncə xarakteri daşıyır və bəzən də yüksək tərbiyəvi mənanı daşımırlar. İnsanlar ora gedirlər. Bizim çəkdiyimiz filmlər isə... Bu, dövlətin puludur. Mən dövlətin vəsaitini boş-boşuna havaya sovura bilmərəm. Bizim müəyyən mövzular var, bu mövzuların arasından seçim gedir. Ən yaxşı ssenariləri seçib çəkirik. Cənab prezident sağ olsun, bu ilin ortasında 5 milyon vəsait ayırdı, kinostudiyada xüsusi bir Bədii Şura formalaşdı. Bədii Şurada oturanlar iki ay müddətində 250 ssenari ilə tanış oldular, 20-sini seçdilər. Bu 20 ssenarinin üzərində filmlər çəkilir.

- Narazılar isə başqa sözlər deyirlər...

- Desinlər . Mən indi necə eləyim? Bu 250 ssenari mütəxəssislərin qarşısındadır. Orada oturan adamlar hamısı, şükür Allaha, tanınmış simalardır. Mən gəlib onlara deməyəcəyəm ki, bu, yaxşıdır, o, pisdir.

- Yəqin ki, Türkiyədə çəkilmişDiriliş Ertoğrul”, “Möhtəşəm Yüzyılkimi filmləri izləmisiniz. Niyə bizdə belə filmlər çəkilmir?

- Mən izləyirəm... Biz bir neçə tarixi film çəkdik, “Hökmdarın taleyikimi. Festivallarda da iştirak ediblər. Amma siz dediyiniz filmlərin çəkilişi üçün yanaşmalar müəyyən qədər fərqli olmalıdır. Orada vəsaitin, hazırlığın, təbliğatın, aktyor seçimlərinin əhəmiyyəti var. Azərbaycanda həm rejissor var, həm ssenari. Bu filmlərin bizdə çəkilməsi üçün xeyli vəsait tələb olunur.

- İcazənizlə, yenidən keçmişə qayıdaq. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil almısınız hətta orta məktəbdə ingilis dilindən dərs demisiniz, eləmi?

- Bəli. Saatlıda, cəmi 4 ay. (Gülür). Ondan sonra əsgərliyə getdim.

- Bəs elə isə niyə, məsələn, xarici işlər naziri deyil, mədəniyyət naziri?..

- Mədəniyyət naziri müəyyən dərəcədə Azərbaycan üçün diplomatik funksiya daşıyır.

- Bəzi sabiq nazirlər sonradan səfir olaraq çalışdılar, yaxud da çalışmaqdadırlar...

- Siz nəsə məni ya deputatlığa, ya da səfirliyə göndərmək istəyirsiniz. (Gülürük) Məgər mən artıq çox işlədim? Vaxt yetişib, sizin fikrinizsə?

- Yuxarıda dediniz ki, çətindir.

- İnsan gərək çətinliyə dözsün ...

- Bildiyimizə görə, yeganə övladınız Suad Qarayeva YARAT müasir incəsənət təşkilatının sərgilər daimi kolleksiyalar üzrə kurator direktorudur. Nazir olaraq YARAT-ın, valideyn olaraq övladınızın fəaliyyətindən razısınızmı?

- Bəli. YARAT Aida Mahmudova tərəfindən təsis edilib. Çox güclü, maraqlı gənclərin yaradıcılığına çox böyük imkanlar yaradan qurumdur. Suad orada çox böyük maraqla sərgilərin kuratorluğunu edir, bədii işlər görür. Onların tədbirlərinə qatılırıq, hətta biz birlikdə tədbirlər keçiririk. Hesab edirəm ki, gənclərin yaradıcılığının formalaşdırılması üçün Aida xanımın bu təşəbbüsü olduqca təqdirəlayiqdir. Mən dediyim yaradıcılıq sənayesinin formalaşdırılmasında belə meyllər olduqca vacibdir.

- Kürəkəninizsə İran əsilli adamıdır, eləmi?

- O, İranda anadan olmayıb, amma kökü İrana gedir. Azərbaycan əsillidir.

- Yəqin nəvələr var.

- İki qız nəvəm var, hələ 3 yaşa çatmayıblar.

- Allah saxlasın... Babaları onlara vaxt ayırırmı?

- Nəvələrimi bizdə qalanda görürəm. Ya da bazar günləri.

- Böyük bəstəkarın soyundan olan biri kimi, hansısa musiqi alətində ifa edirsinizmi?

- Yox. Məndə bu, yoxdur. Rəhmətlik qardaşım musiqiçi idi. Həyat yoldaşım da musiqiçidir. O, Azərbaycan musiqisi şeirinin tədqiqatçısıdır. Elmlər Akademiyasında çalışır. Onun elmi əsərlərinin mövzusu Füzuli qəzəllərinin Azərbaycan musiqisində tarixi təhlilidir.

- Əbülfəs müəllim, hakim komandada kimləri özünüzə daha yaxın bilirsiniz?

 

Davamı olacaq

 

Elşad PAŞASOY

 

Yeni Müsavat.- 2019.- 9 oktyabr.- S.7.