Şirməmməd
Hüseynovun
Rəsulzadə ilə
bağlı ilginc xatirələri
"Sovet
dövründə hər il yanvarın 31-də Bəxtiyar, mən,
bəzən Nurəddin Rzayev, bəzən Xudu Məmmədovla,
digər yoldaşlarla birgə
gedərdik Məhəmməd Əmin Rəsulzadənin
atasının qəbri üstünə”
Bu gün, 31 yanvarda Azərbaycan
Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin
anadan olmasının 135 ili tamam olur. Böyük dövlət
adamının doğum günü münasibətilə Rəsulzadə
irsinin yorulmaz araşdırıcısı, professor Şirməmməd
Hüseynov çox dəyərli fikirlər söylədi.
Şirməmməd müəllim 135 illiklə bağlı
gördüyü işlərdən, qiymətli xatirələrindən,
ürəyindən keçən arzu-istəklərindən
danışdı. Öncə onu narahat edən fikirləri
çatdırdı:
- 31 yanvar Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 illiyidir. Mən indi ora-bura zəng etdim öyrənim ki, Azərbaycan mühacir mətbuatının, yəni Məhəmməd Əminin redaktor olduğu məcmuələrin - "Yeni Qafqasiya”, "Azəri türkü” "Odlu Yurd” və başqalarının orijinal sayları ölkədə var, ya yoxdur? Axundov kitabxanasına zəng etdim. Dedilər bizdə orijinalı yoxdur. Amma hərəsindən 4-5 nömrə elektron variantı var. İndi belə bir sual meydana çıxır ki, mühacirət dövründə nəşr olunmuş bu məcmuələri yığıb bu vətənə kim gətirəcək? Axı onun varisi bizik. İkincisi, orada yazılanlar, Azərbaycan milli istiqlal hərəkatı, Azərbaycan tarixinə dair o qədər dəyərli sənədlər, yazılar, məqalələr var ki, bunların burada olması bizim tariximizi öyrənmək üçün mütləq vacibdir. Ola bilsin ki, haradasa var, mənim xəbərim yoxdur. Amma hər halda, mən çox yerə zəng etdim, müsbət cavab almadım.
Ona görə də Azərbaycanda Məhəmməd Əmin Rəsulzadə irsini öyrənən xüsusi bir rəsmi təşkilat, yer olmalıdır. Bu, bizim tariximizdir. Mən hər həftə Məhəmməd Əmin Rəsulzadənin "Yeni Qafqasiya” və "Odlu yurd”da dərc olunmuş məqalələrini "525-ci qəzet”in şənbə nömrəsində verirəm. Artıq altı aydır. Məqsədim budur ki, sonra bunların hamısını yığıb kitab şəklində nəşr etdirim. Amma əvvəlcə qoy oxucular bu yazılarla tanış olsunlar. Nə yazıb, necə yazıb, hansı problemləri qoyub? Həmçinin Respublika ilə əlaqələri, əhali ilə münasibətləri necə olub? Bunlar vacib məsələlərdir .
- Deməli, sizin
də 135 illiyə hədiyyəniz budur, yoxsa başqa tədqiqatlarınız
da var?
- Yox. Mənim 135 illiyə ən böyük hədiyyəm... Mən Rəsulzadənin burada yaşadığı müddətdə, 1920-ci ilin aprelinə qədər nəşr olunmuş əsərlərini yığdım, 5 cildə çap elədim. İndi mühacirət dövrünü öyrənənlər var. Amma mərkəz olsun da. İkincisi, ən vacib məsələ budur ki, bunların xaricdə nəşr etdirdiyi əsərlər Bakıda olsun. Özü də bunu kim etməlidir? Məsələn, keçən il Türkiyədə Əli Yavuz Akpınar və onun dostları "Yeni Qafqasiya yazıları: Məhəmməd Əmin Rəsulzadə. 1923-1927" kitabını buraxdılar. İndi bu kitabı bizim respublikada çap eləmək olmaz? Soruşuram!
- Təbii ki,
olar.
- Olar. İndi burada maraqlı məsələ nədir? Kitabda Məhəmməd Əminin yazılarıdır. 1923-27-ci illərdə nəşr olunan "Yeni Qafqasiya” jurnalının 95 nömrəsi çıxıb. Bu 95 nömrədə Məhəmməd Əminin 144 yazısı dərc olunub. Bax, bunlar da bunu ayrıca kitab şəklində çap ediblər. Özü də kitab 390 səhifədən artıqdır. Bu, hələ bir jurnalda çap olunan yazılardır. Mən 5 cild nəşr etdirdim. Sonra da onun parlamentdəki çıxışlarını ayrıca cild şəklində çap etdirmək istədim, amma etmədim. "Azərbaycan” qəzetindəki parlament hesabatları və şərhlərdən ibarət 5 cild buraxmışam. Orada onun parlamentdəki bütün fəaliyyəti əks olunub. Deməli, Azərbaycanda 1920-ci ilə qədər Məhəmməd Əmin Rəsulzadə və cümhuriyyətçilərlə, müsavatçılarla bağlı nə olubsa, bunlar üzdədir, öyrənilib və öyrənilir. Mühacirət dövrü ilə məşğul olanlar var, mən onları bilirəm. Türkiyədə xüsusilə məşğul olanlar çoxdur. Mənim bu saat məşğul olduğum "Yeni Qafqasiya”dır. Sağ olsunlar, türklər mənə göndəriblər. 1929-31-ci illərdə "Odlu yurd”un 32 sayı çıxıb. İki kitab şəklində buraxıblar. Bütün nömrələri, bütün yazıları olduğu kimi... Biz necə "Əkinçi”, "Molla Nəsrəddin”i çap etmişik, o cür, özü də bizdən də əla çap ediblər. Hərəsi 800-dən artıq səhifədir. İndi bunu bizim respublikada çap etmək olmaz? Vallah olar.
"Söhbət bu kişinin qoyub getdiyi irsi öyrənmək və bu millətə öyrətməkdən gedir”
- Elə isə mane olan nədir?
- Mən
bilirəm, bu saat böyük problemlər, məsələlər
çoxdur. Görülən işləri də çox
yüksək qiymətləndirirəm. Amma elmi idarələrdir,
müəssisələrdir, bunlar da bu işlə məşğul
olsalar, daha yaxşı olar. Yəni fikrim heç kəsi
ittiham etmək, heç kəsə göstəriş vermək
deyil. Bu il mənim 95 illiyimdir. 95 yaşında kişi yenə
də həftədə "525-ci qəzet”in şənbə
nömrəsində iki səhifə yazı verir. Bunlar da
hamısı Cümhuriyyət dövrünə aiddir. "Yeni Qafqasiya” və "Odlu
Yurd” da məndə var. İndi 135-dir, 5 ildən sonra 140 illiyi
olacaq.
- Şirməmməd müəllim,
illər öncə sizin ölkə prezidenti ilə
görüşdə Rəsulzadə ilə bağlı da
söhbət oldu, çox keçmədi ki, dövlət
başçısı Məhəmməd Əminin 130 illiyi ilə
bağlı sərəncam imzaladı. Bu dəfə ürəyinizdən
müəyyən məsələlərin həlli ilə
bağlı nə isə demək, müraciət etmək
keçirmi?
- Sağ
olsun prezident, Məhəmməd Əminin anadan olmasının
130 illiyi ilə bağlı sərəncam verdi, müəyyən
tədbirlər görüldü. Bilirsən, bu saat dünya
vuruş meydanıdır. Bu dövləti, bu milləti qorumaq,
yaşatmaq vaxtıdır. Yəni rəhbərliyin, prezidentin
o qədər böyük işi, böyük problemləri
var ki, onun tarixlə məşğul olmağa vaxtı yoxdur,
qardaş!
- Amma eyni
zamanda ölkə başçısı bir sıra hallarda elə
məsələlərə toxunub ki, bu qədər gərgin
fəaliyyətin fonunda çox məsələlərdən
xəbərdar olduğunu görmüşük...
- Bəs
sən görmədin, Məhəmməd Əminin 5 cildliyi ilə
bağlı tapşırıq verdi, Mədəniyyət
Nazirliyi "Təhsil” nəşriyyatında çap etdirdi. Yəni
münasibətlə, danışanda, deyəndə əlindən
nə gəlir, edir. Amma daha bu işləri onun,
administrasiyasının boynuna qoymaq olmaz!
- Yəni deyirsiniz prezident artıq Rəsulzadə
ilə bağlı mövqeyini ifadə edib, müvafiq
strukturlar öz işini görməlidir, eləmi?
- Əlbəttə.
Mövqeyini ortaya qoyub. Əgər Heydər Əliyev Məhəmməd
Əminin anadan olmasının 110 illiyi ilə bağlı sərəncam
veribsə, prezident İlham Əliyev 130 illiyini qeyd etmək
haqqında sərəncam imzalayıbsa, daha hər dəfə
ondan bu işləri gözləmək olmaz axı. Qardaş,
özümüz görməli olduğumuz işi prezidentdən ummağa
ehtiyac yoxdur. Mənim məqsədim budur ki, bir mərkəz
olsun, bu məsələlər aydınlaşsın, işlər
görülsün. Bilirəm, tarixçilərin də
işi-gücü var. Amma bir qurum olsa, yaxşı olar. Məsələn,
Müsavat Partiyasında Nəsiman Yaqublu bir mərkəz
düzəldib. İndi o bir-iki adamla həll olunan şey deyil
axı.
- Deməli,
Rəsulzadənin 135 illiyi auditoriyalarda, universitetlərdə
keçirilə bilərdi, eləmi?
- Söhbət
iclasdan-zaddan getmir e. Söhbət bu kişinin qoyub getdiyi irsi
öyrənmək və bu millətə öyrətməkdən
gedir. Yoxsa yığışasan, iclas edəsən, hamı
da desin ki, bəli, böyük adamdır, böyük şəxsiyyətdir-filandır,
nə xeyri var?
- Professor, siz bu yaşınızda
da tədqiqatlarınızı davam etdirirsiniz, Məhəmməd
Əmini təbliğ edirsiniz. Rəsulzadə irsinin neçə
faizi tədqiq olunub?
- Bu yerdə
mən səndən qoruşuram: Novxanı kəndində Rəsulzadənin
ev muzeyi var?
- Yoxdur. Təşəbbüs
qaldırılıb ki, onun doğulduğu evdə ev muzeyi
yaradılsın.
- Orada
heykəl də qoyulub. Evində də bir vaxtlar uşaq
bağçası var idi. Bir dəfə Bəxtiyarla (Vahabzadə-E.P.)
getdik ora... Hələ sovet dövründə e, 70-ci illərdə.
Məlum oldu ki, ora Məhəmməd Əmin Rəsulzadənin
anadan olduğu evdir. Sonra Bəxtiyar da getdi, Şəkidə
ata evini uşaq bağçası elədi. (Gülür).
Sonra Bəxtiyarın həyat yoldaşının adından
yazdıq... Mən yazdım, o da qol çəkdi, prezidentə
göndərdik, prezident sərəncam verdi, Şəkidə
Bəxtiyarın ev muzeyi yaradıldı. Bəxtiyarın ata
evi ki, var idi, Bəxtiyar onu uşaq bağçası
etmişdi, məhəllədə yer tapdılar, əla bir
uşaq bağçası tikdilər. Bəxtiyar Vahabzadənin
evindəki bağçanı köçürtdülər
ora, o evi də təmir etdilər, genişləndirdilər elədilər
Bəxtiyar Vahabzadənin ev muzeyi.
- Çox maraqlı hadisədir. Bəlkə
də tarix təkrar oluna bilər...
- Sovet
dövründə, həmişə Məhəmməd
Əminin anadan olduğu gün - yanvarın 31-də Bəxtiyar,
mən, bəzən Nurəddin Rzayev, bəzən Xudu Məmmədovla,
bəzi yoldaşlarla birgə gedərdik Məhəmməd
Əmin Rəsulzadənin atasının qəbri üstünə.
Amma həm də gedərdik Mehdi Hüseynzadənin
atasının qəbri üstünə. Çünki rəsmi
dairələr elə bilirdi Mehdi Hüseynzadənin
atasını ziyarət etməyə gedirik. Qəbiristanlıqda
əvvəlcə Mehdi Hüseynzadənin atasının qəbri
üstə gedərdik, sonra hərlənib gələrdik Məhəmməd
Əmin Rəsulzadənin atasının məzarı üstünə.
Diqqəti yayındırmaq üçün, bildin? Onda öyrənərdik
ki, bu, harada anadan olub, kimdir. Sonra oğlu Azər Qaraqandada
dünyasını dəyişmişdi, Heydər Əliyev
göstəriş verdi, onun nəşini Bakıya gətirdilər,
apardılar Novxanıda, babasının yanında
basdırdılar. İndi ayın 31-də yenə camaat
yığışıb Novxanıya gedəcək,
atasının və oğlunun qəbri üstünə.
Özünün məzarının gətirilməsi söhbəti
yoxdur. Amma Bəxtiyar Vahabzadənin Məhəmməd Əmin
Rəsulzadəyə həsr olunmuş bir şeiri var:
Bu
torpağın özü boyda
Bu
torpağa məhəbbətlə doluydun.
Bu
torpağın yolunda da
Sən
öz canını qoydun.
Borclu ikən
Vətən sənə, xalq sənə
Hər
şey döndu tərsinə.
Bu
torpaqdan verəmmədik
Bir məzarlıq
yer sənə.
Nə təhər
şeirdir?
- Əla! Allah hər iki böyük
kişiyə rəhmət eləsin! Şirməmməd müəllim,
ev muzeyindən danışdınız. Bu günlərdə Rəsulzadənin
ata evinin qarşısındakı lövhəni
oğurladılar. Bələdiyyənin
hazırladığı yeni lövhədə təqdimat ya
yanlış yazıldı, sonda da, ümumiyyətlə,
yazılmadı. Ümumən bu məsələyə
münasibətiniz necədir, Rəsulzadənin necə təqdim
olunmasını istərdiniz?
- Bilirsən,
Məhəmməd Əmin və Üzeyir bəy deyirdilər
ki, hər bir azərbaycanlı üç müqəddəs
şeyə qulluq etməlidir: bu vətən də bizimdir, bu
millət də, bu dövlət də. Kim bu üç
müqəddəs şeyə qulluq edirsə, Azərbaycanın
mövcudiyyətini, varlığını onlar qoruyur. Məsələ
budur.
- Bəs yeni barelyefdə təqdimata
münasibət necədir? Sizdən bu məsələ ilə
bağlı məsləhət alan oldumu?
- Yox, mənim bu işdən xəbərim yoxdur. O işlə məşğul olanları da qınamaq lazım deyil. Bilmirlər də. Haradan öyrənsinlər? İndi mən səndən soruşuram, Cümhuriyyət tarixini, Azərbaycan tarixini orta məktəblərdə necə tədris edirlər? İndi "Yeni Müsavat” qəzeti maraqlansın da, nə olar? Hansı dərsliklər var, nə yazıblar, necə yazıblar? Bu Vətən də bizimdir, millət də, bu dövlət də, ay qardaş! Bu məsələlərlə məşğul olan adam nə dövlətin əleyhinədir, nə indiki hakimiyyətin əleyhinədir. Əksinə, onların ən qadir, sadiq bəndələridir. Ən namuslu, ən qeyrətli... Nə oğurluqla, nə məddahlıqla işləri yoxdur. Bu milləti vətənə, millətə, dövlətə məhəbbət ruhunda tərbiyə etmək lazımdır. "525-ci qəzet”də "İlk cümhuriyyətimiz: olmuşlar və düşüncələr” məqaləmdə nə yazmışam: "Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə ”Azərbaycan" adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, bu günümüz üçün fəxr edək!"
Qardaş, gərək ona görə bunları
öyrənək. Nə
təhərdir?
- Əla! Allah Sizə ömür
versin!
Elşad Paşasoy
Yeni Müsavat.- 2019.- 31 yanvar.- S.6.