Cümhuriyyət banisinin günü

 

Yanvar ayı müasir tariximizə təkcə müdhiş 20 Yanvar hadisələri ilə düşməyib. Bu ay bizə Məhəmməd Əmin Rəsulzadə kimi bir düha, böyük şəxsiyyət də bəxş edib. Rəsulzadə şəksiz ki, Azərbaycanın ən parlaq, ən nurlu və şərəfli ömür yolu keçmiş simalarındandır. Dünyadakı bütün azərbaycanlılar üçün bir “tanınma nişanı”, “brend”dir.

 

Əmin olun ki, M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurulmasaydı, SSRİ tərkibində Azərbaycan SSRİ kimi müttəfiq respublika, demək, indiki müstəqil dövlətimiz də olmayacaqdı. Ən yaxşı halda biz Rusiyanın tərkibində Tatarıstan, Dağıstan kimi muxtar qurum qismində qalacaqdıq.

Yoxdan bayraq və dövlət yaradan, Azərbaycanın imperiya Rusiyasından müstəqilliyinin bünövrəsini uğurla qoyan Rəsulzadənin bu misilsiz xidməti və tarixi fədakarlığı xalqın onu əbədiyyən minnətdarlıqla yad eləməsi üçün kifayətdir.

Bu gün sayəsində azad dövlətdə yaşadığımız həmin o insanın - istiqlal memarının doğum günüdür. Müsəlman Şərqində ilk demokratik respublikanın banisi, yeni tarixdə Azərbaycan adına ilk dəfə siyasi don biçib ona dünya xəritəsində dövlət statusu qazandıran bu işıqlı insanın dünyaya göz açmasından 135 il ötür.

Fəqət, illər ötdükcə M.Ə.Rəsulzadə bizdən uzaqlaşmır. Əksinə, yaxınlaşır, bizə daha doğma olur. Onu yanımızda, içimizdə daha çox hiss edirik. Yəqin o səbəbə ki, Rəsulzadə işığına ehtiyacımız getdikcə artır...

Rəsulzadə, bişəkk, dəyərdir. Novxanıdakı barelyef rəzaləti də Rəsulzadəni dəyər kimi bizə növbəti dəfə anlatdı. Söhbət təkcə onun barelyefinin oğurlanması kimi biabırçı olaydan getmir. Həm də təzə barelyefin hazırlanmasında yol verilən bağışlanmaz xətadan, “Azərbaycan Xalq Cümhuriyyətinin banisi” sözlərinin ixtisara salınmasından gedir. Qəsdən, yoxsa nadanlıqdan? Bu, qalıb barelyefi yeniləyənlərin və bu işə rəhbərlik edənlərin vicdanına.

Ancaq ixtisar qəsdən edilibsə də, bu cılızlıq Rəsulzadə əzəmətindən heç nə apara bilməz...  

Nə xoş ki, müstəqilik dövründə doğulan gənc nəsil də M.Ə.Rəsulzadəni yaxşı tanıyır. Onun böyüklüyündən xəbərsiz böyümür. Təbii ki, bunda da ya məktəbin, ya da Rəsulzadəsevər ailələrin və valideynlərin müstəsna rolu var.

Rəsulzadə sadə həyat tərzi keçirdiyi qədər milyonlara örnək olacaq ömür sürmüş əzəmətli bir şəxsiyyətdir. Deyirlər, dünyasını dəyişəndə onun otağından çıxan ən qiymətli əşya üçrəngli bayrağımız olub.

 M.Ə.Rəsulzadə hələ yüz illər boyu bu xalqın karına gələcək zəngin irs, bu milləti uğura apara biləcək “Yol xəritəsi” qoyub.

Onun ən böyük əsəri isə əlbəttə ki, cəmi 23 ay yaşayan AXC idi. Özünün dediyi kimi, “xalqa heç olmasa azca azadlıq dadızdırdı” həmin 23 ayda. Ancaq bu dad “damaq”dan 70 il getmədi və Azərbaycan xalqı təzədən öz müstəqilliyinə qovuşdu.

Həmin o azadlıq naminə Rəsulzadə şəxsi və ailə xoşbəxtliyindən, rahatlığından, ciyərparalarından keçdi. Sürgün həyatını Stalinin təklif elədiyi rahat, lakin miskin həyatdan üstün tutdu. Fəqət “Azərbaycan” adlı andına zərrəcə xilaf çıxmadı. İstiqlal banisi kimi gəldi, istiqlal şəhidi kimi dünyadan köç elədi. Allahın həm bioloji, həm də siyasi ömür payını şərəflə yaşadı.

İndi də yaşayır - milyonların, on milyonların könlündə. Üçrəngli bayrağımız var olduqca Rəsulzadə də, onun xalqın qəlbindəki abidəsi də daim yaşayacaq.  Bu yerdə şairin öndər haqda aşağıdakı sözlərinə əlavə eləməyə, bizcə, heç nə qalmır:

“Əzilməz xalqın kökü, dərindədir, dərində,

Zaman çəkib oturdar hər kəsi öz yerində,

İllər gəlib keçsə də, sən xalqın nəzərində

Yenə həmin oğulsan, yenə də həmin Kişi!

Bu böyük həqiqətə əmin ol, əmin, Kişi!.."

 

Zahid SƏFƏROĞLU

 

Yeni Müsavat.- 2019.- 31 yanvar.- S.3.