"Ləğv
olunan qurumların işçiləri başqa vəzifələrə
təyin ediləcək"- Əbülfəs Qarayev
"Ləğv
olunan qurumların işçilərinin nazirliyin tabeliyində
olan digər qurumlarda müvafiq vakant vəzifələrə təyin
edilməsi ilə bağlı tədbirlər görüləcək".
Mədəniyyət
Nazirliyindən “Report”a verilən xəbərə görə,
bunu nazir Əbülfəs Qarayev yanvarın 30-da keçirilən
geniş müşavirədə deyib.
O
bildirib ki, Prezident İlham Əliyevin yanvarın 15-də
imzaladığı “Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında” fərmana
uyğun olaraq, Mədəniyyət Nazirliyinin tabeliyindəki Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodik Mərkəzin ləğvinin təmin
edilməsi, nazirlik yanında Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə
Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı işlər də həyata keçiriləcək.
Nazir qeyd edib ki, həyata keçirilən islahatlar zamanı beynəlxalq təcrübədən istifadə olunması istiqamətində də zəruri addımlar atılacaq: “Bu məsələ fərmanda da öz əksini tapıb. Biz xarici təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiq olunması istiqamətində Avropa İttifaqının Tvinninq layihəsini həyata keçirmişik. Qarşımızda duran əsas məsələlərdən biri də hazırda qabaqcıl beynəlxalq təcrübəni öyrənib ölkəmizdə tətbiqini davam etdirməkdir”.
Nazir vurğulayıb ki, aparılan islahatlar nəticəsində ölkənin mədəniyyət sahəsinin idarə olunması, mədəni xidmətlərin səviyyəsinin daha da artırılması və mədəni irsimizin təbliği istiqamətində yeni uğurlara nail olunacaq: "Mədəniyyət Nazirliyi bu il də ölkədə keçiriləcək bir sıra nüfuzlu beynəlxalq tədbirlərin təşkilatçısı kimi çıxış edəcək. Bu tədbirlərin yüksək səviyyədə təşkili və ümumilikdə ölkəmizdə dövrün və zamanın tələblərinə cavab verən effektli mədəniyyət siyasətinin həyata keçirilməsi üçün Prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman mədəniyyət sahəsində çalışan bütün əməkdaşların üzərinə böyük məsuliyyət qoyur".
Ə.Qarayev sonda
mədəniyyət sahəsində islahatların uğurla həyata keçirilməsi istiqamətində
tapşırıq və tövsiyələrini verib.
Yeni Müsavat.-2019.- 31 yanvar.- S.2.