"Poladdan filmi çəkə-çəkə
Allaha daha çox inanmağa başladım..."
Vaxtilə şəhid general Polad Həşimovla birgə hərbi xidmət keçmiş, Qarabağ müharibəsi veteranı, jurnalist İlham Tumas Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- İlham bəy, şəhid general Polad Həşimovun xatirəsinə “Poladın 7 anı” adlı ilk sənədli film çəkdiniz. Bu təşəbbüsünüzə görə əvvəla sizə təşəkkür düşür...
- Bu, general Polad Həşimov barəsində ilk sənədli film deyil. Polad haqqında ARB kanalında həmkarımız Yeganə Cansail də sənədli film çəkmişdi. Onun da filmə öz baxışı var. Mən rəhmətlik Polad Həşimovu yaxından tanıyırdım, zabit yoldaşı olmuşuq. Ona görə də bizim yanaşmamız fərqləndi. Təbii ki, filmdə Poladın adı var deyə hamı bizim qüsurumuzu görmədən keçə bilər. Bütün hallarda Poladın adı bizim üçün elə yüksəkdədir ki, “Yutub”da filmə qısa müddətdə 200 yüz minə yaxın baxış olub. Bu, rəhmətlik Poladın şəxsiyyətinə olan maraqla bağlıdır.
Zövqlər üst-üstə düşməyə bilər. Çox hörmət etdiyim dostlarım var ki, filmə baxandan sonra müəyyən nüansların əks olunmasını istəyirdilər. Mən onlarla razılaşıram.
Polad elə bir şəxsiyyətdir ki, onun
haqqında neçə illər keçsə də, müxtəlif
filmlər çəkiləcək, əsərlər
yazılacaq. Çünki
Polad qeyri-adi bir zabit və qeyri-adi bir insan idi. Qoy
düşmən bunu eşidib sevinməsin, amma Azərbaycan ordusu
Poladın itkisi ilə çox önəmli bir zabitini, cəmiyyətimiz
də çox önəmli vətəndaşını
itirdi. Belə bir misal var, biri ölər,
onu gələr, onu ölər, yüzü gələr,
yüzü ölər, mini gələr yerinə. Azərbaycan xalqı, anaları yüz illərdir bu
cür şəhidlər verir. Amma Azərbaycan
xalqı yenə də belə oğullar yetişdirəcək.
Buna inanıram. Yaxından
tanıdığım üçün bu sözü demədən
də dayana bilmirəm: “Poladdan yoxdur...”.
- Filmdə
istədiyinizi yarada bildinizmi?
- Film
istehsalat məsələsidir. Burada yük tək
ssenaristin üzərinə düşmür. Film birgə zəhmətin bəhrəsidir. Düşünürəm ki, daha yaxşı, daha
gözəl edə bilərdik. Səmimi
deyim ki, İctimai Televiziyanın rəhbərliyi də bizə
hər şəraiti yaratmışdı. Amma həm
karantin qaydaları məsələsi vardı, həm istəyirdik
ki, filmi rəhmətliyin 40 mərasiminə qədər
çatdıraq, üstəgəl, öz layihələrimlə
bağlı əlavə işləri də görməli
idim. Yəni, müxtəlif obyektiv və
subyektiv səbəblər var idi.
Sağ
olsun, İctimai Televiziyanın rəhbərliyi əvvəlcədən
şərt qoydu ki, nə istəsən onu sənə verəcəyik.
Məsələn, biz rəhmətlik Poladın
Türkiyədən kursant yoldaşların tapmalıydıq və
komandirləri ilə danışmalıydıq. Sadəcə,
əlaqə nömrələri bizə bir az
gec gəlib çatdı və biz onları filmə sala bilmədik.
Hesab etmirəm ki, bu film şedevrdir. Bizim işimiz
rəhmətlik Poladın bir dırnağına da dəyməz.
Bu film İlham Tumasın Polad Həşimova bir
baxışı idi. Yəni mən onu necə
görürəm. Filmin ərsəyə gəlməsində
rejissorun, operatorun, ümumiyyətlə, bütün qrupun
çox əziyyəti oldu. Günün
istisində Xocasən çöllərində kütləvi
səhnələr çəkdik.
Sağ
olsun Müdafiə Nazirliyi, "N" saylı hərbi hissə
silah-sursat baxımından bizə çox kömək etdilər.
Texniki işlərlə bağlı problem
olmadı. Bunların hamısı çox
təhlükəli işlər idi. Çünki
texnika, avadanlıqlar partlaya və orada kimsə xəsarət
ala bilərdi. Ona görə də maksimum ehtiyatla işlədik
ki, filmin adına zərər gəlməsin.
- Dediniz
ki, film ərsəyə gələndən sonra Polad Həşimovun
Türkiyədəki kursant yoldaşlarını və
komandirləri ilə əlaqə yarada bildiniz. Yenidən
bu istiqamətdə nəsə etməyi planlaşdırısızmı?
- Bilirsiz,
Polad Həşimov haqqında nə qədər çəkilsə,
nə qədər yazılsa, yenə azdır. Amma
mən işimi bu qədər görə bildim. Bizim başqa dostlarımız, ssenaristlərimiz,
rejissorlarımız var, onlar daha gözəl işlər
görsünlər. Biz borcumuzu belə qaytarmalıyıq,
başqa necə ola bilər?!
Bu vaxta qədər yüzdən çox sənədli
filmin müəllifi olmuşam. Amma hesab edirəm ki,
bu film mənim üçün daha doğmadır.
- Bu sənədli
filmi çəkərkən Polad Həşimov haqqında daha
nələri öyrəndiniz?
-
Çox şeyləri öyrəndim. Poladın
zabit yoldaşı olmuşam, amma onunla hansısa bir
döyüşdə iştirak etmək mənə qismət
olmayıb. Tam səmimiyyətimlə deyirəm,
bu filmin çəkilişində hiss edirdim ki, işimiz ilan
boğazından keçir. Hansısa bir
qurum ya mane olmaq istəyir, ya laqeydlik edir, yaxud nəyəsə
görə istəmir. İşimiz
daralanda deyirdim ki, Polad köməyimizə gələcək.
Elə məqam gəlirdi ki, artıq o daralan
yollar açılırdı. Elə günlər olurdu ki, iş görə bilmirdik. Bu
da təbii ki, çəkiliş günlərinə təsir
edirdi.
Məlumdur ki, film çəkiləndə
hazırlıq dövrü olur, ondan sonra çəkiliş
vaxtı başlayır. Amma bizdə çəkiliş vaxtı
tez-tez dəyişirdi. Çünki ciddi
qurumların icazəsini almaq lazım idi.
Poladla bağlı filmin çəkilişi Azərbaycan-Türkiyə
ordularının birgə genişmiqyaslı hərbi təlimləri
günlərinə təsadüf etmişdi. Bu mənada
bizim səlahiyyətlilərin də başı
qarışıq idi. Çünki
qızğın təlimlər gedir, biz də həmin vaxt
çəkiliş aparırıq. Bu da
ciddi təsir göstərirdi. Amma sağ
olsun, İTV-nin rəhbərliyi sonuna qədər bu işin
arxasında dayandı.
- Polad
haqqında təəssüratlarınız bu filmdən sonra dəyişdimi?
-
Poladı yaxşı tanıyırdım və onun necə
bir insan olduğunu bilirdim. Danışılanların
çoxunu ordan-burdan eşitmişdim, amma bəzi şeylər
vardı ki, eşitməmişdim. Çünki
Polad özü bunları gizlədirdi. Poladı
ordu cameəsi, yaxın dostları və qohumları
tanıyırdı. Onu geniş ictimaiyyət
tanımırdı. Polad haqqında haradasa
bir informasiya çıxanda tez sildirirdi. O, general-mayor
rütbəsi alanda mən heç təbrik də etmədim. Çünki istəmədim kənar kimlərsə
bilsin, düşmənlər baxır.
Bu film ərəfəsində başımıza gələn
hadisələrdən sonra Allahın varlığına daha
çox inanmağa başladım. Çünki Polad mənim
üçün imanlı bir adam kimi təcəlla
etdi yenidən. İş çətinə
gedir, hətta ayağıma daş dəyirdi, deyirdim, düzələcək,
Polad buralardadı, hər şeyi həll edəcək. Doğrudan da elə olurdu. Bəzən
5-6 saat sonra, bəzən bir gün sonra bağlı yollar
açılırdı.
Ümumilikdə film çəkilişləri 10 gün
sürdü.
Bəzən çəkiliş etmək istəyirik,
yağış başlayır, təxirə
düşürdü. Ya bir də
görürdünüz külək oldu və sair. Şükür, hamısını adladıq.
- Filmdə
diqqətimi çəkən digər məqam sizin
oxumağınız oldu...
- Mən
müğənni deyiləm. Onu rejissorun təklifi
ilə oxudum. Bu, ilk deyil, bir dəfə də
İTV-də Şuşanın İcra hakimi mərhum
Mikayıl Gözəlovla bağlı bir film çəkmişdik.
Onun qətlindən bir neçə ay sonra Şuşa
işğal olundu. Mikayıl Gözəlov
çox böyük dövlət xadimi idi. Filmdə dostların və rejissorun təklifi ilə
onun haqqında bir bayatı oxudum. Bayatı belə idi:
Əzizim
Şuşa qala,
Yolları şüşə qala.
Mikayıl
öldü getdi,
Çətin
ki, Şuşa qala
Bu bayatını jurnalist araşdırmaçı Kərim
Kərimli yazıb. Mikayıl Gözəlov qətlə
yetirilən gün bütün şuşalılar o bayatı
oxuyurmuşlar. Çətin ki, Şuşa
qala... Bir də bu filmdə oxumuşam...
-
Çox qeyri-adi səsiniz var...
- Bir tərəfim
qarabağlıdır, olmalıdır.
- Yəni
filmdə ifanız öncədən ssenariyə
salınmamışdı?
- Yox,
rejissor dedi ki, belə bir fikrim var, bəlkə oxuyasan? Mən də razılaşdım. Hərdən
dost məclislərində də oxuyuram.
- Polad Həşimovun ailə üzvləri ilə
görüşüb əlaqə saxlayırsızmı? Onların filmə
münasibəti necə oldu?
-
Poladın doğulduğu Qəbələ rayonuna getmişdim.
Orada onun qaynı Babəklə tanış
oldum, sonra qardaşı İlhamla danışdım. Poladın ailə üzvləri ilə elə də
yaxınlığım olmayıb. Çünki
biz ailə dostu olmamışıq. Polad özü də
mühafizəkar adam idi. Xüsusi
olaraq ailəsinə hər adamı buraxmaq kimi bir xasiyyəti
yox idi. Sağ olsun, Babək bizə Vəndam kəndində
film çəkilişində, yer seçimində çox
kömək etdi. Poladın qardaşı da
öz köməkliyini etdi.
Hazırda
Silahlı Qüvvələrdə xidmətdə olan Yaşar
Səfərovla Polad çox yaxın dost olublar, biz bir yerdə
hərbi xidmət keçmişik. O da Poladla
döyüşən adamların tapılmasında çox
kömək etdi.
Hamı gedib Polad Həşimovun ailəsindən,
qardaşından, anasından müsahibə
almışdı. Düşündüm ki, daha bunları
ediblər, təkrar etməyin mənası yoxdur. Təbii ki, çəkilən hər bir filmdə
böyük əziyyət var, amma biz də belə film çəkmək
istədik.
-
Generalın dostları sizə informasiya verməkdə
maraqlı idilərmi?
-
Çox rahatlıqla informasiya verdilər, heç birində
problem olmadı. Çünki Polad elə bir
şəxsiyyətdir ki, kimə nə dedimsə, etdilər.
Günün ən qızmar çağında
Xocasən düzlərinə gəlirdilər və saatlarla
gözləyirdilər. Poladın çox
yaxın dostu var, ailə həkimi olub, özü
adının çəkilməsinə icazə vermir. Onun bu işlərdə çox əziyyəti oldu.
Atışma səhnələrində o şəxsən
gəlib avtomatı açıb boşaldırdı ki,
ehtiyatlı olsunlar, uşaqlar bir-birinə xətər yetirməsinlər.
Təbii ki, çəkilişdə təlimatçılar
var idi, amma o da zabit olduğu üçün təlimatçılara
kömək edirdi. Günün istisində bizə tərpənməyə
imkan vermirdi, naharı, şam yeməyini özü
hazırlayırdı. Poladı hətta
onu tanımayanlar da sevir. Bu da Azərbaycan
generalına, hərbiçisinə olan bir hörmətdir,
sevgidir. Əvvəllər deyirdilər ki,
rütbəsinə görə hörmət edirlər, amma
Polada özü olduğuna görə hörmət edirlər.
Hərbi hissə komandiri ola-ola özü əsgərlə
posta çıxırdı, əsgərin gücü
çatmadığı yükü özü
götürürdü. Bu məqamları
filmdə canlandırmağa çalışmışıq.
-
Maraqlıdır, niyə Poladın 7 anı?
- Biz filmdə
Poladın həyatını 7 ana bölmüşük. Onun uşaqlığı, orta məktəb
dövrü və kursantlığı, sonra Murov
döyüş bölgəsində hərbi xidməti. Daha sonra onun hərbi hissə komandiri kimi fəaliyyət
dövrü gəlir. Digər anında
2016-cı ilin aprel ayına qədər Daşkəsəndə
olan xidməti əhatə olunub. Poladın
altıncı anı Tovuzda gedən son döyüşü əks
olunub. Bütün film boyu poladdan bayraq dirəyi
düzəlir. Poladın yeddinci anında
isə oğlu Davud bayrağı yelləyərək
torpağa sancır. Poladın 7
anını bu qısa filmdə çatdırmağa
çalışdıq.
- Filmə
baxanların reaksiyası necədir?
- Yenə deyirəm, çox hörmət
etdiyim dostlar var, bəzi məqamları bəyənmir. Mən
onlara haqq qazandırıram. Belə
alındı. Amma geriyə dönsəm, filmə yenidən
başlasam, bir az da başqa cür edərdim. Çünki hər
görülən işə baxandan sonra görürsən ki,
o şeyi daha yaxşı etmək olardı. Allah deyilik ki,
yaratdığımıza ali varlıq deyək...
Müsavat.- 2020.- 29 avqust.- S.11.