Tövbə əslində nədir? Tövbəni hansı amillər şərtləndirir?

 

Bismilləhir-Rahmənir-Rahim!

 

Bəhsimiz həyatımız üçün çox önəmli olan bir mövzu haqqındadır. Bizim həyatımız üçün ən əhəmiyyətli mövzulardan biri - tövbə, özünəqayıdış, peşmançılıqdır. Əgər biz özümüzə gəlmək istəyiriksə, Allah bəyənən həyat tərzini yaşamaq istəyiriksə - hər şey tövbədən başlayır.

 

Təəssüflər olsun ki, hələ də tövbə anlayışı toplumlarda dini maarifin azlığı ilə əlaqədar olaraq, tam oturuşmayıb. Bəzən elə anlaşılır ki, tövbə yalnız içki, qumar və bu kimi böyük günahlarla bağlı olan məsələdir. Halbuki insan həyatının mühüm və ilk özünəqayıdış mövzularından biri - tövbədir. Tövbə - əslində insanın özünə, öz kimliyinə, Allah qatında ola biləcək öz həqiqətinə qayıdışdır.

 

Burada təbii sual yaranır ki, tövbədən sonra insan addım-addım təqvalılığa tərəf yönəlir, ya təqva özü - tövbənin müqəddiməsidir. Çox ciddi bir sualdır. Amma dərindən baxdıqda, görərik ki, insanın tövbə etməsi, özünəqayıdışı, mənfi əməllərdən peşman olması, insanın əməllərdə özünü dəyişdirməsi, özünü qaydaya salması ilə başlanır.

 

Tövbənin qapısı - təqvadır

 

Bu baxımdan İmam Həsən Müctəbanın (ə) bu buyuruşu çox böyük ibrətlərə malikdir. Həzrət (ə) buyurur: “Təqva - bütün tövbələrin qapısıdır”.

 

Həqiqi Allah rənginə boyanmaq üçün atılan addım və onun canından irəli gələn peşmançılıq - təqvadan qaynaqlanır. Mahiyyət etibarilə, bu, bizi düşünməyə gətirib çıxardır. Biz Allah rənginə boyanmalıyıq. Əgər biz Allah rənginə boyansaq, bu zaman tofiqatımız, fürsətimiz yaranar ki, özümüzə dönək, tövbəli halda olaq.

 

Toplumlarda da vəziyyət bu cürdür. Bir toplumun islah olunması, özünəqayıdışı - əslində İlahi rəngə boyanmaqdan, səmimi olaraq Allahdan istəməkdən qaynaqlanır. Baxın, indi Allah bizə nə qədər nemətlər əta edib. Bəzən xəyal edərdik ki, bir gün Şuşa azad olacaq. İnanmazdıq ki, tez bir zamanda Ağdam azad olacaq. Sözsüz ki, hər bir imanlı şəxsin qəlbində buna bir əminlik var idi ki, bir gün Şuşa, Ağdam azad olacaq. Amma bir neçə ay öncə bunu, yalnız arzu edə bilərdik. Görün Allah Təala nə qədər lütflər, inayətlər əta edib!

 

Bu nemətlərlə necə davranacağıq? Şuşa adına, Ağdam adına olan bu nemətlərlə necə rəftar edəcəyik? Bu şəhid qanlarının bərəkətinə azad olunan pak torpaqlarla necə davranacağıq?

 

Allahın rənginə boyanmaq - əslində bu nemətin şükrüdür. Çox ayıq, bəsirətli və tədbirli olmalıyıq. Bu torpaqların qayıdışı, dirilişi yalnız Allah rənginə boyanmaqla davamlı nəticələrə gətirib çıxarda bilər.

 

Tövbə nədən başlanır?

 

Tövbə nədən başlanır? Tövbənin mühüm mövzusu ondan başlanır ki, insan öz təkəbbürünü kənara qoyur. Tövbə ilk ondan başlanır ki, insan yanlış etməsinə ehtimal versin. Bütün müsibət və faciələr ondan başlayır ki, insan özünü hər vaxt, hər zaman və hər məsələdə haqlı bilir. Bu olan zaman, xüsusən tənqidi sözlər eşitmədiyi zamandan insanın büdrəmələri başlayır.

 

Böyük əxlaq ustadı Ayətullah Meşkini cənabları buyurardı ki, insan ilk öncə ehtimal verməlidir ki, yanlış edə bilər. Bu, çox ciddi məsələdir. İnsan səhv etdiyini ehtimal verməlidir.

 

Üçüncü şəxslə bağlı çox rahatdır ki, səhvlər etməsini araşdıraq. İnsan özü ilə bu diaqnostikanı, araşdırmanı aparmalıdır ki, bəlkə nəyisə səhv, yanlış edir. Tövbə buradan başlayır. Araşdırma və anlamaq cəhdi, səhv etmə ehtimalını vermə. Əgər bunu edərsə, Allahın lütfü və inayəti ilə səhvini görərsə - peşmançılığı yaranar.

 

Yalnız emosiya ilə deyil, şüurlu və dərkli, bunun yanında da təqva ruhiyyəsində olması, özünü Allah hüzurunda hiss etməsi, düzəlmək istəməsi - insanı həqiqi tövbəyə aparar. Tövbə - insanın iradəvi olaraq düzəlmək istəməsi, özünə qayıtmaq istəməsidir. Məhz o tövbə qəbul olar. O tövbəkardır ki, mələklər qarşısında baş əyər.

 

Allah bütün peşman olan bəndələrini müjdələyir

 

Allah Təala “Zumər” surəsinin 53-cü ayəsində İslam Peyğəmbərinə (s) buyurur: “De: "Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!”

 

Allah Təala mərhəmət, məhəbbət, sevgi dolu mesajını çatdırır. Rəbbimiz buyurur ki, o bəndələrim ki, peşman olublar, səhv etdiklərinin fərqinə varırlar və indi bu vəziyyətlərinə görə peşmançılıq durumundadırlar - bağışlanma ilə müjdələnirlər.

 

Rəbbimiz bəyan edir ki, bu cür şəxslər Onun rəhmətindən məyus olmasınlar. Həqiqətən Allah Təala büsbütün günahları əhatə edərək bağışlayır. Çünki, Rəbbimiz ən çox bağışlayan və ən çox rəhimdir.

 

Ayənin ünvanı - peşman olmuş günahkarlardır. Bir var ki, insan günah edər, amma deyər ki, yaxşı etmişəm. Adamlar da var ki, elə düz yolu gedərkən də, Allah yanında təvazö, xuzu və xuşuları, müqəddəs xofları var. Hətta düz etdiklərini də belə Allaha ünvanlanaraq deyərlər ki, bilmirik düz etmişik, yoxsa yanlış etmişik. Məhz belə kəslərdir ki, Allah onları naümid olmamağa çağırır. Kərbəla səhnəsində cənab Hürr belələrindən idi. Əgər belələrindən olmasaydı, qayıda bilməzdi. Ayə peşman olmuş kəslərə bir İlahi müjdədir.

 

Bu ayənin bütün kəlmələrində Allahın lütf və mehribanlığı ali və aydın şəkildə özünü göstərir. Allah insanı öz müxatəbi seçir, bütün insanlara “bəndələrim” deyərək müraciət edir. Hətta bütün həddini aşmış, günah etmiş insanlara “Mənim bəndələrim” deyərək müraciət edir. Müfəssirlər bildirirlər ki, Allah Təala Özü bunu deyir. Yaradanın ən cami adından xitab edərək, “Allahın rəhmətindən ümidsiz olmayın” ibarəsini seçir. Yəni burada Allah sonsuz mərhəmətini bəyan edir.

 

Allahın mərhəmət və bağışlamağı - davamlı bir prosesdir. Allah davamlı olaraq peşman olan bəndələrin günahların bağışlayır. Təfsirdən anlaşılır ki, Allahın mərhəməti istisnasız olaraq bütün günahları əhatə edir. Amma ardınca “hamısı” ibarəsini də işlədir. Yəni Allah insana çatdırmaq istəyir ki, birdən şəkkin qalar ki, hamısı bağışlanır, ya yox - rahat ol ki, bütün günahların hamısı bağışlanır. Çünki Rəbbimiz çox bağışlayan və rəhimdir.

 

Rəhim də çox maraqlı mövzudur. Allah rəhmandır - bütün bəndələrinə qarşı mərhəmətlidir. Amma o bəndələr ki, iradə ilə, şüurla, seçimlə ləyaqət əldə edərlər - rəhimlilik onlara şamil olunar. Tövbəkar iradəvi, şüurlu halda bu yola gəlir və Allahın xüsusi rəhmətindən, rəhimiyyətindən bəhrə aparır. Xoş olsun o hala gəlib çatanların halına.

 

Tövbə xüsusi ədəblə yerinə yetirilməlidir

 

Biz Allaha tövbə edərkən, bunu müvafiq ədəbə uyğun şəkildə istəməliyik. Biz bilməli və əmin olmalıyıq ki, etdiyimiz səhv və xətalara görə bizi yalnız Rəbbimiz bağışlaya bilər. İmam Hüseynin (ə) Ərəfə günündə etdiyi “Ərəfə” duasında bu barədə çox incə bir buyuruş var. Əziz İmam (ə) Allaha münacat edərək buyurur: “Allahım, bağışla mənim o günahlarımı ki, Səndən başqa onu bağışlaya bilən yoxdur”.

 

Biz günahkar bəndələr - əllərimiz boş və günahlarımızla dolu bir şəkildə özümüzü Rəbbimizin hüzurunda hiss etməliyik. Günahlar etmişik ki, dualarımıza mane olur, nemətlərin aradan getməsinə səbəb olur. Günahlar etmişik ki, onlar bizim ruhiyyəmizi, qəlbimizi diri haldan ölü hala gətirib çıxardır. Günahlar etmişik ki, əslində özümüzə cürbəcür cəzaları, əzabları yaxınlaşdırmışıq. Günahlar etmişik ki, bəlalar nazil olur. Günahlar etmişik ki, bizim üçün göndərilən ruzilərdən məhrum olmuşuq. Günahlar etmişik ki, ismət pərdəmiz yırtılıb. Biz Allahdan məhz bu cür istəməliyik ki, günahlarımızın bağışlanmasını istəyəcək başqa ünvanımız yoxdur.

 

Həmin duada tövbənin başqa bir ədəb qaydası da bizlərə öyrədilir. Duada buyurulur: “Allahım, Səndən elə bir rəca halı istəyirik ki, Səndən başqasına yönəlməyək”. Allahdan bunun üçün təyyibə, pak həyat istəməliyik. Əgər pak həyatımız olsa, Allahdan başqa heç bir ünvana yönəlmərik. Səhvlər etdiyimiz zaman da məhz Onun qapısına gedər, yalnız ona rəca, ümid edib, yalnız Ondan istəyərik.

 

Pak həyat odur ki, fərdi həyatımız, ailə həyatımız, ictimai həyatımız, ticari həyatımız pak olsun. Əgər bir insanın fərdi həyatı pak olsa, əgər ailələrdə abuhava pak olsa, əgər toplumda abuhava pak olsa, əgər hər bir şəxs öz öz işini pak halda yerinə yetirsə, o zaman hər şey yerinə düşər. Əgər pak bir toplumda yaşamaq istəyirsə, əvvəl gərək pak abuvanaı öz daxilimizdə, ailəmizdə yaradaq, mühitə də ötürücü olaq. İnsan bir ömr yaşamalı, pak halda, Allah bəyənən halda bu dünyadan getməyi istəməlidir.

 

Özümüzü tövbədən kənarda görməyək

 

Tövbə mövzusuna toxunarkən, Kərbəla müsibətini yada salmaya bilmirik. Belə ki, Kərbəla müsibətini doğuran, ərsəyə gətirən amil - məhz tövbə etməyərək, günah edən, günahında israrlı olan bir toplumun durumu idi.

 

Aşuranın xeyli böyük dəyər yüklü  mövzuları var ki, onlardan biri də tövbə fenomendir. Onlardan peşman olmuş cənab Hürrün tövbəsini göstərmək olar.

 

Cəmiyyətimizdə tövbə ilə bağlı yanlış stereotiplər var. Quran məntiqi bizə deyir ki, möminlər özlərini tövbə məsələsindən kənarda təsəvvür etməməlidirlər. Yəni tövbə heç də yalnız namaz qılmayanlar və ya digərləri üçün deyil. Tövbəli durum həm də möminlərə aiddir. Möminlər günahdan, xətadan,  yanlışlıqlardan xali deyillər. Bu baş verdikdə, tövbə edərək yenidən Allaha tərəf qayıtmaq lazımdır.

 

Biz gərək daxilimizə, daxilimizdəki Kərbəlalara nəzər salaq. Əba Əbdullah (ə) və karvanı bu qədər yol qət edərək, Kərbəya gəlib şəhadətə yetmədilər ki, İslam sloqan olaraq, şüar olaraq qalsın. Onlar şəhid oldular ki, İslam, İslam olaraq qalsın və yaşasın.

 

Zühur xəbəri

 

Həzrət Peyğəmbər (s) İmam Hüseynə (ə) zühurla bağlı xəbər vermişdir. Son İmama (ə.f) qədər bütün İmamlar (ə) eyni nur olduqları üçün, hər biri öz dövründə eyni vəzifəyə riayət etmişdir. Əba Əbdullah (ə) buyurur ki, mən Allahın Rəsulundan (ə) eşitmişəm ki, Qiyamətə 1 gün də qalsa, zühur baş verəcəkdir.

 

Bu, bizim dövrə də aiddir. Bir adam həqiqi müntəzir olsa, Mövlanın (ə.f) həqiqi intizarçısı olsa - həyatın bütün əziyyətlərinə dözümlü olar, bütün əziyyətlərdən şərəflə çıxar.

 

Nəql olunur ki, Zəmanə Sahibinin (ə.f) öz dönəmindəki cahiliyyə, Həzrət Peyğəmbərin (s) dövründəki ilk cahiliyyədən daha qatı cahiliyyə, daha qəliz cahiliyyə olacaqdır. İkinci cahiliyyə birincidən daha mürəkkəbdir.  Birininci dövrün cahiliyyəsi canlı deyildi, aradan gedən idi, amma ikinci dövrün cahiliyyəsi təşkilatlanmış, sistemli və daha əhatəli cahiliyyədir.  Axirəz-zaman dövrünün cahiliyyəsinin bütləri diridir. Onların canlı nümunələri kimi dövrümüzdə İŞİD  sionizm kimilərini göstərmək olar.

 

İnşəallah, Allah bizlərə bu növ cahiliyyədən də qalib çıxmamımızı əta eləsin.

 

İmtina fəlsəfəsi

 

Dünya tarixində çoxsaylı qəhrəmanlıqlar olub. Bu qəhrəmanlıqların heç biri hər il və bu cür yüzmilyonlar tərəfindən yaşadılmır. Kərbəla hadisəsi - bəşər tarixində nəhəng yer tutan vücudi hadisələrdəndir. Ona görə də, əsrlərdir yaşanır.

 

Həzrət Adəmdən (ə) başlayaraq, bir çox peyğəmbərlərlə (ə) bağlı bəşəriyyət xüsusi hadisələri xatırlayır. Bu hadisələrin hamısı insanların daxilindəki ruhiyyə ilə bağlı olan məsələlərdir. İmam Hüseynin (ə) Aşura məktəbinin bu cür yaşanmasının əsas səbəbi budur ki, bu hərəkatın ali hədəfi fövqəl dərəcədə mübarək olub və özündən əvvəlki bütün mübarək hərəkatların nöqtəsini qoyub.

 

Aşuranın ilk və ən zəruri hədəfi - İslamın din olaraq əhyası, diri saxlanmasıdır. İslam dininin diri olaraq mövcudiyyətini sığortalamaqdır. Kərbəla məktəbini hər mənada dəyərləndirən mütəxəssislər bu fikirdədirlər ki, Aşura - o fenomenlərdəndir ki, onun bir neçə mahiyyəti, qatı, mövzusu var. Bu ən önəmli mövzulardan da biri - imtinadır. İmtina fəlsəfəsi - Kərbəla məktəbinin aparıcı dərslərindəndir. Əba Əbdullah (ə) ilk dəfə Yezidə (lən) beyət etməkdən imtina etməklə, bəşəriyyətə imtina dərsi keçir.

 

Bu gün Aşura yaşadanlar baxmalıdır ki, bu məktəbdən imtina dərsini götürə bilir, ya yox. Bir var ki, biz tarixdən danışaq, bildirək ki, Əba Əbdullah (ə) imtina etdi və bununla da mövzu bitsin. Bir də var ki, biz bəyan edirik ki, Əba Əbdullah (ə) öz imtinası ilə bəşəriyyətə imtina dərsi keçdi. Gərək biz baxaq ki, nəfsi istəklərimizin müqabilində, toplumun yeritdiyi ucuz, bayağı məsələlərinin müqabilində, Allaha aparmayan hər bir mövzunun müqabilində imtina edə bilirikmi? Əgər bunu düşünsək, Aşuranı günümüzdə yaşatmış olarıq.

 

İmam Hüseynin (ə) Mədinədən başlayaraq Məkkəyə, oradan isə Kərbəlaya doğru gəldiyi yolda, bütün Kərbəla hadisələrinin hamısında başdan-ayağa pis işlərdən çəkindirmə və yaxşı işlərə dəvət görəcəyik. Həzrət İmam Hüseyn (ə), öz hərəkatının qayələrindən biri kimi bunu bəyan edir.

 

Əba Əbdullahın (ə) hərəkatının üçüncü hədəfi - ümmətin islahı və fəsadla mübarizə idi. Ümmət bir neçə on ilə o vəziyyətə çatır ki, öz İslami kimliyini itirib. Topluma fəsad daxil olub. İndi bir zaman gəlib çatıb ki, Əba Əbdullah (ə) bu məktəbi yaratmaqla ümməti İslami baxımından sığortalayır.

 

Bu məktəb boyunca müşahidə etdiyimiz dördüncü aparıcı xətt - İmam Hüseynin (ə) bir İlahi İmam (ə) kimi üzərinə gələn vəzifədir. Kufəlilərin məktublarından sonra Əba Əbdullahın (ə) üzərinə İlahi imamət və vilayəti əməli şəkildə yaşatmaq və İslam quruluşunu bərqərar etmək vəzifəsi gəlir.

 

Allah Təala bizlərə bu mətləbləri dərk etmək tofiqatı nəsib etsin!

 

Allahım, bizlərə həqiqi tövbə ruhiyyəsini inayət et!

 

Allahım, bizləri özünə qayıtmışlardan qərar ver!

 

Allahım, aqibətlərimizi xeyirli et! Amin!

 

Yeni Müsavat .- 2020 .- 27 noyabr -. S.15.