Bu millət torpağını, Vətənini nə qədər sevirmiş...”

 

 

Üç oğlu ilə birgə vuruşmuş əfsanəvi döyüşçü Hacı Əkbər Rüstəmov: “Artıq yaşayıram, bu neçə illəri yaşamırdım, artıq ordumuzun bu qüdrətə sahib olmasına görə Prezidentə təşəkkür edirəm”

 

Son günlər davam edən aramsız döyüşlər, Vətən müharibəsində qəhrəmanlıq göstərən müzəffər ordumuz bizə 30 il əvvəlin qanlı savaşını xatırladır. Yaddaş tarixinə adları qızıl hərflərlə yazılan minlərlə qəhrəmanlarımız bu gün hərbçilərimiz üçün bir döyüş simvoluna çevrilib.

 

Azərbaycan torpaqları uğrunda vuruşmuş, Qarabağ torpaqlarının düşməndən müdafiəsində oğlunu şəhid vermiş Hacı Əkbər Rüstəmov da məhz o döyüşçülərdəndir...

 

Ya oğlun, ya şagirdin...

 

“O, batalyon yaratdı, öz şagirdlərini və oğullarını götürüb, Ağdamda könüllü olaraq döyüşə getdi, kişi kimi də axıra qədər döyüşdü.

 

Döyüşdə bir tərəfdə oğlu Sənan güllə yağışının altında, digər tərəfdə də şagirdi yaralanır. Komandirin qarşısında iki seçim var, ya gedib oğlunu, ya da şagirdini ölümdən xilas edə bilərdi. Əkbər müəllim şagirdini güllələr altından çıxarmağa qərar verir. Xilas etdiyi şagirdi yaşayır, amma oğlu Sənan həlak olur..."

 

Yeni Müsavata bu xatirəsini bölüşən, Hacı Əkbər Rüstəmovun yaxın dostu, millət vəkili Aqil Abbas onun polad ürəyə sahib olduğunu deyib: “Əkbər müəllimi təxminın 53 ildir ki, tanıyıram. 8-ci sinifdə oxuyurdum. Ermənilərlə dava düşmüşdü. Hələ onda ermənilərlə müharibə olmamışdı. Əkbər müəllim təkbaşına 5-6 ermənini bir anda döydü. O gündən sonra onunla dostluğumuz başladı.

 

 

 

Sonralar Ağdamda 50 nömrəli məktəbdə güləş müəllimi kimi çalışırdı.

 

Qeyri-adi hünərə malik insandır. Ağdamda müəllim kimi işləyəndə 26 yaşı var idi, hamı onu görəndəƏkbər müəllim”, deyib ayağa dururdu. İnsanlığına, mərdliyinə görə hörmət qazanmışdı. Əkbər müəllim həm stadion, həm 50 nömrəli məktəbdə böyük zal tikmişdi. Ağdamın neçə davakar uşaqları vardısa, hamısını ora cəlb eləmişdi, həmin uşaqları davadan uzaqlaşdırmışdı. Onlara güləş, futbol oynamağı öyrədirdi. Belə bir insan idi. Sözün böyük hərfi ilə müəllim idi".

 

Yada salaq ki, Əkbər Rüstəmov Azərbaycan Respublikasının Bədən tərbiyəsi və idman işçisi fəxri adına layiq görülüb. Əkbər müəllim 1988-ci ildən Milli-Azadlıq Hərəkatına qoşulub.

 

AXC-nin yerli təşkilatının fəallarından olub. Daha sonra könüllü özünümüdafiə taboruna yazılıb. 845 saylı hərbi hissənin 4-cü bölüyünün komandiri kimi döyüşlərdə iştirak edib. Ə.Rüstəmovla yanaşı, oğlanları Sarvan, Sənan və Kənan da Qarabağ uğrunda gedən döyüşlərə qatılıb. Dəfələrlə ölümlə üzə-üzə qalan Əkbər Rüstəmov oğlu Kənanla birlikdə Xocalı soyqırımı törədilən gecə yüzlərlə dinc sakinin erməni vəhşiliyindən qurtarılmasında iştirak edib.

 

1992-ci il may ayının 15-də Ağdamın Abdal-Gulablı kəndi uğrunda gedən döyüşlərdə oğlu, qəhrəman kəşfiyyatçı Sənan Rüstəmov şəhid olub.

 

 

 

Şəhidlik zirvəsinə ucalan Sənan...

 

Sənan Rüstəmov 1988-ci ilin fevral ayından başlayan Milli Azadlıq Hərəkatına qoşulur və hamı kimi o da gecələr ermənilərlə qonşu kəndlərimizdə keşik çəkir. Sənan 1991-ci ilin may ayında həqiqi hərbi xidmətə çağırılır və hərbi xidmətini Qusar rayonunda davam etdirir. Qarabağda ermənilərin fəallaşmasından, kəndlərimizə daim quldurcasına hücumlardan narahat olan Sənan rus ordusunda xidmətdən imtina edərək 60 nəfər əsgərlə Bakıya - Müdafiə Nazirliyinə gəlir və Qarabağda xidmət göstərmək, Vətəni qorumaq niyyətində olduqlarını bildirirlər. Üç gün ərzində müraciətlərinə cavab ala bilmədikdə, Sənan 17 nəfərlə birlikdə Ağdamda - Xaçınstroyda yerləşən Şirin Mirzəyevin batalyonuna gələrək orada xidmətini davam etdirir.

 

O, 1992-ci ilin mart ayında Malıbəyli-Quşçular kəndləri istiqamətindən, döyüş dostları ilə birlikdə düşmən qüvvələrinin arxasına keçərək hərbi hissədən hərbi əhəmiyyətli xəritəni götürərək arxaya qayıdırlar. 1992-ci il 4 aprel tarixdə Şirin Mirzəyev onu III batalyonun II rotasına komandir təyin edir. Sənan Rüstəmov 9-11 may Daşbaşı istiqamətində, yüksəklikdə yerləşən düşmənin postunu susdurmaq əmri alır bu əmri məharətlə yerinə yetirərək düşmənin iki atəş nöqtəsini zərərsizləşdirərək 7 avtomat, 1 ədəd rabitə aparatını qənimət götürür. Sənan Rüstəmov Ağdərə rayonunun Sırxavənd, Qazançı, Kiçan, Canyataq, Gülyataq döyüşlərində mərdliklə vuruşub. O, Əsgəran rayonunun Aranzəmin, Pircamal, Naxçıvanik, Ağbulaq, Dəhraz kəndlərində gedən döyüşlərdə düşmənə ağır zərbələr vurub. 15 may 1992-ci ildə düşmən Abdal-Gülablı kəndlərini ələ keçirir. Şirin Mirzəyev düşmən qüvvələrini kənddən çıxarmaq əmri verir, Sənan Rüstəmov öz dəstəsi ilə düşmənə qarşı hücuma keçir. Şiddətli döyüş zamanı havadan döyüşə dəstək verən, Azərbaycan hərbi qüvvələrinə aid SU-25 vertolyotu düşmən tərəfindən vurulur, paraşütlə tullanan pilotlar düşmən nəzarətində olan əraziyə enirlər. Sənan pilota kömək etmək üçün irəli atılır, qeyri-bərabər döyüşdə düşmən qüvvələrini məhv edərək, əsir götürülmüş polkovnik-leytenant Şuvaryovu xilas edir öz mövqelərinə gətirir. Məlum olur ki, pilotun sənədləri düşməndə qalıb. Sənan tərəddüd etmədən geri qayıdır. Düşmənlə üz-üzə gəlir, bu döyüşdə qalib gəlir Şuvaryovun sənədlərini götürüb qayıdarkən daha iki pilotun əsir aparıldığın görərək onları xilas etmək üçün döyüşə atılır. Lakin düşmən qüvvəsi çox olduğundan onları xilas edə bilmir. Bu, Sənanın son döyüşü olur...

 

 

 

“Bu neçə illəri yaşamırdım”...

 

Bizimlə söhbətdə oğlu haqqında çox danışmaq istəməyən Hacı Əkbər Rüstəmov dedi ki, torpaq uğrunda həlak olan bütün şəhidləri öz övladı sanır: “Şəhidlər millətimizin əmanətidir, millətimizin qürur yeridir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əsas da odur ki, bu gün torpaqlarımız işğaldan azad olduqca, şəhidlərimizin qisası alınır, onların qanı yerdə qalmır”.

 

Keçmiş komandir hazırda insanların, döyüşçülərin yüksək əhval-ruhiyyədə olmasından qürur duyur:

 

Artıq yaşayıram, bu neçə illəri yaşamırdım, artıq Ordumuzun bu qüdrətə sahib olmasına görə Prezidentə təşəkkür edirəm. Allah Ordumuza qələbəmizi göstərməyi qismət eləsin. Mən özümü əsgər bilirəm. Düzdür, getdim, müraciət etdim, amma yaşım çox olduğuna görə götürmədilər. Üç oğlumla döyüşmüş biri kimi yenə özümü orada hiss edirəm. Nəhayət, Vətən müharibəsi ifadəsini səsləndirirlər, əvvəllər Qarabağ müharibəsi deyirdilər, uzun illər buna görə mübarizə aparırdım ki, bu Vətən müharibəsidir. Bu hadisələr hansı rayonda olursa-olsun, Vətən müharibəsi adlandırılmalıdır.

 

Bu yaxınlarda rayona getmişdim, Bakıdan çıxanda yolboyu insanlar sevinc hissi, sovqatlarla, bayraqlarla əsgərlərin yolunu gözləyirdilər. Sözün açığı, çox kövrəldim. Sevincimdən kövrəldim. Bu millət qədər bu torpağı, bu vətəni sevirmiş. Bu indi üzə çıxdı. Elə bil 1988-ci ili yenidən yaşadım. O vaxtlar da insanlar belə həyəcanlı, belə sevincli idi. Könüllü olaraq müharibəyə gedirdilər. Bu gün belədir, bizim millət doğrudan da qüdrətlidir.

 

Bu gün Ordunun taktikası, gedişi var. Komandirlər ağıllı hərəkət edirlər. O vaxt top-tüfənglə vuruşurduq. Indi müasir tipli silahlar var. Düşməni uzaq məsafədən məhv edir. Ordumuza kömək etməyə bu gün hazıram. Ordumuzun hər bir işinə yararlıyamsa, gücüm çatdığını eləməyə hazıram. Yenə ailəliklə getməyə hazırıq..."

 

 

 

Sənanın davamçısı...

 

Ə.Rüstəmov artıq nəvələrinin vətənpərvər ruhda böyüdüklərini müharibəyə getmək istədiklərini deyib: “Nəvələrim institutda oxuyurlar. Onlar da döyüşə hazırdılar. Bir nəvəm əsgərlikdən yenicə gəlib, Naxçıvanda idi.

 

Bir nəvəm universitetdə 3-cü kursda oxuyur. Adını da şəhid oğlumun adını, Sənan qoymuşuq. Hər il nəvələrimi səngərə aparıb, o tərəfləri göstərirəm, torpaqlarımız haqqında danışıram. Bir dəfə kənddən çıxanda Sənan soruşdu: “Baba, hara gedirik, Ağdama getmirik? Mən bu Ağdamı yox, o Ağdamı istəyirəm”. Videoda gördüyü Ağdamı istədi məndən..."

 

Ə. Rüstəmov nəvəsi Sənanın şəhid oğlu ilə oxşar cəhətlərindən danışıb: “2-ci sinifdə oxuyurdu, gördüm stolun üstünə isə atdı, qaçıb gizləndi. Gəlinim dedi ki, şeir yazıb:

 

Vətənimi sevəcəm,

 

Əsgərliyə gedəcəm,

 

Yurd qədrini biləcəm,

 

Mənim Əkbər babam kimi.

 

Bütün cəhətləri Sənanıma oxşayır, ağlı, savadı, dünyagörüşü, vətən sevgisinə görə. Nəvələrimin hamısı elədir. Balaca oğlum İsveçdədir, oğlu İsmayıl gimnastdır, orada kubok qazanıb, zəng edib ki, gəlirəm döyüşməyə. Hələ 15 yaşı var, uşaq olsa da, belə ruhda böyüyüb. Mən vətənini, yurdunu sevən insanları sevirəm. Vətən duyğusu daxildən gəlməlidir, məcburi olmamalıdır".

 

 

Afaq Mirayiq

 

Yeni Müsavat.- 2020.- 8 oktyabr.- S.11.