Zeynalabdin Tağıyevin yaxşılığını unutmayan Pakistan

 

Xeyriyyəçinin etdiyi jest tarix dərsliklərinə də daxil edilib

 

Pakistanın Azərbaycandakı səfiri Bilal Hai Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən “Pakistan bu gün” seminarı zamanı  ölkəsinin Ermənistanla bundan sonra hansı halda münasibətlərinin qurulmasının mümkün olduğu barədə şərti açıqlayıb. Səfir bildirib ki, Pakistan Ermənistanı dövlət kimi tanımır və bu da onların Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədardır.

 

Səfir fikirlərinin davamı olaraq bəyan edib ki, Azərbaycanla Ermənistan arasında həll olunmamış məsələ qalmazsa, Pakistan gələcəkdə o dövlətlə də  münasibətləri normallaşdırmağa hazırdır.

 

Qeyd edək ki, dost Pakistan dövlətinin və xalqının Azərbaycana hər zaman dəstək verməsi heç kimə sirr deyil.

 

Pakistan Azərbaycanın müstəqilliyini Türkiyədən sonra ikinci tanıyan ölkədir. Azərbaycanın müstəqilliyi Pakistan tərəfindən 1991-ci il dekabrın 12-də tanınıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 9-da qurulub.

 

Bundan az sonra Bakıda Pakistanın, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılıb. Pakistan həmçinin Azərbaycanda səfirliyini açan ilk ölkələr sırasındadır. 1993-cü il aprelin 30-da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib.

 

 

 

Ümumiyyətlə, Pakistan İslam Respublikası 1992-1993-cü ilin əvvəllərində Azərbaycana 1 milyon dollar həcmində yardım etmişdi.

 

BMT Təhlükəsizlik Şurasında Dağlıq Qarabağ münaqişəsi üzrə qətnamələrin qəbul olunmasında mühüm rol oynayıb. Azərbaycanı bütün beynəlxalq forumlarda, xüsusilə İƏT-də dəstəkləyib. Pakistan həmçinin Dağlıq Qarabağ münaqişəsi üzrə İƏT təmas qrupunun üzvüdür. Pakistan Dağlıq Qarabağı və ətraf əraziləri işğal etdiyinə görə Ermənistanı bir dövlət kimi tanımayan yeganə ölkədir. Pakistan müxtəlif mülki və hərbi sahələrdə peşəkar kursların təşkil olunmasını təklif edir və hazırda da təklif etməkdədir. Pakistan Senatının Xarici İşlər Komitəsi 2012-ci il fevralın 1-də Xocalı soyqırımını tanıyıb. Diplomatik anklavda Pakistan Azərbaycana İslamabadda böyük bir torpaq sahəsi verib ki, orada öz səfirliyini inşa etdirsin. Pakistan Azərbaycanın müxtəlif beynəlxalq təşkilat və institutlarda namizədliyini dəstəkləyir.

 

Pakistan xalqını ÖLÜMDƏN QURTARAN azərbaycanlı

 

1995-ci ilin oktyabrında Pakistan prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə olub. Səfər yüksək səviyyədə keçibiki ölkə arasında bir sıra sənədlər, o cümlədən Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol imzalanıb, “Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında müqavilə” bağlanıb.

 

9 aprel 1996-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistanda rəsmi səfərdə olub. İki ölkə arasında münasibətlərin inkişafına xüsusi təkan verən bu görüşdə 9 sənəd imzalanıb. Azərbaycan və Pakistan prezidentləri  Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-brilərini dəstəklədiklərini bəyan ediblər.

 

Pakistan dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib. Ermənistanı bir təcavüzkar kimi ittiham edib. BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilərkən Pakistanın nümayəndəsi Azərbaycana çox ədalətli münasibət göstərib və yardım edib.

 

Azərbaycanla Pakistan arasında dostluq münasibətlərinə Prezident İlham Əliyev də hakimiyyətə gəldiyi ilk vaxtlardan xüsusi önəm verib, diqqətlə yanaşıb. Bu müddətdə Pakistanla münasibətlərdə xüsusilə ciddi irıliləyiş müşahidə olunub. 2015-ci ildə ölkələrimiz arasında Strateji əməkdaşlıq haqqında Bəyannamə imzalanıb.

 

Ötən il 44 günlük Vətən müharibəsində Pakistan Azərbaycana birmənalı yüksək siyasi, mənəvi dəstək verib. Nüvə dövləti olan Pakistan Azərbaycan istəyəcəyi halda hətta ordusu ilə ona dəstək verməyə hazır olduğunu bəyan edib.

 

Azərbaycan-Pakistan strateji dostluğunun tarixi kökləri, əlaqələrin daha dərin tarixi bağları var. Bu əlaqələrin əsasının qoyulması Azərbaycan xalqının böyük oğlu, tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Belə ki, dahi şəxsiyyətin Pakistan xalqına etdiyi yaxşılıq iki ölkə və xalq arasında qardaşlıq münasibəti yaradıb. XX əsrin əvvəllərində Pakistan ərazisi Britaniya müstəmləkəsi olanda yerli əhali arasında kütləvi pandemiya yayılıb. İnsanlar bu ağır xəstəlikdən kutləvi şəkildə dünyasını dəyişirdi. Həmin vaxt azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb indiki Pakistan ərazisinə göndərir. Bununla da pandemiyanın qarşısı alınır. Qədirbilən Pakistan xalqı 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu faktı tarix dərsliyinə daxil edir. Beləliklə, Pakistanda 1940-cı illərdən bu yana doğulmuş şəxslərin hamısı Azərbaycanı özlərinə doğma ölkə kimi tanıyır. Ona görə də bu gün də 200 milyonluq Pakistan xaqlı və dövləti Hacı Zeynalabdin Tagıyevin ruhuna dualar oxuyur.

 

Qeyd edək ki, indi də Azərbaycan tərəfdən xeyriyyəçilik ənənələri qorunub saxlanılır. Heydər Əliyev Fondunun xətti ilə Pakistanda zəlzələdən zərərçəkmiş məktəblər təmir edilibbir sıra humanitar aksiya həyata keçirilib. Hazırda da dərin tarixi olan dostluq münasibətləri yüksək səviyyədə davam etdirilir.

 

Etibar SEYİDAĞA,

Yeni Müsavat

 

Yeni Müsavat.- 2021.- 19 mart.- S.15.