Azərbaycana yenidən turist axını başlayıb - son statistika

 

Ən çox hansı ölkələrdən turist qəbul edirik?; Kənan Quluzadə: “Yanvar-oktyabr ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 606 min 253 nəfər olub”

Son vaxtlar Azərbaycana gələn turistlərin sayında xeyli artım var. Xüsusən də paytaxt Bakının mərkəzi küçələrində, meydanlarında tez-tez ərəb, avropalı, rus turistlərinə rast gəlmək olur. Məlumata görə, son günlərdə ölkəmizə hətta Macarıstan, Ruminiyadan da xeyli turistlər gəlib. Lakin daha çox ərəb turistlərinin çoxluq təşkil etdiyi deyilir.

 

Turistlərin ölkəmizə axın etməsini dolan hotellərdən, restoranlardan da görmək olur. Maraqlıdır, son vaxtlar daha çox turistin ölkəmizə cəlb olunması üçün dövlətin xüsusi proqramı varmı? Hazırda Azərbaycana daha çox hansı ölkələrdən turistlər gəlir? Pandemiya şəraitində dövlətimiz bu məsələni necə tənzimləyir?

 

Azərbaycan Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. O deyib ki, Azərbaycan iyun ayından etibarən hava sərhədlərini bir sıra ölkələr üçün açıb: “İlk növbədə Rusiya, Türkiyə üçün oldu, daha sonra artıq ölkələrin coğrafiyası genişləndi və hava yolu ilə 60-a yaxın ölkənin vətəndaşı Azərbaycana səfər etməyə başladı. Məlum olduğu kimi, səfərlər üçün də ”Covid pasportu", test və sairə tələb olunur. Qeyd edim ki, ölkələrin həm vətəndaşları, həm də rezidentləri gələ bilər".

 

Kənan Quluzadə bildirib ki, son aylarda Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur:

 

“Son ayların statistikası göstərir ki, Azərbaycana gələn xarici vətəndaşların sayında artım var. Oktyabr ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 90 min 973 nəfər olub ki, bu da ötən illə müqayisədə 167 faiz artım deməkdir. Ümumən yanvar-oktyabr ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 606 min 253 nəfər olub. Bu ötən illə müqayisədə 16 faiz azdır. Bu da ondan irəli gəlir ki, 2020-ci ilin yanvar-fevral aylarında sərhədlərimiz tam açıq idi, ölkəmiz xarici vətəndaşları qəbul edirdi, yəni pandemiya hələ başlamamışdı. Ona görə də yanvar-fevral aylarında Azərbaycan rekord sayda xarici vətəndaşlar gəlirdi. Hətta 2019-cu illə müqayisə edəndə təxminən 17-18 faiz artım olurdu”.

 

Kənan Quluzadə: Azərbaycan tezliklə sərhəddə 3 milyonuncu qonağını  qarşılayacaq -

 

Kənan Quluzadə

 

Kənan Quluzadə ölkəmizə daha çox hansı ölkələrdən turist gəldiyini də açıqlayıb:

 

“Azərbaycana gələn xarici vətəndaşların arasında top beşlikdə 28 min nəfərlə Rusiya, 22 min nəfərlə Türkiyə, 17 mindən çox nəfərlə İran, təxminən 5600 nəfərlə Gürcüstan, 1776 nəfərlə Birləşmiş Ərəb Əmirlikləri dayanır. İlk on beşlikdə isə 1664 nəfərlə Səudiyyə Ərəbistanı, Ukrayna, İsrail, Birləşmiş Krallıq, Özbəkistan, Qazaxıstan, Almaniya, Hindistan, ABŞ  və Pakistan gəlir. Gördüyünüz kimi, heç də körfəz  ölkələrindən gələnlərin sayı bir o qədər çox deyil. Deyim ki, bu il heç gözlənilmir ki, ölkəmizə gələnlərin sayı 2019-cu ilin statistikasına yaxınlaşsın. Xatırladım ki, 2019-cu ildə Azərbaycana gələn xarici vətəndaşların sayı təxminən 3 milyon 2 min nəfər olmuşdu. Düşünürük ki, bu statistikaya təxminən 2023-cü ildə yaxınlaşa biləcəyik. Təxminən 2025-ci ildə isə hətta 3 milyon 2 min sayını üstələyib, 4 milyona yaxınlaşacaq. Əlbəttə ki, proseslər pandemiyadan asılı olaraq qalır. Bildiyiniz kimi, indi yeni ştammlar ortaya çıxır. Hətta bəzi ölkələr sərhədlərini bağlayıb, hava sərhədlərini də bağlayıblar. Azərbaycanda bunun necə olacağı Operativ Qərargahın verdiyi qərarlardan və ümumi nəzarətdən asılı olacaq. Hər halda hazırda sərhədlərimiz açıqdır və biz düşünürük ki, açıq olduqca və coğrafiyası genişləndikcə Azərbaycana daha çox turist gələ biləcək”.

 

Azərbaycanda turist axını cüzi artıb | marja.az

 

Kənan Quluzadə dekabrın 15-dən etibarən qış turizminin rəmzi olaraq start götürüləcəyini də diqqətə çatdırıb:

 

“Biz düşünürük ki, necə ki, bu il boyu turizmdə çəkiyə daha çox daxili turizm malik idi, eləcə də qış mövsümündə daha çox turizm lokomotivi daxili turizmdə olacaq.

 

Qeyd edim ki, daxili turizm bu il Azərbaycanda yanvar ayından başlayıb və otellərin yüklənməsi onu göstərir ki, şənbə-bazar günləri, istirahət günləri, bayram vaxtı insanlar ölkəmizdə aktiv səfərlər, istirahət edirlər".

 

Azərbaycana turist axını - 2 Dəfədən Çox Azalıb - FED.az

 

Kənan Quluzadə turizm sektorunda xidmət məsələsinə də toxunub:

 

“Xidmət məsələsi elədir ki, hər zaman daha yaxşısını istəyirsən. Əlbəttə ki, xidmət səviyyəsinin artması müddət tələb edir. Çünki xidmət insandan asılıdır. İnsanın hazırlanması da çətin və uzun prosesdir. Məsələn, sərmayəni hansısa tikiliyə qoyanda o daha qısa müddətdə nəticə verir, nəinki insanın hazırlanması, kadr potensialının yüksəldilməsi. Dövlət Turizm Agentliyi bu sahədə o cümlədən sertifikatlaşma, təlim mərkəzinin yaradılması, onun fəaliyyəti məsələsi ilə bağlı bir sıra sistemli olaraq tədbirlər keçirir.

 

Xatırladım ki, tabeliyimizdə üç təhsil ocağı var, bunlar Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Peşə Məktəbi və Mingəçevir Kollecidir. Biz orada islahatlar aparmışıq, prosesləri dəyişmişik. Lakin qeyd etdiyim kimi, bu uzun prosesdir. Ümumi region üzrə götürsək, bizdə xidmət səviyyəsi aşağı deyil, hətta üstündür.

 

Birbaşa turistlərə xidmət, əsasən də regionlarda olan proseslər əlbəttə ki, bizim qarşımızda daha çox vəzifələr qoyur ki, bu problemi düzəldək. Məsələn, xidmət edən personal öz əmək fəaliyyətinə, peşəkar bir istiqamət kimi deyil, mövsümü və yaxud  müvəqqəti bir iş kimi baxır. Məsələn, ofisiantlar öz işlərinə ehtiyacdan doğan bir iş kimi baxırlar, nəinki  peşəkar bir fəaliyyət kimi. Əslində isə ofisiantlıq bir peşədir.

 

Yanvar-iyul aylarında Azərbaycana turist axını 7,4% artıb — «İnterfax» — Ən  son Azərbaycan, Gürcüstan və Ermənistan xəbərləri

 

Daha sonra mövsümi yanaşma məsələsi də var. Məsələn, regionlarda hansısa obyektlər yayda işləyir, qışda işləmir.  Ona görə də insanlar buna müvəqqəti iş yeri kimi baxır.

 

Beləliklə, bu böyük prosesdir. Azərbaycan turizm sənayesi gənc, yeni yaradılan bir istiqamətdir. Düşünürük ki, getdikcə özəl sektorun,  təhsil müəssisələrinin birgə fəaliyyəti nəticəsində bu istiqamətdə də daha da effektli irəliləyişlər olacaq".

 

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov da mövzu ilə bağlı danışıb. Ekspert qeyd edib: “Ola bilər ki, Macarıstandan və yaxud digər ölkələrdən də Azərbaycana turistlər gəlsin. Lakin bunu axın kimi qeyd etmək olmaz, ola bilər ki, 5-10 nəfər olsun və sairə.

 

Amma ölkəmizə turistlərin gəlməsi ilə bağlı bir sıra, o cümlədən pandemiya məsələsi var. Ümumiyyətlə, bu məsələ bir qədər qaranlıqdır. Çünki eşidirik ki, Avropada pandemiya yenidən baş qaldırıb, yeni ştammlar ortaya çıxır. Bu baxımdan yeni ştammların xarici ölkələrdən Azərbaycana gəlməsi qorxusu, riski var. Ona görə də bu məsələ dövlət tərəfindən  tənzimlənməlidir. İlk növbədə daha çox daxili turizmə diqqət etmək lazımdır. Qarşıdan qış mövsümü, yeni il gəlir. Daxili turizmi inkişaf etdirməklə mövcud olan boşluğu doldurmaq olar.

 

Baxmayaraq ki, mən turizmi təbliğ edirəm, amma istəmərəm ki, pandemiya vaxtı yoluxanların, yeni ştammların sayı artsın. Ona görə   turistlərin gəlməsinin digər tərəfini də düşünmək lazımdır. Gördüyünüz kimi, milyard yarım əhalisi olan Çində bu xəstəliyə necə ciddi yanaşırlar. Əgər istəyiriksə gələcəkdə ölkəmizə daha çox turist gəlsin, bu məsələyə ciddi yanaşmalıyıq. Bilirik ki, Avropada və digər ölkələrdə pandemiya yenidən baş qaldırıbsa bu, mütləq başqa ölkələrə də sirayət edəcək. Ona görə də qarşıda bizim ölkədə də mütləq məhdudiyyətlər olacaq.

 

Dünyadakı turizm işçiləri, mütəxəssislər, ekspertlər hələlik daxili turizmə daha çox önəm verdiyi halda biz daha çox xaricdən turist qəbul etməyə çalışırıq. Bəli, sərhədlərimiz açıqdır, lakin qeyd etdiyim kimi, bu məsələyə çox ciddi yanaşmaq lazımdır. İlk növbədə səhiyyə öz sözünü deməli, səsini qaldırmalıdır. Bir qədər məhdudiyyətlər olmalıdır ki, gələcəkdə daha yaxşı işləyə bilək".

 

Müzəffər Ağakərimov: Heç bir MDB ölkəsində turizmə dövlət tərəfindən bu  qədər diqqət və qayğı göstərilmir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

 

Müzəffər Ağakərimov

 

Müzəffər Ağakərimov də turizmdə xidmət məsələsinin hələlik qənaətbəxş, istənilən səviyyədə olmadığını diqqətə çatdırdı:

 

“Bunun üçün müəyyən zaman lazımdır. Lakin nəzərə almalıyıq ki, artıq 30 ildən çoxdur bir çox ölkələrlə əməkdaşlıq edirik. Həmin ölkələrdən görüb-götürmək lazımdır.

 

Ümumiyyətlə, turizm sektorunda uğurlu nəticələr əldə etmək üçün peşəkar turizm mütəxəssislərini işə cəlb etmək lazımdır ki, bu da hələlik yoxdur. Onlar  mütləq şəkildə turizm təhsili, treninqlər, təlimlər keçməlidirlər".

 

Xalidə GƏRAY,

Yeni Müsavat.- 2021.- 30 noyabr. S. 13.