İsmayıllıda maraqlı gün -
tarix yazan tarix müəllimləri...
“Zəfərdən yaşıl
düşüncəyə” aksiyası: aqronom sahəsində
dronlardan istifadə - mediatur təəssüratları
Oktyabrın 14-də Təhsil Nazirliyi tərəfindən
İsmayıllı rayonuna mediatur təşkil edilib. Mediatur çərçivəsində
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində
israilli mütəxəssislər tərəfindən
dronların idarə edilməsi ilə bağlı keçirilən
təlim prosesi ilə tanışlıq olub, 44 günlük Vətən
müharibəsində iştirak edən rayonun təhsil
işçiləri ilə görüş keçirilib.
Mediaturda rayon icra hakimiyyətinin
başçısi Nahid Bağırov, təhsil nazirinin
müavini Firudin Qurbanov, Peşə Təhsili üzrə
Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev, media
qurumlarının rəhbərləri də iştirak ediblər.
Mediatur iştirakçıları ilk öncə
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin
maddi-texniki bazası, yaradılmış şərait, ixtisas
otaqları ilə tanış olub, mərkəzdə “Dron idarəedilməsi
və dəqiq aqronomluq” üzrə təlimləri izləyiblər.
Dronların idarə olunması
üçün İsraildən İsmayıllıya mütəxəssis
gətirilib
Daha sonra təlim iştirakçıları tərəfindən
açıq sahədə dronların uçuşu həyata
keçirilib, drondan istifadə qaydaları, qarşıya
qoyulan məqsədlər barədə təqdimat edilib.
Bildirilib ki, təlimlər Peşə Təhsili üzrə
Dövlət Agentliyinin və “STEAM Azərbaycan” layihəsinin
təşkilatçılığı ilə İsraildən
olan mütəxəssis tərəfindən
keçirilir. Qeyd edilib ki, 10 və 30 litr su tutumu olan bu dronlar
dərmanlama, xəritələmə və torpağın tərkibinin
müəyyən edilməsi və gübrələrdən
istifadə olunması ilə bağlı məlumatların
toplanması işlərini görə bilir. Hazırda
İsmayıllıda təlimçilər hazırlanır, gələn
ildən peşə tədris mərkəzində dronların
idarə edilməsi üçün operatorların
hazırlanması üzrə pilot olaraq yeni ixtisasın
yaradılması nəzərdə tutulur. Bu dronlar süni
intellektlə idarə olunur, insan əməyindən 10 dəfə
üstündür, dəqiq aqronomluğu həyata
keçirir, bir hektar sahəni 10 dəqiqə ərzində dərmanlaya
bilir. Yaxın vaxtlarda kənd təsərrüfatı sahəsində
çalışan fermer və sahibkarlar bu dronların fəaliyyətindən
bəhrələnə biləcəklər. Bunun
üçün ölkəmizdə mütəxəssislər
hazırlanır.
Bundan əlavə, azərbaycanlı gənclər
bir neçə il əvvəl Türkiyədə dronların
idarə olunması təlimlərində iştirak ediblər.
Həmin gənclər hazırda ölkəmizdə təlimçi
kimi çalışırlar.
İsraildən xüsusi olaraq təlimlər
üçün Azərbaycana dəvət olunan Düdik
Kaufman dronların xeyli üstünlüyünün
olduğunu vurğulayıb:
“Dronların idarəolunmasını öyrənmək
prosesi o qədər də çətin deyil.
Dronların qiyməti ölçüsündən
asılıdır. Bu texnikanın minlərlə fəaliyyəti
var. Artıq 4 gündür ki, burdayam, düşünürəm
ki, azərbaycanlı təlimçilərin götürmə
bacarığı çox yüksəkdir və qısa
zamanda bütün prosesi öyrənəcəklər".
Həmçinin qeyd edilib ki, oktyabrın 19-dək
davam edəcək bu təlimlərə peşə təhsili
müəssisələrində çalışan və STEAM
dərslərini tədris edən, ümumilikdə, 15 müəllim
qatılıb. Bildirilib ki, kənd təsərrüfatı
dronları əkinçiliyin müxtəlif sahələrində
istifadə edilir. Bu texnologiyanın tətbiqi nəticəsində
işlərin sürəti və məhsuldarlıq faizi dəfələrlə
artırıla bilər.
“Zəfərdən yaşıl
düşüncəyə”
Mediatur
iştirakçıları səfər çərçivəsində
İsmayıllı şəhərinin mərkəzində
ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət
edib, önünə çiçəklər düzüblər.
İştirakçılar torpaqlarımızın
bütövlüyü uğrunda şəhid olan
İsmayıllının qəhrəman övladlarının
məzarlarını ziyarət edib, xatirələrini ehtiramla
anıblar.
Daha sonra Şəhidlər Xiyabanı, həmçinin
İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin
tarix müəllimi, şəhid Famil Əhmədzadənin məzarı
ziyarət edilib.
Sonra mediatur iştirakçıları şəhər
3 nömrəli məktəb liseydə birinci və ikinci
Qarabağ müharibələrində şəhid olan məktəbin
15 məzununun xatirəsinə tikilən guşəni ziyarət
ediblər. Burada məktəblilər Vətənə, şəhidlərə
həsir olunan şeirlər söyləyiblər. Təhsil Nazirliyi tərəfindən start verilən
və “Zəfər Günü”nə həsr edilən “Zəfərdən
yaşıl düşüncəyə” ağacəkmə
kampaniyası çərçivəsində şəhid
müəllim Famil Əhmədzadənin xatirəsinə onun
çalışdığı 3 nömrəli məktəb
liseyin həyətində ağac əkilib.
“Dərsliklərlə bağlı problem yoxdur”
- nazir müavini
İsmayıllı Rayon Mədəniyyət
Evində təhsil nazirinin müavini Firudin Qurbanov mediatur
iştirakçılarına son illər ölkəmizdə
peşə təhsilinin inkişafı istiqamətində
görülən işlər barədə ətraflı məlumat
verib.
Daha sona nazir müavini jurnalistlərin
suallarını cavablandırarkən dərsliklə
bağlı məsələyə də toxunub:
“Mən deməzdim ki, məktəblərdə
dərsliklər çatışmır. Təhsil Nazirliyinin dərsliklərlə
bağlı xüsusi planı var”.
Onun sözlərinə görə,
çapı yenidən tələb olunan dərsliklər
vaxtında çap edilir:
“Hansı dərsliklər yararsız vəziyyətə
düşərsə qanunvericiliyə əsasən onlar 3-4 ildən
sonra yenilənir. Bu istiqamətdə işlər daim davam
edir”.
Nazir müavini qeyd edib ki, dərsliklər
şagird sayına görə tirajlanır:
“Dərsliklərin hazırlanması ciddi
prosesdir. Çünki vəsaitlərin hazırlanması
üçün mütəxəssislərin rəyi nəzərə
alınır. Prosesdə həm ali təhsil müəssisəsi,
həm Dövlət İmtahan Mərkəzi, Azərbaycan Milli
Elmlər Akademiyası iştirak edir. Hər bir fənnə
aid dərsliklərin hazırlanmasnda həmin sahənin mütəxəssisləri
iştirak edir və nəticədə dərslik ciddi
ekspertizadan keçirilir”.
Vətən müharibəsində tarix yazan
müəllimlər
Sonra İsmayıllıda yerləşən Mədəniyyət
evində 44 günlük Vətən müharibəsində
iştirak edən müəllimlərlə və gənclərin
çağırışaqədərki hazırlıq fənni
müəllimləri ilə görüş keçirilib. Görüşdə qazi müəllimlərin Vətən
müharibəsində keçdiyi yoldan söz
açılıb, onların qayğılarının daim diqqətdə
qalması yönündə işlər görülməsi
müzakirə edilib, qazi müəllimlərin xatirələr
toplumunun yaradılması haqda təkliflər bildirilib.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi
başlayan gündən İsmayıllı rayonun xeyli sayda
müəllimi ön cəbhəyə yollanıb, ən qızğın
döyüşlərdə iştirak edib. Onların
arasında şəhid olanı da var. Bu, tanınmış
tarix müəllimi Famil Əhmədzadədir.
Görüşdə şəhid müəllim Famil Əhmədzadə
də daxil olmaqla bütün şəhidlərin xatirəsi 1
dəqiqəlik sükutla yad edilib.
44 günlük Vətən müharibəsi
iştirakçısı, İsmayıllı rayonu
Müdrü kəndi tam orta məktəbinin tarix müəllimi
Surət Şıxızadə keçdiyi döyüş
yolu haqda “Yeni Müsavat”a danışıb:
“Bu il ilk dəfə olaraq 9-cu sinif şagirdlərinə
Zəfər tarixini tədris etməyə
başlamışıq. Zəfəri yazan və onun tarixini tədris
edən də yenə də biz müəllimlərik. Bu
çox qürurvericidir”.
Ötən ilin sentyabrın 29-dan
döyüşlərə yollanıb, Ağdərə-Tərtər
istiqamətində gedən döyüşlərdə
iştirak edirdim. Bir tarix müəllimi olaraq çiyinlərimdə
məsuliyyətli bir yük var idi. Döyüşlərə
yollananda biz bilmirdik ki, qarşıda nələr olacaq.
Qarşımızda bir məqsəd var idi - işğal olunan
torpaqlarımız artıq azad olunmalıdır və nəhayət
ki, 30 illik ağrı acımızı yox etməli idik.
Çox şükür ki, biz bu arzumuza nail olduq.
Tərtərə qəhrəman şəhər
deyirlər. Orada olmaq hər
an mina mərmisi ilə
qarşılaşmaq demək idi. Lakin bu bizi
qorxutmurdu. Hər dəfə
dostlarımız şəhid olanda düşmənə nifrətimiz
daha da artırdı və biz daha da irəli gedirdik.
Bildiyiniz kimi bizim rayonumuzun ən çox
sayılıb-seçilən tarix müəllimi Famil Əhmədzadə
Vətən müharibəsində şəhid olub. Onun itkisi, həmçinin
gözümün qabağında əsgər
yoldaşlarımın şəhid olması çox
ağır idi. Lakin
torpaqlarımızın geri qayıtması, Zəfər
qazanmağımız bu ağrını qismən də olsa
azalda bildi".
Surət
Şıxızadə bildirib ki, arxa cəbhədə
müharibə bitsə də, tarix müəllimi kimi ön cəbhədə
mübarizəsi davam edir:
“Biz indi
daha məsuliyyətli şəkildə şagirdlərimizi
elinə-obasına bağlı şəxsiyyət kimi
yetişməyə çalışır və bu yolda əlimizdən
gələni edirik...
Müharibədən artıq geri
dönmüşdüm. Bir müddət sonra yenidən təhsilə
qayıtdım. Sinfə daxil olanda stolumun
üstündə bir kağıza rast gəldim.
Şagirdlərim mənim üçün belə bir məktub
yazmışdılar: “Müəllim sizin üçün
çox darıxmışıq”. Bu məni
çox təsirləndirdi və həmin kağızı hələ
də stolumun sürməsində saxlayıram".
45
yaşını qeyd edib döyüşlərə yollanan
şəhid müəllim il mərasimində
anıldı
Təhsil Nazirliyinin təşkil etdiyi mediatur çərçivəsində
nazirlik və media nümayəndələri şəhidimizin
şəhadətinin bir ilində onu anıblar.
Şəhid
müəllimin evində keçirilən il
mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov,
İsmayıllı rayon İH-nin başçısı Nahid
Bağırov, müxtəlif media təmsilçiləri
iştirak ediblər.
Şəhidin yaxınları qeyd edib ki, uzun müddət
3 saylı məktəb-liseyində tarix müəllimi işləyən
Famil Əhmədzadə həm də ictimai fəal,
torpağını hər şeydən üstün tutan vətən
övladı olub. O, ötən ilin sentyabrın 23-də 45
yaşını qeyd edib. Cəmi 4 gün sonra,
Vətən müharibəsi başlayan tarixdə cəbhəyə
yollanıb. Döyüşlərdə də
cəsurluq nümayiş etdirən Famil Əhmədzadə
oktyabrın 14-də şəhid olub.
Qeyd edək ki, Famil Əhmədzadə Vətən
müharibəsində şəhid olan 20 müəllimdən
biridir. O,
Prezidentin sərəncamı ilə
“Vətən uğrunda”, “Döyüşlərdə fərqlənməyə
görə” və “Suqovuşanın işğaldan azad
olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin
anası Sənubər Əhmədovanın sözlərinə
görə Famil Əhmədzadə 3 dildə sərbəst
danışırdı: “Çox savadlı müəllim idi. Həm məktəbi, həm də universiteti əla
qiymətlərlə, qırmızı diploma bitirmişdi.
Özünün çox sayda əlyazmaları
var idi. Müharibəyə gedəndə həmin
əlyazmaları da özü ilə aparmışdı.
Çox istərdik ki, həmin əlyazmaları
toparlayaq. Lakin təəssüf ki, onlarən
hamısı müharibədə itdi”.
Təhsil nazirinin müavini Firudin Qurbanov Famil Əhmədzadənin
çox dəyərli müəllim olduğunu deyib. Nazir
müavini təklif edib ki, F.Əhmədzadə barəsində
kitab çap olunsun.
Nazirliyin
mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bu təklifin
çox təqdiredici olduğunu deyib: “Bu, çox
yaxşı təklifdir. Ümumiyyətlə, belə bir
fikirimiz var ki, 44 günlük vətən müharibəsində
şəhid olan 20 müəllimimiz barədə və eyni
zamanda qazi müəllimlərin xatirələrindən ibarət
yaxın vaxtlarda kitab çap etdirək.
İsmayıllı rayon İH-nin başçısı
Nahid Bağırov isə vurğulayıb ki, Famil Əhmədzadə
çox ictimaiyyətçi insan idi. O, rayonumuzun demək olar ki,
bütün tədbirlərində yaxından iştirak edirdi.
Hər zaman gələcək nəsillər onu yad edəcək.
Şəhidin atası Ağaəhməd
Əhmədov il mərasiminə gələn hər kəsə
təşəkkürünü bildirərək qeyd edib ki, Təhsil
Nazirliyi heç zaman onların ailəsini diqqətdən kənar
qoymur, onların qayğıları ilə maraqlanır.
Gəray Xalidə
Yeni
Müsavat.- 2021.- 16 oktyabr.- S.3.