“44 günlük müharibədə də
İranı düşmən, İsraili dost ölkə
gördük” - deputatın müsahibəsi
Fəzail Ağamalı: “Son hadisələr
göstərdi və sübut etdi ki, İran ötən zaman kəsiyində,
bu günə qədər Azərbaycana olan dostluq və səmimi
münasibətlər testindən keçə bilmədi”
Cənub qonşumuzun işğalçı Ermənistana
görə özünün müsəlman qonşusu ilə
münasibətlərini “soyuq savaş” səviyyəsinə
çatdırması gündəmin mövzularından biri
olaraq qalır. Rəsmi Tehranın son günlər ərzində
yürütdüyü anti-Azərbaycan ritorikası səngimiş
kimi görünsə də, hələ ki, tam aradan
qalxmayıb. Deputat, Ana Vətən Partiyasının sədri
Fəzail Ağamalı bu mövzuda “Yeni Müsavat”a geniş
müsahibə verib.
- Fəzail bəy, proseslər onu göstərir
ki, İran Azərbaycana qarşı son günlərin sərt
ritorikasından imtina etməyə başlayıb. Heç
şübhəsiz ki, rəsmi Bakının qətiyyətli
növqeyi, Tehranın siyasətinə etirazlar, həmçinin
beynəlxalq səviyyədə Azərbaycanın mövqeyinə
dəstək verilməsi İranın siyasətində korrektələrə
rəvac verib. Sizcə, bu, keçici olacaq, yoxsa İran
artıq birdəfəlik öz dərsini aldı?
- Prosesləri əvvəldən-axıra qədər
izlədim və izləməkdə davam edirəm. İran -
molla rejimi vahid və konkret xətti olan bir ölkə deyil. O,
ən müxtəlif şəkildə pərdələnmiş
mövqeyini bir müstəvidən başqa müstəviyə
keçirməyə alışan və bu ənənəyə
söykənən dövlətdir. Ona görə
İranın bizə qarşı ən xoş münasibətlərini
biz bu ölkənin peşman olaraq, Azərbaycana səmimi
münasibətlərinin yaranması kimi qəbul etməli
deyilik. Dünyanın bəlkə də nadir
ölkələrindən biridir ki, - mən onu təkcə Ermənistanla
müqayisə edə bilərəm -İranın öz
maraqlarına xidmət edən fəaliyyətini o dərəcədə
kobud, riyakar mövqedə ortalığa qoyurlar ki, artıq hər
şey bəlli olur. Təsadüfi deyil ki, İranın
bu baxımdan dünyada dostu yoxdur. Heç Ermənistanın
da dostu yoxdur, bu ölkəni müdafiə edən onun diaspor təşkilatlarının
maliyyəsi ilə qidalanan, ayrı-ayrı ölkələrdə
yaradılan lobbilərdir. Ona görə İran
Azərbaycanın sərt mövqeyini, dəyişilməz qətiyyətini
gördü. Xüsusi olaraq ölkə prezidentinin çox
ölçülüb-biçilmiş, bütün diplomatik
qaydalara, etik normalara əsaslanan, lakin bütün bunların
fövqündə dayanmış olan sarsılmaz iradəsi və
qətiyyəti İranı kifayət qədər silkələdi.
Başqa bir tərəfdən, İran başa
düşdü və qəbul etdi ki, Azərbaycan tək
deyil, Azərbaycanın dünyada sınaqdan
çıxmış dostları var. Xüsusilə
Türkiyə və Pakistanın bütün hərbi
potensialı ilə belə, Azərbaycanın yanında
olması məncə, İranın o ritorikadan çəkilməsində
mühüm rol oynayan ikinci faktor oldu. Üçüncü
vacib şərtlərdən biri Azərbaycan xalqının
İranın bu cür düşmənçilik mahiyyəti
daşıyan, mollasının şirin
quyruğundan başlayıb, ali dini rəhbərinin əlləri
əsən, zərbəsi kifayət qədər olmayan
şilləsinin önə çəkilərək Azərbaycanın
üstünə gəlməsi xalqımızı
sözün həqiqi mənasında hiddətləndirdi və
mütləq əksəriyyətimiz moll rejiminin təhdid
və təpkilərinə qarşı birmənalı
mövqe nümayiş etdirdik, eyni cəbhədən
çıxış etdik. Burada cənab
prezidentimizlə xalqımızın mövqelərinin
üst-üstə düşməsi, bu vəhdət, dövlət
başçısının xalqımızın fikirlərini,
maraqlarını yüksək səviyyədə, hər dəfə
olduğu kimi, birmənalı şəkildə ifadə etməsi
heç şübhəsiz ki, İranı çəkindirdi.
Dördüncü, vacib faktorlardan biri cənublu
soydaşlarımızın mütləq əksəriyyətinin
birmənalı mövqeyidir. Ola bilsin ki, orda açıq
çıxış etməyənlər çoxluq təşkil
edirlər. Lakin onların hər birinin ürəyində bu
gün Azərbaycandır. Bu yaxınlarda mən sosial mediada
güneydəki bir yaşayış məntəqəsinin (Kəleybərdə-E.P.)
önündə, dağ başında Azərbaycan
bayrağının dalğalanmasının şahidi oldum. Bu
cür dəstək və istəkdən başlamış,
şer və mahnılarda, küçə yürüşləri
və mitinqlərədək, hər yerdə Azərbaycanın
mövqeyi müdafiə olunur. İran həm də bundan
çəkindi. O, düşünmürdü ki,
yürütdüyü siyasət İranda bu cür rezonans
doğura bilər. Nəhayət, sonuncu faktor: həm də
dünyanın, xüsusilə də Rusiyanın İranın
mövqeyini paylaşmaması, daha məsuliyyətli dövlət
kimi özünü ifadə etməsi öz təsirini
göstərdi. Bu ritorikadan imtina gözlənilən idi. Biz
bunu bilirdik, belə də olacaqdı. İran Azərbaycanın
dövlətçiliyinin gücünü, cəmiyyətimizin
dövlətimizlə bərabər olmasının testini qoydu
və peşman oldu. Hətta İranın “beşinci kolon”u da
burda heç nə edə bilmədi. Çünki Azərbaycan
xalqının İranın mövqeyinə böyük təpkisi
var. Hər halda biz yaranmış vəziyyətdən
ləyaqətlə çıxdıq, dövlətimiz bu,
ağır durumdan özünün gücünü,
nüfuzunu qoruyub-saxlaya bildi və bu, Azərbaycanın
dünya miqyasında nüfuzunun artmasında bir faktor kimi
özünü təsdiq etdi.
- Azərbaycan Prezidenti də İtaliya
mediasına müsahibəsində çox kəskin və
açıq mövqe bildirib...
- Təbii ki, dövlət
başçımız bir daha özünün yüksək
peşəkarlığını, qətiyyətini,
mövqeyini, uzaqgörənliyini sübut etdi və beləliklə,
cənab prezidentin həm Azərbaycan xalqı
qarşısında hər zaman olduğu kimi, mövqeyi xeyli dərəcədə
gücləndi və dünya miqyasında da İlham
Əliyev amili yenilməz iradəsi olan bir dövlət xadimi
kimi gücünü nümayiş etdirə bildi. Təsəvvür edin ki, ordumuz Cəbrayılı
azad edib, erməniləri darmadağın edib, Zəngilana
doğru sürətlə irəlilədiyi zaman İran hərbçiləri
guya nəyisə qorumaq adı ilə Azərbaycan ordusunun
qarşısına çıxdı ki, “burdan keçmək
olmaz!” Yenə də görün prezidentimiz ikinci cəbhənin
açılmaması üçün nə qədər
böyük təmkin göstərdi. Orda İranın bir əsgəri
yaralansaydı, öldürülsəydi - baxmayaraq ki, bizim buna
tamamilə haqqımız çatırdı - İran bundan
sui-istifadə edib, Azərbaycana qarşı daha açıq
şəkildə mövqe nümayiş etdirə, bəlkə
də öz qoşunlarını Azərbaycan ərazisinə
yeridə bilərdi. O halda münaqişənin mahiyyəti, məqsədi
tamamilə dəyişərdi və olduqca çətin durum
yarana bilərdi. Yenə də prezidentimizin müdrik siyasəti
buna imkan vermədi, çətin də olsa, məlumata görə,
34 km-lik əlavə məsafə qət etməklə, olduqca
qiymətli vaxt itirməli olsaq da belə, bizimkilər
avantüraya getmədi. Təbii ki, bu, ölkə prezidentinin
seçimi idi. Yekunda biz həmin əməliyyatı uğurla
başa çatdırdıq. Mən müharibə
dövründə də dəfələrlə demişdim ki,
İran birmənalı şəkildə Ermənistanın
yanındadır, bu ölkəyə yanacaq və hərbi
sursatla yardım edir. Baxın, artıq yeni-yeni faktlarla
gümanlarımız özünü doğruldur. İran
heç zaman Azərbaycana səmimi və dost münasibət
göstərməyib. İndi baxaq, görək bundan sonra bu
münasibət dəyişəcəkmi? Mənim buna
gümanım azdır.
- Müharibə günlərində və ondan
sonra İran və Ermənistan mənbələri davamlı
şəkildə saxta məlumatlar yayırdılar ki, guya Azərbaycan
Qarabağda döyüşmək üçün
terrorçu qüvvələrdən istifadə edib. Ola bilərmi
ki, o zaman bununla Azərbaycanı Suriyaya çevirmək
planını qurubmuşlar?
- Ermənistanın nə dövlətçilik
təcrübəsi, nə də onun başında
duranların elə bir yüksək ağlı yox idi ki,
bütün bu prosesləri yaradıb, idarə edə bilsinlər.
Məncə, bu, birbaşa İrandan
qidalanırdı. Bu, İranın molla rejiminin,
ayrı-ayrı hərbçiləri, hərbi-siyasi rəhbərliyi
tərəfindən hazırlanmış “A” planı idi bəlkə
də. Sadəcə olaraq Azərbaycan Prezidentinin çox
müdrik və qeyri-adi qabiliyyəti, istedadı İranın
bir çox planlarının pozulmasına səbəb
oldu. Digər tərəfdən, həm də yadınıza
gəlirsə, ölkə prezidenti
çıxışlarının birində hərbi kəşfiyyatın,
həm də Dövlət Təhlükəsizlik Xidmətinin
müharibə dövründə çox fədakar və
yüksək peşəkarlığını qeyd etdi.
Hətta bu qurumların əməkdaşları Azərbaycanın
ali mükafatları ilə təltif olundular. Məncə,
bizim kəşfiyyat orqanlarımızın da, peşəkar kəşfiyyatçılarımızın
da burada xidmətləri çox böyük olub. O informasiyaları əldə edən cənab
prezident doğru və düzgün addım atdığı
üçün, İranın - siz demişkən, mən bunu
istisna etmirəm - Azərbaycanı “ikinci Suriya”ya bənzətmək
arzu və istəyi reallaşa bilməyib. Çünki
İran - mən deyilənlərlə tamamilə razıyam -
milyardlarla ölçülən gəlirdən
məhrum oldu. Çünki Əfqanıstan və İranda
istehsal olunan külli miqdarda narkotik maddələr tranzit kimi
Ermənistana, ordan isə müxtəlif yollarla dünyanın
ayrı-ayrı ölkələrinə, xüsusilə də
Avropaya yayılırdı, ordan da külli miqdarda vəsait gəlirdi.
İşğal altındakı, nəzarətsiz ərazidə
İran külli miqdarda vəsait əldə edirdi. Eyni zamanda
İran özünün çirkli pullarını Ermənistan
vasitəsilə “yuyurdu”, leqallaşdırırdı. Ona
görə də İran ayaq üstəydı. Ancaq artıq
bu qapı qapandı, İran nəyin hesabına öz problemlərini
həll edəcək? Bir dənə neft qalır, onu da
ABŞ-ın təzyiqləri nəticəsində ən
müxtəlif ölkələrin İran neftindən
imtinası prosesi gedir.
- Fəzail bəy, necə bilirsiniz, bundan
sonrakı mərhələdə rəsmi Bakının
İran siyasətində korrektələr ediləcəkmi?
Xüsusilə də İsraildə səfirliyimizin
açılması və sairlə bağlı
addımların atılması tezliklə reallaşa bilərmi?
- Həqiqətən də son hadisələr
göstərdi və sübut etdi ki, İran ötən zaman kəsiyində,
bu günə qədər Azərbaycana olan dostluq və səmimi
münasibətlər testindən keçə bilmədi. Bundan sonra da İranın Azərbaycana qarşı
bu münasibətlərdən imtina etməsini gözləmək
sadəlöhvlük olardı. İran zəifdir deyə, indi
bizimlə barışığa can atır. Çünki o,
heç kimdən, hətta ümid bəslədiyi Rusiya tərəfindən
də dəstək almadı. Bu baxımdan
Azərbaycan təbii ki, İranla əvvəlki münasibətlərini
korrektə etməlidir. İrana qarşı bizim səmimi və
dost münasibətlərimiz bundan sonra neytral xarakter
daşıyıb, qonşu münasibətləri səviyyəsində
olmalıdır. Əgər gələcəkdə bizim layihələrimizin
reallaşmasına ehtiyac olarsa-olsun - söhbət
Şimal-Cənub nəqliyyat dəhlizindən gedir, bununla
bağlı artıq sənədlər imzalanıb, müəyyən
işlər də görülüb - sadəcə olaraq, nə
dostumuzdur, nə də düşmənimizdir. Biz
bu prinsiplə yanaşaraq, İranla münasibətlərimizi
qurmalıyıq. İsrailə gəldikdə, siz də
şahid olmusunuz ki, mən dəfələrlə Milli Məclisdə
bu ölkə ilə münasibətlərimizin daha yüksək
səviyyədə olmasını arzulayan millət vəkillərindən
biriyəm. Bizim İsraillə münasibətlərimiz
yüksək səviyyədədir. Diplomatik
münasibətlərimiz də daha da inkişaf etdirilməlidir,
bizim İsraildə səfirliyimiz fəaliyyətə
başlamalıdır. 44 günlük müharibədə də
İranı düşmən, İsraili dost ölkə
gördük və biz buna uyğun olaraq öz işlərimizi
görməliyik.
- Azərbaycan İsrail və digər
dost-qardaş ölkələrin silahları ilə
işğalçıya qarşı mübarizə
apardığı günlərdə İran öz ordusunu
Arazboyu cəmləmişdi...
- Doğrudur. Bu amili də nəzərə
almalıyıq. Baxın, cənab Prezident Cəbrayılda
Arazboyu düzülən, sınıq-salxaq texnika ilə
öz gücünü göstərməyə
çalışan İran rəsmilərinə əlini
İsraildə istehsal olunan pilotsuz aparatın üstünə
qoyaraq, Azərbaycanın gücünü və qüdrətini
nümayiş etdirdi. İsraili təkcə bizə dost
ölkə olaraq münasibətlərimizin ifadəsi kimi dəyərləndirməli
deyilik. Bunu eyni zamanda İsrailin Azərbaycana ən çətin
anlarda dost ölkə olaraq münasibətinin ifadəsi kimi dəyərləndirməliyik.
Dünyada yəhudi lobbisi çox güclüdür, bunu hər
kəs bilir. Məhz bu lobbi vasitəsilə biz
ayrı-ayrı siyasi qurumları, dövlətləri 44
günlük müharibədə xeyli dərəcədə
neytrallaşdıra bildik. İran bütün gücü,
imkanları ilə bizim əleyhimizə işləyərək,
Ermənistanın yanında olduğu halda, İsrail
bütün gücü, imkanları, potensialı ilə
Azərbaycanın yanında oldu. Ona görə də təbii
ki, biz bunu nəzərə alaraq, İsraillə münasibətlərimizi
daha yüksək səviyyədə qurmaqda davam etməliyik.
Elşad
PAŞASOY
Yeni Müsavat.- 2021.- 16 oktyabr.- S.7.