Tanınmışlar Şuşada hansı

tədbirlərin keçirilməsini arzulayır?

 

Məlum olduğu kimi, Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub. Bu haqda qərar ötən həftə TÜRKSOY-un Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul edilib.

Xatırladaq ki, 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuşdu. Bu münasibətlə həmin il Şuşada iki böyük, genişmiqyaslı tədbirlər - “Xarıbülbül” festivalı və Vaqif Poeziya Günləri keçirildi. 5 yanvar 2022-ci il tarixdə isə Prezidentin sərəncamı ilə 2022-ci il "Şuşa ili" elan edildi. Ardınca Şuşanın İslam dünyasının paytaxtı elan olunması ilə bağlı təklif gəldi.

“Biz təklif edirik ki, Şuşa İslam dünyasının paytaxtı elan olunsun. Hesab edirəm ki, bu yaxın vaxtlarda baş tutacaq”, deyə ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik  brifinqlərin birində qeyd etmişdi.

“Azərbaycan musiqisinin beşıyi”, “Şərqin konservatoriyası” adnlandırılan, ölkəmizin ictimai-siyasi həyatında mühüm rolu ilə seçilən, bir sıra görkəmli şəxsiyyətlərin Vətəni, eləcə də Qarabağın baş tacı olan Şuşanın tariximizdə, mədəniyyətimizdə xüsusi yeri var. Bu mənada Şuşa Türk dünyasının mədəniyyət paytaxtı olmağı da haqq edir.

Bəs ziyalılar 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı olacaq Şuşada hansı tədbirlərin keçirilməsini arzulayır?

Azəri Türk Qadınlar Birliyinin sədri və Azər Türk Evinin rəhbəri Tənzilə Rüstəmxanlı mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “TÜRKSOY-un aldığı bu qərar çox önəmlidir.  Məlum olduğu kimi, bu günə qədər bir çox şəhərlər türk dünyası mədəniyyətinin paytaxtı olub. Onların arasında İstanbul, İzmir, Bursa, Səmərqənd, Buxaranı qeyd etmək olar. Bütün bunlar türk dünyasının önəmli mədəniyyət mərkəzləridir. Şuşanın bu sırada olması əlbəttə ki, Şuşa adına çox önəmlidir. Şuşa tarixi abidələri, türk mədəniyyətinə verdiyi töhfələr, yetişdirdiyi fikir adamları, dahiləri ilə bunu haqq edir.

Ötən əsrin əvvəllərində Şuşa həm də türk milli şüurun oynamasına böyük təsir göstərib. Mədəniyyət mərkəzi olmaq üçün zəngin tarixi və bəzi önəmli öncəliklərə sahib olmaq lazımdır ki, bütün bunların hamısı Şuşada var.

Uzun illərin həsrətindən sonra Şuşa işğaldan azad olundu. Ardınca ölkə Prezidenti bu şəhərə çox böyük diqqət ayırdı, orada böyük tədbirlərə imza atıldı. Şuşada gözəl yolların çəkilməsi, bir çox infrastrukturların yenidən qurulması, hotellərin tikilməsi çox sevindiricidir.

Əlbəttə ki, 2023-cü ildə Şuşa daha böyük tədbirlərə, festivallara ev sahibliyi edəcək. Bu tədbirlərdə iştirak etmək üçün dünyanın hər yerindən qonaqlar gələcək. Onların arasında həm mədəniyyət adamları, həm də siyasətçilər, blogerlər də olacaq ki, bununla da erməni vandallarının həm Şuşada, həm də digər işğaldan azad olunmuş ərazilərdə necə böyük dağıntılar törətdikləri bir daha dünyaya bəyan olacaq. Arzumuzdur və ümid edirik ki, 2023-cü ilə qədər Zəngəzur dəhlizi də artıq açılacaq və Türkiyədən olan qonaqlar Azərbaycana daha rahat və asan yolla gələ biləcək.

Şuşanın əsası Pənahəli xan tərəfindən qoyulub. Bu il şəhərin 270 illiyi olacaq. Bütün bunlar sübutdur ki, Şuşanın ermənilərə heç bir aidiyyəti yoxdur.

Xatırladım ki, bu ilin aprel ayının sonuna yaxın dünya azərbaycanlılarının qurultayı Şuşada keçiriləcək. Ümumiyyətlə, tanıdığım bir çox türk dünyasından olanlar və yaxud türk dünyasından az-çox anlayışı olan qurumlar, təşkilatlar Şuşada tədbirlər keçirmək arzusundadır. İrimiqyaslı tədbirlərin keçirilməsi üçün paralel olaraq şəhərdə şəraitin yaxşılaşdırılması üçün də işlər görülür".

Şuşadan olan xalq artisti Firəngiz Mütəllibova isə arzularını bu cür bölüşdü: “Şuşada bütün tədbirlərin keçirilməsini arzu edirəm, çünki Şuşa buna layiqdir. Xatırlayıram ki, uşaq ikən Poeziya günləri, may ayında Mahnı bayramı keçirilirdi. Hamı Cıdır düzünə çıxıb, bu tədbirləri izləyirdi. İstəyirəm ki, əvvəlki, qədim formada olan məclis-ünslər yenidən keçirilsin. Həmçinin, folklor ansambllarımızın orada çıxışlarını görmək istərdim. Bilirsiniz ki, işğaldan azad olunduqdan sonra Şuşada keçirilən birinci böyük tədbir ”Xarıbülbül" festivalında iştirak etmişəm. Yenidən bu cür möhtəşəm tədbir görməyi arzulayıram. Daha bir arzum Şuşada teatr tədbirlərinin də keçirilməsidir. Hətta bu barədə mədəniyyət naziri Anar Kərimov “Qarabağnamə” tamaşasına gələndə bu arzumu bildirmişdim ki, 30 ildir teatr mövsümünü bu tamaşa ilə açıb, onunla da bitiririk, istəyirik ki, indi tamaşanı Cıdır düzündə oynayaq. Nazir də söz verdi ki, bizi bu arzumuza çatdıracaq. Təsəvvür edin, əvvəllər bu tamaşanı necə böyük acıyla, əzabla, əzilmiş formada oynayırdıq, tamaşaçılar da o qədər də gəlmirdi. Amma qələbədən sonra biz aktyor və aktrisalar tamaşanı tamam fərqli əhvalda oynayırıq, elə tamaşaçılar da tamam fərqli yanaşır, tamaşaya axın edirlər".

 

Xalidə GƏRAY

 

Yeni Müsavat.- 2022.- 6 aprel.- S.14.