“Diqqət
artıq Xankəndidə suverenliyimizin bərpasına yönələcək
Fəzail
Ağamalı:
“Bundan sonra mən daha böyük enerji, məsuliyyətlə,
daha ardıcıl və sistemli şəkildə Vətənimə,
xalqıma və dövlətimə xidmət edəcəyəm”
Deputat, Ana Vətən
Partiyasının sədri Fəzail Ağamalının 75
yaşı tamam oldu. 1947-ci ilin 26 avqustunda Qərbi
Azərbaycanda, Qarakilsə rayonunun Qızıl Şəfəq
kəndində anadan olan F.Ağamalı Milli Məclisin I, II,
III, IV, V və VI çağırışlarında deputat
seçilib. 1992-93-cü illərdə Azərbaycan
Respublikasının Sosial Təminat nazirinin müavini vəzifəsində
çalışıb, 1993-1994-cü illərdə Əmək
və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinin
icraçısı olub.
Yubileyi ərəfəsində
Prezident İlham Əliyev F.Ağamalının 2-ci dərəcəli
“Vətənə xidmətə görə” ordeni ilə təltif
edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən,
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında
uzunmüddətli səmərəli fəaliyyətinə
görə Fəzail Rəhim oğlu Ağamalı 2-ci dərəcəli
“Vətənə xidmətə görə” ordeni ilə təltif
edilib. Tarixi günə, Laçın şəhərinin
azad olunduğu anlara təsadüf edən yubiley müsahibəsində
Qarabağ, Qərbi Zəngəzur və ümumiyyətlə,
Qərbi Azərbaycan mövzularından danışdıq.
- Fəzail bəy, təbrik
edirik, həm yubileyiniz, həm də dövlət
başçısı tərəfindən yüksək
mükafata layiq görülməyiniz münasibətilə!
- Təşəkkür
edirəm. Prezident tərəfindən mənə
qarşı böyük bir diqqət oldu. Mənim
kiçik fəaliyyətimə, əməyimə ən
yüksək qiymətdir, dəyərdir. Heç
şübhəsiz ki, Vətənə xidmət
anlayışını özündə əks etdirən bu
yüksək səviyyəli təltif mənim üzərimə
olduqca ciddi yük və məsuliyyət qoyur. Bundan sonra mən daha böyük enerji, məsuliyyətlə,
daha ardıcıl və sistemli şəkildə Vətənimə,
xalqıma və dövlətimə xidmət edəcəyəm.
- Birinci vitse-prezident
Mehriban Əliyeva ilə eyni gündə
doğulmağınızın da özəlliyi var, yəqin
ki... Təbrik edibsinizmi?
- Təbii ki. Həqiqətən, bu, mənimçün çox
gözəl təsadüfdür. Mehriban
xanım, həmçinin Şeyx həzrətləri - o da Azərbaycanın
nüfuzlu insanlarından biridir - ilə eyni gündə
doğulmağın özü də kifayət qədər
sevincli məqamlar yaradır. Təbriklərə
gəldikdə, Mehriban xanıma şəxsən təbrikimi
iki gün bundan qabaq göndərmişəm, mətbuata da verəcəyəm.
Şeyx həzrətlərinə də zəng
edib, təbrik edəcəyəm.
- Şübhə
etmirəm ki, doğum gününüzü doğulduğunuz
el-obada, kəndinizdə qeyd etməyinizi istərdiniz. Proseslər
bizi Qarakilsəyə doğru aparır, elə deyilmi?
- Doğru buyurursunuz. Həqiqətən, mən yazılarımda, elə
sizə də verdiyim açıqlamalarda, müsahibələrdə
fikrimi birmənalı ifadə etmişəm. Bu gün də
o fikirdəyəm ki, müzəffər Ali Baş Komandan 44 günlük
müharibədəki zəfərlə Azərbaycanın
böyük gələcəyinə ciddi bir yol açdı. Bu, 44 günlük müharibədə biz təkcə
tarixi torpaqlarımız olan Qarabağın və
Qarabağın dağlıq hissəsi, Şərqi Zəngəzurun
azadlığı ilə kifayətlənmədik. Bu, eyni zamanda Qərbi Azərbaycana gedən yolun təməl
daşı oldu. Biz artıq bu mənada
ciddi bir yola çıxmışıq və bu yolun baş
memarı, bayraqdarı Ali Baş Komandandır, cənab
İlham Əliyevdir. Biz də onun rəhbərliyi
altında, o öndə olaraq bu müqəddəs yolda
addımlamalıyıq və verilmiş olan bu tarixi şansdan
istifadə edib, Qərbi Azərbaycandakı əzəli torpaqlarımızın
yiyəsi olmalıyıq, ulularımızın orda dolaşan
ruhlarını şad eləməliyik.
“Laçında Azərbaycan
bayrağının dalğalanması antimilli qüvvələrə
ciddi zərbədir”
Eyni zamanda, daha
ciddi, önəmli vəzifələr, strateji hədəflər
var. O strateji hədəflər də heç şübhəsiz
ki, dərhal, dalbadal və dayanmadan öz həllini tapacaq. O zaman bir xalq
olaraq 16-cı əsrdə ulu babamız Şah İsmayıl Xətainin
yaratmış olduğu və bütün müqəddəs
tarixi torpaqlarımızın bir coğrafi məkanda birləşdiyi
dövlətin yaradıcısı olacağıq. Biz bu yolun başlanğıcındayıq, gedirik.
Allah yolumuzu açıq eləsin! Allah Ali Baş
Komandanımıza da cansağlığı, uzun ömür
versin ki, başladığı yolu sona çatdıra bilsin!
- Son zamanlar Qərbi Azərbaycan
kökənli insanlarımızın toparlanması,
yurdlarına qayıdışla bağlı hərəkətliliyini
müşahidə etməkdəyik, bir sıra addımlar
atılır, davamlı tədbirlər keçirilir. Necə bilirsiniz, bu işlər məntiqi
sonluğuna çata bilərmi, yoxsa beynəlxalq birliyin ədalətsiz
yanaşmaları bu dəfə də ümumi işimizə
maneçilik yaradacaq? Hər halda dövlət
başçısının 1918-20-ci illər xəritəsini
nümayiş etdirməsi sıradan məsələ deyildi,
razılaşırsınızmı? Hesab
etmirsinizmi ki, Prezidentin bu mesajı həm də Zəngəzur
hədəfindən xəbər verirdi?
- Yanaşmalarınız
tamamilə doğrudur. Hədəfləri düzgün
müəyyənləşdirirsiniz. Qərbi
Azərbaycan İcmasının yaradılması gedən
proseslərin tərkib hissəsi kimi dəyərləndirilməlidir.
Ümumiyyətlə, birincisi, məqsədimiz bütün
dünyaya bir daha sübut etmək, nümayiş etdirməkdir
ki, Qərbi Azərbaycan Azərbaycanın tarixi
torpaqlarıdır və 200 il bundan öncə Rus
imperiyası özünün imperiya maraqlarına uyğun
olaraq Azərbaycan torpaqlarını parçalayıb,
işğal etdikdən sonra ermənilərin bu tarixi
torpaqlarımızda yerləşdirərək,
özünün geopolitik maraqlarına xidmət edən
qondarma Ermənistan dövlətini yarada bilib. Ermənistan
dövlətinin bizim tarixi torpaqlarda heç bir kökü,
tarixi ənənəyə söykənən dövlətçiliyi
yoxdur. Bu, Rusiyanın yaratdığı
qondarma dövlətdir, onun layihəsidir. Bax,
bugünkü proseslər zəminində deyə bilərəm
ki, məhz 44 günlük müharibədən sonra və
indiki Rusiya-Ukrayna müharibəsi, dünya nizamının dəyişilməsi,
yenidən qurulması fonunda Ermənistan dövləti
artıq buxarlanmağa başlayıb. Çox
çəkməyəcək ki, hətta Azərbaycanın
birbaşa hərbi müdaxiləsi olmadan bizim qəhrəman, igid
əsgərlərimizin müdaxiləsi olmadan Ermənistan
dövləti çöküb, yox olacaq. Biz o torpaqlara
qayıtmalıyıq! Ona görə də Qərbi
Azərbaycan İcmasının bu baxımdan yaradılması
digər baxımdan əhəmiyyətlidir.
Bizim o zamana
hazırlaşmağımız üçün Qərbi Azərbaycan
İcması eyni zamanda, həmin yerlərdə kökü
olan, Qərbi Azərbaycan əsilli gələcək nəsillərimiz
də unutmalı deyil ki, ulu babaları o torpaqlarda uyuyur, o ərazilərin
varisləri, sahibləridirlər. Odur ki, o
torpaqlara qayıtmalıdırlar. Bu
baxımdan da İcmanın yaradılması ciddi əhəmiyyət
kəsb edir. Bütövlükdə cənab
prezidentin söyləmiş olduğu hər bir fikrin
altında həm məna, həm məqsəd, həm hədəf
dayanır. Neçə il bundan
öncə İrəvanın, Zəngəzurun və
Göyçənin, digər torpaqlarımızın Azərbaycana
mənsub olması haqqında yüksək tribunalardan cənab
Prezidentin səsləndirmiş olduğu fikirlər artıq
beynəlxalq miqyasda vətəndaşlıq haqqını və
hüququnu qazanmaqdadır. Ölkə Prezidenti
olduqca ağıllı, zərgər dəqiqliyi ilə bunu
hazırlamaqdadır, həm beynəlxalq miqyasda, həm ölkədə
ictimai fikrin formalaşması və daimi şəkildə bu məsələnin
ictimai fikirdə xüsusi yer tutması baxımından, həm
də atmış olduğu addımlar olduqca önəm kəsb
edir.
Bu gün
Laçında alternativ yolun çəkilməsi sıradan
bir məsələ, elə-belə yol deyil. Bu,
sadəcə olaraq Qarabağda yaşayan ermənilərlə
Ermənistanda yaşayan ermənilər arasında keçid
yolu deyil. Bu, bizim Zəngəzura, Dərələyəzə,
Vedibasara, Zəngibasara, İrəvana, Göyçəyə,
Dilicana qədər gedən yolun
başlanğıcıdır. Bu,
Şuşaya gedən Zəfər yolunun davamı,
Böyük Zəfər yolunun başlanğıcıdır.
- Fəzail bəy, elə
söhbətimizin bu məqamında sizə şad xəbəri
çatdırmaq istəyirəm. Prezident indicə twit
paylaşıb, artıq Azərbaycan ordusu Laçın şəhərindədir!
- Bu gün Prezident tərəfindən
Azərbaycan xalqına verilmiş olan böyük müjdədir.
Artıq Laçın şəhəri ilə
bağlı problem də tamamilə və birdəfəlik
olaraq həllini tapdı. Necə ki,
Ağdam, Kəlbəcərlə bərabər,
Laçından da Ermənistan silahlı qüvvələrinin
çıxarılması ilə bağlı məsələ
üçtərəfli bəyanatda əksini
tapmışdı. Artıq narahatlıq
doğuran məsələlər də həllini tapdı.
Yəni ağzıgöyçəklərə
bu, ciddi bir mesajdır və Laçında Azərbaycan
bayrağının dalğalanması anti-Azərbaycan,
antimilli qüvvələrə ciddi bir zərbədir. Nə xoş ki, bu, həm də mənim
doğulduğum günə təsadüf edir. Bu, mənimçün xüsusi bir əhəmiyyət
kəsb edir. Xalqımıza verilmiş olan
bu hədiyyənin içərisində təbii ki, məndə
fərqli hisslər özünü ifadə etməkdədir.
- Qarşıda sərhəd
məsələləri ilə bağlı komissiyaların
görüşləri, eyni zamanda liderlərin Brüssel
görüşü var. Sizcə, Zəngəzur dəhlizinin
açılması məsələsi qəti şəkildə
masaya qoyulacaqmı və həllinə nail olunacaqmı?
- Mənə belə gəlir
ki, bu görüşdə yaxın gələcəkdə
atılacaq daha ciddi addımlarla bağlı əhəmiyyətli
əsaslar yaranacaq. Bu görüş digərlərindən
mahiyyətcə fərqli olacaq. Brüssel
görüşü Ermənistanın indiyəqədərki
tərəddüdlərinə və ən müxtəlif hiyləgər,
məkrli siyasətinə son qoya biləcək bir
görüş olacaq. Çünki biz dəfələrlə
cənab Prezidentin fəaliyyətində birmənalı şəkildə
belə bir xətt görmüşük ki, heç zaman o,
görüş xatirinə görüşə getmir.
Prezident istədiyinə nail olmasa, həmin görüşlərdən
imtina edir və görüşlərdə iştirak etmir. Budəfəki görüşdə cənab
Prezidentin Azərbaycan naminə daha əhəmiyyətli
addımlar atacağına qətiyyən şübhə
yoxdur və biz həmin görüşdən sonra bunun konkret
nəticələrini görəcəyik.
- Qarabağın Xankəndi,
Xocalı, Xocavənd, Ağdərə hissəsində hələ
də erməni yaraqlılarının
tör-töküntüləri qalıb. Bu mənada
günün birində yenidən “Dəmir yumruq”un
işə salınması, antiterror əməliyyatının
keçirilməsinə zərurət yarana bilərmi?
- Mənə belə gəlir
ki, Brüssel görüşündən sonra Paşinyan
özündə cəsarət tapıb həmin
tör-töküntülərin işğaldan azad edilmiş ərazilərimizdən
tamamilə çıxarılmasına qərar verəcək,
bu barədə tərəddüdlərinə son qoyacaq. Mən buna inanmaq istərdim. Əgər
bu olmasa, yaxın zamanlarda, Laçından sonra diqqət Ermənistanın
silahlı qüvvələrinin tör-töküntülərinin
Azərbaycandan çıxarılmasına yönələcək.
Həmçinin Xankəndi və onun ətrafındakı
separatçı dəstələrin ağ
bayraq qaldırması istiqamətində daha intensiv iş
aparılacaq. Çox çəkməyəcək
ki, biz artıq buna da yaxın zaman çərçivəsində
nail olacağıq. Yəni diqqət
artıq Xankəndi və onun ətrafında Azərbaycanın
suverenliyinin təmin edilməsi üçün
addımların atılmasına yönələcək.
Bu addımların atılmasında “Qisas”a bənzər,
çox zərgər dəqiqliyi ilə işlənmiş
qısamüddətli antiterror əməliyyatları da
aparıla bilər.
Elşad
PAŞASOY,
“Yeni
Müsavat”.-2022.- 27 avqust.- S. 10.