Nəsir Əhmədlinin vəfatı - jurnalistikamız

simvollarından birini itirdi

 

Qocaman jurnalist özünün vəsiyyətinə əsasən doğulduğu Tovuzun Alakol kəndində torpağa tapşırılıb; redaktorlar onun haqqında belə yazdılar...

Azərbaycan elminə və jurnalistikasına ağır itki üz verib. Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru, Azərbaycanın əməkdar jurnalisti Nəsir Əhmədli iyunun 7-də vəfat edib. 80 yaşında dünyasını dəyişən Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. O, 2007-ci ildə “Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Müxtəlif illərdə V.Sturua adına Bakı Gəmi Təmiri Zavodunda, Azərbaycan Dövlət Televiziyasında çalışıb. 2004-cü ildən Bakı Dövlət Universitetinin “Beynəlxalq jurnalistika” kafedrasında çalışıb. 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 15 kitabın müəllifidir. Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlayıb. Məruzələri nüfuzlu elmi jurnallarda dərc olunub. Nəsir Əhmədli peşəkar fəaliyyəti dövründə Ali media mükafatına, müxtəlif diplom və fəxri fərmanlara layiq görülüb. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü olub.

Professor Nəsir Əhmədli özünün vəsiyyətinə əsasən doğulduğu Alakol kənd qəbiristanlığında torpağa tapşırılıb.

Professor Nəsir Əhmədlinin dünyasını dəyişməsi Azərbaycan elmi, jurnalistikası üçün böyük itki kimi dəyərləndirilir. Nəsir Əhmədli əməkdar jurnalist, gözəl pedaqoq, professor kimi cəmiyyətdə pozitiv meyllərin artmasına çalışan dəyərli ziyalı idi.

Ölkə mediasının tanınmış simaları, media kapitanları mərhum Nəsir müəllim barədə sosial şəbəkələrdə fikirlərini qeyd ediblər və onun vəfatının cəmiyyət üçün ciddi itki olduğunu bildiriblər.

Yeni MüsavatMedia Qrupunun rəhbəri Rauf Arifoğlu bildirib ki, Nəsir müəllim Azərbaycan jurnalistikasının, Azərbaycan ziyalılığının simvollarından biridir. Onun dünyasını dəyişməsi Azərbaycan jurnalistikası, ziyalı mühiti üçün böyük itkidir: “Dəyərli və əziz ağsaqqalımıza, professorumuza, müəllimimizə Allahdan rəhmət diləyirik və onun qoyduğu irs, jurnalistikada yetişdirdiyi kadrlar ümid edirik ki, Azərbaycan mətbuatını hər zaman irəliyə aparacaq və həmin kadrlar, həmin tələbələri Nəsir müəllimi öz ürəklərində, əməllərində yaşadacaqlar”.

 “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə professorun vəfatı ilə bağlı paylaşımında bunları yazıb: “Azərbaycan mediasında hələ də mətbuatımızın klassik ənənələrinin, dəyərlərinin daşıyıcısı olmağı bacaranların mənəvi müəllimlərindən biri-ustad Nasir Əhmədli haqqın rəhmətinə qovuşdu... Məkanı cənnət olsun! Unudulmayacaq adamdır!”

 “Şərq” qəzetinin baş redaktoru Akif Aşıqlı isə yazıb: “Alim öldü , aləm öldü... Ustadımız Nəsir müəllim, Tanrı ruhunu şad, məkanını cənnət eləsin!”

Medianın İnkişafı Agentliyindən isə belə bir paylaşım edilib: “Əməkdar jurnalist Nəsir Əhmədli vəfat edib. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi Nəsir Əhmədlinin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”.

Professor Nəsir Əhmədlinin iş yoldaşları onunla bağlı xatirələrini Modern.az-la bölüşüblər.

Filologiya üzrə fəlsəfə doktoru, professor, BDU-nun jurnalistika fakültəsinin müəllimi Akif Rüstəmov bildirib ki, Nəsir Əhmədli universitetin ən hörmətli və istedadlı müəllimlərindən olub:

“Biz həmişə Nəsir müəllimlə fəxr etmişik. Bu insan lazım gələndə hamıya kömək edirdi. Bəzən məqalə yazanda rus dilindən tərcümədə Nəsir müəllimə müraciət edirdik. Rus dilini çox mükəmməl bilirdi. Rus dilindən Azərbaycan dilinə tərcümələr edirdi. Ona görə də istər müəllim heyəti, istərsə də tələbə heyəti Nəsir müəllimin xətrini çox istəyirdi”.

A.Rüstəmov vurğulayıb ki, Nəsir müəllimin vəfatı iş yoldaşları üçün ağır itkidir: “Bizim fakültədə mən, Nəsir müəllim, Zeynal müəllim və Əli müəllim həmişə bir yerdə olmuşuq, işlərimiz birgə olub. Bu itki mənim üçün daha ağırdır. Adam söz tapmır deməyə, səhər xəbəri alanda çox pis vəziyyətə düşdüm. Allah ona qəni-qəni rəhmət etsin, qəbri nurla dolsun!”

BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli deyib ki, Nəsir Əhmədli jurnalistika fakültəsinin böyük alimi olub. O, jurnalistikanın bütün sahələrini - jurnalistikanın tarixindən tutmuş, nəzəriyyəsinə qədər detallarını hərtərəfli bilən hörmətli bir alim idi:

“Biz Nəsir müəllimlə həmyaşıdıq. Amma mən Nəsir müəllimi özümdən bəlkə 15-20 yaş böyük hesab edirdim. Ona görə ki, mən ondan çox şey öyrənmişəm. Nəsir müəllim fakültəmizin brendi idi. O, həm müəllim, həm alim, həm də insan kimi şəxsiyyətdir. Fakültədə kiməsə paxıllıq etdiyinin, kimdənsə narazı qaldığının heç kim şahidi olmayıb. Ən böyük keyfiyyəti o idi ki, iddialı adam deyildi. Ancaq onun iddialı olmağa haqqı var idi. Tələbələrindən elə bir şəxs tapa bilməzsiniz ki, Nəsir müəllimin dərslərindən ürək dolusu danışmasın”.

“Nəsir müəllim mənim əzizim, dostumdur, fakültəmizin ilahi qüvvəsidir. Bu gün böyük insan itirdik. Azərbaycan jurnalistikası, Azərbaycan elmi itirdi. Nəsir müəllim həm dilçi, həm də jurnalist idi. Onun bilmədiyi, girişmədiyi sahə yox idi. Nəsir müəllim hətta riyaziyyatı da çox yaxşı bilirdi. Ona görə məntiqli adam idi ki, humanitar elmə dəqiq elmdən gəlmişdi. Nəsir Əhmədli jurnalist kimi Azərbaycanda, müəllim kimi jurnalistika fakültəsində əbədi yaşayacaq” , - Cahangir Məmmədli mərhum jurnalistlə bağlı düşüncələrini dilə gətirib.

Mətbuat Şurası isə Nəsir Əhmədlinin vəfatı ilə bağlı nekroloq yayıb. Nekroloqda Nəsir Əhmədlinin vəfatının Azərbaycan jurnalistikasına, elm ictimaiyyətinə, bütövlükdə ziyalı mühitinə ağır itki olduğu bildirilir. Qeyd olunur ki, uzun və mənalı ömrünü jurnalistikaya bağlamış N.Əhmədli Azərbaycan Dövlət Televiziyasında çalışdıqdan sonra BDU-da elmi-pedaqoji fəaliyyətə başlayıb, ömrünün sonunadək fakültənin “Beynəlxalq jurnalistika və informasiya siyasəti” kafedrasının professoru olub: “Onu tanıyan hər kəsin, həmkarlarının, saysız-hesabsız tələbələrinin sevimlisinə çevrilmiş Nəsir Əhmədli Azərbaycanda jurnalistikanın həm peşə kimi təkmilləşməsində, həm də elmilik qazanmasında böyük xidmətlər göstərib.

N.Əhmədli dünyanın bir sıra ölkələrində keçirilmiş nüfuzlu elmi toplantılara qatılıb. O, söz sənəti sayılan jurnalistikanın nəzəri və praktik məsələlərinə dair çoxsaylı elmi araşdırmaları ilə bütövlükdə Azərbaycan elminə, xüsusən də onun vacib sahəsi sayılan dilçiliyə müstəsna töhfələr verib. Mətbuatın, ümumilikdə medianın dil hadisəsi olduğunu məxsusi yanaşmaları ilə əsaslandırıb, ictimai fəaliyyətilə Azərbaycan dilinin qorunmasının əhəmiyyətini vurğulayıb, bu istiqamətdə nümunəvi yanaşma ortaya qoyub. Bir məqam da vurğulanmalıdır ki, Nəsir müəllimin elmiliyi həm də elmlə publisistikanın vəhdəti kimi dəyərləndirilə bilən bənzərsiz hadisədir. Buna görə göstərdiyi çoxşaxəli fəaliyyət ona cəmiyyətdə həm vətənpərvər alim, həm də dəyərli ziyalı obrazı qazandırıb.

2010-cu ildə Azərbaycanın Əməkdar jurnalisti fəxri adına layiq görülmüş N.Əhmədli həmçinin müxtəlif illərdə III dərəcəli “Əmək” ordeni, Ali Media Mükafatının I dərəcəsi, jurnalistika sahəsində digər bir çox populyar mükafatlarla təltif edilib.

Azərbaycan cəmiyyəti N.Əhmədlinin simasında səmimilik, qayğsıkeşlik, nəciblik örnəyi sayılan əsl ziyalısını, öz baxış bucağı və mövqeyilə fərqlənmiş zəhmətkeş alimini, jurnalistikaya nüfuz gətirən, peşəni sevdirən şəxsiyyəti, ustad qələm sahibini itirib. Bu itkinin ağırlığı son dərəcə böyükdür".

 

Etibar SEYİDAĞA

 

Yeni Müsavat.- 2022.- 8 iyun.- S.6.