Bu gün Milli Qurtuluş günüdür

 

Deputat Aydın Hüseynov: “15 iyun Azərbaycan dövlətçiliyinin  uçurumun bir addımlığından geri dönüş günüdür”

 

Bu gün Azərbaycanda Milli Qurtuluş günü qeyd edilir. Bu günün meydana gəlmə tarixi 29 il öncə 15 iyundan başlayır. Azərbaycanın müstəqil dövlət kimi mövcudluğuna böyük təhlükə yaranmışdı və belə bir vaxtda Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi dövlətin xilası oldu.

Bəs dövlət müstəqilliyimizə təhlükə necə yaranmışdı və bu təhlükə aradan necə qalxdı? 1993-cü il 4 iyunda Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi silahlı qüvvələr həmin gün hakimiyyətə qarşı qiyama qalxıblar, Əbülfəz Elçibəy hakimiyyətinin istefası tələbi qoyulub. Nəticədə hökumət qüvvələri ilə qiyamçılar arasında silahlı toqquşma baş verib. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərk-silah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub, Prezident Qvardiyasının komandiri Tahir Məmmədov başda olmaqla, 11 nəfər qvardiya əsgəri qiyamçılar tərəfindən qətlə yetirilib. Həmçinin baş prokuror daxil, Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülüb. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib. Qiyamı yatırmaq mümkün olmadığından gərginlik get-gedə yüksəlib. 8 iyun 1993-cü ildə Gəncə hadisələri ilə bağlı ölkədə böhran dərinləşib. Surət Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başlayıblar. Ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalıb və belə vəziyyətdən Azərbaycanın dostu olmayan bir sıra böyük dövlətlər Azərbaycana müdaxilə və ölkəni bölmək, müstəqilliyinə son vermək üçün yararlanmaq niyyətinə düşmüşdülər.

Ölkə rəhbərliyi vəziyyətdən çıxış yolu axtarmaq üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət edib. 9 iyun 1993-cü ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Prezident Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gəlib. Həmin gün Milli Məclis Gəncədəki qiyamda iştirak etmiş şəxslərə amnistiya verilməsi və Gəncə olaylarının araşdırılması üçün deputat-istintaq komissiyasının yaradılması haqqında qərarlar qəbul edib.

13 iyun 1993-cü ildə Milli Məclisdə Gəncə hadisələri ilə bağlı gərgin müzakirələr başlayıb. Gəncədəki hərbi qiyamı yatırtmaq üçün həyata keçirilən uğursuz əməliyyata görə məsuliyyət daşıyan AXC iqtidarının ikinci şəxsi, parlamentin sədri İsa Qəmbər istefa verib. Onun istefasını Surət Hüseynovun başçılıq etdiyi qiyamçılar dəstəsi və onlara dəstək verən bir sıra deputatlar tələb edirdi.

Prezident Elçibəy və digər hakimiyyət mənsubları parlament sədri postunu Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə təklif etsələr də, o, mövcud vəziyyəti bilavasitə öyrənmək üçün Gəncəyə gedəcəyini və yalnız bundan sonra təklifə cavab verəcəyini bildirib. Heydər Əliyev bir qrup jurnalistin müşayiəti ilə həmin gün Gəncəyə yola düşüb. Gəncədə vəziyyətlə yaxından tanış olan Heydər Əliyev nəticələr barədə Milli Məclisdə ətraflı məlumat verib.

15 iyun 1993-cü ildə Milli Məclisin iclasında təşkilati məsələyə baxılıb. İclasda iştirak edən Prezident Əbülfəz Elçibəyin təklifi ilə deputat, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan parlamentinin sədri seçilib. Heydər Əliyevin dövlətin rəsmi ikinci postuna seçilməsi ona ölkəni xilas etmək üçün rəsmi status da vermiş olur.

17 iyun 1993-cü ildə isə Prezident Əbülfəz Elçibəy respublika rəhbərliyindən heç kimi xəbərdar etmədən gecə ikən bir qrup AXC fəalı ilə Bakını tərk edərək doğulduğu Naxçıvanın Ordubad rayonunun Kələki kəndinə gedib. Bu hərəkət ölkədə hakimiyyət böhranını daha da ağırlaşdırıb. İyunun 18-də televiziya ilə ölkə əhalisinə müraciət edən Ali Sovetin sədri Heydər Əliyev respublikaya rəhbərliyi öz üzərinə götürməyə məcbur olub.

24 iyun 1993-cü ildə Milli Məclisdə ölkədəki ağır siyasi böhran geniş müzakirə olunub. Prezident Ə.Elçibəylə danışıqlar aparmaq üçün Kələkiyə getmiş bir qrup ziyalının nəticəsiz geri dönməsindən sonra parlament prezident səlahiyyətlərinin Ali Sovet sədrinə verilməsi barədə qərar qəbul edib. Parlamentin qərarı ilə Ali Sovetin sədri Heydər Əliyev prezident səlahiyyətlərini icra etməyə başlayıb.

Tarix və hadisələrin gedişatı da göstərdi ki, Heydər Əliyev 15 iyunda Milli Məclisin sədri seçilməsəydi-ölkə rəhbərliyinə gəlməsəydi Azərbaycanın üzləşdiyi uçurumdan geri dönüşü mümkün olmayacaqdı.

Bu barədə “Yeni Müsavat”a açıqlamasında deputat Aydın Hüseynov bildirdi ki, 15 iyun Azərbaycan dövlətinin və dövlətçiliyinin itirilməsi təhlükəsindən, uçurumun bir addımlığından geri dönüşümüzün başlanğıcı günü idi: “XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşmişdi. Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: ”Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı". Ulu Öndər odövrkü vəziyyəti çox dəqiqliklə ifadə etmişdi.

Azərbaycan dövlətçiliyinin mövcudluğuna təhdid yaradan səriştəsizlik və hərc-mərclik, iqtidarın səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-sü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.

Azərbaycan idarəolunmaz vəziyyətə çatmış ölkəyə çevrilmişdi. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. Bütün ölkələrlə münasibətlər korlanmış, bəzi ölkələrə qarşı iddialar irəli sürməklə Azərbaycan qonşu ölkələrlə düşmən edilmişdi və ölkə təcrid olunmuş vəziyyətə düşmüşdü. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqlarımızın işğalı ilə nəticələnmişdi".

Deputat xatırlatdı ki, Heydər Əliyev məhz dövlətin belə bir ağır vəziyyətlə üz-üzə qaldığı vaxtda xilaskarlıq missiyasını yerinə yetirdi: “Azərbaycan xalqının qurtuluşu məhz onun Bakıya gəlişi və hakimiyyətə qayıdışı ilə başlandı.

Prezident İlham Əliyevin sözləri ilə desək, Milli Qurtuluş günü Azərbaycan tarixində dönüş nöqtəsi idi. Bəli, həqiqətən də dönüş nöqtəsi, məhv olmağın bir addımlığından dönüş. Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Ulu Öndərin qayıdışı faciələrin qarşısını aldı. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Xalq Heydər Əliyevin xilaskar kimi qayıdışını tələb edirdi. Beləliklə, 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol, müstəqil, inkişaf etmiş Azərbaycana aparan yol bilavasitə həmin gündən başlandı.

Ona görə də 15 iyun dövlətçilik tariximizin şanlı səhifəsidir".

 

Etibar SEYİDAĞA

 

Yeni Müsavat.- 2022.- 15-16 iyun.-S.6.