“Torpağı qorumasan,
əkib-becərməyə dəyməz!..”
Ordumuzun qurulmasından 104 il
ötür
26 iyun Azərbaycanda Ordu
Günüdür. Bu tarix Azərbaycan Silahlı Qüvvələrinin
yaranma tarixi kimi qeyd edilən rəsmi bayramdır. 1918-ci il
iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər
Şurasının qərarı ilə ilk müntəzəm
hərbi hissə - əlahiddə Azərbaycan korpusu
yaradılıb.
Bu qərar Şərqin müsəlman aləmində
ilk demokratik hökumətin öz ordusunu yaratmasına
hüquqi əsas verirdi. 1920-ci
ilin aprelində Azərbaycanın sovet işğalından
sonra Milli Ordu ləğv edildi. Azərbaycanın dövlət
müstəqilliyinin bərpasından sonra, 1991-ci il oktyabrın 9-da Ali Sovet Milli Ordunun
yaradılması haqqında qərar qəbul etdi. Azərbaycanın
mərhum prezidenti Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən, 26 iyun- Azərbaycan
Respublikası Silahlı Qüvvələri Günü elan
edilib. Azərbaycanda 26 iyun rəsmi dövlət
bayramı olaraq yüksək səviyyədə qeyd edilir.
Bu gün
Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Ordusu Hərbi Hava və Hava
Hücumundan Müdafiə, Hərbi
Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə
qırıcı və bombardmançı təyyarələrlə
effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava
hücumundan müdafiə qüvvələrinə malik ən
güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə
artırılan Azərbaycan Silahlı Qüvvələrinin
buna müvafiq olaraq hərbi imkanları da genişlənir.
Bəs indiyə qədər Azərbaycanın müdafiə
naziri kimlər olub?
Azərbaycanın 1918-20-ci illərdə iki müdafiə
naziri - Xosrov bəy Sultanov (mülki şəxs) və
artilleriya general-leytenantı Səməd bəy Mehmandarov,
ikinci müstəqilliyi dönəmində isə 8 müdafiə
naziri olub.
İkinci müstəqillik dönəmində 1991-ci ilin
sentyabr-dekabr aylarında müdafiə naziri postunda
general-leytenant Valeh Bərşadlı çalışıb
(5 sentyabr 1991 - 11 dekabr 1991).
1991-ci il dekabr-1992-ci ilin yanvar aylarında general-mayor
Tacəddin Mehdiyev müstəqil Azərbaycanda ikinci müdafiə
naziri vəzifəsini daşıyıb (11 dekabr 1991 - 17 fevral
1992).
Bu posta daha sonra 1992-ci ilin yanvar-fevral aylarında polkovnik
Şahin Musayev, fevral-mart aylarında polkovnik (polis) Tahir
Əliyev gətirilib.
1992-ci ilin mart ayından 1993-cü ilin fevral ayınadək
müstəqil Azərbaycanın müdafiə naziri vəzifəsini
mülki şəxs Rəhim Qazıyev icra edib (17 mart 1992 - 20
fevral 1993).
1993-cü ilin yanvar-iyun aylarında isə general-mayor
Dadaş Rzayev müdafiə naziri vəzifəsində
çalışıb. (20 fevral 1993 - 17 iyun 1993).
1993-cü ilin iyun-avqust aylarında Səfər Əbiyev
Müdafiə Nazirliyinə rəhbərlik edib (17 iyun 1993 -
avqust 1993).
Onu 1993-cü ilin avqust-sentyabr aylarında general-mayor Vahid
Musayev əvəzləyib. (13 avqust 1993 - 25 avqust
1993).
1993-cü ilin sentyabr ayından 1995-ci ilin fevralınadək
isə Azərbaycanın müdafiə naziri vəzifəsində
general-leytenant Məmmədrəfi Məmmədov işləyib. (2 sentyabr 1993
- 6 fevral 1995). Ondan sonra Səfər
Əbiyev yenidən müdafiə naziri postuna gətirilib.
O, 1995-ci ilin fevralından 22 oktyabr 2013-cü ilədək nazir
vəzifəsini icra edib.
Prezident
İlham Əliyevin sərəncamı ilə 2013-cü il 22 oktyabr tarixindən indiyədək
general-polkovnik Zakir Həsənov Azərbaycanın müdafiə
naziri vəzifəsində çalışır.
Azərbaycan Ordusu hazırda dünyanın diqqətlə
izlədiyi bir ordudur. Bu ordu bizə 2020-ci ildə 44
günlük II Qarabağ savaşında tarixi qələbə
hissi yaşatdı. Bu qələbənin təməlini
isə qəhrəman ordumuz 2016-cı ildə 4 günlük
aprel döyüşlərində qoymuşdu.
Erməniləri
təxribatlara sövq edən Rusiyadır
Rövşən
Məhərrəmov: “Ali Baş Komandanımız ordu
quruculuğuna diqqəti daha da artıracaq”
Hərbi
Polisin sabiq rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov
şanlı Azərbaycan Ordusu haqqında “Yeni Müsavat”a
bunları dedi: “Bildiyiniz kimi, Azərbaycan Sovet Sosialist
Respublikaları İttifaqının üzvü idi. Müstəqillik qazandıqdan sonra ordu yaratma istiqamətində
ciddi işlər görüldü. DTX,
DİN və bir sıra qurumlar var idi ki, orada nəyisə
yaratmaq asan idi. Amma Müdafiə Nazirliyi
sovetlər dönəmində bir olub. Yəni
Azərbaycanda onun bazası olmamışdı. Müstəqillik,
sonradan Qarabağın azad edilməsi istiqamətində
mübarizənin getdiyi bir zamanda 1918-ci il
26 iyunda ordu quruculuğuna start verildi. O zaman həm müharibə
gedirdi, həm də ordu qurulurdu. Bu da çox çətin
bir proses idi. Çağırışlar
edilirdi və nəticədə Çar Rusiyası dönəmində
zabit kimi xidmət edənlər vətənə döndülər.
Amma bu da kifayət etmirdi. Ulu
öndər Heydər Əliyev hakimiyyətə gələndə
ilk açıqlamalarından biri bu olmuşdu ki, əsas məqsədimiz
ordunu gücləndirməkdir. Bu da təsadüfi
deyildi. Ordu suverenliyimizdir. Heydər Əliyev hakimiyyəti dövründə
demək olar ki, ordu quruculuğuna sıfırdan
başlandı. Bunun üçün
büdcə artırıldı. Ali məktəblərin
say tərkibi yüksəldildi, yəni orduya aid məktəblər.
Bunlar da kadrların artırılmasını həyata
keçirdilər. İlham Əliyev
hakimiyyətə gəldikdən sonra ulu öndərimizin
başlatdığı işi hərbi sahədə də
uğurla davam etdirdi. Orduya ayrılan
büdcə daha da artırıldı. Təkcə
orduya ayırdığımız büdcə Ermənistanın
dövlət büdcəsindən belə artıqdır.
Bu dövrdə yeni silah-sursatlar alındı.
Biz bilirdik ki, II Qarabağ müharibəsi
qaçılmazdır. Torpaqlarımızı azad etməyin yeganə
yolunun müharibə olduğunu hər kəs anlayırdı.
Müharibəni də aparan ordudur. 2016-cı ilin aprel döyüşlərində bəzi
ərazilərimizi boşaltdıq. 44
günlük savaşda isə əksər ərazilərimizi
azad etdik. 26 iyun xalqımızın
bayramıdır. Biz artıq bu günü
qalib ordu kimi qeyd edirik. Ordumuzun
inkişafı davam edir. Türk ordu modelinə keçidə
start verilib. Hissə-hissə bu sistemə
keçirik. II Qarabağ savaşında
ordumuzun taktikasından hələ də dünyada söz
açılır. Bu yeni bir taktika idi.
Bu taktika çox müasir, yeni, az itkilərlə
başa gələn bir taktika idi. Bütün
bunlar ondan xəbər verir ki, dövlətimizin əsas hədəfi
ordunu durmadan gücləndirməkdir. Hesab
edirəm ki, bundan sonra da Ali Baş Komandanımız ordu
quruculuğuna diqqəti daha da artıracaq. Onsuzda bu proses
gedir. Günü-gündən orduya ayrılan
büdcə artmaqdadır. Ordumuz
dünyanın seçilmiş nadir ordular
sırasındadır. Fürsətdən
istifadə edib silahlı qüvvələrimizi öz
adımdan təbrik edirəm, onlara uğurlar arzulayıram, gələcəkdə
yeni-yeni qələbələrə nail olmağı arzu edirəm.
Qələbə hər zaman bizim
ordumuzundur".
Nəsiman
Yaqublu: “Erməni saxtakarlığı ilə mübarizə
yollarını dəyişməliyik”
Nəsiman
Yaqublu: “Bu zəfərin əsasında 1918-19-cu illərdə
formalaşdırdığımız ordumuzun əzmi,
şücaəti dururdu”
Tarixçi
alim Nəsiman Yaqublu isə ordumuzun tarixi barədə çox
maraqlı faktlarla bizi tanış etdi:
“1918-ci ildə Azərbaycan Ordusunun yaradılması çox
böyük bir hadisə idi. Çünki
Çar Rusiyası dövründə azərbaycanlıları
orduya götürmürdülər. Ona
görə də, ordu məsələsi çox ciddi problem
olaraq qalırdı. Ordumuzun əsasını
qoyanlardan biri Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa idi.
O Gəncəyə gəldikdən bu işlərlə
çox yaxından məşğul olmağa başladı.
1918-ci il 4 iyunda Azərbaycan Xalq
Cümhuriyyəti ilə Osmanlı İmperiyası arasında
müqavilə imzalandı və həmin müqavilənin
4-cü bəndində Azərbaycan tərəfin Osmanlıdan
güc istəmək haqqı yer alırdı. Bu
əsaslarla Qafqaz İslam Ordusunu ölkəmizə dəvət
etdik. Nuru Paşanın Azərbaycana gəldikdən
sonra ilk işi ordu yaratmaq olmuşdu. Onun bu
istiqamətdə xidmətləri danılmazdır və bunu
kimsə inkar edə bilməz. Gəncədə
hərbi məktəb açmışdı. Bu məktəbin 1918-ci ilin oktyabrında ilk
buraxılışı olmuşdu. Bununla
Azərbaycan zabitləri artıq ordumuzda xidmətə
başladılar.
İlk hərbi nazirimiz Xosrov bəy Sultanov olub. O hərbçi olmayıb. Peşəcə həkim olub. Ordumuzun
yaradılmasında onun da böyük dəstəyi olub.
Nuru Paşa ilə birlikdə bu işlərdə
çox böyük fəallıq göstərib.
Bakı 1918-ci il sentyabrın 15-də azad
edildikdən sonra Nuru Paşa ikinci böyük iş
gördü, Bakıda hərbi məktəb açdı və
hərbi zabitlərin yetişdirilməsində çox
böyük rol oynadı. Ordumuz baxın belə
formalaşıb. Təbii ki, ordumuzun ən böyük qələbəsi
Qafqaz İslam Ordusunun tərkibində ilk olaraq Bakının
azad edilməsi, ərazi bütövlüyümüz
uğrunda mübarizə və Qarabağda erməni
separatçılarına qarşı mübarizə,
onları qanunlarımıza tabe etdirmək oldu. 1919-cu il aprelin 5-də Bakının mərkəzində
ordumuzun təntənəli şəkildə ilk paradı
keçirildi. 1919-cu ilin iyunda həmin parad Xankəndidə
keçirildi. Oradan Şuşaya
qalxdılar. Orada İstiqlal meydanı deyilən
yer var, ora indiki Yuxarı Gövhər Ağa Məscidinin
qarşısıdır. Orada da
böyük hərbi parad keçirildi. Həmin
paradda baş nazir Nəsib bəy Yusifbəyli, müdafiə
naziri Səməd bəy Mehmandarov və digərləri
iştirak etmişdi. Ordumuzun sonrakı mərhələlərdə
formalaşmasında ən böyük rolu oynayanlardan biri Səməd
bəy Mehmandarov və baş qərargah rəisi Məmməd
bəy Sulkeviç oldu. Sulkeçiv milliyyətcə
polyak tatarlarındandır. Onun da xidmətləri
danılmazdır. Burada Əliağa
Şıxlinskini də unutmaq olmaz. 25 minə
qədər Azərbaycan Ordusu formalaşmışdı.
Bu ordu 114 min kvadrat kilometr Azərbaycan ərazisinin
qorunmasında böyük rol oynadı. Bu ərazisinin 97
min kv km-i tam şəkildə nəzarətimizdə
idi. Qalan ərazilər mübahisəli şəkildə
idi. Sonrakı proseslərdə bu
mübahisəli ərazi həll olunacaqdı.
1920-ci ildə Azərbaycan rus bolşevikləri tərəfindən
işğal edildikdən sonra bu ordunun qalan əsgər və
zabitləri bir sıra ərazilərdə üsyan
qaldırdılar. Gəncə, Şəki, Zaqatala və s.
üsyanlarını qeyd edə bilərik. Bu
üsyanlarla onlar Rusiya işğalı ilə
barışmadıqlarını göstərdilər. Son nəfəslərinə qədər mübarizə
apardılar. Sadəcə sayları az
olduğu üçün gücləri çatmadı. Onu da
deyim ki, 1920-ci il aprelin 26-dan 27-nə
keçən gecə rus işğalçıları
Bakıya daxil olanda bu ordunun təxminən 1500-2000 əsgər
və zabiti müqavimət göstərdi. Bir
neçə saat düşməni Bakıya buraxmadılar.
Hətta o döyüşlərdə bir rus
generalı belə öldürülmüşdü. Rus əsgər və zabitlərindən ölənlər
də oldu. Yəni biz asanlıqda ordumuz sayəsində
təslim olmadıq. Deyilənlər
yalandır ki, guya müqavimət göstərilməyib, sadəcə
gücümüz çatmamışdı.
Azərbaycan Ordusu 44 günlük savaşda da
böyük zəfər əldə etdi. Bu zəfərin
əsasında 1918-19-cu illərdə
formalaşdırdığımız ordumuzun əzmi,
şücaəti dururdu. Bütün hərbi
qulluqçularımızı ürəkdən təbrik edirəm".
Cavanşir ABBASLI
Yeni Müsavat.- 2022.- 25 iyun.- S.4.