“Heydər Əliyev gənclərin enerjisini dövlətçiliyə
yönəltmək üçün
bütün addımları
atırdı”
Fəzail Ağamalı:
“Azərbaycanın müstəqilliyi və
bütövlüyü uğrunda ictimai yerlərdə təbliğat
aparırdıq”
“Ulu
öndərin siyasi fəaliyyətində və siyasi irsində
ciddi mahiyyət kəsb edən məsələlərdən
biri gənclər, onların vətənpərvərlik ruhunda
tərbiyə olunması olub. Onun üçün gənclərin
Vətənə, dövlətə, istiqlala, milli dəyərlərə
sədaqət ruhunda böyüdülməsi hər zaman
önəmli olub. Tarixin nadir şəxsiyyətlərindən
biri kimi Heydər Əliyev Azərbaycanın müstəqilliyini,
istiqlalını arzulayır, zamanın, ictimai-siyasi mühitin
yaratdığı bütün məhdudiyyətlərə
qalib gələrək bu ulu məqsəd üçün fəaliyyətini
səfərbər edirdi”.
Bu
fikirləri “Yeni Müsavat”a
Milli Məclisinin deputatı, Ana Vətən
Partiyasının sədri, tarix elmləri doktoru, professor Fəzail
Ağamalı deyib. O,
ötən əsrin yetmişinci illərini xatırlayaraq bildirib ki, Azərbaycan intibah dövrünü yaşayırdı:
“Milli məfkurənin formalaşması
həm yaradıcılıq
mühitində, həm
tələbə auditoriyalarında
əhəmiyyət kəsb
etməyə başlamışdı.
Başqa sözlə desək, Heydər Əliyevin azadlıq və milli azadlıq məfkurəsi mahiyyət
etibarilə hakimiyyətin
ilk ilində bütün
sahələri əhatə
edirdi. Ulu Öndər
Azadlıq və Azərbaycanın bütövlüyünə
həsr edilən əsərlərin himayəçisi
qismində çıxış
edirdi. Biz 70-ci illərdə
yaranmış mühitin
yetirmələri olaraq
Azərbaycanın müstəqilliyi
və bütövlüyü
uğrunda dərnəklərdə
fəaliyyətimizi qururduq,
ictimai yerlərdə təbliğat aparırdıq.
Bəxtiyar Vahabzadənin
"Gülüstani-İrəm", Məhəmmədhüseyn Şəhriyarın
“Azərbaycan” şeirlərinin
nüsxələrini mümkün
olan hər yerdə yayırdıq. Bunu edən Azərbaycan gəncliyi idi. Bu gənclik Ulu Öndərimiz tərəfindən
sözün əsl mənasında himayə olunurdu. Hakimiyyətinin ikinci mərhələsində,
1993-cü ildə Azərbaycan
xalqının iradəsinə
söykənərək siyasi
hakimiyyətə gələn
Ulu Öndər şübhəsiz
ki, cəmiyyətin aparıcı
qüvvəsi olan gənclərə və onların fəaliyyətinə
diqqət yetirir, onların enerjisinin Azərbaycan dövlətçiliyinə
və istiqlalına yönəltmək üçün
bütün mümkün
addımları atırdı.
O, 1993-cü ilin sentyabr
ayında Milli Məclisin
sədri kimi gənclərlə görüş
keçirdi, Azərbaycanın
düşmüş olduğu
ağır, faciəvi
vəziyyətdən xilas
olmaq üçün
səfərbər olmaq
istiqamətində tövsiyələr
verdi. Daha sonra gənclər siyasətinin Azərbaycan dövlətçiliyində aparıcı
amilə çevrilməsi
üçün 1994-cü ildə Gənclər və İdman Nazirliyini yaratdı. İki il sonra, 1996-cı ildə gənclərlə
Heydər Əliyev Sarayında forum keçirildi.
Forumda Heydər Əliyev həmin dövrə, eyni zamanda gələcəyə
hədəflənən gənclər
siyasətinin bütün
detallarını və
elementlərini ortaya qoydu. Onları Azərbaycan dövlətinə
sədaqətli olmağa
çağırdı, onların
vətənpərvər ruhda
yetişməsi üçün
lazımi məqamları
açıqladı".
F.Ağamalı xatırlatdı
ki, Ulu Öndər hər
zaman azyaşlılarla görüşlər
keçirib: “O uşaqlar
böyüdükcə Azərbaycana
müxtəlif sahələrdə
sədaqətlə xidmət
etməyə başladılar.
Heydər Əliyevin səpdiyi vətənpərvərlik
toxumları 44 günlük
Vətən müharibəsində
açıq şəkildə
ifadə olundu. Vətənpərvər övladlarımız
əllərində silah
erməni işğalına
son qoydular və Azərbaycanın ərazi
bütövlüyünü təmin etdilər. Əminəm ki, Ulu Öndərin
yaratdığı ənənə,
onun tövsiyələri
gənclər siyasətində
həlledici rol oynayır və bundan sonra da oynayacaq. Bu ənənə
davam edərsə, Azərbaycan dövləti,
cəmiyyətimiz daha
güclü olar, qarşıya qoyulan hədəflərə daha
rahat çata bilərik”.
Fəzail Ağamalı
Yeni Müsavat.- 2023.- 15 iyun. S. 11.