Azərbaycan xalqı xilaskarını unutmur

 

Heydər Əliyevin anım günü - Ümummilli liderin vəfatından 21 il ötdü

 

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatından 21 il keçir. Heydər Əliyev XX əsrin dahi, dünya tarixinə adını yazdırmış şəxsiyyətlərindəndir. Xalqımızın taleyində və müstəqil Azərbaycan Respublikasının tarixində silinməz izlər qoymuş Ulu öndəri xalqımız dərin ehtiram hissi ilə anır. Ulu öndər Heydər Əliyevin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib.

Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib.

1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.

1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib.

1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib.

1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilib.

1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirib.

1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutub.

1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib.

1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb.

Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.

2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.

Heydər Əliyev 5 dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb. Şübhəsiz ki, onun ən böyük mükafatı xalqın sevgisini qazanmaq, Ümummilli liderinə çevrilmək oldu. O, ömrünü Azərbaycana həsr etmiş liderdir. Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır.

XX əsrin 60-cı illərinin sonundan başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyəllənmişdir. Heydər Əliyevin təməli həmin dövrdə qoyulmuş azərbaycançılıq ideologiyası Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaradıb.

Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.

Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, əsl vətənpərvər idi. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəmədi. Çünki bütün dövrlərdə Ulu öndər xalqa ləyaqətlə, sədaqətlə xidmət etmək nümunəsi ortaya qoymuşdu. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı.

Sovet hakimiyyəti illərində 1969-cu ilə qədər olan müddətdə Azərbaycan ittifaqın digər respublikaları ilə müqayisədə geridə qalır, iqtisadi tənəzzül dövrünü yaşayırdı. 1969-cu il iyulun 14-də Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə respublikamızda quruculuq prosesinə start verildi, Azərbaycan tərəqqi dövrünə qədəm qoydu. İqtisadiyyatın ayrı-ayrı sahələrində inkişafın təmin olunması, sənayenin gücləndirilməsi istiqamətlərində önəmli addımlar atıldı, bərpa-quruculuq prosesi həyata keçirildi. 1982-ci ilədək respublikada 200-dən çox yeni sənaye müəssisəsi yaradıldı, böyük iqtisadi potensiala malik fabriklər, zavodlar fəaliyyətə başladı, təhsil və mədəniyyət ocaqları inşa edildi. Bakı Məişət Kondisionerləri Zavodu, Bakı Dərin Özüllər Zavodu, Bakı Neftayırma Zavodunun emal kompleksi, metro stansiyaları və digər sənaye, infrastruktur obyektlərinin fəaliyyətə başlaması, yeni iş yerlərinin yaradılması, kənd təsərrüfatının, neft sektorunun inkişafı istiqamətində atılan məqsədyönlü addımlar nəticəsində qısa müddətdə Azərbaycan İttifaqın ən qabaqcıl respublikalarından birinə çevrildi.

Heydər Əliyev və Azərbaycanda İqtisadi Dirçəliş. | Azərbaycan Respublikası  Xocavənd Rayon İcra Hakimiyyəti

Ümummilli lider azərbaycanlı gənclərin ən nüfuzlu ali məktəblərdə təhsil almalarını fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi. Bu, ölkəmizin kadr potensialının, o cümlədən müxtəlif sahələr üzrə peşəkar mütəxəssislərin, hərbçilərin formalaşdırılmasında olduqca önəmli rol oynadı.

Beləliklə, Ulu öndər Heydər Əliyev tərəfindən 1969-1982-ci illərdə böyük uzaqgörənliklə atılan addımlar respublikanın inkişafını təmin etməklə yanaşı, gələcək müasir müstəqil Azərbaycanın qurulmasına hərtərəfli zəmin yaratdı.

Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi.

1990-cı illərin əvvəllərini müasir Azərbaycan tarixinin ən ağır və çətin dövrü kimi xarakterizə etmək olar. İqtisadi və siyasi böhranla müşahidə olunan bu dövr Ermənistanın işğalçılıq siyasəti ilə daha da ağırlaşırdı.

Azərbaycan xalqı belə çətin məqamda gələcək taleyini Ulu öndərə etibar etdi. Xalq əmin idi ki, Ümummilli lider zəngin təcrübəsi, müdrik və qətiyyətli siyasəti, düşünülmüş və nəticəyə hesablanmış qərarları ilə ölkəmizi bu çətin sınaqdan üzüağ çıxaracaq. Gücünü xalqının inamından alan Ulu öndər məsuliyyəti öz üzərinə götürərək xilaskarlıq missiyasını uğurla həyata keçirdi, Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas etdi, ölkəmizi tərəqqi, inkişaf yoluna çıxardı.

Heydər Əliyev iqtisadiyyatın inkişafında yol infrastrukturunun roluna  yüksək qiymət verirdi - Aayda.gov.az

İlk növbədə, dövlət müstəqilliyimizə təhdid yaradan bütün ünsürlər və risklər zərərsizləşdirildi, davamlı və sarsılmaz əsaslara malik sabitlik təmin olundu. Dövlətin siyasi, iqtisadi dayaqları formalaşdırıldı, qanunvericilik bazasının yaradılması istiqamətində işlər həyata keçirildi, müstəqil Azərbaycanın Konstitusiyası hazırlandı və ümumxalq səsverməsi ilə qəbul edildi. Ölkədə ardıcıl islahatlarla müşayiət olunan iqtisadi quruculuq prosesinə başlanıldı, əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edən davamlı sosial tədbirlər həyata keçirildi. Qısa müddət ərzində ordu quruculuğu istiqamətində zəruri addımlar atıldı, peşəkar ordu yaradıldı, onun maddi-texniki bazası möhkəmləndirildi.

Ulu öndərin müəyyənləşdirdiyi uğurlu xarici siyasət kursu, çoxşaxəli fəal diplomatiyası nəticəsində Azərbaycanla dünyanın aparıcı dövlətləri və beynəlxalq təsisatlar arasında qarşılıqlı faydalı əlaqələr quruldu.

Beləliklə, Ümummilli liderin mükəmməl idarəçilik bacarığı, müdrik siyasəti və zəngin təcrübəsi nəticəsində qısa müddət ərzində xalqımız çətin sınaqlardan uğurla çıxaraq, müstəqilliyini möhkəmləndirdi və əbədi etdi.

Ulu öndər Heydər Əliyevin parlaq ideyaları əsasında qarşıya qoyulan bütün strateji hədəflərə nail olan Azərbaycan bu gün Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə inkişafının yeni mərhələsində inamla irəliləyir. Ötən 21 il ərzində Prezident İlham Əliyev Ulu öndərin müəyyənləşdiyi inkişaf strategiyasını uğurla davam etdirərək xalqımıza özünün çoxəsrlik dövlətçilik tarixinin ən möhtəşəm nailiyyətlərini qazandırdı, Azərbaycanı dayanıqlı iqtisadiyyata, güclü siyasi iradəyə, qüdrətli orduya malik ölkəyə, qlobal əhəmiyyətli layihələri uğurla icra edən dövlətə çevirdi. 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında qazanılan şanlı qələbələr nəticəsində ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildi, Azərbaycan ərazisində separatizmin kökü tamamilə kəsildi.

 

Etibar SEYİDAĞA

 

Yeni Müsavat.- 2024.- 12 dekabr, №225.- S.5.