Qalib komandan, tarix yazan
Lider, Qarabağın memarı
Azərbaycanı
qlobal siyasətin uğurlu oyunçusuna çevirən
Prezident İlham Əliyevin doğum günüdür
Bu
gün, dekabrın 24-ü Azərbaycan Prezidenti, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin doğum
günüdür. İlham Əliyev 1961-ci il dekabrın 24-də
Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə
Bakı şəhərində 6 saylı orta məktəbdə
təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət
Beynəlxalq Münasibətlər İnstitutunda ali təhsil
alıb.
1982-ci ildə
həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə
dissertasiya müdafiə edərək tarix elmləri namizədi
elmi dərəcəsini alıb. 1985-1990-cı illərdə
Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində
özəl biznes sahəsində çalışıb və
bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik
edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə
vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. 1995-ci və
2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə
üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya
Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan
Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin
birinci müavini, 2005-ci ildə isə Partiyanın sədri
seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq
edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri
təyin olunub. 2001-2003-cü illərdə Avropa Şurası
Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası
Milli Məclisinin nümayəndə heyətinin rəhbəri
olub.
İlham Əliyev
2003-cü il oktyabrın 15-də Azərbaycan
Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində
seçicilərin 76 faizindən çoxu İlham Əliyevin
lehinə səs verib. 2008-ci il oktyabrın 15-də keçirilən
seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan
İlham Əliyev ikinci dəfə Azərbaycan
Respublikasının Prezidenti seçilib. 2013-cü il
oktyabrın 9-da keçirilən seçkilərdə
seçicilərin 84,54 faiz səsini əldə edən
İlham Əliyev növbəti dəfə Azərbaycan
Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də
keçirilən seçkilərdə İlham Əliyev
seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan
Respublikasının Prezidenti seçilib.
2024-cü
il fevralın 7-də keçirilmiş növbədənkənar
Prezident seçkisi isə de-fakto Zəfər seçkisi idi.
İlk dəfə olaraq müstəqil həyatımızda
seçkilər ərazilərimizin hər bir yerində
keçirilib. Seçkilərdə seçici fəallığı
76,43 faiz olub. İlham Əliyev seçicilərin 92,12 faiz səsini
qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti
seçilib.
Milli Məclisin
deputatı Aydın Mirzəzadə “Yeni Müsavat”a şərhində
bildirdi ki, İlham Əliyev Azərbaycan dövlətinin
Prezidenti seçildikdən sonra Ulu öndər Heydər Əliyevin
siyasi kursunu layiqincə davam etdirərək, ölkə
qarşısında duran bir çox məsələlərin
həllinə nail oldu: “Azərbaycan özünün müstəqil
daxili və xarici siyasətini ortaya qoydu, dövlətimizin
dünya birliyində layiqli yer tutmasına nail oldu. Eyni zamanda
Ermənistanın Azərbaycanın topraqlarının
işğalından irəli gələn problemlərin həlli
ilə bağlı çox ciddi surətdə məşğul
olmağa başladı, silahlı qüvvələrimiz
gücləndirildi, müasir silahlarla təchiz edildi və Azərbaycanın
hərbi qüdrəti keçmiş Dağlıq Qarabağ
probleminin həllində əhəmiyyətli rol oynadı. Həm
ordu quruculuğunda, həm iqtisadi sahədəki müsbət
nəticələr, eyni zamanda beynəlxalq birlikdə
Qarabağ həqiqətlərinin əsasən qəbul edilməsi
44 günlük Vətən müharibəsində, sonra isə
bir günlük antiterror əməliyyatında suverenliyimizin bərpa
edilməsinə gətirib çıxardı. İlham Əliyevin
fəaliyyəti nəticəsində Azərbaycanın
büdcəsi dəfələrlə artdı”.
A.Mirzəzadə
vurğuladı ki, İlham Əliyev uzaqgörən siyasəti
sayəsində beynəlxalq birlikdə eşidilən və fəaliyyəti
izlənilən siyasi lider kimi qəbul edilib: “Cənab İlham
Əliyevin ən böyük uğurlarından biri isə Azərbaycanda
milli birliyin möhkəmləndirilməsi, xalq-iqtidar birliyinə
nail olmasıdır. İlham Əliyev xalqın içindən
çıxmış dəyərli vətəndaşdır.
O, cəmiyyətin problemlərini bilir. Eyni zamanda bu problemlərin
həllinə dair çox aydın proqramlara malikdir. Bunun sayəsində
problemlər həllini tapır. Bu gün Azərbaycan vətəndaşı
təhlükəsiz mühitdə yaşayır. Azərbaycan
vətəndaşı bütün demokratik hüquq və
azadlıqlara malikdir. Müasir tələblərə cavab verən
təhsil, səhiyyə sistemi formalaşıb. Azərbaycan
infrastrukturu yenidən qurulub. Azərbaycan mədəniyyət
və incəsənətinin inkişafına çox
böyük diqqət ayrılır. Azərbaycan bu gün beynəlxalq
aləmdə çox fəal, konstruktiv rol oynayan aktorlardan
biridir. Cənab Prezidentin fəaliyyəti nəticəsində
Azərbaycan BMT Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvlərindən biri seçildi. Azərbaycan 4
il ərzində Qoşulmama Hərəkatına uğurla rəhbərlik
etdi. Cənab Prezident Azərbaycanın D-8 kimi nüfuzlu beynəlxalq
təşkilata üzv seçilməsinə nail oldu. Azərbaycan
BRİCS-də gələcək üzv kimi çox hörmətlə
qarşılanır. Və Azərbaycan vətəndaşı
bu gün Cənab İlham Əliyevin timsalında
özünün problemlərini həll edən, onu layiqincə
təmsil edən, mənsub olduğu dövləti qüdrətləndirən
lider görür. Ad günündə cənab İlham Əliyevi
təbrik edir, böyük uğurlar arzu edirik, ona
inandığımızı bildiririk. İnanırıq ki,
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
bundan sonra da böyük uğurlar qazanacaq”.
Ədalət,
Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədr
müavini, Milli Məclisin deputatı Elçin Mirzəbəyli
isə “Yeni Müsavat”a şərhində Prezident İlham Əliyevin
liderlik xüsusiyyətlərinə diqqət çəkdi:
“Liderlik, sadəcə, pərdəarxası oyunlar, manevrlər,
bir çox halda isə təsadüflər nəticəsində
siyasi proseslərin ön cərgəsinə çıxmaq
bacarığı, yaxud imkanı deyil, daha çox öz
xalqının maraqlarını sonuna qədər, qətiyyətlə,
bir addım geriyə çəkilmədən, dəmir məntiqə,
iti zəkaya əsaslanaraq müdafiə etməkdir. Eyni zamanda
istibdadın, zülmün, neokolonializmin məngənəsində
sıxılan xalqların hüquq və
azadlıqlarını qorumaq, başqalarına münasibətdə
də ədalətli olmaq məharətidir. Siyasi liderlərin
cılızlaşdığı və bir çox halda, nəinki
yönəltdikləri dövlətlərin, hətta təmsil
etdikləri siyasi qrupların "sərhədlərini
qorumaq" potensialına malik olmadığı, gücün ədalətə,
istibdadın istiqbala meydan oxuduğu müasir dünyada belə
şəxsiyyələrin sayı çox azdır. Hətta
bir əlin barmaqlarının sayı qədər də
deyil...
Məhz
bu baxımdan, Prezident İlham Əliyevin Azərbaycan xalqı
ilə yanaşı, dünyanın ədalətsiz düzənindən
əzab çəkən, bu və ya digər səbəblərdən
hüquq və azadlıqlarını açıq, cəsarətli
və qətiyyətli bir şəkildə müdafiə edə
bilməyən xalqların yanında olması, hətta
onların rəhbərlərinin deyə bilmədiklərini
yüksək məntiq və prinsipiallıqla dilə gətirməsi
XXI əsr üçün özündə klassik liderlik ənənələri
ilə çağdaş düşüncəni birləşdirən
fenomenal liderlik nümunəsi kimi dəyərləndirilə
bilər. Bu xüsusda, əsərlərinə tez-tez müraciət
etdiyim böyük rus filosofu Nikolay Berdyayevin insan
azadlığı ilə bağlı məqaləsindən gətirəcəyim
kiçik bir iqtibasla fikirlərimi əsaslandırmaq istəyirəm.
Nikolay Berdyayev yazır: “Azadlıq, ən dərin qatlarda
hüquq deyil, vəzifədir, insanın tələb etdiyi yox,
əsl insan olmaq üçün ondan tələb
olunandır”.
Bəli,
yalnız haqqın keşiyində dayandıqlarına əmin
olanlar azadlığı ilk növbədə öz vəzifələri
hesab edir və başqalarının azadlığı,
hüquqları uğrunda yorulmadan, hətta qeyri-bərabər
şəraitdə belə mübarizə apara, qalib gələ,
tarixin axarını belə dəyişməyi bacarırlar.
İlham Əliyev
Azərbaycanın Prezidenti seçildiyi gündən ölkəmizə
qarşı həyata keçirilən saysız-hesabsız
yalan və böhtan kampaniyaları, sabotaj, təhdid və təzyiqlərlə,
ölkəmizin inkişafdan saxlanılmasına, “buyruq quluna”
çevrilməsinə xidmət edən çoxsaylı
ssenarilərin müəllifləri və
icraçıları ilə mücadilə aparıb və
qalib gəlib".
E.Mirzəbəyli
Prezident İlham Əliyevin bir azərbaycanlı və bir
övlad olaraq atasının və ataların vəsiyyətinin
yerinə yetirilməsi istiqamətində bu gün sözlə
ifadə edilməyəcək qədər çətin bir vəzifəni
addım-addım, səbirlə, inadla, xalqını kataklizmlərdən,
məhrumiyyətlərdən qoruyaraq yerinə yetirməyi
bacardığını vurğuladı: “Geridə qalan zaman kəsiyində
diplomatiya, iqtisadiyyat, ordu quruculuğu, mədəniyyət,
idman və digər istiqamətlərdə həyata
keçirilən siyasətin ayrı-ayrı detallarını
incələdikcə, sözügedən sahələrdə
atılan addımın Zəfər
yürüşümüzün tərkib hissəsi olduğunu
görə bilərik. Prezident İlham Əliyev təkcə
Müzəffər Ali Baş Komandan deyil, bütün dünya
azərbaycanlılarının milli birliyini təmin edən,
onları vahid Vətən ideyası altında birləşdirən,
böyük hədəflərə doğru aparan, mənəvi
yükü yüzillərə sığmayan tarixi bir
missiyanın lideri, Qələbəmizin memarıdır. Bu
baxımdan, Prezident İlham Əliyev böyük bir
coğrafiyada zülmə məruz qalan, haqqı tapdanan, öz
tarixi vətəninə, ana südü kimi halal
torpağına, tarixinə, mədəniyyətinə və gələcəyinə
sahiblənmək istəyən bütün xalqlar
üçün liderlik nümunəsidir.
Bu gün
dünyada, xüsusilə də yaşadığımız
bölgədə baş verən hadisələr Azərbaycan
xalqının azad və müstəqil yaşamaq istəyini,
istiqlal ideallarını, dağlarına, çaylarına,
bütövlükdə hər qarışına ad verdiyi,
uğrunda canını, ömrünü fəda etdiyi
torpaqlarına sahiblənmək kimi müstəsna
haqqını qəbul edə bilməyən gizli-aşkar,
yaxud gizlindən aşkara çıxan düşmənlərimizin
xəyanətkar simalarını daha aydın görə bilərik.
Ədalət hissini itirmiş, hiyləgər, məkrli
düşmənlərin bitib tükənməyən tələlərindən
sıyrılaraq dünya hərb tarixinə qızıl hərflərlə
yazılan qəhrəmanlıq salnaməsini yazmaq, sadəcə,
iti zəka, strateji düşüncə deyil, Vətəninə
və xalqına nəhayətsiz sevgi, ideallarına sonsuz sədaqət,
milli iradəyə söykənən qətiyyət və
xalqını bir yumruq kimi birləşdirmək, səfərbər
etmək bacarığı tələb edir.
Bizi təslimçi
sülhə sövq etmək, meydanda tək qoymaq, hər
cür dəstəkdən məhrum etmək istəyənlərin
oyunlarını, Azərbaycan xalqının və dövlətinin
müqavimətinin qırılmasına xidmət edən “rəngli
inqilab” ssenariləri, milli birliyimizin pozulmasını, milli-mənəvi
dəyərlərimizin sıradan
çıxarılmasını hədəfləyən layihələri,
“beşinci kolon”un xəyanətlərini və daha nələri...
unutmamışıq. Bu günün yol ayrıcından geriyə
baxanda, bütün bu ədalətsizliklərin, haqsızlıqların
və xəyanətlərin fonunda, yalnız İlham Əliyevin
İkinci Qarabağ savaşında əldə etdiyimiz Zəfərlə
işıqlanan qalib və aydın obrazını görmək
mümkündür.
Bütün
bu təzyiqlərin əsas hədəfi isə Azərbaycanı
inkişafdan saxlamaq, ölkəmizdə dirijor çubuğu,
yaxud “fit”lə idarə olunan marionet idarəçilik rejimi
formalaşdırmağa, dövlətimizi, ordumuzu gücləndirməyə
və təbii ki, Qarabağımızı azad etməyə
imkan verməməkdən ibarət idi...
Amma Azərbaycan
öz liderinin qətiyyəti və ölkəmizin gələcəyi
ilə bağlı aydın təsəvvürlərə,
strateji baxış bucağına, konseptual yol xəritəsinə
malik olması səbəbindən, üzərinə
dünyanın dörd bir yanından hücum çəkən
şərə, qaranlığa, ədalətsizliyə sinə
gərməyi və bu qeyri-bərabər mücadilədə
müzəffər olmağı bacardı. İndi bizi
heç kim mühakimə edə bilməz. Çünki həm
güclü, həm də haqlıyıq!"
“Yeni
Müsavat” Media Qrupun təsisçisi Rauf Arifoğlu və
kollektivimiz adından Cənab Prezident İlham Əliyevi təbrik
edir, ona cansağlığı, daim müvəffəqiyyətlər
arzulayırıq.
Nigar HƏSƏNLİ
Yeni
Müsavat.- 2024.- 24 dekabr, ¹233.- S.5.