İrəvandan Cümhuriyyətlə
bağlı həyasız
İDDİA
- Bakıdan sərt
reaksiyalar
Tarixçi alimlərimiz erməni
yalanlarını alt-üst etdilər; əslində
ötən əsrin əvvəllərində Azərbaycan və
Ermənistana münasibət necə olub?
“Azərbaycan
da öz konstitusiyasında Müsavat Azərbaycanının
(Azərbaycan Xalq Cümhuriyyəti - red.) varisi olmaq hüquq
normasını təsbit edib. Lakin Birinci Ermənistan
Respublikasından fərqli olaraq, Müsavat Azərbaycanı
Millətlər Liqasının Baş Şurası tərəfindən
müstəqil dövlət kimi tanınmadı. Beynəlxalq
hüquq nöqteyi-nəzərindən Azərbaycan bu xoşagəlməz
"bərabərsizliyi" və ondan irəli gələn
bütün səbəb-nəticə hadisələrinin
mümkünlüyünü aydın şəkildə dərk
edir".
“Yeni Müsavat”ın məlumatına görə,
belə bir iddianı Ermənistanın Dövlət Gəlirləri
Komitəsinin keçmiş sədri David Ananyan rəsmi
Bakının sülh müqaviləsi üçün Ermənistan
qarşısında qoyduğu konstitusiya şərtindən
danışarkən irəli sürüb. Ananyan facebook səhifəsində
həmçinin yazıb: “Ermənistanın Müstəqillik
Bəyannaməsində vurğulanır: "1918-ci il mayın
28-də yaradılmış müstəqil Ermənistan Respublikasının
demokratik ənənələrinin inkişafı..."
Əlbəttə ki, burada söhbət Birinci Ermənistan
Respublikasından gedir. Birinci Ermənistan Respublikası beynəlxalq
səviyyədə - hazırkı BMT-nin hüquqi sələfi
olan Millətlər Liqasının Baş Şurası tərəfindən
tanındı və beynəlxalq hüquq normalarına
uyğun şəkildə (keçən əsrin 20-ci illərində
bu proses yarımçıq qalsa da) öz sərhədlərini
müəyyən etdi". Onun sözlərinə görə,
Azərbaycan İrəvanı Müstəqillik Bəyannaməsindən
imtina etməyə məcbur etməklə Birinci Ermənistan Respublikasının
hüquqi varisi olmaq missiyasından da əl çəkməyə
vadar etmək istəyir: “Bu da mahiyyətcə gələcəkdə
tarixi vətənimizin, beynəlxalq hüquq əsasında bizə
məxsus olan vətənimizin (?! - red.) ən ciddi hissəsinə
nəzarət etmək üçün (oxu: ”miatsum"
üçün! - red.) hüquqi imkandan könüllü
imtina deməkdir". Yəni bir daha aydın olur ki, Ermənistanın
Müstəqillik Bəyannaməsi konstitusiyaya məhz yeni ərazilərin
işğalına əsas yaratmaq üçün
salınıb. Son zamanlar Azərbaycan davamlı şəkildə
Ermənistanı Azərbaycan və Türkiyəyə
qarşı ərazi iddialarının əks olunduğu
müstəqillik bəyannaməsini, həmçinin
konstitusiyasını dəyişdirməyə
çağırır. İrəvanda isə sülh prosesi
üçün önəmli addım sayılan bu tələblərə
əməl etməkdən boyun qaçırmaq
üçün müxtəlif absurd iddialar səsləndirirlər.
Bu xüsusda Azərbaycana analoji təklif verilməsi də əcaibdir.
Ən əsası ona görə ki, ermənilərə
dövlətlərini qurmaq imkanı yaradan, həmçinin
paytaxt olaraq İrəvanı güzəştə gedən Azərbaycan
Xalq Cümhuriyyəti olub. Özü də bu qondarma dövlət
Azərbaycanın tarixi ərazilərində, İrəvan
xanlığının mərkəzində yaradılıb.
Eyni zamanda Azərbaycan Respublikası özünün dövlət
müstəqilliyini bərpa edərkən tam məntiqli şəkildə,
haqlı olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi
olduğunu bəyan edib. Azərbaycan Respublikasının
dövlət müstəqilliyi haqqında Konstitusiya
Aktında “Azərbaycan
Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək
mövcud olmuş Azərbaycan Respublikasının varisidir” -
yazılması Ermənistanı çox həyəcanlandırıb.
Hesab edirlər ki, Azərbaycan bu müddəaya istinad edərək
tarixi torpaqlarını geri tələb edə bilər. Azərbaycan
dövlətinin rəhbərliyi hər hansı ölkənin
ərazilərinə iddia irəli sürmək niyyətində
olmadığını dəfələrlə bəyan etsə
də, Ermənistanda sakitləşmək istəmirlər. O
da istisna deyil ki, bununla sülh prosesini uzatmağa, qanunvericilik
bazasındakı ciddi yanlışlıqları düzəltməkdən
yayınmağa çalışırlar. Bəs reallıq nədən
ibarətdir, 1918-20-ci illərdə nələr baş verib?
Millətlər Liqasında Azərbaycan və Ermənistanın
tanınma məsələsi əslində necə olub?
Deputat, tarix elmləri doktoru, professor Anar İsgəndərov bu
mövzuda Musavat.com-a bildirib ki, o zaman Ermənistan Paris Sülh
Konfransında de-fakto tanınmadı: “Azərbaycan Cənubi
Qafqazdan gedən yeganə dövlət oldu ki, de-fakto
tanındı. Paris Sülh Konfransının Ali
Şurasının tövsiyəsi də oldu ki, gedin,
üç respublika, üç xalq öz aranızda ərazi
məsələsini həll edin, ondan sonra de-yure tanınmaq
olacaq. Rusiyanın işğalının baş verməsi isə
bölgədə vəziyyəti dəyişdi. Azərbaycan
işğal olunandan sonra nə Paris Sülh Konfransı bu məsələyə
qayıtdı, nə də biz bu məsələni həll edə
bildik. Çünki sovet Rusiyası öz maraqlarına
uyğun olaraq o əraziləri böldü və idarə etməyə
başladı. Zəngəzur sovet Rusiyasının təkidi
ilə Azərbaycandan qoparılaraq ermənilərə
verildi”. Tarixçi alim təəssüflə bildirib ki,
dünya bu gün Ermənistanın böhtanlarını
“tarixi həqiqət” kimi qəbul edir, bizim haqqımıza
girir: “Ədalətsiz dünya bizi ədalətsiz
adlandırır, bizi etnik təmizləmədə günahkar
bilir. Dünya əslində ermənilərin 30 ildə bizə
qarşı etdiklərinin hansı birisinin üzərində
dayanır? Heç birinin. Bu mənada Ermənistanın ərazisi
də saxtadır. Verdiyimiz İrəvanın da haqqını
tələb edə bilərik. Çünki biz insani hisslərə
əsaslandıq, dostluq, normal qonşuluq, əmin-amanlıq
olsun dedik. Hətta ümumi düşmənə qarşı
mübarizədə ermənilərə federasiya təklif
etmişdik. Amma ermənilər bizim xoş məramımızdan
sonra nəinki geri çəkildi, artıq Qarabağla,
Naxçıvanla bağlı iddialarını bir az da
artırdı, sürətləndirdi”. Anar İsgəndərov
bildirib ki, Paris Sülh Konfransının Ali Şurası o
dövr üçün çox böyük təşkilat
idi, qalib və məğlub dünyanı müəyyən
edirdi: “Biz də sözün həqiqi mənasında
böyük uğur qazandıq. Amma sonrakı dövrdə
bolşevik işğalı bu hadisələrin sona
çatdırılmasının qarşısını
aldı, hər şeyi yarımçıq qoydu. Bir də
fikirləşin, 23 ay bir dövlətin həyatında nədir
ki? Bir an bir məqamdır. Ona görə dövlətin
ordusu, ərazisi, iqtisadiyyatı ilə bağlı istədiyi,
arzuladıqları hamısı yarımçıq qaldı,
elə işlər var idi ki, heç başlanmadı. Amma
bütün bunlara baxmayaraq, Cümhuriyyət tarixi Azərbaycanın
tarixində şərəfli bir dövrdür, 23 aylıq
hakimiyyəti dövründə 350 ilkə imza atıb.
Bakının Azərbaycanın paytaxtı olması, Azərbaycan
kimi coğrafi məfhum olan Azərbaycan ifadəsinin siyasi məfhuma
çevrilməsi, parlamentli respublika, nələr-nələr,
bütün bunlar hamısı Cümhuriyyətin xidmətin
xidmətləridir. Azərbaycan Respublikasını onun siyasi
varisi hesab edirik. Çünki hər şeyin bünövrəsi
onda qoyulub”.
Deputat,
AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı isə
“Yeni Müsavat”a açıqlamasında
bildirib ki, Ermənistanda səsləndirilən fikirlərin
konkret məqsədi var: “Əvvəla, onlar sərhədlərin
delimitasiyası, demarkasiyası və sülh sazişinin
imzalanması prosesini uzatmaq istəyirlər. Ermənistan beynəlxalq
hüququn əleyhinə gedərək 1991-ci ildə Almatı
Bəyannaməsində tanınmış sərhədləri
pozmaqla yeni şərait yaratdı. Deməli, artıq sərhədlərin
sovet dövründəki kimi müəyyənləşdirilməsi
məsələsi arxa plana keçə bilər, Azərbaycan
bu məsələdə beynəlxalq hüquq və ənənə
baxımından haqlıdır. Birincisi, çünki Ermənistan
beynəlxalq hüququ pozmuşdu. İkincisi, 1991-ci ildə
dövlət müstəqilliyinin bərpası haqqında
Konstitusiya Aktında yazılıb ki, Azərbaycan
Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”.
Tarixçi alim Ermənistanda səslənən iddiaların hər
hansı bir arqumentə söykənmədiyini və əsassız
olduğunu tarixi dəlillərlə sübuta yetirdi: “Ermənistanda
söylənilən fikirlərin heç bir əsası
yoxdur. Birincisi, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin
yanvar ayında de-fakto olaraq ərazisi təqribən 114 min
kvadrat kilometr olmaqla Paris Sülh Konfransında tanınıb.
Soruşulur: ərazisi olmayan bir dövləti Sülh
Konfransına dəvətə edərlərmi və onu
tanıyarlarmı? Bu ərazinin təqribən 97 min kvadrat
kilometri mübahisəsiz olub. İndi isə Azərbaycan
Respublikasının ərazisi 86,6 min kvadrat kilometrdir. Sual
olunur: Azərbaycanın ərazisinin təqribən 10 min
kvadrat kilometri haraya gedib? Ermənilər arxiv sənədlərinə
baxa bilərlər. İkincisi, Azərbaycan nümayəndə
heyətinin Paris Sülh Konfransında iştirakından
ötrü ABŞ hökuməti o zaman üçün
böyük məbləğ hesab edilən 1000 dollar vəsait
verib. Bunlara dair sənədlər ABŞ arxivlərində var
və kitablarımda da yazmışam.
Üçüncüsü, Ararat - Ermənistan Respublikası
qurulan zaman ərazisi təqribən 9 min kvadrat kilometr olub.
İndi Ermənistan Respublikasının ərazisi təqribən
29 min kvadrat kilometrdir. Soruşulur: 1918-ci il mayın 28-də
elan edilən bu respublikanın təqribən 9 min kvadrat
kilometr ərazisi necə təqribən 29 min kvadrat kilometr
olub? Torpaq da artıb-törəyirmi?”
M.Qasımlı qeyd edib ki, Ermənistanda
səslənən bu iddialar onların uydurma
soyqırımı qurbanları barədə səsləndirdikləri
rəqəmlərə bənzəyir: “Əvvəlcə
yazırdılar ki, 350 min, 500 min, 650 min, 1 milyon erməni
ölüb. İndi isə bu rəqəmi 1 milyon 500 minı
çatdırıblar. Belə çıxır, onların
ölüləri də artıb-törəyir? Ciddi olmaq
lazımdır”. Professor erməni yalanlarını alt-üst
edən daha bir fakta diqqət çəkdi: “Tanınmayan bir
dövlətə yardım edilməsi məsələsi necə
beynəlxalq konfransda müzakirə edilə bilərdi? Parisdə
Azərbaycan və Gürcüstan nümayəndə heyətləri
birlikdə qəbul edilib və yardım məsələsi
müzakirə olunub. Antanta ölkələrindən görkəmli
dövlət adamları iclasda iştirak ediblər. Bununla
bağlı qərar qəbul edilib. Bu barədə də
ABŞ-da arxivlərdə rəsmi sənədlər var.
Beşincisi, Azərbaycanın Millətlər Cəmiyyətinə
üzv qəbul edilməsi məsələsi də müzakirə
edilib. Lakin bu zaman Azərbaycan sovet Rusiyası tərəfindən
işğal edildiyi və dövlət müstəqilliyini
itirdiyi üçün Millətlər Cəmiyyətinə
üzv qəbul edilməyib. Buna dair də Millətlər Cəmiyyətinin
rəsmi sənədləri var. Əsassız iddialar,
gerçək tarixi saxtalaşdırmaq lazım deyildir. Tarix
olduğu kimidir”.
Bir zəruri əlavə: fotosunu təqdim etdiyimiz xəritə Azərbaycan
Xalq Cümhuriyyətinin Millətlər Liqası tərəfindən
tanınmış ərazilərini əks etdirir. Hazırda bu
xəritə Millətlər Liqasının arxivindədir.
Göründüyü kimi, xəritə fransız dilində
çap olunub. Azərbaycanın güzəştə getdiyi ərazilərdə
yaradılan, ancaq heç Parisdə də tanınmayan 9 min
kv.km-lik Ermənistan ərazisi də aydın
görünür...
Elşad Paşasoy
Yeni Müsavat.- 2024.- 20 fevral, ¹ 32.- S.9.