Ziya Bünyadovun
qətlindən 27 il ötdü
- qatil hansı sirləri açmışdı?
2000-ci ildə qətlin üstü açılarkən
akademiki öldürən
dəstə ölkədən
İrana qaçıb...
Fevralın 21-də Azərbaycanın nadir şəxsiyyət-ziyalılarından olan Ziya Bünyadovun
xaincəsinə qətlə
yetirilməsindən 27 il ötdü.
Dünən- fevralın
22-də mərhum akademikin
torpağa tapşırıldığı
gün idi.
Ziya Bünyadov 1923-cü il dekabrın
21-də Astara şəhərində
hərbi tərcüməçi
ailəsində anadan olub. Orta məktəb
illərini Göyçayda
keçirib. 1939-cu ildə
orta məktəbi bitirdikdən sonra təyyarəçilik məktəbinə
daxil olmaq məqsədilə Bakıya
yollanıb. Lakin tibb komissiyasından keçə
bilmədiyindən, yaşına
iki il əlavə edərək S.Orconikidze
adına Bakı Piyadalar Məktəbində
təhsilini davam etdirib. 1941-ci ilin mayında hərbi məktəbi leytenant rütbəsində əlaçı
diplomu ilə bitirib. O, 2-ci Dünya müharibəsi zamanı Ukrayna, Mozdok və Tuapse, Belarus və Polşa uğrunda savaşlarda fəal iştirak edib. Müharibənin sonlarına yaxın,
1945-ci il 27 fevralda Ziya
Bünyadova döyüşlərdə
göstərdiyi şücaətə
görə Sovet İttifaqı Qəhrəmanı
adı verilib.
Müharibə başa çatdıqdan
sonra 1946-cı ildə
Moskva Şərqşünaslıq İnstitutuna daxil olub, 1950-ci ildə həmin institutun aspiranturasına qəbul edilib. 1954-cü ilin may ayında “İtaliya İmperializmi Afrikada” namizədlik dissertasiyasını
müdafiə edib, həmin ilin avqustunda Bakıya qayıdaraq Azərbaycan
Milli Elmlər Akademiyasının
Tarix İnstitutunda elmi axtarışlarını
davam etdirib. 1958-ci ildən 1959-cu ilə kimi Ziya Bünyadov
Azərbaycan Dövlət
Universitetinin şərqşünaslıq
fakültəsində müəllim
işləyib.
1967-ci ildə Azərbaycan
Elmlər Akademiyasının
(AMEA) müxbir üzvü,
21 aprel 1976-cı ildə
Elmlər Akademiyasının
həqiqi üzvü seçilib. 1981-ci ilin aprel ayından isə Azərbaycan Milli Elmlər Akademiyasının
Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə təyin
olunub. O, bu vəzifədə 1986-cı ilə
qədər fəaliyyət
göstərib. 1988-1990-cı illər ərzində Azərbaycan SSR EA-nın Şərqşünaslıq İnstitutuna
rəhbərlik edib. Ziya Bünyadov 1990-cı ildə AMEA-nın vitse-prezidenti seçilib.
O, 1991-ci ildə professor Vasim
Məmmədəliyevlə birlikdə Quranın Azərbaycan dilinə tərcüməsini başa
çatdırıb. Ziya
Bünyadov 1997-ci il fevral
ayının 21-də yaşadığı
binanın qarşısında
qətlə yetirilib.
Ziya Bünyadovu qətlə yetirən dəstə barəsində Ağır
Cinayətlərə Dair
İşlər üzrə
Məhkəmə (indiki
Bakı Ağır Cinayətlər Məhkəməsi)
21 fevral 2001-ci il tarixli
hökm çıxarıb.
Hazırda Qobustan qapalı
həbsxanasında qətldə
birbaşa iştirak etmiş şəxslərdən
biri Nizami Nağıyev ömürlük
məhkumluq həyatı
yaşayır. Onu və Qabil Babayevi
hadisə yerinə aparan Mahir Zeynalov
da onunla bərabər
ömürlük həbsdədir.
“Yeni Müsavat”ın əməkdaşı bir neçə il əvvəl
Qobustan həbsxanasında
Nizami Nağıyevlə
görüşüb qətlin
tarixçəsi və
sifarişçi ilə
bağlı fikirlərini
öyrənmişdi. (5 hissədən
ibarət həmin müsahibənin keçidini
təqdim edirik:
https://musavat.com/news/ziya-bunyadovun-qatili-hebsxanada-danisdi-sensasion-aciqlamalar-foto_506470.html)
Hökmə görə, dəstə
üzvləri 1997-ci ilin
yanvarında Bakıda
yığıncaq keçiriblər.Yığıncaqda Nizami Nağıyev, Cavanşir Aslanov, Mahir Zeynalov, Qalib Babayev, Tariyel Ramazanov, “Nəsrullah” adlı şəxs iştirak edib və akademik Ziya Bünyadovun xidməti, siyasi fəaliyyətinə son qoymaq
qərarlaşdırılıb. Qətlin həyata keçirilməsi planı
qurulub, dəstə üzvlərinin hər birinin rolu öz
aralarında bölüşdürülüb.
Yığıncaqda akademikin
İran müşteyidləri tərəfindən ölümünə
“fətva” verildiyi vurğulanıb. Bildirilib
ki, Ziya Bünyadov islam tarixinin tərcüməsində guya
kobud səhvlərə
yol verib. Hökmdə bildirilib ki, Nizami Nağıyev, Mahir Zeynalov, Xanlar Cabbarov, Maarif Əliyev, Rövşən Həsənov,
Qədir Abbasov, Rizvan Məmmədov, Qalib Babayev Tariyel Ramiz oğlu Ramazanov istintaqa məlum olmayan, özlərini
İran İslam Respublikası vətəndaşları kimi
təqdim edən “Məhəmməd” və
“Nəsrullah” adlı şəxslərin 1993-cü ildə
Azərbaycanda, o cümlədən
Bakı şəhərində
İslam dininin müdafiəsi
pərdəsi altında
ağır və xüsusilə ağır
cinayətlər törədilməsi
məqsədilə yaratdıqları
“Vilayəti Əl-Fəqih
Hizbullah” adlı cinayətkar birliyə qəbul olunublar.
1993-cü ildən 2000-ci ilin
oktyabrınadək orada
iştirak ediblər.
21 fevral 1997-ci il saat
16 radələrində dəstə
2 qrupa ayrılıb. Tapança-pulemyotla silahlanmış
Tariyel Ramazanov və Cavanşir Aslanov akademik Ziya Bünyadovun evə qayıtma vaxtını mobil telefon vasitəsilə 2-ci
qrupa məlumat verib. Nizami Nağıyev
bıçaqla, Qalib
Babayev isə tapança
ilə silahlanıb Mahir Zeynalovla birlikdə avtomaşınla
akademik Ziya Bünyadovun yaşadığı
binanın yaxınlığında
növbəti zəngi
gözləyiblər.
Axşamüstü saat 6 radələrində
Tariyel Ramazanov akademik Ziya Bünyadovun
evinə gəlməsi
barədə Mahir Zeynalova məlumat verib. O, kənar şəxslər barədə
işarə vermək
məqsədilə avtomaşında
qalıb, Qalib Babayev binanın tinində, Nizami Nağıyev isə 3-cü girişin qarşısında mövqe
tutub. Akademik Ziya Bünyadovun mənzilinə tək getməsi barədə Qalib Babayevin işarəsindən sonra Nizami Nağıyev binanın 3-cü girişinə
daxil olaraq gözləyib. 1-ci və
2-ci mərtəbələrin arasındakı meydançada
Ziya Bünyadovun arxa tərəfinə keçib və onun sağ və
sol qabırğaaltı, qarın
nahiyələrinə, sol əlin
arxa bayır səthinə 5 dəfə
ardıcıl zərbə
vurub. Həmin vaxt hadisə yerinə Qalib Babayev də özünü çatdırıb və
“Makarov” markalı səsboğucusu
olan tapançadan Ziya Bünyadovun sifətinin sağ yanaq nahiyəsinə və boynuna atəş açıb. Akademikin həyatına son
qoyan hər 2 şəxs Mahir Zeynalovla birgə avtomobillə hadisə yerindən qaçıb.
3 il sonra dəstə üzvlərindən Nizami
Nağıyev və Mahir Zeynalov tutulublar. Nizami Nağıyev qətldən
5 ay sonra Gömrük
Komitəsinə işə
düzəlib, tutularkən
də gömrük inspektoru olub. Atası Adil Nağıyev
həmin vaxt Abşeron Rayon İcra Hakimiyyətinin başçısı
vəzifəsini daşıyıb.
Nizami Nağıyev
“Yeni Müsavat”a demişdi ki, Ziya Bünyadovu onlara Aydın kimi tanıdıblar, onun və bir müxalifət
liderinin qətlini sifariş veriblər. Sifarişi alan Tariyel Ramazanov Milli Elmlər Akademiyasının
işçisi olub.
2000-ci ildə qətlin
üstü açılarkən
o və dəstənin
digər üzvləri
ölkədən qaçıblar.
Nizami Nağıyev onların İrana qaçdıqlarını ehtimal
etdiyini bildirmişdi.
Elşən MƏMMƏDƏLİYEV
Yeni Müsavat.- 2024.- 23 fevral, ¹35.- S.7