Hidayət Orucovdan sensasion açıqlamalar
Dini Komitənin sabiq sədri: “Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsində işə başlayanadək
inanmazdım ki, Azərbaycanda belə antidövlət komitəsi
ola bilər”
Şair,
naşir, dramaturq, ictimai və dövlət xadimi, Azərbaycan
Respublikasının birinci dərəcəli dövlət
müşaviri, fövqəladə və səlahiyyətli səfir,
Əməkdar incəsənət xadimi, Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin sabiq sədri, Hidayət
Orucov “Yeni Müsavat”a müsahibə verib.
Müsahibəmiz
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
birinci sədri Rafiq Əliyevin Bakupost.az saytına
açıqlamaları, daha da konkretləşdirsək, Hidayət
Orucov haqqında dedikləri ilə bağlıdır.
R.Əliyev deyib: “Dini bilən adam Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinə sədr
olmalıdır. Bu vəzifədə birinci 5 il mən işlədim.
Mən dini də, ərəb dilini də bilirdim. Təxminən
5 il ərzində dövlət konsepsiyası hazırladıq
və müəyyən işlər gördük. Daha sonra həmin
vəzifəyə Hidayət Orucov təyin olundu. O, nə dini,
nə də siyasəti bilirdi. Hidayət Orucov 9 il bu vəzifədə
işlədi, lakin bu müddət ərzində onun
gördüyü hər hansı işi qeyd edə bilmirəm.
Çünki ədəbiyyatşünas idi və ancaq
yazı-pozu ilə məşğul olurdu”. Bu kimi fikirlərin
“Yeni Müsavat”da dərcindən sonra Hidayət Orucovun fikirlərini
öyrəndik. Sabiq komitə sədri “Yeni Müsavat”a sensasion
açıqlamalar verdi. Müsahibəni təqdim edirik:
- Hidayət
müəllim, Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinə sizdən əvvəl rəhbərlik etmiş
professor Rafiq Əliyev mətbuata açıqlamasında
bildirib ki, Hidayət Orucov nə dini bilirdi, nə də siyasəti.
İlk baxışdan çox sərt yanaşmadır. Bu
yanaşma ilə tanış olan şəxs ani olaraq
qarşılıqlı münasibətlərdə
uyğunsuzluq elementləri axtarmalı olur. Bildiyimizə
görə, kəsişən, toqquşan maraqlarınız da
yoxdur... Elə isə sələfinizin illər sonra belə
bir mövqedən çıxış etməsinin səbəbi
nədir? Bu fikirləri necə qəbul etdiniz?
- Əvvəla, mənim xarakterim və məndən qabaq, məndən
sonra işləyənlərə münasibətim belədir
ki, hara təyinat almışam, işləməyə
getmişəm, keçənlərə fikir verməmişəm,
o barədə bir kəlmə danışmamışam. O
cümlədən Rafiq Əliyevin o komitəyə rəhbərlik
etdiyi illərlə bağlı... Getdim, həmin gün
kollektivə dedim ki, biz bundan sonra belə işləyirik və
ilaxır. Bir də o, vəzifədən gedəndən sonra
yenə də o barədə heç nə
danışmamışam. Heç vaxt! Mən indiyə kimi
neçə yaradıcılıq, siyasi, diplomatik, yüksək
məsul vəzifələr daşımışam, heç
vaxt nə məndən əvvəlki, nə də məndən
sonrakı haqqında danışmamışam.
Yaxşılıq olanda şübhəsiz ki, demişəm. Məndən
sonra işləyənlər də mənim haqqımda xoş
sözlər deyiblər ki, “biz gəldik, o prosesləri davam elədik”
və ilaxır. O cümlədən Mübariz Qurbanlı sədr
gələndən sonra mənə də dedi ki, mən sizin
işləri, sizin islahatları burada davam etdirirəm. Mənə
bunu kollektivdən də dedilər. Yəni Mübariz
Qurbanlı kollektiv qarşısında da demişdi ki, o, Hidayət
Orucovun işlərini davam etdirir.
- Elşad İsgəndərov
da sədr oldu...
- O, qısa müddət
işlədi. Dediyim kimi, mənim, ümumiyyətlə, iş
üslubum budur. O cümlədən Rafiq Əliyev haqqında
da... Əvvəllər də bir-iki dəfə mətbuatda nə
isə dedi - mənim Dövlət Komitəsindən təzə
gedən vaxtlarımda - əhəmiyyət vermədim.
Heç indi də əhəmiyyət verməzdim. Amma indi elə
yalanlar, uydurmalar, şər, böhtan deyib, elə qeyri-ciddi, nə
keçmiş sədrə, nə professora yaraşan ifadələr
işlədib ki... Bu, məni çox təəccübləndirdi.
Onu da deyim ki, Dövlət Komitəsinə
sədr gedəndə də təəccüblənmişdim.
İnanmazdım, hətta təsəvvür eləməzdim
ki, Azərbaycanda elə antidövlət komitəsi var. Məndən
5 il qabaq o komitə Ulu öndərin sərəncamı ilə
yaradılmışdı. Getdim, orada Dövlət Komitəsinin
fəaliyyəti, statusu, görəcəyi işlərlə
bağlı heç nə görmədim. Bir daha təkrarlayıram,
mən inanmazdım, həm də təsəvvür eləməzdim
ki, Azərbaycanda elə antidövlət komitəsi var.
- Nəyə əsasən bu qənaətə gəlmişdiniz?
- Orada dövlət siyasətinin din sahəsində həyata
keçirilməsi ilə bağlı... O zaman Azərbaycanda
situasiya çox mürəkkəb idi, çox ciddi problemlər
var idi. Yəni xarici missionerlərin ölkəmizə
axını, onların təmsil olunduqları ölkələrdəki
dövlət-din münasibətlərini burada təbliğ etmələri,
İslam dəyərlərini özlərinə məxsus
şəkildə yaymağa cəhd eləməsi, Azərbaycan
üçün ənənəvi olmayan və Azərbaycan
xalqının heç vaxt qəbul etmədiyi radikal təriqətlərin,
mövhumatın burada yayılması və ilaxır. Bu məsələlərlə
bağlı demək olar ki, heç bir iş
görülmürdü. Əksinə, müəyyən
adamlar da bu istiqamətdə heç narahat deyildilər. Hətta
xarici missionerlərə şərait yaradanlar da istisna
olunmurdu. Ona görə deyirəm ki, dövlət siyasətinin
həyata keçirilməsi ilə bağlı heç bir
iş görülmürdü. Adama belə gəlirdi ki, bu, elə
antidövlət komitəsidir. Mən buna çox təəssüfləndim.
- Komitəyə rəhbər
təyin olunduğunuz zaman Rafiq Əliyevin
özü ilə bu barədə
danışdınızmı?
- Xeyir, onun özü
ilə heç bu barədə danışmaq istəmədim.
Onunla bu haqda danışmağın heç bir mənası
yox idi. Çünki o artıq işdən
çıxarılmışdı. Lap dözülməzi o
idi ki, bu, ümumiyyətlə, Dövlət Komitəsinin
işi ilə məşğul olmurmuş. Mən orada fəaliyyətə
başlayandan sonra əməkdaşlar dedilər ki, o, saat
11-12-də işə gəlirmiş, günorta 1-də,
uzaqbaşı 2-də çıxıb gedirmiş və ondan
sonra qayıtmırmış. Dövlət Komitəsini idarə
edən maliyyə şöbəsinin müdiri onun yeznəsi
imiş. Onun siyasətlə, dinlə heç bir əlaqəsi
olmayıb, ticarətdə - “Azərittifaq”ın
Ağdamdakı qurumunda işləyib. Əvvəla, yaxın
qohumu ora işə götürmək olmaz, bu, öz yerində.
Digər tərəfdən, “Azərittifaq”ın
keçmiş işçisi siyasi bir qurumda, Dövlət
Komitəsində, günün yarısından çoxunu sədrin
yerinə necə işləyə bilər? O vaxt məlum oldu
ki, bu adam 5 il komitə sədri işlədiyi dövrdə
onun əsas diqqəti özünün maddi biznes maraqlarına
yönəlib. Məsələn, “İrşad” hoteli tikdi,
telefon şirkəti yaratdı və ilaxır.
- “İrşad” onundur?
- Əlbəttə, onundur.
İndi bilmirəm o hotel qalır, qalmır? Bu vəsait onda
haradan idi? Kimin hesabına hotel tikirdi? Hətta Ulu öndər
bir müşavirədə ondan soruşdu. Dedi siz o hoteli
haradan tikmisiniz? Bu cavab verdi ki, dostlarım kömək edib. Ulu
öndər qayıtdı ki, mənim də dostlarım
çoxdur, heç mənə kömək eləmirlər. Mən
onda Azərbaycan Respublikasının dövlət
müşaviri idim. Bu, Ulu öndərin çox özünəməxsus,
çox yüksək səviyyəli və konkret istehzası,
sərt tənqidi idi. Necə yəni dostlarım kömək
elədi, hotel tikdim və ilaxır... Bilirsiniz, belə işlərlə
məşğul olan adam, əvvəla, mətbuatda deyir ki,
Hidayət Orucov nə dini bilirdi, nə siyasəti. Hidayət
Orucov o komitəyə gələnə qədər 14 il Azərbaycan
Respublikasının milli siyasət məsələləri
üzrə dövlət müşaviri olub. Ümumiyyətlə,
necə demək olar ki, 14 il ölkənin dövlət
müşaviri olan adam siyasəti bilmir? Üstəlik, bu 14
ilin təxminən 10 ildən çoxu dini siyasət mənim
kurasiyamda olub. Yəni dövlət müşaviri olaraq dini
siyasətə mən məsul olmuşam. Arada 3-4 il o
zamankı Prezident Aparatında ayrı qurum baxdı dini siyasətə.
İkinci tərəfdən, bu qədər işləyəndən
sonra dini necə bilməmək olar? Axı Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin sədri siyasi
vəzifədir, dövlət siyasətini həyata keçirən
qurumdur. Dövlət siyasəti nədir? Azərbaycan
Konstitusiyasıdır, “Dini etiqad azadlığı
haqqında” Qanundur, digər qanunlardır, cənab Prezidentin
siyasətidir, onun çıxışlarından gələn
tezislərdir və sair. Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədri dini ayinlərə rəhbərlik
eləmir. (Gülür). Tutaq ki, hansı molla, ya axund necədir,
buna baxmır. Bu məsələlərdən
yana dini mərkəzlər var. Əlbəttə, Dövlət
Komitəsində də bu işlərlə hər gün məşğul
olan ilahiyyatçı sədr müavini, müvafiq şöbə,
peşəkar, ixtisaslı əməkdaşlar var. Rafiq
Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə
gələnəcən bir gün də olsun dövlət
qulluğunda işləməyib, özünü elə
aparır ki, guya bu, dövlət siyasətini
bilir.(Gülür). Özü də deyir dini də bilir, ərəb
dilini də... Hidayət Orucov isə nə dini bilir, nə də
siyasəti. Əvvəla, o, Hidayət Orucovla imtahan aparıb,
görsün dini, ya siyasəti bilir-bilmir? Sonra ərəb
dilini bildiyini deyir, komitəyə ərəb dili müəllimi
gedibmiş, ərəb dili dərsi deyəcəkmiş? Siyasi
vəzifədə bir gün işləməyən adam siyasəti
necə bilə bilər? Dövlət Komitəsinin belə
acınacaqlı vəziyyətində mən ora sədr getdim.
Hər şey yenidən başladı. Yeni yaranan Dövlət
Komitəsini peşəkar səviyyədə yaratmaq... Ulu
öndərin sərəncamı ilə yaradılan komitəni
onun acınacaqlı günə qoyduğu vəziyyətdən
çıxartmaq çətin olacaqdı. Bunu orada hiss etdim.
Amma ardıcıl fəaliyyət, mübarizə getdi,
çox gərgin vaxtlar oldu.
- Nə
kimi dəyişikliklər etdiniz?
(Davamı
növbəti sayımızda)
Elşad PAŞASOY
Yeni
Müsavat.- 2024.- 6 mart, ¹.43.- S.7.