“Gərək
paxıl və şöhrət düşkünü
olmayasan” - Anar
Xalq yazıçısından
“Yeni Müsavat”a
ilginc müsahibə;
“Əgər mən ömrümün 36 ilini bura vermişəmsə, niyə məndən sonra dağılsın axı?”
Martın 14-də Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı
Anarın 86 yaşı
tamam olacaq. Böyük yazıçımız
yaşının bu çağında da həm rəhbərlik etdiyi qurumun başındadır, həm
dəvət olunduğu
tədbirlərdə iştirak
edir, həm də yaradıcılıqdan
usanmır. Paralel şəkildə 5 kitab üzərində işləyir.
“Yeni Müsavat” olaraq Anar müəllimlə
həmsəöhbət olmaq
üçün üz
tutduq paytaxtımızın
mərkəzindəki tarixi
məkana. Beləliklə,
xalq yazıçımızla
onun başdan-başa tarix, həm də muzeyə daha çox bənzəri olan iş otağında söhbətə başlayırıq:
- Anar müəllim,
söhbətimiz doğum
günü ərəfəsinə
təsadüf edir. Əvvəlcə Sizi ürəkdən təbrik
edirəm.
- Çox sağ olun, təşəkkür edirəm.
- Maraqlıdır, Sizin doğum günü barədə düşüncələriniz, fikriniz necədir? Hər dəfə doğum günü ərəfəsində hansı
hissləri keçirirsiniz?
Bu vədədə kövrək notlar baş qaldırır, yoxsa şükranlıqla,
sıradan təqvim günü kimi qeyd edirsiniz?
- Elə
bilirəm adi təqvim günüdür. Mənim üçün
problemdir. Çünki
dəbdəbəni sevmirəm.
Yəqin bilirsiz, mən Bakıda heç bir yubileyimi keçirməmişəm.
Türkiyədə keçiriblər,
bir dəfə də Gürcüstanda keçirdilər. Amma Bakıda
hələ ki yubileyimi
keçirməmişəm, bundan sonra da keçirmək fikrim yoxdur.
- Keçən il 85 yaşınızla
bağlı təkliflər
olmuşdu, deyəsən...
- Hər il təklif olur, amma deyirəm
yox! Şövkət Məmmədova adına
Opera Teatrında yaradıcılıq
gecəsi keçirdilər,
onun yubileyə aidiyyəti yoxdur. Xüsusilə o yubileyləri
ki, yığışırsan, başlayırlar səni tərifləməyə. İnanın,
mən bundan heç bir ləzzət almıram.
- Tərifdən doymusuz?
- Tərifdən çox tənqid olunmuşam. Heç birinin mənim üçün elə bir əhəmiyyəti
yoxdur. Düzdür, görəndə ki, bir adam sənin əsərini təhlil edir, başa düşür, qiymətini
verir, bu, adama ləzzət edir, mən bunu danmıram. Amma durub tərifləyirlər,
sən də oturub qulaq asırsan
ki, hə, doğrudan görün mən necə dahiyəm. (Gülür.) Mənim ətim tökülür elə şeylərdən.
Amma hər halda, kim təbrik edirsə, sağ olsun. Bu da bir gündür də. Adi günlər kimi... Əlbəttə, başqa
günlərdə də
mən hiss edirəm
ki, ömür gedir. Nə qədər desəm də ki, mən özümü cavan hiss edirəm. Əvvəla, elə deyil, çünki xəstəliklərin, yaşın
təsiri də var.
Amma çalışıram ki, ruhən cavan qalım, yaradıcılıqdan
ayrılmayım, planlarımı
həyata keçirim.
Məni yaşadan elə yaradıcılıq
həvəsidir.
- Açığı, bəzən
sizin haqqınızda heyrətlə danışırlar
ki, yorulmadan, gənclik
eşqi ilə çalışır, bütün
işlərinə zaman ayırır.
Bəlkə sizin gənclərə də tövsiyəniz, məsləhətləriniz
ola bilər. Bütün
bunlar üçün
nələr etmək,
yaxud nələrdən
başlamaq lazımdır?
Bunları necə bacarırsınız?
- Bilirsiniz, mən desəm, deyəcəklər
ki, bu, moizə oxuyur, bizə dərs deyir. Amma yaradıcı adamda iki şey vacibdir.
Birinci, gərək heç kəsə paxıllıq eləməyəsən.
Bir də gərək
şöhrət düşkünü
olmayasan. Bu, iki şeydən özünü
xilas edə bilsən, həyatın çox gözəl olacaq. Məndə yaşamaq eşqi çoxdur. Sizə belə şey deyim. Məsələn, çox ölkələrdə
olmuşdum, amma Yaponiyada olmamışdım.
Keçən il qızıma
dedim ki, gəl gedək Yaponiyaya. Dedi, necə gedəcəksən? Dedim,
gedərəm. Getdik Yaponiyaya. 3 saat İstanbula uçduq, İstanbuldan da 11 saat Yaponiyaya. Tokio və Kyoto şəhərlərində
olduq, gəldik. Özümü normal hiss edirdim.
Mən Çində,
Hindistanda, ABŞ-da, Avropa
ölkələrində olmuşdum,
Yaponiyada olmamışdım.
Beləliklə, Yaponiyanı
görmək istəyirdim,
gedib gördüm. Maraqlı ölkədir, görməmək olmazdı.
Son bir-iki ildə azı 15 dəfə rayonlarımızda olmuşam.
Səyahəti, yeni adamlarla
görüşməyi sevirəm.
Yəqin bu, adamı saxlayır.
- Yaşınızdakı 86 rəqəmi
mənə həm də Yazıçılar
Birliyinə sədrliyinizi
xatırlatdı. Düzdür,
1987-ci ildən sədrlik
edirsiniz, amma hər halda, az vaxt deyil...
Sədrlikdə yorulmursunuz
ki?
- Yorulmuram. Çalışırlar
məni bezdirsinlər,
mən də bezmirəm. (Gülürük)
Yəqin ki, tarix qiymət verər ki, biz Yazıçılar Birliyini
ən çətin zamanda qoruyub saxlaya bildik. Sovet respublikalarının
əksəriyyətində bunu edə bilmədilər,
hamısında parçalandı,
jurnalları, qəzetləri
yox oldu. Rusiyanın özündə
Yazıçılar Birliyi
neçə yerə bölündü. Bircə
biz nə bölündük,
nə də dağıldıq... Jurnallarımızı
da saxladıq, hələ
“Qobustan”ı da əlavə etdik. Həmçinin rusca bir qəzetimizi əlavə etdik. Tərcümə Mərkəzi
yaratdıq. Şabranda
Yaradıcılıq Evi,
sağ olsun, Prezidentin köməyi, dəstəyi ilə tikildi. İndi yenə də onun dəstəyi
ilə Şüvəlanda
Yaradıcılıq Evimiz
bərpa olunur. Var idi, dağıtmışdılar.
Qaçqınları orada
yerləşdirmişdik. Yəni
bu işləri gördük. “Ulduz” jurnalını tamamilə
gənclərə verdik.
Gənclər Şurası
var, kitabların müzakirəsini,
təqdimatlarını keçiririk.
Hər halda, bunlar vacib yaradıcılıq
işləridir.
- Belə hesab etmək olarmı ki, Yazıçılar Birliyinin
yaşaması və qeyd etdiyiniz uğurlara imza atması həm də Yazıçı Anar personası ilə bağlıdır?
Bu yanaşma ilə razılaşırsınız?
- Demirəm ki, ancaq mənimlə bağlıdır.
Amma hər halda, mənim də rolum var. Mən axırıncı qurultayda
dedim ki, (mən də sözümün ağasıyam) gələn
qurultayda namizədliyimi
verməyəcəyəm. Özü
də dedim hələ o vaxta qalsam. Növbəti qurultay 2027-ci ildə olmalıdır, mən 3
il qalsam, o qurultayda namizəd olmayacağam. Əgər eqoist adam olsaydım, fikirləşərdim ki, bax,
mən gedəcəyəm,
məndən sonra bura dağılacaq, onda deyəcəklər
ki, hə, sağ olsun Anar buranı
saxlayıb. Amma səmimi
deyirəm, əgər
mən ömrümün
36 ilini bura vermişəmsə, niyə
məndən sonra dağılsın axı?
Niyə yazıçıların
bir ocağı olmasın? Boş-boş sözlərdir ki, “kimə
lazımdır?”... Necə kimə lazımdır? Bu, yazıçılara
lazımdır. Gündə
nə qədər adam bura gəlir.
Hələ təminat
məsələlərini demirəm
ki, müalicəsinə dəstək,
maddi kömək üçün gəlirlər.
Burada yazıçıların
yubileylərini, kitabların
müzakirəsini keçiririk.
Buranın mətbuat orqanlarında çap olunurlar. Bunlar olmayanda ədəbiyyatda boşluq əmələ gələcək axı. Niyə bunun əleyhinədirlər, başa
düşmürəm. Bir yandan
deyirlər Yazıçılar
Birliyi ləğv olunmalıdır, o biri yandan da 300 ərizə var
üzv olmaq üçün. Onun bir hissəsi təqaüd üçündür,
amma bir hissəsi də səmimi şəkildə
üzv olmaq istəyir. (Gülür) Bəzilərinin elə bil ayrı dərdləri,
azarları yoxdur, ancaq Yazıçılar Birliyi... Kim qəbul olundu, niyə qəbul olundu? Əşi, nə işinizə? Yazıçılar
Birliyinin öz rəhbərliyi, qəbul komissiyası, İdarə
Heyəti var, bunlar həll edirlər məsələləri.
- Son vaxtlar ən çox müzakirələrə
səbəb Elza Seyidcahanın birliyə üzvlüyü oldu...
- Hə. Ondan əvvəl biz rəhmətlik
Ruhəngiz Qasımovanı
qəbul etmişdik. O
da bəstəkardır, amma
ədəbi əsərləri
də var, qəbul edilmişdi. Onunla heç kəsin işi olmadı. Bunun da ədəbi əsərləri
var. Ədəbi əsərlərinə
görə qəbul etmişik, müğənni
kimi eləməmişik
ki. Başladılar... İndi bu, bir az
əndirəbadi geyinir,
başını-zadı...
- Bəzi şeirləri
çox səs-küyə
səbəb olmuşdu.
Leksikonunda acıqlıq,
fərqlilik var deyə,
müzakirələrə səbəb
olur...
- İndi
kim belə şeylər yazmır ki. Kitabını oxudum, gördüm ki, şairədir.
Özü də tək mən yox. Müzakirə etdik ki, qəbul edək, etməyək? Dedik haqqı var, niyə olmasın? Leksikonunda acıqlıq olanları postmodernistlərdir
deyə qaldırırlar
göylərə. Halbuki
onlar yüz dəfə betər açıq-saçıq şeylər
yazırlar. Amma onlarla
işləri yoxdur. Əgər Yazıçılar
Birliyi əleyhinə sərt bir söz
desəydi, onu qaldıracaqdılar göylərə.
O qədər ucuz oyun oynayırlar ki, adamın gülməyi gəlir. Baxın, bütün hərəkətlərini
mən əvvəlcədən
görürəm ki, nə
deyəcəklər, nə
üçün və
kimə xoş gəlmək üçün
deyəcəklər.
- Amma məncə, əleyhidarlarınızın
sayı azalıb. Gənclərin bir çoxu ilə ünsiyyətə nail oldunuz...
- Siz gələndə Azad Yaşar burada oturmuşdu. O, istedadlı,
həm də savadlıdır. Postmodernistlərin
içində ən savadlılardan biridir. Yazılarını oxudum,
gördüm ki, xeyirli
adamdır, yaxşı
tərcümələri var. Dəvət elədim, gəldi, Yazıçılar
Birliyinə qəbul elədik. Özü də mən ona bir dəfə
deməmişəm ki, sən
etiraf et ki, səhv eləmisən, ya peşman olmusan. Normal münasibətlərimiz var. Mənim
rusca yazdığım
yazılar var, bəzən
verirəm, o tərcümə
edir. Bizim ədəbi orqanlarda çap olunur. Mənim Məmməd İsmayılla həmişə
münasibətim yaxşı
olub. Kömək də eləmişəm, deməyim yaxşı deyil. Qurultayda Türkiyədən xüsusi
çağırdıq, gəldi,
durdu, başladı mənim, Yazıçılar
Birliyinin əleyhinə
danışmağa. Dedi
sənin əleyhinə
danışmıram ki, Yazıçılar
Birliyi əleyhinə danışıram da. Yazıçılar
Birliyinin sədri mənəm də.
İndi bu yaşında
Sabirlə (Rüstəmxanlı-E.P.)
söhbətdə deyib
ki, mən niyə elə eləmişəm,
gərək eləməyəydim.
Mən də götürüb yazdım
ki, etiraf böyüklükdür,
cəsarətdir. Sonra da özünə
zəng elədim.
- Hazırda səhhətində
bəzi problemlər
var...
- Hə, xəstədir, Sabirdən soruşdum, deyir get-gedə düzəlir. Başa düşüb ki, bu iqtidarın, hökumətin
əleyhinə nahaq çıxıb. Bu iqtidarın
əsasını Heydər
Əliyev qoydu,
İlham Əliyev də
davam elədi. Torpaqlarımızı onlar
azad elədilər də, elə deyil? Erməni separatçılarından təmizlədilər.
Biz o vaxtdan bu hakimiyyəti müdafiə
edirik, bəziləri bunu hələ indi başa düşüb.
- Görürəm ki, əvvəldən
bu mövqedə olmağınız sizdə
xeyli məmnunluq hissi yaradır...
- Əlbəttə. Məmnunluq
hissi yaranır. Çünki mən xüsusilə Heydər Əliyevə əvvəldən
inanmışam. İlham Əliyev
cavan idi, deyə bilmərəm ki, əvvəldən ona inanmışam. Amma fikirləşmişəm
ki, əgər Heydər
Əliyev “mən ona özüm kimi inanıram” deyirsə, doğrudan da bu, inanmalı adamdır. Təkcə oğlu olduğu üçün belə demirdi ki... Hətta ömrü çatmadığı
üçün Heydər
Əliyevin eləyə
bilmədiyini oğlu elədi. Möcüzə
baş verdi ki, 44 günün içində
Şuşa da alındı,
bütün Qarabağ
da azad edildi. Mən həmişə deyirəm, 23 saatlıq
antiterror əməliyyatı ilə 200 illik problem həll olundu. Prezident 44 günlük müharibədə 30 illik
problemi həll etdisə, bir sutkalıq əməliyyatla
200 il əvvəl ermənilərin
Gülüstan və Türkmənçay müqavilələri
ilə Qarabağa yerləşdirilməsindən sonra
yaranmış problemi
həll etdi. Ermənilər orda dinc oturmurdular axı. Bu məsələnin
həlli Azərbaycan tarixinin ən böyük hadisəsi idi.
- Şuşaya getdiyiniz zaman
hansı hissləri keçirdiyinizi təxmin edirəm...
- Mən inanmırdım bir də gedib
Şuşanı görəcəyəm.
Şuşa mənim həsrətim idi. 14 yaşımda ilk dəfə
Şuşada olmuşam.
İlk əsərimi də,
nə qədər zəif olsa da, orada yazmışam. Mən öz taleyimlə bağlı orada qərar vermişəm ki, yazıçı
olacam. Sonra da iki-üç
ildən bir Şuşaya gedirdik.
1981-ci ildə ki, həm
atamı, həm də anamı 100 günün içində
itirdim, onda Şuşada film çəkirdim.
Ona görə də Şuşa mənim şəxsi xatirələrimlə
bağlı idi. Televizorda görəndə
ki, Zori Balayanla Paşinyan
Cıdır düzündə
Yallı gedirlər, ürəyim parçalanırdı.
Deyirdim belə şey olar? Evin, şəhərin sahibi biz, sən gəlib torpağımızda
rəqs eləyəsən,
bizə yanıq verəsən? Çox yaxşı oldu, hamısı dərslərini
aldı.
- İllər ərzində
çoxları nisgillə
köçdü bu dünyadan. Bu mənada özünüzü xoşbəxt
hesab edirsiniz?
(Davamı növbəti sayımızda)
Elşad PAŞASOY
Yeni Müsavat.-
2024.- 12 mart, ¹46.- S.4.